Nobel mükafatlı türk yazıçı Orxan Pamuk müsahibə verərək
"Qırmızı saçlı qadın" adlı son romanından tutmuş, şəxsi həyatına və
Türkiyədəki iqtisadi-siyasi proseslərə qədər bir çox mövzulardan
danışıb.
Axar.az Orxan Pamukun "Hürriyyət" qəzetinə verdiyi "Bizi atıb
gedən bir atayla böyüdüm" adlı müsahibəni təqdim edir.
- Bir il sonra yeni roman. Bu dəfə ara
vermədiniz...
- Bundan əvvəlki roman 6 ilimi aldı, amma bitirilmiş halı 700
səhifə idi. 40 ildir yaradıcılıqdayam, ildə təxminən 200 səhifə
yazıram. Yaş ötdükcə daha tez-tez yazıram. O mövzuları 30-35 il
fikirləşmişəm, iş bircə yazmağa qalır.
- "Kankan" hekayəsi nə vaxt ağlınıza gəldi?
- 1980-ci ilin sonları evimiz satılmamışdı. "Qara kitab"ı
yazırdım, həyat yoldaşım İstanbula gedib-gəlirdi. Qonşuluqdakı
bağçada iki nəfər quyu qazırdı. Onlarla müsahibə tipli söhbət
etdim. Bir televizorları vardı, beşdən sonra ocaq qalayıb, qazan
yeməyi bişirərdilər. Eynən kitabdakı kimi... Aralarındakı münasibət
marağımı çəkdi. Ata-oğul, ağa-qul, əmir alma-əmir vermə
münasibəti...
- Kitabda cəmiyyəti bir psixoanalitik kimi analiz
etmisiniz. Freyd oxusa, məzarından çıxıb təşəkkür edərdi
sizə...
- Edə bilərdi! Güclü ata, ataya üsyan, ananın sevgisini
qazanmaq. Bu mövzuları sevirəm. Freydçi deyiləm, amma çox oxumuşam.
Yuxular haqqında kitablarından çox şey öyrənmişəm.
- Dastanların gücünə, insanlığın tarixdən əvvəlki
dövrlərdə yaranan şüuraltısına inanırsınız?
- Əfsanələrin, ədəbiyyatın, fəlsəfənin, əxlaq nəzəriyyəsinin
cəmiyyətləri formalaşdıran tərəfləri var, bəli. Freydin tələbəsi
Yunqun fikirlərinə yaxınam. Arxetip nəzəriyyəsinə. İnsanların bəzi
mədəni keyfiyyətlərlə doğulduğunu, ruhunun dərinliklərində, başının
arxasında bunlarla hərəkət etdiyini deyir. Amma təməl daşları Freyd
döşəmişdi.
- O, nə deyir?
- Yaşadığımız həyatların arxasında mətnlər var. Freydin izah
eləməyə çalışdığı, insanların şüuraltısının bu mətnlərdən
yaranmasıdır. Kitabxanalarda yaşamaq lazım deyil. Məlumatlar bizə
ötürülür. Cəmiyyətdən, ətrafımızdan alarıq, heç kitab oxumasaq
da... Din də bunlarla iç-içədir. Təkallahlı dinlər Qədim
Yunanıstan, Misirdən çox şey alıb. Ən maraqlısı da bu əfsanələrin
bənzədiyi yerlərdir. Bu romanda iki hekayəni birləşdirərək oxucunu
düşünməyə məcbur edirəm.
"Yaşılçam"da da atanın oğlunu öldürmə faciəsi
var
- Hansı əfsanələri?
- Biri Qərbdə Freydin köməyi ilə ortaya çıxarılan Edip, digəri
"Şahnamə"də Rüstəmlə Zöhrab. Edip zəngin ailənin şahzadə oğludur.
Bilmədən atasını öldürüb, anası ilə evlənir. Qərb mədəniyyətinin
psixoloji ziddiyyətlərini meydana gətirən gözəl mətnlərdən biridir.
