Axar.az Musavat.com-a istinadən xalq şairi Sabir Rüstəmxanlı
ilə müsahibənin ikinci hissəsini təqdim edir:
Əvvəli burada
- Sizin Meydan hadisələri
ilə bağlı çıxışınıza münasibət necə oldu?
- Heydər Əliyev mənim bu sözümdən sonra bütün çıxışları kəsdi və
təxminən yarım saat özü danışdı, 1988-ci il Meydan hadisələrinin
bizim tariximizdəki əhəmiyyətini xüsusi vurğuladı, dedi ki, bu
bizim tariximizin ən parlaq səhifələri idi. Bu onun verdiyi qiymət
idi. Prezident dedi ki, hadisələri özü Moskvadan izləyirdi, Bakıdan
lentləri gətizdirib baxırdı. Mən Milli Məclisdə də dedim ki, ay
yoldaşlar, gedin, bu ölkənin rəhbərinin Meydan hərəkatına verdiyi
qiyməti oxuyun. Niyə həmin dövrü bizim tariximizdən silməyə
çalışırsınız?
- Üstündən 20 il keçib. İndiki hökumətin sizə münasibəti
bir qədər dəyişib, deyəsən...
- Bir ara, 90-cı illərin sonlarına yaxın ordendən imtina etdiyim
vaxtlarda (xalq şairi 1998-ci ildə "Şöhrət" ordenindən imtina edib
- red.) çox sərt bir münasibət başladı mənə qarşı. Demək olar ki,
ölənlərimizi gordan çıxarırdılar. Heydər Əliyev də gileylənmişdi
ki, o orden mənim deyildi, dövlətin idi. Sonra biz "Gülüstan"
sarayında dövlət tədbirində iştirak edəndə, o, yazıçılarla
görüşməyə gəldi. O zaman mən də yazıçıların arasında dayanmışdım.
Yaxınlaşdı mənə, dedi ki, səndən incimişəm. O orden dövlətin idi,
mənim deyildi. Mən orada niyə imtina elədiyimi dedim. Dedim ki,
bilirəm, mən bunun əzabını çəkəcəyəm. Amma siz özünüz Moskvaya bir
yığıncağa gedəndə demişdiniz ki, bizim millət niyə bu qədər
assimilyasiyaya, əyilməyə, boyun əyməyə meyillidir. Bu baxımdan mən
gənclərimizə bir örnək göstərmək istədim. O baxdı ki, mən səmimi
deyirəm.
Dedi ki, aydındır, mən səni başa düşdüm. Orada yazıçılar da
dayanmışdı və hamısı söhbətimizi eşidirdilər. O söhbətdən sonra
mənə münasibət dəyişdi, iqtidar mətbuatı mənim haqqımda bir kəlmə
də mənfi söz demədi. Mənə elə gəlir ki, Heydər Əliyev o zaman
tapşırıq vermişdi. Sonradan bəzi mətbuat orqanlarında belə yazılar
çıxdı ki, guya mən bu ordeni götürməməklə öz reytinqimi yüksəltmək
istəyirəm. Halbuki mənə reytinq yüksəltmək lazım deyildi. Mən
qaçqınların vəziyyətini gördüyümə görə bu addımı atmışdım.
Azərbaycan prezidentinin bu işə təmkinli və müdrik münasibətini
görəndən sonra düşündüm ki, mən o ordeni götürməli idim. Çünki bu,
dövlətin mükafatı idi və mən dövlətimizə sayqı ilə yanaşmalı
idim.
Son vaxtlar münasibət bir qədər dəyişib. Yenə mənim üçün fərq
eləmir. Bir məktəbdə görüşdə mənə sual verdilər ki, sizin
haqqınızda bu qədər kitablar yazılıb, bəs heç tənqid olunmusuz?
Dedim ki, mənim 25 kitabım var, haqqımda isə 12 kitab yazılıb.
