Yuxarı

Pamuk: “Putin sırf bu yolla qələbə qazanır...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel mükafatlı türk yazıçı Orxan Pamuk "Qırmızı saçlı qadın" adlı son romanından tutmuş şəxsi həyatına və Türkiyədəki iqtisadi-siyasi proseslərə qədər, bir çox mövzulardan danışıb.

Axar.az Orxan Pamukun "Hürriyyət" qəzetinə verdiyi "Bizi atıb gedən bir atayla böyüdüm" adlı müsahibənin davamını təqdim edir.

əvvəli

- Niyə?

- Tək Türkiyədə deyil, Rusiyada, Hindistanda, digər Asiya ölkələrində də seçici üçün azadlıqlar iqtisadi inkişafdan sonra gələn dəyərlərdir. İnsanı ağrıdan həqiqət budur. İqtisadi inkişaf avtoritarlığı gizlədir. Putin onu da etmədən sırf avtoritarlıq reklamı ilə qələbə qazanır.

- Bunu necə dəyişmək olar?

- Avtoritarlıq iqtisadi inkişafa da mane olacaq və yavaş-yavaş dəyişəcək.

- Qərb ölkələri tarixdə bu cür gedişatlardan sonra ciddi faciələr yaşadı. Ancaq daha sonra dərs götürə bildi.

- Bəli, elə olmağını istəmirəm. Öz qəzetlərində belə tənqidə dözmürsən. Yanlış hərəkət edəndə sənə kim xəbərdarlıq edəcək? Yanlışlar, sonda iqtisadiyyatı, inkişafı, onu-bunu zəhərləməyə başlayanda haradan çıxış yolu tapılacaq? Noyabr seçkilərində seçici bir az anarxiyadan qorxdu. "Azadlıqları boş ver, heç olmasa iqtisadiyyatı qoruyan avtoritar "atamız" olsun", - dedi. Ürəkaçan nəticə deyil. Jurnalistlərə təzyiq var? Fikirlərini rahat yaza bilirsən? Azadsan? Seçicimiz təəssüf ki, məsələyə bu yönlərdən baxmır. Asiya ölkələri də belədir. Bu məni qorxudur, çünki artıq sadəcə Qərb deyil, başqa mədəniyyətlər də dünyanı müəyyən edir. Onlar üçün mücahidlik də ən vacib dəyər deyil.

- Təkcə Asiya deyil, Amerikada Tramp kimi nifrət püskürən biri ortaya çıxıb. Avropanın Türkiyə ilə münasibətlərində demokratik dəyərlərdən danışması bununla da aradan götürüldü.

- İŞİD və immiqrant böhranı Avropanın əl-qolunu bağladı, bütün dəyərləri unutdular. Bizə bir müddətdi Səudiyyə Ərəbistanına baxdıqları kimi baxırlar. Bizim istədiklərimizi etsinlər, içəridə nə edirsə, bizə nə! İmmiqrantların qarşısını al, İŞİD-lə mübarizədə bizə dəstək ver, biz də insan haqlarını pozmağına, jurnalistləri həbs etməyinə göz yummağa çalışarıq.

- Bütün bunlar baş verərkən ölkədəki mədəni atmosferi necə görürsünüz?

- 15 illik iqtisadi inkişaf fərdiliyə əhəmiyyət verməyən insanlar yaratdı. İstədiyin qədər mədəniyyəti, sənəti qadağan elə, onlar öz problemlərini işıqlandıracaqlar. Ən böyük problem fikir azadlığıdır. Xüsusilə jurnalistlərin, siyasi şərhçilərin azadlığı... Stalin Rusiyası, 70-ci illərin Rusiyası kimi sənətçinin azadlığına hücum yox. Amma siyasi şərhçilərin üstündə çox böyük təzyiq var. Hökumətin sədd qoyduğu yerlər qəzetlərdir. Roman yazarkən özümü məhdudlaşdırılmış hiss etmirəm. Amma hər gün köşə yazısı yazsaydım, təzyiq olacaqdı.

- Romanınızın Silivri həbsxanasında bitməsinin simvolik mənası var?

- Qəhrəmanım İstanbula yaxın bir həbsxanaya getməli idi. Bir az araşdırandan sonra hamının ora getdiyini başa düşdüm. Müxalif jurnalistlər, keçmiş hərbçilər, kürdlər, adi cinayətkarlar belə... Silivrinin həyatımızda yeri var, dayanmadan Silivridən danışırıq. Əvvəllər FİTAŞ kinoteatrı açılır, Avropa və Balkanların ən böyük kinoteatrı deyilirdi. İndi Avropanın ən böyük həbsxanalarını açmağa görə öyünürük.

