"Ölümümdə heç kimi günahlandırmayın, qeybət etməyin.
Rəhmətliyin bundan zəhləsi gedirdi. Lilya – sev məni. Yoldaş
hökumət, mənim ailəm – Lilya Brik, anam, bacım və Veronika
Vitoldovna Polonskayadan ibarətdir..." - bu dünyada hər şeydən çox
ölümdən qorxan insan ölümqabağı məktubunda yazır və özünü ürəyindən
vurur.
Bu 14 aprel 1930-cu ildə baş verib. Həmin gün Mayakovski artıq
neçənci dəfə idi ki, sevgilisi Veronika Polonskiyə ərindən ayrılıb,
teatrı tərk edib onunla evlənmək təklifi edir. Veronika bu dəfə də
imtina edir, otaqdan çıxır və arxasınca məşum güllə səsi
eşidilir.
Sonra isə Veronika Vitoldovnanı bütün ömrü boyu müşayiət edən,
arxasınca dolaşan pıçıldaşmalar: "Mayakovskinin sevgilisidir,
odur... ona görə..."
Səssiz kinonun məşhur aktyorunun qızı, MBAT-ın gənc aktrisası,
cazibədar, gözəl, sadə və səmimi Veronika Polonskaya çox asanlıqla
Mayakovskini özünə məftun etmişdi. İlk labüd heyranlıqdan sonra
gözlənilmədən özü də ona isnişir və bağlanır. "Səninçün hərdən
darıxıram, son günlər isə hərdən yox, çox tez-tez", - Mayakovski
sevgilisinə... yox, Polonskiyə deyil, Parisə, Tatyana Yakovlevaya
yazırdı. Elə həmin vaxtlarda da Polonskaya hərdən, sonralar isə
tez-tez onun qonağı olur. Şair iyulda cənuba gedir, Yakovlevaya
məktublar yazır və oradaca, Xostada (Soçidə kiçik rayon – tərc.)
Polonskaya ilə görüşür, müəyyən müddətə ayrılanda isə onu teleqram
atəşinə tutur. Odur ki, "mən tələsmirəm və təcili teleqramlarla
səni oyatmağa və narahat etməyə gərək yoxdur" – mübahisəli sətirlər
həm buna, həm də o birinə aid edilə bilər.
Mayakovski Tatyana Yakovleva ilə Parisdə rastlaşır və ona
dəlicəsinə aşiq olur. "Yalnız sən mənimlə eyni boydasan, yanımda
mənimlə qoşa dayansana", – şairin ən gözəl məhəbbət şeirlərindən
biri Tatyana Yakovlevaya həsr olunub. Şair onunla evlənmək istəyir,
lakin gözlənilmədən "evdən kənara çıxmamağa" məhkim edilir.
Deyirlər, bu "cəzada" şairin həyatının qadını, onu sevib atsa da,
öz mülkiyyəti hesab edən Lili Yuryevna Brikin də əli olub.
Lili Brik və Mayakovskinin münasibətləri hamıya məlumdur, ən
əsası da o məlumdur ki, "onlar Lilinin əri Osip Briklə üçlükdə
yaşayırdılar". Lili Yuryevna, bu "la femme fatale" (fr. -
ədəbiyyat və kinoda flirt yolu ilə kişiləri özünə ram edən seksual
qadın obrazı – tərc.) haqqında deyirdilər ki, ona bir kişi azlıq
edirdi. Ancaq bununla belə, Lilya Brik təkcə bir kişiyə - öz əri
Osipə çarəsizcəsinə aşiq idi. (Mötərizədə qeyd edim ki, 1945-ci
ildə Osip Brik vəfat edəndə Lilya deyib: "Osip öləndə mən də
öldum"). Onların münasibətləri mənəvi yaxınlığı, ruhi bağlılığı,
ümumi maraqları ilə seçilirdi, ancaq... Lilya bir qadın kimi Osipin
zövqündə deyildi. Buna görə də onlar çox yaxın insanlar olaraq
qalmaqla ər-arvad münasibətlərinə son qoyurlar. 26 yaşlı gənc bir
qadın belə bir – hər şeyi öz adı ilə adlandırmaq lazımdır! –
həqarətlə barışa bilərdimi? Lilya ərinə arzulanan və sevilən bir
qadın olduğunu sübut etmək qərarına gəlir. Bununçünsə başqa bir
kişinin hiss və duyğularının hər gün, açıq-açığına və emosional
şəkildə nümayiş olunması lazım idi. Özünə və ərinə qadınlıq
qabiliyyətini göstərmək üçün ehtiraslı, çılğın və həyəcanlı
Mayakovskidən daha münasibi yox idi.