Dünya ölkələrində 60-dan çox kitabım çıxıb. Ancaq bu qədər
yaradıcılığın müqabilində bir dəfə də tənqid olunmamışam. Sadəcə,
Meydana çıxan gündən bəri kifayət qədər təhqir olunmuşam. Tənqid
olsa nə var ki... Azərbaycan cəmiyyətində ən pis olan odur ki,
bəziləri əlinə pul keçən kimi düşünür ki, bunun mütləq kitabı
olmalıdır, mütləq dədəsi və ya babası haqqında kitab yazdırmalıdır.
Ədəbiyyata dəxli olmayan, ucuz mahiyyətli şeir kitablarının çapına
himayədarlıq edirlər. Yazıçılar İttifaqının üzvlərinin sayı
2500-dən çoxdur. Beləliklə, əsl ciddi ədəbiyyatla bu cür
cızma-qaranın arasındakı fərqi müəyyən etmək də çətin olur.
- Ancaq ciddi ədəbiyyat da sanki böhran
keçirir...
- Yox, normal ciddi ədəbiyyat böhran keçirmir.
- Hanı bəs o əsərlər, Sabir bəy? Siz son vaxtlar ciddi
ədəbiyyat deyə kimləri oxumusunuz?
- Mən də bütün əsərləri oxuya bilmirəm. Ancaq bəzi gənclər var
ki, mən onların şeirlərini, povestlərini oxuyuram və haqlarında da
yazmışam. Məsələn, Qan Turalı, Seymur Baycan, Şərif Ağayar haqqında
yazmışam. Eyni zamanda yaşlı nəslin də maraqlı əsərləri var. Anarın
maraqlı bir əsəri var, Elçinin "Baş" romanı var. Məmməd Orucun
Azərbaycan-Ermənistan müsibətləri ilə bağlı çox maraqlı bir romanı
var idi. Roman əvvəllər Bakıda yaşamış bir ermənidən bəhs edir. O
dilimizi gözəl bilir və azərbaycanlılardan fərqlənmir. Gəlir Bakıya
və burada onun nostalgiyası, keçirdiyi hisslər əsərdə əksini tapır.
Müharibənin indiki vaxtında belə əsərlərin rolu böyükdür. Əkrəm
Əylislinin "Daş yuxular" romanında isə heç ermənilərin əsərlərində
azərbaycanlılara olmayan qədər nifrət əks olunub.
- Əkrəm Əylislinin o əsərinin bədii dəyəri nədir? Ona
həqiqətən Nobel mükafatı düşürmü? Nobelin standartları
nədir?
- Əvvəla, Nobel siyasi mükafatdır və elə əsərə Nobel verə
bilməzlər.
- Aydındır, bu, ermənilərin mövqeyini müdafiə edir.
Hesab etsək ki, erməni yazıb, o zaman əsərin bədii dəyəri
nədir?
- Bədii dəyərlə mövzunu çox zaman bir-birindən ayırmaq mümkün
deyil. Bir məsələdə ki, subyektiv yanaşma var, orada bədii dəyərdən
söhbət gedə bilməz. Əkrəm Əylisli uşaq deyil ki... Dili yerində,
cümləsi yerində, bir erməni sevgisi ilə yazıldığı da aşkar... Orada
öz kəndlərinin nostalgiyası var. Erməni kilsələri üçün ürəyi
gedir.
- Siz Əkrəmlə tanışsınız, o xristiandırmı?
- Yox, xristian deyil. Əkrəm həmişə özünü bir kənd uşağı kimi
aparıb. Amma içində həmişə bir erməni sevgisi olub. Artıq bu məsələ
keçib gedib, onun haqqında danışmaq istəmirəm. Ancaq mən ona öz
sözümü dedim. Bir dəfə Naxçıvandakı erməni kilsələrinin kataloqunu
gətirmişdi və deyirdi ki, bunlar gərək dağılmayaydı. Dedim ki,
Əkrəm, Qarabağda onlarla qədim abidəmiz məhv edilib, onların
kataloqunu niyə qoltuğuna vurub gətirmirsən? Birtərəfli mövqe
tutmaq olmaz axı...