- "Haffinqton Post" sizi dünyanın təsir baxımdan ən güclü dördüncü öndəri seçdi. Birinci Papadır. Nə hiss etdiniz?

- Mən də qəzetlərdən öyrəndim. İnsan gülür, dostlarına göstərir. "Hər halda bir yanlışlıq var", - deyib keçir. Hər halda Papa da "bir yanlışlıq var", - deyib.

- Papa deməyə bilər. Fikrinizi öyrənmək üçün xaricdən sizə mütəmadi zəng vururlarmı?

- Bəli, amma səbəbləri həmişə gözəl olmur. Roman yazıram, həmin gün çıxan qəzetləri oxumadığım üçün bir də görürəm, yenə pis nəsə olub. "La Republika"dan, Almaniyadan dörd mail gəlib. Mən hələ hadisənin nə olduğunu bilmirəm. Fransada da bomba partlayır, amma bütün cəmiyyət o bombaya qarşıdır, hamısı eyni fikirdədir. Bizdə isə bomba partlayanda hamı bir-birini "Sənə görə atıldı", - deyib günahlandırır. Belə bir ölkənin yazarı olmaq həqiqətən yorucudur. Açıqlama verməsən, günahkar hiss edirsən özünü, ancaq acılama da verib səhər-axşam hər hadisəyə qulp olmaq istəmirəm. Belə-belə davam edirik, görək hara qədər...

5 ildir Əsli Akyavaşla birlikdəyik...

- Bu gərginlik cəmiyyəti necə dəyişdirdi?

- Cəmiyyətdə bir qorxu, narahatlıq yaratdı. Türkiyənin ikinci böyük müxalif qəzetinin redaktoru həbs edilib. "Hər şey nə gözəldir", - demək olmur. Can Dündar həbs olunanda, oturub roman yaza bilmirsən. Sual veriləndə "Mənə nə" deyə bilmirsən, demək istəmirsən. Bunları davamlı müzakirə edirsən, sevgilidən soruşursan. İnternetdə gəzişirsən, başın qarışır. "Bunu bu gün yox, sabah deyərəm", deyirsən. "Der Şpigel" müsahibə alacaq, Çinarla görüşəcəm, orda söyləyərəm", - deyirsən...

- Bu qədər gərginlik, siyasi söhbətlər kifayət edər... Gəlin sizə şou sualı verim, rahatlaşaq. Həyat necə gedir? Məsələn, eşq...

- Əsliylə birlikdəyəm. Xoşbəxtik. Heç səninlə Əsliylə bağlı danışmamışıq?

- Xeyr. Bu günə qədər özümü kübar aparıb bu mövzuda sual verməmişəm.

- Beş ildir Əsli Akyavaşla birlikdəyik. Sevgilimlə günümü paylaşmağı, hər şeyimi danışmağı çox sevirəm. Ayrı dünyalarımız var. O, bizi qoruyur. Azad, xoşbəxt olduğum yer şəxsi həyatımdır. Amma elə bir ölkədəyik ki, insan şəxsi həyatında xoşbəxt olduğunu belə deyə bilmir. Təzyiqlərdən, avtoritarlıqdan, hamının "vətən xaini" elan edilməsindən, televizorda gördüyüm qoçu üslubundan, problem olmayan məsələlərin müzakirə proqramlarında "dır-dır" danışılmasından bezmişəm. Amma bu xoşbəxt olmadığım mənasına gəlməsin. Özəl həyatımda xoşbəxtəm.

- Həqiqətən də, kimsə "Necəsən?" soruşanda adam rahat "yaxşıyam" deyə bilmir.

- Nə qədər bərbad bir cəmiyyətdə yaşamış olursan ol, şəxsi xoşbəxtliyin vacib olduğunu söyləyə bilmə haqqına sahibəm. 1970-80-ci illərdə insanlar küçələrdə milçək kimi ölürdü. Deyə bilərəm ki, o daha pis idi. İndi prezident "vətən xaini" deyə qışqırır. Amma heç olmasa küçədə ölən yoxdur. Açığı, ondan da qorxuram. Üstəlik, "Hökumət dəyişsin, hər şey güllük-gülüstanlıq olacaq", deyənlərdən deyiləm. İctimai çevriliş təkcə seçki ilə olmur. Ədəbiyyatla məşğul olarkən, filmə gedərkən, küçədə yeriyərkən, evimizə dizayn verərkən, həyatda seçim edərkən də dünyanı dəyişdiririk. Ona görə də bu 15 illik varlanmanın, orta siniflərin güclənməsinin yaxşı şey olduğunu düşünmürəm. Bu milli gəlir əldə edə bilən insanları o qədər də sıxışdıra bilməzsən. Onun professorunu, jurnalistini daha çox alçalda bilməzsən. Bəlkə də çarəsizlikdən optimist olmağa çalışıram.