1929-ci ilin oktyabrında, məşum güllə səsinin səslənməsinə yarım
il qalmış Lilya Mayakovskinin yanında bacısı Elzaya yazılmış
məktubu ucadan oxuyur ki, Yakovleva vikont (Fransa və İngiltərədə
zadəgan rütbəsi – tərc.) dü Plessiyə ərə getməyə hazırlaşır.
Əslində isə toy söhbəti hələ bir ay sonra ortaya çıxacaqdı.
Yakovleva ömrünün sonunadək bu məktub əhvalatına görə Briki
unutmayacaq. Və bir dəfə acı ironiya ilə etiraf edəcək ki, hətta
buna görə Brikə minnətdardır. Əks halda Mayakovskini səmimi-qəlbdən
sevdiyindən SSRİ-yə qayıdar və 37-ci ilin ət maşınında məhv olardı.
Tatyana Mayakovskinin yoxluğunu ondan könüllü imtina kimi qəbul
edir, hələ üstəlik onun Moskvada evlənməsi haqqında şaiyələr də
gəlib çatır. Əslində isə Mayakovski sadəcə, onun yanına gedə
bilmirdi və dostlarından birinin sözlərinə görə, demişdi ki
"vurulub və tezliklə bu qadını görə bilməsə özünü güllələyəcək".
1930-cu ilin yanvarında Tatyana Yakovleva ərə gedir. Mayakovski o
qədər iztirab çəkir ki, Veronika Polonskidən münasibətlərini dərhal
rəsmiləşdirməyi tələb edir. Və yalnız indi əsas məsələ aydınlaşır –
Veronika Vitoldovna Polonskaya təkcə Mayakovskiyə məxsus deyildi.
Bundan əlavə, o, ərdə idi və ərinə xəyanət etdiyini, başqasını
sevdiyini də heç cür etiraf edə bilmirdi. Mayakovski dəli-divanə
olmuşdu, gah onu ömrünün axırınadək sevəcəyinə and içir, gah
hədələyir, təhqir edir, özünü də, qadını da incidirdi. Aprelin
12-də Mayakovski Polonski ilə son, həlledici söhbətlərinin planını
cızır. Həmin söhbətdə isə bir neçə dəfə təkrar edir: "Mən gülünc
deyiləm... gülünc olmaq olmaz". İntihar haqqında da eynilə belə
yazır: "Mən həyatıma son qoymaram, bədii teatra belə bir həzzi bəxş
etmərəm". Sayıqlamadır, sərsəmləmədir, ümumiyyətlə, təbiətən
xarakterində olan xüsusiyyətlər onun varlığının mahiyyətinə
çevrilmişdi. Polonskaya dəhşət içərisindədir, yalvarıb xahiş edir
ki, həkimə müraciət etmək lazımdır. Mayakovski bu sözlərə qorxunc
qəhqəhə ilə gülür, aprelin 14-də isə sevgilisi ilə söhbətdən sonra
çaxmağı çəkir.
Nəticədə müasirləri Veronika Vitoldovnanı açıqca ittiham
edirdilər ki, o, Mayakovskinin istədiyi kimi ərini və teatrı atıb
onun yanına getməyib və bununla da şairi intihar həddinə
çatdırıb.
Bütün bunlar tamamilə absurddur. Vladimir Mayakovski ona görə
intihar etdi ki, daima itirməkdən bezmişdi. Ehtiraslı, sevən, açıq
və çılğın insan olan şair özünü bütünlüklə sevimli qadınına bəxş
etmək istəyirdi. Bəs bunun müqabilində nə qazandı? Lilya Brik: çox
qəribə əlaqə idi, əri Osip Briklə üçlükdə həyat, Mayakovskiyə bir
kişi kimi soyuq münasibəti və Vladimiri hər yerdə nəzarətdə
saxlamağı və qeyri-normal qəyyumluq cəhdləri. Şair Lilyanı
inanılmaz çox sevirdi, ancaq heç vaxt onun həyatında yeganə kişi
ola bilmədi. Tatyana Yakovleva – ulduz, cazibədar, ağıllı,
heyranedici qadın yad ölkədən idi və hökumət öz inqilab carçısını
siyasi baxımdan düzgün olmayan şəxsi xoşbəxtlikdən məhrum etdi.
Nəhayət, Veronika Polonskaya: onun rolu, nəhayət, Mayakovskinin
yorğun qəlbini və iztirab çəkən ruhunu sakitləşdirməkən ibarət idi.
Ancaq bu qadın da sərbəst deyildi və onun naminə heç nəyini fəda
etmək istəmədi.
Vladimir Mayakovskinin sonuncu məhəbbəti Veronika Polonskaya
demək olar ki, sadəcə, lazım olan zamanda və yerdə deyildi. Şairin
intiharı isə dolaşıq və faciəvi məhəbbət macəralarının labüd
nəticəsi, xitamı idi.