- Sabir bəy, partiyanın işləri necə gedir? İndiki siyasi
mühitdə bir partiyanın başqanı olmaq, partiya yönəltmək nə
deməkdir? Bunun Azərbaycan üçün, millət üçün, şəxsən Rüstəmxanlının
özü üçün bir əhəmiyyəti varmı?
- Mənim üçün şəxsən bir partiyanın başqanı olmaq əlavə yükdür.
Çünki 30 il bundan əvvəlki qüvvəm yoxdur. Partiya işi bir savaş
işidir, cavanlıq istəyir.
- Neçə ildir partiya başqanısınız?
- 1992-ci ildə partiyanı yaratdıq. Artıq 24 ildir... Təklif
edirəm ki, gənclərdən biri mənim yerimə keçsin, qəbul etmirlər.
Vətəndaş həmrəyliyi ideyası mənə doğmadır. Xüsusən müharibə
şəraitində olan bir ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin
zərurətini mən həmişə hiss eləmişəm. Vətəndaş həmrəyliyi məfhumunu
Azərbaycan siyasi leksikonuna biz gətirmişik. Həmçinin bizim
partiya yüzlərlə gəncin siyasi həyatdakı fəallığına yardım edib.
İki nəfərimiz - Rəfail Hüseynovla Fəzail İbrahimli Milli Məclisdə
partiyanı təmsil edirlər. Bu mənada partiyanın müsbət tərəfi var.
Bizim bütün rayonlarda təmsilçilərimiz var. Bir çox adı böyük
görünən partiyalar rayonlarda bizimlə müqayisədə zəifdir.
- Ancaq onların da iddiaları budur ki, sizin partiyanın
üzvlərini hökumət təyin edir...
- Bu, necə ola bilər? Kimsə o sözü deyirsə, deməli, mənə zərrə
qədər hörməti yoxdur. Düzdür, rayonlarda çalışan icra
nümayəndələrinin, rəhbər şəxslərin mənə rəğbəti ola bilər. Bəzi
siyasətçilər var ki, rayonlarda onları heç tanımırlar. Təbii ki,
onlara nisbətdə mənə daha isti yanaşacaqlar. Bu o demək deyil ki,
bölgələrdə mənim partiyamın üzvlərini hökumət təyin edir. Bu işin
bir tərəfi...
İkinci məsələ isə ondan ibarətdir ki, dünyanın əksər ölkələrində
partiyalar öz əvvəlki mahiyyətindən ayrılır. Daha çox dövlətin
özünün yürütdüyü siyasətə çevrilir. Məsələn, Amerikada əsas partiya
var. Yəni orada, üçüncü, dördüncü, beşinci partiya qurula bilməzdi?
Sadəcə, dövlət o iki qanadı saxlayır və gah biri seçilir, onun
işləri düz gətirməyəndə o biri seçilir. Dərin dövlət onları idarə
edir və dövləti qorumağa çalışır. Harada bizim kimi yenicə
demokratiya yoluna qədəm qoyanlar varsa, onlar o çətin prosesi,
bölücülüyü, hər tayfanın bir partiya yaratmasını, demokratiya adına
qarmaqarışıq bir sistemin formalaşması mərhələsini keçir. Lakin
getdikcə onların sayı azalır. Xüsusən müharibə şəraitində olan bir
dövlətdə partiyalar nə qədər hakimiyyət davası aparsalar da, əsas
məqamda yalnız bir məsələ önə çıxır. O da millətin və dövlətin
taleyidir. Bu baxımdan partiyalar mübarizəni istədikləri kimi davam
etdirdə bilmir.
