Adətən insanlar həyatda hər şeyin yolunda getməsi, daha
yaxşı yaşaya bilmək üçün çabalayırlar. "Daha yaxşı yaşamaq" birinin
düşüncəsinə görə bir başqa, digərinə görəsə ondan fərqli ola bilir.
Biri üçün yaxşı yaşamaq dinclik içində olmaqdır, digəri üçün çoxlu
varidata sahiblənmək...
Bəzən baxırsan ki, kimsə doğru yaşamır, kimsə də doğrunun necə
olduğunu anlayıb tam ortaya qoya bilmir, nəticədə hər kəs hansısa
şəkildə bunun əzabını çəkir.
Bəlkə bu ondandır ki, dünya yaşamaq, daha doğrusu, xoşbəxt, dinc
olmaq üçün münasib yer deyil. Ən azından inansaq ki, biz bura
göndərilmişik, cəzalandırılaraq endirilmişik, özü də fitnəsinə uyub
günaha batdığımız şeytanla birgə, onda məsələ qəlizləşir.
Məsələyə bu yöndən baxsaq, onda demək ki, biz xoşbəxt, hüzurlu
olmaq üçün lazım olan yerdə deyilik.
Əgər belədirsə, yanlış dünyada doğru yaşamaq olarmı?
Amma gəlin, dünyanı bir tərəfə qoyaq, bir anlığa təsəvvür edək
ki, biz hər şeyə qadirik.
Deyilikmi? Məncə, qadirik, hər şeyə: ölməyə qadir olduğumuz kimi
öldürməyə, düzəltməyə qadir olduğumuz kimi sındırmağa, danışmağa
qadir olduğumuz kimi susmağa...
Dünyada müxtəlif insanlar olduğu kimi, müxtəlif xalqlar da var.
Birinin səviyyəsi yüksəkdir, birininki yox... Biri az danışıb, çox
iş görən xalqdır, digəri əksinə...
Biz...
Biz o xalqlardanıq ki, susmağa, haqqımızı başqalarına verməyə
daha çox həvəsliyik, hətta bəlkə bu barədə bizim qədər səxavətli
xalq yoxdur.
Biz daxilən kölə olmağa qadirik... – daxilən azad olmağa qadir
olduğumuz kimi!
Amma biz nədənsə bu komplekslərdən azad olmaq haqqımızdan heç
istifadə etmək istəmirik. Biz yanlış dünyanın yanlışlarından,
qorxusundan, dəbdəbəsindən, harınlığından və nəhayət, özündən azad
deyilik.
Əvəzində biz içimizdəki hökm etmək sevdasına köləyik. Özümüzə
deyil, başqalarına hökm etmək hissinə köləyik. Bu da bizim
azadlığımıza olan sevgimizi hökmranlıqla əvəz etməyimizdən
doğur.
Birinə hökm etmək istəyən, bunu arzu edən azad ola bilməz, çünki
onun içindəki hökm etmək hissi yanlış dünyanın bütün pisliklərini
onun qəlbinə dolduracaq.
Ancaq özünə hakim olan insan azad ola bilər.
Hamımızın içində balaca padşahlar yatır, ürəyimizdə hökm etməyə
aşiqlik, hökmranlıq, zülmət hərisliyi var.
Biz yanlış dünyada yanlış yaşayırıq.
Amma düzgün də yaşamaq olar.
İçimizdəki hökm etmək iddiasını öldürüb özümüzə hakim
olmaqla...
Özünə hakim oldunsa, demək ki, azadsan. Azadsansa, sən pislik
edə bilməzsən. Kimsəni yaralamaqdan, qeybətdən, dedi-qodudan,
qibtədən, pislik etməkdən və ən nəhayət, dünyadan azad
olacaqsan.
Azad olmaq elə bir səviyyəyə çatmaqdır ki, insan o yerə çatanda
bütün bu yanlışlıqları özünə rəva görmür.
Ruhunun keşikçisinə çevrilir...
Əxlaq və ləyaqət qapısında vicdanla keşik çəkir...
Demək ki, dünyanın yanlışlıqlarını bir kənara qoyub düzgün
yaşamaq olar.