Aprelin 1-dən başlayaraq üç gün ərzində yaşanan son
hadisələrdə sosial şəbəkə istifadəçiləri içərisində çox nadir də
olsa, müharibəyə dəstək verməyən tapıldı.
O şəxsləri iki kateqoriyaya bölmək mümkündür. 1) Dünyagörüşü dar
olan pasifistlər; 2) Mövcud iqtidara müxalif olanlar…
Bu izahatıma qədər hər iki zümrəni bağışlamaq olardı, amma bunu
oxuyub fikrini dəyişməyən, "vətən xaini" deməyəcəm, ən azı, zay
adamlardır.
Açıqlaması: a) I Qarabağ müharibəsi zamanında döyüş meydanından
qaçanların bənzər arqumentləri vardı: cəbhəçilər qarpız satandır,
rüşvətxordur, qarabağlılar torpağı ermənilərə satıb, biz niyə
vuruşaq?
Bu cür fikirlərin hamısı döyüş qabiliyyətinin azalmasına səbəb
olurdu. Xalqımızı əzmək üçün ruslar içimizə "satqınlıq xofunu" ta
200 ildən bu yana salıb, bu da "parçala və hökm sür" taktikasının
bir növüdür. Bu cür düşüncənin yıxıcı nəticələrini görmək üçün
Laçın və Füzulini də bənzər inanclar səbəbi ilə itirdiyimizi yada
salmaq istəyirəm.
Xatırlayın, Çingiz Mustafayev Laçından qaçan əsgərləri durdurmaq
istəyəndə həmin əsgərlər əsassız yerə "bizi satıblar" kimi
təxribata uymuşdular. Füzuli də tam boşaldıldıqdan 3 gün sonra
ermənilər tərəfindən ələ keçirilmişdi.
b) Müxaliflik daxili siyasətə aid məsələlərdir. Xarici siyasət
isə siyasi yox, milli maraqlara aid məsələləri əks etdirdiyi üçün
Qarabağ kimi ümummilli məsələdə daxili siyasi iddialar öz təsirini
göstərməməlidir. Qarabağın bizə qayıtması gələcək nəsillər üçün
qoyacağımız bir əmanətdir.
c) Pasifizmə gəldikdə, bunun səbəbləri müxtəlif ola bilər.
Bunlardan bir hissəsi xristianlığı özünə yaxın görənlər, digərləri
isə tam tərsinə, radikal dindarlar olub, Qarabağa cihad kimi
baxmayanlardır (bunlar pasifist deyil). Yenə bir qrup pasifist
milli mədəniyyət, milli məfkurə kimi dəyərlərdən uzaq qalıb və
başqa mədəniyyətləri mənimsəyənlərdir ki, bunlar da Avropa
tolerantlığı ilə işğalın qanunsuzluğu arasındakı tarazlığı
dünyagörüşünün azlığı səbəbi ilə qura bilmirlər.
d) Xarici işğala qarşı hansısa sərbəst fikrin demokratik
dəyərlər arasında yeri yoxdur. Bunun isbatı odur ki, bütün
demokratik ölkələrin cinayət qanunvericiliyində vətənə xəyanət,
casusluq maddələri var.
Bu qədər izahatdan sonra sosial şəbəkədəki o nadir şəxslərə -
lap bir nəfər də olsa - deyirəm: Vətənin yanındasan, ya
düşmənin?