Tarixi başdan-başa qanlı
olaylarla dolu olan bir toplumun Fransa terroruna münasibəti nə
qədər də rüsvayçı idi: Hamı "Dərviş Parisi partlatdı" zarafatını
(oxu: xurafatını) əlində bayraq elədi.
Bu, bizim insan faciəsinə və ədəbiyyata – Axundova
münasibətimizin karikaturası idi.
90-cı illərin sonunda məşhur fransız futbolçu Zidanın formasını
geyinib sevinən uşaqlar, nə oldu da, bu gün İŞİD bayrağına
büründülər? O Zidan ki dəfələrlə Afrikada aclıqdan əziyyət çəkən
uşaqlara yardım edib.
Ya şeyx, səncə, camaatımızın terrora bu münasibəti tolerant
Azərbaycana terrorçu damğası vurmaqda mühüm bəhanə ola bilməzmi?
Olar.
Çanaqqalada Fransa bayrağına qarşı döyüşən türklərin bu gün
Fransa bayrağına bürünməsi qardaş ölkəni yenidən cəncələ sala
bilməzmi? Salar.
Yuxarıdakı iki cümlədə qəribə bir paradoks qarşısında mat
qalırıq: Bir tərəfdə terroru dəstəkləyənlər, digər tərəfdə Fransa
bayrağını əllərində bayraq edərək, Fransa hakimiyyətini
alqışlayanlar (halbuki terrorda ən böyük günahkar elə Fransa
hakimiyyətidir). Ortada faciəni yaşayan günahsız əhaliyə – Fransa
xalqına humanist yanaşma yoxdur.
Azərbaycan cəmiyyəti dünyada baş verən qanlı olaylara görə
həmişə iki cəbhəyə bölünür. Nəticədə məsələnin mahiyyəti qalır bir
kənarda, insanlar fərdləri müzakirə etməyə (oxu: mübahisə etməyə)
başlayırlar.
Jan Pol Sartr, Alber Kamü kimi nəhəng beyinlər yetirmiş Fransa
xalqına qarşı terroru dəstəkləyənlər elə mahiyyətcə İŞİD üzvüdür.
Ümumiyyətlə, "Şərq mədəniyyətin beşiyidir", - deyən toplumun
terroru dəstəkləməsi onu nə qədər də gülünc duruma düşürür.
Doğrudan da, Paris mədəniyyətin, elmin, fəlsəfənin paytaxtıdır.
Dünyada sülhü də yalnız mədəni və elmi əlaqələrin köməyi ilə bərpa
etmək olar.
Terrora haqq qazandırmaq isə dəhşətli bir natamamlıq sindromunun
göstəricisidir. Çünki terror siyasi mübarizənin ən iyrənc üsuludur
və burada daha çox azyaşlılar, qadınlar hədəf götürülür. İndi,
sizcə, uşaq və qadın ölümünə sevinən zehniyyətdə (kişidə)
doğrudanmı kişilik problemi yoxdur? Yəni ona tam kişi demək olarmı?
Təsəvvür edin, bir kişi ölkəmizə gəlmiş fransız xanıma avtobusda
qalxıb yer verir, iki gün sonra xanım Parisə qayıdır və terror
nəticəsində ölür. Kişi də yer verdiyi xanımın ölümünə sevinir. Nə
qədər də gülünc paradoks. Bax, bu tendensiyada biz ən iyrənc
sifətləri görürük: yaltaqlıq, görməmişlik, ikiüzlülük, vəhşilik,
qorxaqlıq... Axı insani hisslərə riayət etməyən (!) biri nəzakət
qaydalarına riayət etsə, nə fayda?
Nədənsə, biz siyasi intriqaları həmişə üçüncü bir dövlətə
bağlayırıq. Məsələn, Qarabağ məsələsini üçüncü dövlətə – Rusiyaya,
qondarma erməni soyqırımını başqa bir üçüncü dövlətə – Fransaya.
Biz problemləri başabaş hesablaşmaq istəmirik. Düşüncə olaraq
beynimizə çökmüş üçüncü dövlət sindromunu qıra bilmirik.
Məsələnin siyasi tərəfi ilə bağlı müxtəlif versiyalar irəli
sürmək olar. Məsələn, deyirlər ki, Fransa miqrant axınından
qurtulmaq üçün öz daxilində terror təşkil etdi. Səbəb isə nəticəni
dəyişmir: bu teraktda neçə-neçə hüqolar, sartrlar öldü, hamımızın
böyük sevgi ilə qucaqladığı Eyfel qülləsi başını aşağı saldı,
Zidanın forması qana batdı, uşaqların gözlərinin rəngində dünyanın
bütün bayraqları öldü, bütün oyuncaqlar şikəst qaldı.
Yəni Baden-Badenin mavi gecələrində fransız xalqı kef eləmir, ya
şeyx...