- Sabir bəy, 30 ilə yaxındır münasibətdə olduğunuz
müxlifətçi dostlarınızla əlaqələriniz qalırmı? 20 il əvvəlki kimi
onları yenə də yubiley tədbirinizə dəvət edəcəksinizmi? O zalın
tərkibi necə olacaq?
- Təbii ki, münasibətlərimizin davam etdiyi adamları mən oraya
dəvət edəcəm. Mənim demək olar ki, bütün siyasi partiyalarla
münasibətlərim davam edir. Ümummilli məsələlərə həsr olunan
yığıncaqlarımıza da mən bütün siyasi partiyaların liderlərini dəvət
edirəm. Hamıya məlumdur ki, müxalifətdə qruplaşmalar gedir. Mən bir
müddət həmin qruplaşmaların hamısında olmuşam. Sonra gördüm ki,
bəzi dostlarımız səmimi deyillər. Əvvəlcə yaradırlar, münasibətlər
qaydasında olur. Sonra ilk uğursuzluqda qarşılıqlı ittihamlar
başlayır. Buna görə də mən o qruplara qatılmıram. Çox istərdim ki,
Azərbaycanda təkcə müxalifət arasında yox, hakimiyyətlə müxalifət
arasında da bir dialoq olsun. Məncə, Azərbaycan prezidenti ildə bir
dəfə, iki dəfə siyasi partiyaları yığmalıdır, necə ki,
jurnalistləri toplayır.
- Ancaq müxalifətin elə bir qismi var ki, ümumiyyətlə,
prezidentə xitab edərkən, ünvanına prezident sözünü işlətmir. Buna
necə baxırsınız?
- Yox, bu cahillikdir. Bizə ən yaxın dövlət Türkiyədir. Orada
hətta ağır şəkildə tənqid edəndə də deyirlər ki, hörmətli, sayın
Ərdoğan bu məsələni çox səhv edib. Çünki prezidenti xalq seçib.
İlham Əliyevə sənin rəğbətin ola da bilər, olmaya da. Ancaq o,
dövlətin başçısıdır. Ona hörmət və sayğı ilə yanaşmalısan, tənqid
edərkən belə. Mən qəzetlərdə tərbiyəsizliyi qəbul eləmirəm.
Dünyada xalqları, millətləri bir-birinə birləşdirən bir "sement"
varsa, onun adı sevgidir. Millət bir-birini sevməlidir, hətta
düşmənin olsa belə, hörmətlə yanaşmalısan. Bizim milli əxlaqımız
küçə uşaqları səviyyəsində danışmağa imkan vermir. Milli əxlaq,
hörmət istəyir, düşməninə də, rəqibinə də...
- Sabir bəy, "Ömür kitabı"nda millətə bir aşiqlik hiss
olunur. Türk soyuna qarşı böyük bir eşq var. Üstündən təxminən 30
il keçib. Fikriniz dəyişibmi? Millətin keyfiyyəti ilə bağlı o eşq
bir qədər arxa plana keçibmi?
- Sözsüz ki, o romantik eşq bir qədər sozalıb. Elə şeirlərim var
ki, o dövrün ruhu ilə başlamışam, şəhidlik haqqında böyük bir şeir
yazmaq istəmişəm. Ancaq sonu gəlib Mirzə Ələkbər Sabirin ruhuna
qayıdıb. Eyni şeirin əvvəli tərənnümlə başlayır, sonu tənqidlə
bitir. Mənim onlarla bu cür şeirim var ki, bu milləti tənqid
edirəm. Mən rayondan heç nəsiz gəlmişəm, illərlə evsiz-eşiksiz
yaşamışam...
- Bakıya nələrlə gəlmişdiniz, xatırlayırsınızmı?
Çamadanınızda nə var idi?
- İplə bağlanmış köhnə bir əsgər çamadanım var idi. İçində
kitablarım, bir də bir-iki köhnə paltarım idi. Bakıya gələndə heç
pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim. Həmin qışı
heç paltom da olmadı, bir köynəklə keçirdim.