Bizə atanın nə olduğunu göstərir, onu öldürənin saflığına inanaraq
buna haqq qazandırır. Amma bir tərəfdən də günahkarlıq hissi əlavə
edir. Edip axırda özünü kor edir.
- "Şahnamə"də fərq nədədir?
- Osmanlıda məmur olacaq, alim olacaq adamlar bu hekayələri
yaxşı bilirdi. "Dayan, o sənin oğlundur!" məzmunlu "Yaşılçam"
filmləri bu hekayələr əsasında hazırlanıb. Atanın oğlunu öldürməsi
faciəsini mövzu edib, əslində, buna haqq qazandırırlar.
- Edip tam əksidir yəni...
- Bəli, Edip şəxsiyyətini təsdiq etmək üçün atasını öldürmək,
yəni avtoritarlığa üsyan etmək məcburiyyətindədir. "Şahnamə"də isə
Şərq cəmiyyətlərində atanın övladını alçalda biləcəyi, atanın
avtoritarlığına ehtiyac olduğunu, bunun qaçılmazlığını göstərir.
Biz düz ordayıq. Bu qarşılaşdırmanı aparmaq bir türkün boynuna
düşür.
- Düz ortada olmağımız ənənələrdən qopmamağımızla
bağlıdırmı? Kitabda "İranlılar qərbliləşməyə görə keçmiş şair və
əfsanələrini unudan biz türklər kimi deyillər", - deyə bir cümlə
var.
- Qəbul edək ki, İran mədəniyyətinin çox güclü ənənəsi var.
Tanıdığım iranlılar şairlərini oxuyurlar, Ömər Xəyyamı, Mövlanəni
bilirlər. Biz ədəbi ənənəmizi dəyişdirməyə qərar verdik. Açıq-aydın
da dedik. Bu, böyük unutqanlığa gətirib çıxardı.
Türk olduğum üçün mənə siyasətdən sual
verirlər
- Mən də İrana getdim və mədəniyyətin zənginliyinə
heyran oldum. Yenə də özümə sual verdim: İranlılar bunun faydasını
nə qədər görür?
- Bu, çox maraqlı mövzudur. Ənənə, atanın oğlunu öldürməsini
dəyərli və vazkeçilməz hesab edirsə, o ənənədən də uzaqlaşmaq
lazımdır.
- Bizim şüuraltımızı yaradan belə əfsanələr
varmı?
- Bu mövzudakı əsas mətnimiz şübhəsiz ki, "Dədə Qorqud"dur.
"Dədə Qorqud"un Freydlə qarşılaşdırılaraq araşdırılmasını çox
istərdim.
- Kitabın Türkiyənin avtoritarlaşmasıyla bir əlaqəsi
varmı?
- Bu cür şeylər həmişə təsadüf olur. Getdikcə avtoritarlaşan bir
cəmiyyətdəyik. Təəssüf ki, bununla seçici də razılaşıb. Bəlkə, buna
pessimistlik təsir edib, amma mən bu haqda bir ildir yazıram,
seçkilərdən 2-3 ay əvvəldən. Avtoritarlıq bizim üçün bitməyən
mövzulardandır.
- Bir az Türkiyədən danışaq... Necə
görürsünüz?
- Pis görürəm, kədərlənirəm də. İqtidar partiyasından millət
vəkili olsaydım, universitet müəllimlərinin bu qədər
incidilməsindən narahat olardım. Bəli, mətnin qüsurları var, amma
artıq imzalanıb. "Mən səndən bunu soruşacam", - deyə bir cəmiyyət
olmaz axı. Bu qədər nümayişkaranə şəkildə müəllimləri əzmək,
yormaq, alçaltmaq, "vətən xaini" demək qəbuledilməzdir. Can
Dündarın həbs olunması mövzusu da var. Nə deyə bilərəm ki?!
- Amerikan internet saytı "Deili Bist"də "Nobel lənəti
Orxan Pamuku öldürdümü?" başlıqlı yazı vardı. Bir tənqidçi də sizin
haqqınızda "Artıq nostalji və sevgi romanları yazır, onsuz da
Nobeli var", - deyib.