- İndi nə edəcəksiniz?

- Yeni romana başlayıram. Adını da çəkinmədən deyə bilərəm: "Vəba gecələri". Hərçənd "Qırmızı saçlı qadın"ın adı 30 ildir mənim üçün "Quyu" idi.

- Mövzusu nədir?

- Bu daha uzun olacaq, iddialı, tarixi bir romandır. "Mənim adım qırmızı" necə rəsmlər haqqında idisə, bu da bir az ədəbiyyat haqqında olacaq. İnşallah, bitirərəm və adını dəyişdirmərəm, amma daha çox şey demək istəmirəm.

- Hadisələr İstanbulda baş verir?

- İstanbulda yox. Çıxdığı vaxt daha geniş danışarıq.

- Nə vaxt?

- 2017-ci ilin payızında çap etdirmək istəyirəm.

Əziz Sancarla növbədə qarşılaşdıq

- Nobelli türkün sayı iki oldu. Necə qarşıladınız bunu?

- Gözəl duyğudur. Nobelin çox da əlçatmaz olmadığını hiss etmək hamımızı rahatladır. Əziz bəyin uğurunu tərcüməçim Ərdağ Göknardan eşitmişdim. O da Dyuk Universitetində köməkçi dosentdir. O universitetə konfransa getmişdim. Keçərkən bir də gördüm növbə var, qələbəliyin içində də Əziz Sancar...

- Nə gözəl...

- Gələcəyi ağlıma gəlməmişdi. Dərhal yanına getdim, içimdən gələn "Hocam, çox təbrik edirəm" sözlərini dedim. Qucaqlaşdıq. Sonra dərhal şəkil çəkdirdik, verərəm sənə. Sonra hərə öz işinin dalınca getdi... Səhəri gün Ərdağ mail göndərmişdi: "O şəkillərdən mənə də bir dənə göndərə bilərsiniz?" - deyə yazmışdı.

- Xatirə toplamağı sevir...

- Kim sevməz ki!

İstərdim Nobeli aldığımı görsün ...

- Kitabda öz atanızdan nələrsə var?

- Varlığını hiss etdirməyən, ətrafda olmayan, bizi tərk edən bir atayla böyüdüm mən. Kitabda da bir atasızlıq acısı var. Atam cavan ölməyib, amma çox vaxt ətrafımızda olmurdu. Bəzən qardaşımla bunlardan danışırıq. Mədəni və həqiqətən liberal olduğuna görə bizə əl qaldırmayan, qışqırmayan, "istədiyinizi edin, siz çox ağıllısınız", deyən bir atam vardı. Sərhədsiz azadlıq vermişdi bizə. Böyük güvən duyğusu vermişdi, amma həmişə bir əskiklik hiss edərdik. Bəzən atam "Sən neçənci sinifdə idin", - deyə soruşardı, onda çox pis olardım. Digər tərəfdən gözəl tərəflərini də görürdüm. Atama çox şey üçün minnətdaram. Ən çox da gözəl kitabxanası olduğu üçün... Atalar nə öyrədər? Ən əhəmiyyətli adamlar kimdir? Hərbçi, din adamı, məmur, baş nazir... Türkiyədə bunu öyrədirlər. Ona görə bu cür adamlar əhəmiyyətli deyildi.

- Əhəmiyyətli olan nələr idi?

- Mənə düşüncənin, yaradıcılığın, insan fərdiliyinin, özünü yaşamağın, xəyallarının ardıyca getməyin gözəl olduğun göstərən atam oldu. Kitabxanasında divan vardı. Orada oturub "Buna bax, neyləyib e!" deyərdi. Tutaq ki, Jan Pol Sartrın bir kitabını verərdi... Mən o kitabı yazan biri olmaq istərdim. Paşa, din adamı, dövlət adamı olmaq istəməzdim. O kitabları yazan adam olmaq istərdim. Mənə heç vaxt "yazar olacaqsan", demədi. Amma onun xoşuna gələcək biri olmaq istədim.

- Hələ də elədir?

- İstərdim ki, atam Nobeli almağımı görsün. "Atamın çamadanı" adlı nitqim də bundan bəhs edir. Yaşlandıqca adam başa düşür ki, bir çox şeyi əslində hələ də atalar, analar bəyənsin deyə edirsən, amma özünün də bundan xəbərin yoxdur.

- Kitabda da hakim olan "ata fiquru" dediyimiz şey bu deyilmi? Bizə miras qalan dəyərlər...

- Bəli. Kitabda Cemin atasının yox olması, sonra başqa biri ilə evlənib qarşısına çıxması... Açıq yazmasam da, bu kitabda öz həyatımdan çox şey var. Nə isə, daha çox şey deməyim...

Tarix
2016.02.08 / 08:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla