Rus tv-lərindən birində aparıcı sözün həqiqi mənasında
məharətini nümayiş etdirir. Az qala bir nəfəsə və uzun müddət
xəbərləri yanıltmac şəklində deyir, nə dili topuq çalır, nə də
ilişir, sadə və səmimi görünüşü, həm də əyninə gözəl oturmuş
qiyafəti ilə adamda özünə qarşı sayğı yaradır.
Eyni zamanda təmsil etdiyi dilin zənginliyini qürurla nümayiş
etdirən aparıcı sanki bununla qürurludur və açığını deyək ki,
nümayiş etdirdiyi məharət üçün bunun haqqı da çatır.
Teleaparıcının məharəti və səmimi, sadə görünüşü məndə qibtə
hissi yaratdı və düşündüm ki, görəsən Azərbaycan tv-lərində nə
zaman bu səviyyədə danışanı demirəm, sadə və şux geyimi ilə adamın
zövqünü oxşayan aparıcılar görəcəyik?!
Azərbaycan teleməkanında aparıcıların ölçülərindən böyük olan,
bəzən qolları uzun olduğundan lap dəhşətli görünən, bir pencəyin
müxtəlif zamanlarda başqa-başqa aparıcılara geyindirilib efirə
çıxarılmasını görəndə adamın ölkəsi adına utanmağı gəlir nədir, elə
utanır da...
Geyimindən tutmuş zahiri görünüşünə, aparıcılıq qabiliyyətinə
qədər tv-lərə yaraşmayan, hansı prinsiplərlə seçildiyi bəlli
olmayanlar ölkəni təmsil edir axı... Artıq dünyanın hər tərəfindən
izlənməsi mümkün olan tv-lərdə bu halda təmsil olunma gərəsən bizim
başımızı çoxmu uca edir ki, bundan belə bərk yapışmışıq və illərdir
bu sahədə heç bir dəyişiklik yoxdur?!
Dünyanın hər yerində tv-lərdə, xüsusən aparıcıların seçilməsi və
onların geyindirilməsinə çox diqqət edilir. Çünki onlar bir ölkənin
üzüdür. Eyni zamanda ölkənin intellekti, estetik zövqü və
bütünlükdə mədəniyyətini, ən başlıcasısa, dilini təmsil
edirlər.
Belə olan halda Azərbaycanı təmsil edənlərin bizi necə təqdim
etdiklərini təsəvvür edə bilirsinizmi?
Bir mənalı şəkildə "hamısı savadsız, qabiliyyətsizdir" deyə, bir
iddia ilə çıxış etmək və hökm vermək kimi niyyətdən uzağıq. Təbii
ki, aparıcıların da arasında qabiliyyətliləri, öz işini sevənlər
var. Amma nə yazıq ki, tv məkanda o qədər yararsızlar və sadəcə,
aparıcılıq etmək adına efirə buraxılanlar, dili bilmədən bülbül
kimi ötməyə cəhd edənlər var ki, savadlı və qabiliyyətliləri də
seçib ayırmaq mümkün deyil.
Qeyd edək ki, bu sahədə xəbər proqramlarının bir dərdi varsa,
şou və əyləncə verilişlərinin min dərdi var. Az səviyyə və savada
malik olub bu proqramlara baxmaq əməlli-başlı əsəb bahasına başa
gəlir. Çünki təkcə geyimi, ya da davranışları ilə deyil, dili
bilmədiyindən tez-tez kobud səhvlər etməsi bir yana, həm də dili
korlamalarına sakit yanaşmaq mümkün deyil.
Başqa bir cəhət...
Biz azadlıqla azğınlığı bir-biri ilə qarışdırdığımız kimi,
sərbəstliklə kobudluğu və mədəniyyətsizliyi də bir-biri ilə
eyniləşdirmişik. Çünki demək olar ki, əyləncə verilişlərində
proqramları aparanlar sərbəst davranmaq adına bir çox hallarda
mədəniyyətsizlik edir, ya qonaqlar, ya da studiyada verilişi seyr
etməyə gələnlər də bu davranışların qurbanı olur.
Nə isə, dərd bir deyil, sadəcə, birini dilə gətirdik və açığını
bilmək istəyirsinizsə, bununla da bu dərdin bitəcəyinə ümid
etmirik.