Ona bir poema, 3 şeir həsr etmişəm. Düşünürəm ki, çox
azdır. Bir insan ki ömrünü bütünlüklə millətinə, ölkəsinə həsr edə,
ona nə etsən də, çox azdır...
Sabir Rüstəmxanlıdan bəhs etmək istəyirəm... Yazı ərəfəsində,
ona Ustadım, Dostum, Əqidədaşım deməyim heç kəsə qəribə gəlməz
yəqin. O, həqiqətən də dostdur, ustaddır və əqidəsinə sadiq
insandır...
Bu aralar ondan çox yazırlar. Ümumiyyətlə, Sabir Rüstəmxanlıdan
çox yazılıb və illər keçəcək, nəsillər dəyişəcək, dövlətlərin
sərhədləri yenilənəcək, amma yenə də yazacaqlar. Necə ki,
Nizamidən, Füzulidən, Nəsimidən yazıblar və yazırlar da.
Sabir bəyin imzası çoxları üçün dolanışıq, ad-san, üz tutulacaq,
haqq ediləcək bir ünvan olacaq.
Unutmamışam, onu da əlavə edim ki, 3 şeir və bir poemadan əlavə,
şairim haqda bir neçə məqalə də yazmışam, müsahibələr götürmüşəm
ondan. Onunla həmsöhbət olmaq maariflənmək deməkdir, bütün
sahələrdə.
Sabir Rüstəmxanlını hələ məktəbli ikən tanıdım və sevdiyim şair
olaraq bu gün də onu öyrənirəm, tanıyıram, onu öyrəndikcə,
tanıdıqca əsil vətənpərvər insanın necə olmasını əxz edirəm.
Sabir Rüstəmxanlını öz şairimiz bildim. İndi çoxlarına qəribə
gələcək bir duyğu vardı bizlərdə. Onun bizim kəndlə də dostluq
telləri vardı. Hər kəs onu öz şairi bilirdi, bu, elə indi də
belədir. Axı, hansı kəndlə, ucqar bir məkanla onun əlaqəsi olmayıb
ki? Məktəbli yaddaşımın bu günə qədər qoruyub saxladığı həm də o
idi ki, hər kəs onu bizim kəndin, bizim rayonun balası bilirdi,
xususilə də yaşlı nəsil. Fərq etmirdi ki, Yardımlıda doğulub,
Bakıda yaşayı. Kəndimizə dost olaraq bircə dəfə gəlişi bəs idi ki,
kənd ağsaqqaları ona hampa oğlu kimi baxsın. Onun belə gəlişləri
isə çox olmuşdu. Balabəylilərin "baba" deyərək üz tutduğu Dünyamalı
babanın ocağında olması, onun bacısı nəvəsi, şair Ayaz Vəflı ilə iş
yoldaşı və dostluğu, həm də dostunun tək oğlunun kirvəsi olması
Sabir bəyə hər yerdə "Bizim Sabir" deyilərək anılması, əziz
tutulması və əsərlərinin əldən-ələ keçərək oxunması üçün kənd
əhlinə sitimul vermişdi.
O zamanlar məktəbli idim və elə bu gün də onun adının qarşısında
özümü məktəbli kimi hiss edirəm.
Sonralar onun işlədiyi "Ədəbiyyat qəzeti"ndə işlədim. Bu o
vaxtlar idi ki, Sabir bəy artıq Mətbuat naziri idi. Bu vaxta qədər
isə onun meydan hərəkatının liderlərindən biri kimi, yaxın
tariximizin salnaməsinin yazılmasında xidmətlərini gördük,
inqilabçılığın, vətənin müstəqilliyi uğrunda necə fədakar olmasının
şahidi olduq. Buna qədər isə onun sovetlər zamanının əli qılınclı
vaxtında yazdığı şeirlərdən üzü bəri yol gəldiyi və dilimizin
əzbəri olduğu şeirlərinin havası ilə böyümüşdük, fikir, söz sahibi
olmuşduq. Başqalarını deyə bilmərəm, mən ondan sözün bütövlüyünü,
millətin işıqlı sabahı, müstəqilliyi naminə çox şeylər öyrənmişdim
və öyrənirəm də.
Sabir Rüstəmxanlı: "Keçirəm Moskva prospekti ilə
Təbriz xiyabanı həsrəti ilə mən", - yazanda gənc oğlan idi.
"Azərbaycan Ali Sovetinə açıq məktub"unu qələmə alanda da yaşının
üstünə o qədər yaş gəlməmişdi, yenə gənc idi.
Qələm dostları Leninin çiyninə aldığı şalbanlardan, dahi
rəhbərin dekretlərinin bu gün də aktual olmasından yazanda Sabir
Rüstəmxanlı "Cavad xan" poemasını yazırdı. Ondan çox öncə "Ana
dilim"i qələmə alırdı, "Qan yaddaşı"nın alt qatını üzə çıxarırdı,
üzünü millətinə tutub, "Bu sənin xalqındır" deyirdi, "Zaman səndən
keçdi" deyib, vaxtı dondurmaq, yeniləmək istəyirdi və bütün bunlar
onun ömrünün yaşanılan və yaşanılacaq günlərinin – səhifələrinin
vərəqlərinə köçürülürdü, "Ömür kitabı" olurdu.
Yaşadığı 70 ildə 70.000 dərdi, əzabı misrlarına yerləşdirə
bildi. Böyük türk dünyasının görünməyən qatlarına baş vurdu, üzü
Altaylardan, monqol səhralarından tutmuş Avropanın ayrı-ayrı
bölgələrinə səpəlnmiş, kök atmış, milli şürunu, dövlətçiliyini,
qəhrəmanlığını sərgiləmiş bir millətin təəssübkeşi oldu və
olmaqdadır.
Onun ömür yolu bir vaxtlar Yardımlı dağlarından onu paytaxt
Bakıya qədər gətirən yollar kimidir. Çoxşaxəli. O yollar ki,
dağlardan üzü aşağı düşürdü, əslində, onu yuxarılara qaldıracaqdı
və qalxdı da. O yollar ki, Yardımlı dağlarının sinəsinə göy üzündən
çaxan şimşəyin qanadları kimi sərilmişdi, onun ürəyində torpaq,
ölkə, millət sevgisinin qığılcımlarını közərdirdi ki, bu
qığılcımlar alova çevrilməli idi, istisi ilə böyük bir millətə
sevginin necə olmasını aşılamalı idi və bu belə də oldu.
Yol davam edir. Bu yol çox uzun yoldu. Və nə mutlu bizə ki, biz
də o yolun yolçusu, onun da yol yoldaşıyıq. Daha Moskva prospekti
yoxdu, Təbriz xiyabanı həsrəti isə hələ də bizim
sarvanımızdı...