Ukrayna növbəti dəyişiklik
ərəfəsindədi... Günlərdi davam edən aksiyalar Viktor Yanukoviçin
impiçmenti, müxtəlif maddələrlə həbsxanaya atılmış keçmiş Baş nazir
Yuliya Timoşenkonun azadlığa çıxması və onlarla sadə insanın canı
bahasına müxalifətin qalibiyyəti ilə başa çatdı. Sual olunur, nədən
təkrar Ukrayna, nə üçün siyasi güclərin savaş məkanı kimi yenə bu
ölkə seçildi?
Dnepropetrovsk klanı
Ötən əsrin ortalarından etibarən Sovetlər Birilyində siyasi
səhnədə bir aktivlik müşahidə olunmağa başladı. Oktyabr
inqilabından sonra aparıcı siyasi fiqurların milli mənsubiyyəti,
təmsil etdikləri coğrafi məkanlar proletar şüarları səbəbindən o
qədər də nəzərə alınmırdısa, "xalqalar atası" Stalinin vəfatından
sonra bu amillərə tədricən diqqət yetirilməyə, dəhlizlərdə siyasi
qruplar formalaşmağa başladı. Çox keçmədən iflasa uğrayan məşhur
yeni iqtisadi siyasət dalğasının banisi çılğın xarakterli Nikita
Xruşşov ilk ukraynakökənli öndə gedən simalardan biri oldu. Həmin
dövrlərdən Ukraynada ağır metallurgiya, maşınqayırma, yüksək
texnologiyalı hərbi sənaye komplekslərinin inkişafına diqqət
yetirilməyə başladı. Ötən əsrin 70-ci illərində isə
ukraynaəsillilər Siyasi Büroda dominat fiqurlara çevrilməyə
başladılar. Zarafatçıl, şən əhval-ryhiyyəsi ilə ətrafdakıları
ovsunlayan - arxa planda isə öz bildiyini edən - "Dneproperovsk
klanı" adlanan siyası qrupun əvəzolunmaz siması Leonid Brejnev bu
qəbildəndi.
Zaman-zaman sözügedən qrup başqa məkanı təmsil edən nüfuzlu
siyası fuqurları da öz tərəfinə çəkməyə müvəffəq oldu. Ukrayna və
Belarus kökənlilərin tandeminin məşhur simalarından biri də "Mister
no" ləqəbli Andrey Qromıko və Konstantin Çernenko idi.
Bu məqamları sadalamağımızda məqsəd qoyduğumuz suallardan birinə
- Ukrayna cəmiyyətinin siyasi aktuallığını zəruri edən amillərə
aydınlıq gətirməkdir.
İki Leonid və Yuşşenko
Gələk iki Leonidin - Kravçuk və Kuçmanın dövlət başçısı olduğu
dövrə. Hər iki prezidentin Qərb və Rusiya arasında tərəddüdlü
siyasi vektoru onların apardığı işlərin həyata keçirilməsində
əsaslı problemlər yaratdı. Maraqlı bir vəziyyət yarandı –
iqtisadiyyatını dirçəltmək üçün ilkin təməllərin olduğu bir ölkədə
əhalinin güzaranı ürəkaçan səviyyədə olmadı. Narazıların sayı
günü-gündən artmağa, hökumət əleyhinə şüarlar səslənməyə başladı.
Nəticədə Qərbin dəstəklədiyi Viktor Yuşşenko və Yuliya Timoşenko
cütlüyü siyasi səhnəyə gəldi.
Dövlət idarəçiliyi sükanı arxasına keçən "Maydan həmkarları" az
keçmədi bir-birinin üvanina ittihamlar səsləndirdi, ölkə
əhəmiyyətli məsələlərin həllində aralarında fikir ayrılığı
yaranmağa başladı. Növbəti seçkilərdə "sərrast" ukraynalılar onlara
"yox" dedi. Beləliklə, böyük ümidlər bəslənilən hər iki şəxs yola
salındı. Alovlu maydan çıxışlarından əsər-əlamət qalmayan Yuşşenko
memuarlarını yazmağa, Timoşenko isə dövlət maraqlarını zərbə altına
almaqda suçlu sayılaraq, həbsə atıldı.
Ancaq strateji mahiyyət daşısa da Viktor Yuşşenkonun Krım
tatarlarının öz doğma torpaqlarına qayıtması istiqamətində çabaları
mütləq təqdir olunmalıdı. Və nəhayət, prezident seçkilərində Viktor
Yanukoviçin aşkar qələbəsi…
Yanukoviç və Vilnüs Sammiti
Uzun illər Ukraynanın rusdilli regionu Donbas vilayətinin
qubernatoru olmuş Yanukoviç sələflərindən fərqli olaraq, cəsarətli
və müstəqil siyasət yürütməyə cəhd etdi. Müəyyən dövrə bu addımlar
özünü doğrultsa da, az sonra o da həmkarlarının siyasi vektorunu
təkrarlamaq məcburiyyətində qaldı. Bu, daha çox Vilnüs sammitində
onun Ukraynanın Avropa ilə əməkdaşlığını nəzərdə tutan assosiativ
sənədi imzasını ertələnməsində və Rusiya prezidenti Vladimir
Putinin Ukraynanın Gömrük İttifaqına üzvlük tələbi qoymasında
göstərdi.
