O vaxt Vaqif Səmədoğlu ilə
bir müsabiqənin yekun mərhələsində, mükafatlandırılma mərasimində
söhbət edəndə mənə bir söz demişdi:
"Bir toplum qazandığı düşmənlər qədər yox, itirdiyi dəyərli
simaların sayı qədər məğlubdur".
İndi bu Bakıya qaçan erməniyə qarşı bu qədər aqressiyanın
mahiyyəti mənə çatmır. Doğrusu, Nizami Gəncəvi kimi bir
şəxsiyyətdən imtina edənlərin erməninin gəlməsinə ağız büzməsi
absurd görünür. Miqyas etibarilə bu torpaqlardan bir Nizaminin
getməsi yüzlərlə erməninin buraya gəlməsindən dəhşətlidir.
Hislərin arxa plana düşdüyü, ağlın rol oynadığı XXI əsrdə biz
hələ də romantika, pafos dövründə qalmışıq. Niyə bir toplum olaraq
Bakıya qaçan ermənidən siyasi arenada istifadə etməyək? Məsələn,
erməni cəbhəsi bundan çox gözəl istifadə etdi: Onlar Əkrəm
Əylislinin "Daş yuxular"ından məharətlə yararlandılar.
Ümumiyyətlə, biz ölkədən gedənlər və ölkəyə gələnlər məsələsində
müəyyən mənada uduzmuşuq. Məsələn, niyə bizə gürcünün Oskar
mükafatına namizəd olmuş Zaza Uruşadzesi deyil, Manana Çaparidzesi
gəlir?
Bəs niyə atletika üzrə dünya rekordçusu Ramil Quliyevi Türkiyəyə
veririk?
İdman sahəsində bu tip transferlər haradasa qəbulolunandır, amma
elm və mədəniyyət sahəsində bu cür itkilər təkcə cəmiyyət deyil,
bir ölkənin gələcəyi üçün də faciədir. Böyük elmi nailiyyətlər əldə
etmiş Lütfi Zadə, planetin o tayında tarix yazan "Azərbaycanlı
Çaplin" dediyimiz Üzeyir Novruz kimi adamların itirilməsi
qarşısında bir erməninin ölkəmizə sığınması fəlakət deyil. Əksinə,
millətin maraqlarına xidmət edən haldır.
Mətbuatda tez-tez bu tip xəbərlərə rast gəlirik: "Amerikada
yaşayan azərbaycanlı gənc yeni proqram ixtira etdi", "Həmyerlimiz
Londonda yeni brend maşın hazırladı". Bəs biz niyə burada bir zad
kəşf edə bilmirik? Problemin kökündə texniki yox, daha çox
psixoloji predmetlər dayanır. Əvvəlcə, bizim kəşf sözünə,
ümumiyyətlə, texnologiyaya münasibətimizə baxaq. Yol kənarındakı
radarlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Cəmiyyətin
böyük kəsimi radara cərimələmə maşını kimi baxır. Bütün yolu yüksək
sürətlə gedən sürücü radara çatanda sürəti aşağı salır ki,
cərimələnməsin. Hətta sərnişinlər də, "Qardaş, ehtiyatlı ol,
qabaqda radar var", - deyib xəbərdarlıq edir. Saatda 180-lə gedən
maşında oturub öz canını düşünməyən birinin sürücünün cibini
düşünməsi qədər axmaq bir şey varmı? Bax, biz lütfizadələri buna
görə itirdik.
Statistika göstərir ki, azərbaycanlıların Quqlda ən çox
axtardıqları şey öz evləridir. Doğrusu, dəyərli şəxsiyyətlərini, 20
faiz torpağını itirmiş cəmiyyətin öz evinə bu qədər maraq
göstərməsi də gülünc paradoksdur. Bir-birinə tüpürən müğənnilər,
Nizaminin azərbaycanlı olduğunu inkar edənlər, bəsit etik normalara
riayət etməyənlər bizə ermənidən də çox ziyan vurur. Bir toplumu
xarici qüvvələr yox, daxilindəki çürüklər çökdürür. Mədəniyyətə və
elmə düşmən kəsilənlər Troya atının içinə doldurulmuş vandallardır
və onlar mahiyyətcə martirosyanlardan təhlükəlidir.
Bakıya qaçan Vaan Emilyeviç Martirosyanın Ermənistan hakimiyyəti
əleyhinə dediyi hər söz həm beynəlxalq arenada, həm də düşmən
ölkənin daxili vəziyyəti baxımdan mühüm əhəmiyyət kəsb edir. Amma
bizdə hamı bir ağızdan çıxıb deyir ki, Bakıya qaçan erməni
öldürülsün və ya həbs olunsun...
Gələnlər və gedənlər çox olacaq... Amma bizi evimizə gələn
düşmənlər yox, özü ilə böyük xəzinə götürüb aparanlar
zəiflədəcək.