Bir dönəm, tarixin üzərini cidd-cəhdlə örtüb, o dönəmin
qəhrəmanlarını düşmən kimi qələmə verirlər. Onlar haqqında danışan,
düşünən belə xain elan olunub güllələnir. Bir ölkənin tarixinin ən
şərəfli səhifəsini qapayıb onu məhv etməyə, silməyə
çalışırlar...
Və illər keçir, Şərqin bölünmüş, didik-didik edilmiş bir
məmləkətinin o şanlı səhifəsi və ordakı bütün qəhramanlar üzə
çıxır.
Bu qəhrəmanların içindənsə bir fədai, yurd həsrətilə ömür sürən
şəxsiyyət parlayır...
... Məhəmməd Əmin Rəsulzadə...
Bu şəxsiyyətin kimsəsi yoxdur, nə qohumu, nə dostu, amma bütöv
bir xalq - Güneyli-Qüzeyli - ona və silahdaşaların qucaq açır,
bağrından qopan nalə ilə onların tarixdən bu yana yaralarından axan
qanı qurudub, vətən həsrəti, yanğısına su səpməyə çalışır.
O şərəfli səhifə açıldıqca qürurlanıb başını dik tutursan...
Çünki sən demə, biz vətən üçün ölə bilənlərin, mücadilə
aparanların, bütün varlığını bu yola sərf edənlərin
varisləriymişik. Biz heç də kimlərinsə bölüb parçaladığı,
aşağılamağa çalışdığı bir xalq deyilmişik.
Sadəcə, düşmən bizim bağrımızdan zorla qoparıb aldığı azadlığı,
üç rəngli bayrağımızı silməklə bizi biz olmaqdan çıxarmaq
istəyirmiş.
Amma tarixi silmək, həqiqəti gizlətmək
olmur...
Tarix özünün qürur anlarını yaradanları zalımların şərindən hər
zaman hifz edir. Çünki tarixin də şərəfə, ləyaqətə, qürura ehtiyacı
var.
Çünki tarix də bütünlükdə qoynunda diktatorları, zalımları, öz
xalqının qanını içənləri saxlayıb bəsləmək istəmir. Tarixə də nəfəs
almaq, qürurlanmaq gərək ki, özünü yaşada bilsin.
Çünki tarix zalımların ona yüklədiyi mənfi enerjidən məhz
qəhrəmanların sayəsində təmizlənir.
Əgər Rəsulzadə və onun silahdaşları olmasaydı, tarix XX yüzilin
18-20-ci illərində bir kimsəsiz məmləkətin taleyində qürursuz
olduğuna görə utanıb nəfəsini dərə bilməzdi..
Əsrin Siyavuşu olmasaydı, tək Əfrasiyabların tarixi olardı
tarix, özündən utanıb qəhr olardı...
M.Ə. Rəsulzadə haqqında oxuyanda, onun yazdıqlarını
vərəqlədikcə, fəaliyyətini izlədikcə bu insana heyran olmamaq,
heyrət etməmək mümkün deyil. Tükənməz enerjiyə və sınmaz iradəyə
sahib olan, bağrından qopan naləni, vətən və azadlıq həsrətini
şəxsiyyətinin ucalığı ilə birləşdirərək bütün ömrünü Azərbaycan
uğrunda mübarizəyə həsr edən öndərin varlığı bəs edir ki, başını
dik tutasan, qürurlanasan...
Sonra...
Sonra kövrəlib hələ də silahdaşları ilə birlikdə Siyavuşun
taleyini yaşayan, indi də məzarı qürbətlərdə dinclik tapmayan
Rəsulzadənin adına layiq olmağa and içəsən..
And içəsən ki, bu ölkə dinclik tapmayınca, sən də dinclik
tapmayacaqsan...
Bu məmləkət bütövləşməyincə, sən mübarizə aparacaqsan!
Çünki Rəsulzadənin ümidlə "ey gənclik!" deyə müraciət etdiyi
sənsən, bu günün gəncliyi...
M.Ə.Rəsulzadə Azərbaycanın qürur yeri, mübarizə simvoludur; o və
silahdaşlarının apardığı mübarizə gələcək üçün bir yol qoyub.
Bugünkü gənclik də ya bu yolla irəliləyəcək, "Ey şanlı Azərbaycan"
deyə hayqıracaq, ya da "Ya tamam yan Azərbaycan" deyib bu yoldan
çəkiləcək...