- "İndependent"də də "Ən yaxşı kitablarını Nobeldən sonra
yazdı", yazılıb. Bax, kitabın arxasında var. Bunlara cavab vermək
istəmirəm. Bəlkə dünyada ən çox siyasi müsahibə verən ən bəxtsiz
yazaram. Türk olduğum üçün mənə mütəmadi siyasi suallar
verirlər.
- Ölkənin ən önəmli ziyalılarından birisiniz.
Ətrafınızda həbsə düşənlər, işsiz qalanlar, hətta hücuma məruz
qalanlar olur. "Mən də nəsə etməliyəm", - deyib özünüzü günahkar
hiss edirsiniz?
- Bəzən romana başın qarışır, kimlərsə işdən çıxır, həbsə düşür,
sən heç nə edə bilmirsən. Özümü günahkar hiss etdiyim vaxtlar olur.
Amma inan, buna vaxt qalmır. Dayanmadan məktub gəlir, "Avtoqraf
verə bilərsən?" yazırlar. Kimsə zəng vurur, "Orxan bəy, filan adam
həbs olundu, mənə kömək edə bilərsiniz" - soruşur. Unutmağa imkan
yoxdur.
- Bunlara necə cavab verirsiniz?
- Bəzilərinə "bəli", bəzilərinə "Dünən etdim axı", - deyirəm.
İki narahatlıq var. Birincisi, mövcud avtoritar rejim. İkincisi,
hər ağzımı açıb danışanda siyasi söhbətlər edən adam mövqeyinə
düşmək... Norveçdə bir axşam Pol Austerlə görüşdük. "Nə gözəl, sən
Amerikadasan. Mənə mütəmadi olaraq siyasi suallar verirlər", -
dedim. O da "Mənə də Körfəz müharibəsindən, Buşdan sual verirlər",
- demişdi. Yazarlıqda bunlar qaçılmaz vəziyyətdir. Amma məsələn,
alimlərə göstərilən kobud, laqeyd münasibəti həzm edə bilmirəm. Sən
o qədər pis rəftar edirsən ki, insanlar başqa ölkələrə gedirlər.
Müəllim yetişdirmək asandır?
- Belə həssaslıq var?
- Nə istəyirlər? Bütün müxalifətin xaricə çıxarıldığı bir ölkədə
yaşamaq çox fəxr ediləcək şeydir? Onu istədiklərini düşünmürəm.
Sistematik olaraq nə etdiklərini bilmədiklərini fikirləşirəm.
Hirslə hərəkət edib öz universitetlərinə ziyan vururlar.
Müəllimlərin qarşısına mətn gəlir. "Tamam, tamam", - deyib yalandan
göz boyayırlar. Qarşıdurmalara görə kədərlənirlər, hökumətə qarşı
nəsə elədiklərini düşünürlər. Demokratik bir ölkədə insanlar
sonuncu seçkinin qalibinin fikirlərini tutuquşu kimi təkrarlamaq
məcburiyyətində deyillər. Demokratiya dediyimiz şey budur. Sənin
kimi fikirləşməyən birindən qorxmazsan. "Eyni fikirdə olmadığın bir
nəfər gəldi, indi nə olacaq, - deyə fikirləşirsənsə, ora
yavaş-yavaş demokratik yer olmaqdan çıxır.
Avtoritarlıq iqtisadi inkişafa da mane
olacaq
- Demokratiya qanunları ilə bağlı tənqidlərin bir mənası
qalıbmı? Sizcə, indi bunlara fikir verən var?
- Məni də o qorxudur. Noyabr nəticələrini öyrəndiyim vaxt xəyal
qırıqlığına uğradım. Amma birinci dəfəydimi? Uşaqlığımda da Dəmirəl
vardı. İlk xəyal qırıqlığı yaşayan liberal, solçu, ya da mücahid
mənəm? Həyatımız belə keçdi. Amma bu dəfə həddini aşdı.
- Niyə?
Ardı var