Araz haqda təsəvvürlərim
"Montana" şalvardan, qəhvəyi poliverdən və kirli yanaqlardan
ibarətdir. Onda 8-9 yaşımız olardı... Hə, bir də yadımdadır ki,
qışda qar yağan gün mənə ovcunda qartopu gətirmişdi. "Al, bunu sənə
hədiyyə eləyirəm", - demişdi. Mən də alıb, "çox sağ ol",
demişdim...
Araz 2-3 yaşı olanda anasını itirmişdi. Həmişə kirli yanaqlarına
baxanda mənə elə gəlirdi ki, onun tez-tez üzündən öpən anası
olmadığı üçün yanağı belə kirli olurdu.
Araz kirpiyə oxşayırdı, yumaq kimi bir şey idi. Gizlənqaç
oynayanda onu tapa bilmirdik, bir də görürdük budu ey, hansısa it
yuvasından çıxır. Bir dəfə məhlədə gizlənqaç oynayanda, nə qədər
axtarsaq da, Arazı tapa bilmədik. Əclaf elə bil, başqa planetdə
gizlənmişdi. Sonra qət etdik ki, evdə gizlənib. Oyun dağıldı. Hərə
bir küncdə oturub, Arazın qarasına deyinməyə başladı. Onu
cəzalandırmaq haqda planlar qururduq, dalınca yağlı söyüşlər
söyürdük. Bir neçə saatdan sonra məhlədə bir nərilti bizi tok kimi
vurdu. Diksinib səs gələn tərəfə qaçdıq. Arazın atası idi,
qollarında köpmüş oğlunu gətirirdi. Arazın bədəni qapqara idi,
qarnında başı boyda dəlik açılmışdı. Bir anda aləm qarışdı,
qonşular həyətə düşüb çığırışmağa başladılar, təcili yardım, polis
maşınları binamızın qabağına qoşun kimi yerləşdi.
Arazın meyitini "6 minlik" dediyimiz transformatordan
tapmışdılar. Araz bu dəfə elə gizlənmişdi ki, onu heç Allah da tapa
bilməmişdi. Onun haqda o qədər şeylər dedilər ki: ora işəməyə
girib, nəticədə tok vurub, nəsə oğurlayıb aparıb orda gizlədib,
onda tok vurub... Hadisə mənim uşaqlığımı keçirdiyim Şirvan
şəhərində baş vermişdi.
Təxminən, 15 il sonra eyni hadisə bir daha yaşandı: bir neçə gün
əvvəl iki gənci transformatorda ölümcül halda tapdılar.
Cəmiyyətin məsələyə yanaşması yenə də gözlənilən oldu: qızla
oğlan oraya təbii ehtiyaclarını ödəməyə görə girib.
Ümumiyyətlə, bizdə gənclərin çoxu hətta Qarabağ müharibəsini də
seks davası kimi görür. Məsələn, belə deyirlər: "Müharibə
başlasaydı, erməni qızlarını tutub, kef edərdik". Ay bədbəxt, sənin
Allahverdi Bağırov, Məhərrəm Seyidov kimi milli qəhrəmanların olub,
onlar erməni qızın telinə də dəyməyiblər.
Bax, bizim gənclər seks aclıqlarını hər mövzuya – hətta iki
gəncin faciəsinə də yansıdırlar.
Bəlkə də qızla oğlan elə Araz kimi kimdənsə gizlənmək üçün oraya
giriblər. Gizlənmək – bu, yalan danışmağın mümkün hərəkət
formasıdır və məzmunca faciəlidir. Axı niyə bir övlad öz atasından,
qardaşından gizlənməlidir? Psixologiyada da var: qız öz atasından,
qardaşından uzaqlaşdıqca başqa birilərinə sığınır, başqalarında
ata, qardaş axtarır.
Əslində, bu faciənin səbəbi çox sadədir: intihar cəhdi. Çünki
əgər gənclərin gizlənmək kimi niyyətləri olsaydı, ora birinin
girməsi kifayət idi. Məqsədləri təbii ehtiyaclarını ödəmək olsaydı,
bunun üçün kifayət qədər yer var. Üstəlik, söhbət gənc bir qızdan
gedirsə, bu cür iddialar yaymaq ən azı əxlaqsızlıqdır.
Şübhəsiz, gənclər intihar etmək istəyiblər. Təəssüf ki,
valideynlər 40 il əvvəlki təfəkkürləri ilə müasir dövrün gənclərini
yönləndirmək istəyirlər. Amma yanlışdır. Bu 40 ildə çox şey
dəyişib. Bu 40 il əvvəlki 40 illər kimi deyil: arada böyük uçurum
var. Qərb filmlərində atanın övladın sevgi münasibətinə çox maraqlı
yanaşması var. Qızın atası oğlanı yeməyə dəvət edir, onu tanıyır,
həmsöhbət olur, onu öz övladı kimi tərbiyələndirir. Nəticədə oğlan
getdikcə ailənin bir üzvünə çevrilir.
Bizdə isə oğlan siqaret çəkirsə və ya orta məktəbdə, tutalım,
biologiya fənnindən iki alıbsa, onun kitabı bağlandı. Evi, torpağı
olmadısa, eşşəyi öldü.
Valideyn qızına kapital kimi baxır. Məsələn, bir ana qızını
kasıb bir oğlandan uzaqlaşdırmaq üçün etdiyi cəhdləri onların
xoşbəxtliyi üçün etsə, qızı bir ömür rahat həyat yaşayar.
Görəsən, nə qədər intihar hadisələri baş verməlidir ki,
valideynlər övladlarını öz seçimləri ilə baş-başa buraxsınlar?
Valideyn daim övladının istəklərini yerinə yetirir, onun istədiyi
paltarı, çantanı, ayaqqabını alır. Ancaq övladının sevdiyinə
qovuşmasına mane olan valideyn ona istədiyi paltarı alsa, nə
fayda?
Bəla hələ də valideynlərin övladlarını manipulyasiya etməsi
deyil; ən böyük bəla müasir gənclərin transformatorda yarımcan
qalan həmyaşıdlarını seks simvoluna çevirmək istəyidir. Bu,
mahiyyət etibarilə Qarabağ savaşında əsirləri zorlayan ermənilərin
hərəkətinə bərabərdir.