Sonra baş verən hadisələr göz önündə.
Yanukoviçin Qərblə Rusiya arasında tərəddüdlü seçim etməsi onun
iqtidarını tarixin səhifələrinə atdı. Ukrayna vətəndaşları nə
istəyir, nədən narazıdı? Məlumdur ki, əksər Ukrayna vətəndaşı
Avropanın müxtəlif ölkələrində işləyir, çalışır və oradakı inkişafı
öz gözləri ilə görür. Nəticədə ölkələrində də analoji həyat tərzi
sürmək istəyirlər. Avropa İttifaqı vaxtı ilə Polşaya 160 milyard
civarında yardım göstərmişdi. Ukraynada da hesab edirlər ki,
onların da eyni dəstəkdən yararlanmaq imkanları var. Amma sual
olunur, iqtisadi böhranın fonunda Avropa Ukraynaya da eyni yardım
göstərmək gücündədirmi?
Qərb qalibdir
Bu arada Rusiya və Qərbin ayrı-ayrılıqda Ukrayna cəmiyyətinə
təsiri mexanizmlərini nəzərdən keçırək. Əgər Mixail Qorbaçov yedək
siyasətçisi, Boris Yeltsin isə etinasiz "çar" təsiri
bağışlayırdısa, prezident Vladimir Putinin beynəlxalq
münasibətlərdə, ələlxüsus yaxın qonşulara, o cümlədən də Ukraynaya
qarşı sərt ritorikası onun öz əleyhinə işlədi. İndi Ukrayna
hadisələrindən kim qalib ayrıldı sualına cavab axtarılsa, birmənalı
şəkildə cavab vermək olar ki, yalnız Qərb. Nə üçün Qərb?
Ələbaxımlıq baxımdan Qərb bir qədər də Ukraynanı özünə
yaxınlaşdırdı. Rusiya isə onusuz da özünə qarşı birmənalı olmayan
münasibətləri nifrət həddinə çatdırdı. Jirinovski, Roqozin və digər
bu tip odioz, səriştəsiz fiqurlar ruslara qarşı nifrəti apogey
həddə çatdırdı.
Təbii ki, bu, Qərbin cızdığı böyük bir planın tərkib hissəsi
sayılmaya bilməz. Hazırda "de yure" Ukrayna xəritədə bütöv bir tam
şəkilində görünsə də, "de fakto" yuxarıdan aşağı iki cinaha
bölünməkdədi. Bunu siyasilərin, cəmiyyətin, "5-ci kanal və "İnter"
televiziya kanallarının, hətta 1,8 milyardlıq sərvətə malik Pyotr
Poroşenko və "Şaxtyor" futbol klubunun rəhbəri Rinat Axmetovun
timsalında da görmək mümkündü. Tərəflər bir-birinə rəqib və düşmən
gözündə baxırlar. Əgər birinci Maydan hadisələrində
Yuşşenko-Timoşenko cütlüyü ölkə iqtisadiyyatını nisbətən zəif
şəkildə təhvil almışdılarsa, Kliçko-Yaçenyuk-Tyaqnebok üçlüyünün
viran qalmış, hərc-mərclik içərisində boğulan Ukrayna adlı gəmini
sahilə necə aparacaqları sual doğurmaya bilməz.
Bundan başqa, iddialı bir xanımın – Yuliya Timoşenkonun azadlığa
çıxdıqdan sonra Ukraynadakı proseslərdə onun rolu məsələsi də
altındən xətt cızılasıdır. Hələ həbsxana qapılarını keçməmiş
"maraqlı dairələr" tərəfindən "instruktaj" olunan Timoşenko öz
niyyətini ortaya qoydu. Onun aksiyaçılar qarşısında Yanukoviçin
devrilməsində siyasilər və diplomatlar deyil, məhz onların əsas rol
oynaması fikirini bildirməsi yaxın vaxtlarda Ukrayna daxilində
ciddi qarşıdurmalardan xəbər verdı. "Hörüklü xanım" bunula böyük
əmək sərf etmiş, hətta bəzi hallarda həyatını təhlükəyə atmış
prezidentliyə real namizəd Vitali Kliçkoya evin əsl sahibinin kim
olması barədə mesaj göndərdi.
Təbii ki, bu siyasi intriqalara meydan olan Maydan artıq əvvəlki
"demokratiya meydanı" anlamından çoxdan çıxıb. Maydan – Avropa ilə
Rusiyanın savaş meydanıdır və nə təəssüf ki, bu siyasi meydan artıq
qana boyanıb.
Rusiya heç vaxt, heç yerdən qansız ayrılmır. Arzu edək ki, illər
öncə Bakıdan və Tiflisdən qanla ayrılan Moskva bu dəfə 82 ölümlə
kifayətlənəcək; arzu edək ki, qanla ayrıldığı yerlərdə Qarabağ və
Osetiya-Abxaziya kimi "qan çanaqları" saxlayan Rusiya Krımı bu
ölkəyə "ölüm minası" kimi buraxmayacaq.
Bu, arzudur sadəcə - reallıq isə arzulara uyğun gəlmir.