Dünən Aydın Məmmədovun doğum günü idi.
Aydın Məmmədovu bu gün xatırladan nə onun yaradıcılığı, nə
siyasi ideoloji irsidir. Onu bu gün xatırlamamızın səbəbi Aydın
Məmmədovun şəxsiyyətidir.
Biz illər uzunu məhz Azərbaycan ziyalısında belə bir şəxsiyyət,
xarakter görmək istəmişik. Aydın bəy o dövrdə tək deyildi. O zaman
Azərbaycan ziyalıları başqa cür idi - Xudu Məmmədov, Dilarə
Əliyeva, Xəlil Rza Ulutürk cəsarət, Sabir Rüstəmxanlı düşüncələri
ilə əsl ziyalılıq örnəyini təmsil edirdilər.
Ziyalılar haqqa təşnə olduğu kimi, xalq da ziyalı sözünə təşnə
idi. Ancaq zaman keçdikcə ziyalı sözü, duyarlılığı kəsərdən düşdü,
ehtiyatlanmaqla əvəzləndi. Və beləcə cəmiyyət həyatında ziyalı
missiyası da bitdi...
Beləcə, ziyalı nomenklaturası yarandı. Bu nomenklaturaya daxil
olanlar daşıdıqları elm, sənət titullarına görə həm də komformist
bir zümrəyə çevrildilər. Ziyalılıq artıq ictimai missiya, cəmiyyət
qarşısında mənəvi məsuliyyət öhdəliklərindən azad olub, təminatlı
yaşamaq imkanlarını əldə etmək vasitəsinə çevrilməyə başladı.
İllər ötdükcə cəmiyyət qarşısında vicdanlı ola bilməyən ziyalı
öz mənəvi dəyərini daha çox maddi dəyərə çevirməyə çalışdıqca, həm
də sənətində də vicdanlı, dürüst olmağı yadırğadı...
Bu gün Aydın Məmmədovu xatırlamağımız həm də cəmiyyətimizin
həyatındakı ziyalı boşluğuna bağlıdır. Bu boşluq keçmişə həsrət,
özənti yaradır. Düzdür, zaman dəyişib, siyasi təşkilatların,
vətəndaş cəmiyyəti institutlarının olmadığı, internetin, sosial
medianın formalaşmadığı o zamanlar ictimai rəyin və aydınlanmanın
yaranmasının əsas ağırlıq yükü ziyalıların üzərinə düşürdü.
Tanınmış bir ziyalının efirdən və ya mitinqdən səsləndirdiyi bir
kəlmə ağızdan-ağıza dolaşırdı, insanlara yön verirdi.
İndi buna iddia etmək də geriçilik olardı.
Ancaq bu o demək deyil ki, ziyalıların ictimai məsuliyyəti,
missiyası yoxdur. Cəmiyyət ictimai xadimin, tanınmış QHT
təmsilçisinin, yazarın sözü ilə yanaşı, ziyalıların da sözünü
eşitməyə, dinləməyə möhtacdır. Ancaq çoxsəsli xorda ziyalıların
səsi eşidilmir, çünki onlar özü də "solo oxumaq" istəmir. Səbəblər
çoxdur...
Ümumiyyətlə zaman, şərtlər dəyişibsə, ziyalı anlayışına əski
sovet dövründən qalma qapalı cəmiyyət və totalitar düşüncə tərzinin
ehtiva etdiyi ziyalı kimliyinindən fərqli ölçülərdə yanaşmağa
ehtiyac var; Ziyalı, aydın anlayışı ilə intellektual anlayışını ilk
növbədə fərqləndirməyə ehtiyac var. Fransız mənşəlli intellektual
sözü sorğulamaq, araşdırmaq anlamını ehtiva edir. Bu söz Avropada
meydana gəldiyi dövrlərdə intellektuallar çürümüəkdə olan
feodalizmin dəyərlərini sorğulayırdılar, mühakimə edirdilər.
Sonradan bu elmi biliklərə sahib olmaq anlamını da özündə ehtiva
etməyə başladı.
Lakin ziyalı, aydın dediyimiz insan isə təkcə sorğulamqla,
statistik bilklər daşıyıcısı olmaqla kifayətlənmir, həm də
aydınlatma, toplumun bu gününə və gələcəyinə işıq salma, yol
göstərmə kimi çətin və mənəvi missiya daşımağı bacarır. Bu baxımdan
aydın kəlməsi intellektuallıqdan daha yüksəkdir və dəyərlidir.
O zaman deyə bilərik ki, elmi və sənət titulundan, dərəcəsindən
asılı olmayaraq cəmiyyətin dərdinə çarə gəzən, təkamülə yön verə
bilən düşüncə sahibləri əsl aydınlar hesab olunurlar...
Sonda yenə qayıdaq Aydın Məmmədovun xatirəsinə. Aydın Məmmədov –
sözün bütün mənalarında, adına uyğun AYDIN idi...