Kult.az təbrizli yazar Həmidrza Müzəffərinin Təbriz xatirələrindən bəhs edən yazısını təqdim edir:
Uşaqlıq çağımda ilin 9 ayını Culfada keçirərdik. Qızaran ay (xərdad) yetişib, imtahanlar qutaranda, sevincimizdən qanad açardıq. Çünki üç ay yayı Təbrizə, böyüknənəmgilə gedib, öz şəhərlərindən gələn o biri qohumlarımızın uşaqları ilə oynayıb, şənlik edib sevinəcəkdik.
Təbrizin Şahgölündə yellənən məkələr (qarğıdalı) və məkə satanın bağırtısı: (“Məkə bala qovruldu, tükü göyə sovruldu!”), balaca əl çarxında (arabasında) əlvan-əlvan dondurmaları bir-birinin üstünə töküb, sandıxanalarda da eşidiləcək qədər uca səslə bağıran “Alaskaaa...” (dondurma növü) və Gülüstan bağının o xəyalı oxşayan balaca qatarına minərkən qarğaların səsi və Pir bağının ortasından yayılan o xoş xatirəli musiqi səsini dinləyərkən, universitetin qarşı tərəfindəki bulvarın həndəvərindən keçənlərin burnunu dolduran ciyər-ürək-böyrək iyi hamısı əl-ələ verib Təbrizdən uçuşub Culfaya gələrdi və Təbriz baharının sonu, yayının başlanğıc ətri bizim burnumuz, qulağımız və ürəyimizi doldurardı. Beləliklə bizləri bihuş edərdi, günləri sayıb atamızın Culfa-Təbriz qatarının 6 tümənlik biletini cibindən çıxarıb taxçaya qoymasını, anamızın qəfilləməsini gözlərdik:
- Bu da biletlər! Çamadanlarınızı bağlaya bilərsiniz...
Böyükanamgilin evi Təbrizdə Bağşimalda idi, adətən həftənin altı günü şəhərin o biri yerlərindən daha sakit olardı və oynamağa can verərdi. Amma cümə günləri Təbrizin ən şuluq yeri olardı. Cümənin ikindiləri minlərlə insanın bağırtısı qalxıb yatması ilə mənimlə yaşıdlarımı futbola sarı çəkərdi. O zamandan yadımda qalan atlı acanlardır ki (polislər) Bağşimalın uca divarlarının ətrafında dolanıb, əllərində olan uzun şüylərlə (çubuq, dəyənək) bileti olmayanları divar dibindən qovardılar.
O illərdə Təbrizin müxtəlif məhəllələrinin özünəməxsus dəliləri var idi. Məsələn, Maralanın Qiyas məhəlləsində, Pirdə, indiki Şəhid Müsafiri məktəbinin böyründə bir dəli arvad var idi, camaat onu “Dəli Şükufə” çağırardı. Onun heç kim və heç nə ilə işi olmazdı. Səhərdən qaş qaralana kimi səssiz-səmirsiz, huyux-huyux (fikirli) Pirin qabağında oturub baxardı... Heç deyəsən, bu dünyanı deyil, ayrı aləmi seyr edərdi. Hər il Təbrizə gəldiyimizdə Dəli Şükufənin yerini dəyişmədiyini görürdük, eləcə orada otururdu. Yeriməzdi, danışmazdı, huyuxub qəmli baxardı.
Bir gün anam və böyükanamla (nənə) bazara getmişdik. Tərbiyət Xiyabanından keçəndə birdən onu gördük. Piyada keçidi kənarında bir divara söykənib oturmuşdu. Çox təəccübləndik. Böyükanam yaxınlaşdı, əyilib onunla üz-üzə duraraq soruşdu: “Şükufə xanım, nə əcəb burda?!” Hövsələsizcə böyükanama baxıb dedi: “Bura da ordandı da!”
Heç nə başa düşmədik, bir-birimizə hurut-hurut baxıb, yola düşdük. Bu nöqtəyə heç diqqət eləmədik ki, Dəli Şükufə necə bir fəlsəfi cavab qoyub ovcumuza!.. Bizlərdə indi də onun bu sözü bir məsəl kimi işlənir, biri soruşsa, “burda niyə”, hamı bu cavabı verir: “Bura da ordandı da!”
Adını unutduğum bir ayrı dəli də var idi. Ortayaşlı arıq bir kişi idi. Allahın verən günü bir uzun şüy götürərdi əlinə, şüyün ucuna bir alma, yaxud bir portağal asardı, Mənsur çarrahının (dördyolu) piyada yolundan Saata tərəf, qaçarmış kimi, yeyin yeriyərdi. Bu halətdə şüy tərpənər, ucundakı alma, ya portağal fırlanardı. Ortayaşlı kişinin illər boyu yaşamdan aldığı ləzzət bundan ibarət idi. Heç kimə əziyyəti dəyməzdi.