- Xeyirxahınız kim olub o zaman? Hansısa mərhələdə sizə
arxa-dayaq duran olubmu?
- Mənim xeyirxahım orta məktəbdə ədəbiyyat müəllimim, Qazax
rayonunun Yuxarı Salahlı kəndindən Cavad müəllim olub. Səməd
Vurğunun qohumu idi, görünüşcə də ona oxşayırdı. O məndə ədəbiyyata
sevgi yaradıb. İkinci, Qazaxdan olan riyaziyyat müəllimim olub, o
da mənə bu fənni sevdirib.
- Siz harada təhsil almısınız ki?
- Yardımlıda.
- Orada niyə qazaxlılar dərs deyirdi?
- Əvvəllər bir rayon məktəbində bütün bölgələrdən müəllimlər
olurdu. İndi isə rayon məktəbləri tayfa səviyyəsində fəaliyyət
göstərir. O vaxt Yardımlının məktəbi universitet səviyyəsində idi.
Qaxdan, Qazaxdan, Naxçıvandan, Bakıdan, Masallıdan müəllimlər var
idi. Sonra universitetdə professor Kamil Əliyev, eləcə də onun
yoldaşı Nilufər Əliyeva mənim xeyirxahım oldu. Bir də vertolyotda
həlak olan Vəli Məmmədov mənə məsləhətlərini verib.
- "Ədəbiyyat" qəzetinə işə düzəlməyiniz necə
oldu?
- "Ədəbiyyat" qəzetinə məni Hüseyn Abbaszadə işə qəbul elədi.
4-cü kursda oxuyanda bir gün cibimdə ərizə ilə universitet
rektorunun qəbuluna gedirdim ki, məni qiyabiyə keçirsin, Bakıda
yaşaya bilmirəm, gedim kəndə müəllimlik edim. Yolda, Sabir
heykəlinin yanında Aydın Qurbanoğluna rast gəldim. Soruşdu ki,
qanın niyə qaradır, dedim, ərizəmi yazmışam, kəndə qayıdacam. Dedi
ki, sənin "Ədəbiyyat" qəzetində bir məqalən çıxmışdı, çox yaxşı
məqalə idi. Redaktor da bəyənib. O qəzetdə boş yer var, get oraya,
bəlkə götürdülər. Getdim Hüseyn müəllimin yanına, dedim, işə
düzəlməyə gəlmişəm. Mənim necə tələbə olduğumu dostunuz Bəxtiyar
Vahabzadədən soruşa bilərsiniz. Dedi ki, səndən başqa da iki nəfər
namizəd var. Hərəmizə redaktə etmək üçün bir mətn verdilər. Mən
redaktənin nə olduğunu bilməsəm də, 20 səhifəlik mətni oxudum və
qısaldıb 5 səhifə elədim. Dedim ki, ancaq bu cür çapa gedə bilər.
Redaktor dedi ki, Hüseyn müəllim, o birilər ancaq nöqtə-vergülü
düzəldiblər, ancaq bunun başı var, işləyə bilər. Sonra Bəxtiyar
Vahabzadəyə zəng vurdu. O da dedi ki, mənim son illər belə
istedadlı tələbəm olmayıb. Hüseyn Abbaszadə dedi ki, sabah gəl, işə
başla. Mən də gecə qarovulçuluğa getməliydim, getmədim, gəldim
qəzetə. Belə olub.
- Sabir bəy, bir az da Qarabağla bağlı danışmaq
istərdik. Bir xalq şairi və Meydan hərəkatının liderlərindən olmuş
şəxs kimi bu problemə baxışınız necədir? Ümid varmı? Topxanada
meşələr qırılanda siz xalqın etiraz aksiyasının önündə olan
ziyalılardan biri idiniz. Aradan 29 illik zaman keçib. Zaman bu
problemi haraya aparır? Xalqın öz torpaqlarına qayıtmaq imkanları
necədir?
(davamı var)