Yadımdan çıxmamış deyim, Çahrah Mənsur ətrafında ağbaş, pırtlaşıq sıx saqqalı olan yaşlı bir kişi yaşayardı. O, təhlükəli dəlilərdən idi, qaşqabaqlı, əsəbi üzü, qəzəbli baxışı, iri gövdəsi var idi. Qumaşdan pencək, əlvan gen şalvar geyinərdi. Şalvarını da qoltuğuna kimi çəkərdi. Böyük addımlarla yeriyib ucadan-ucadan deyinərək öz-özünə danışardı. Həmişə də bir siqaret olardı dodağının qırağında. Mən bu gen şalvarlı qocanı harada görsəydim, keçərdim qarşı tərəfə. Bir dəfə gözünü mənə bərəltsəydi, üç gecə yuxum qaçardı!
Amma bizim məhəllənin dəlisi Dəli Cavad Təbrizin bütün dəlilərindən həm daha tanınmış idi, həm də mərifətli. Az-araq adam olardı onu tanımasın. Yadıma gəlir, boy-buxunu ucaydı, əlindən də bir qara film olardı həmişə, onu hey açıb bağlardı. Dəli Cavad Təbrizdə çox idi, amma əsl Dəli Cavad özünü maşın sanan uzun boylu bir kişi idi. O, maşın kimi həmişə xiyabanda olardı, piyada keçidi tərəfinə gəlməzdi. Onunla işin olsaydı, ya onu səsləsəydin, yavaş gələrdi xiyabanın qırağına, özünü “park” eləyərdi, “maşını söndürər”di, ağzı ilə motoru söndürmək səsi çıxarıb, sonra danışardı!
Dəfələrlə görmüşdüm, camaatın ona verdiyi xırda pulları aparıb benzin alardı. Benzini pencəyinin cibinə tökərdi. Sonra da benzini pencəyinin cibindən süzə-süzə ağzı ilə motor səsi çıxarıb, bir əli ilə sükanı burardı, o biri əli ilə sürəti dəyişərdi və o biri maşınların arasında, Bağşimal, Şahpur və qədim Şah Xiyabanında ora-bura sürərdi.
Zərərsiz dəli idi. Heç kim ilə işi olmazdı. Bir dəfə anam və əmidostuumla Bağşimal xiyabanını adlayırdıq. Dəli Cavadın ağlına bilmirəm nə gəldi, “yeyin sürdü” bizə sarı, möhkəm bir “tormoz” verdi, sonra dal-qabaq elədi. Doğrusu xiyaban sakitlik idi, biz çox qorxduq. Əmidostu tez dedi:
- Cavad ağa yaxşı adamdır, arvad-uşaqları incitməz. Həm də bizim qonşumuzdur, axşam bizə gəlsə, pul verərəm, gedər benzin vurdurar... Bərəkallah, Cavad ağa...
Dəli Cavad bunu eşidən kimi maşının üzünü döndərib, “qaz” verərək “sürüb” getdi…
İllər sonra, Təbriz Universitetində tələbə olduğum zaman, Dəli Cavadı son dəfə Təbrizin Taliqanı xiyabanında, “Sadrat bankı”nın yanında gördüm. Qocalıb sınıxmışdı. Saçları ağarıb, qaməti əyilmişdi. Amma sürücülükdən əl çəkməmişdi yenə də. “Maşın”ını xiyaban qırağında saxlamışdı. Bankın yanındakı səkidə oturan yoxsul bir qoca kişiyə baxırdı. Sonra “qaz verib” getdi. Bir neçə dəqiqə sonra gördüm yenə gəldi. Əlində bir cüt nimdaş başmaq var idi. Gedib qoca kişinin yanında park elədi (!), sonra kişinin ayaqlarındakı cırıq köhnə astana başmağını çıxarıb, əlindəki başmaqları ona geyindirdi... Bir neçə dəqiqə dayandı, qoca kişi və onun təzə başmaqlarını gözdən keçirdi, sonra maşını “sürətlə sürüb” getdi, getdi... getdi ki getdi.
***
O uzaq illərin sadə və şirin yaşayışları kimi, Təbriz bulvarının göyə gedən ağacları kimi, qədim məhəllələrdəki yaşamın səfa və səmimiyyəti kimi, Şahgölünün yeməli məkələrinin ətri kimi, Gülüstan bağındakı dadlı dondurmaların ləzzəti kimi və o illərin bütün xoş xatirələri kimi qədim Təbrizin dəliləri də çıxıb getdilər aramızdan. Qoyub getdilər, bizi özbaşımıza buraxdılar...