Çinarə Ömray
Məcnunxana
(hekayə)
- Mənə bu da azdı, yox e, o göydəki kişi də qəbul eləmir məni, o
kişi bir yana, o yekəliyində dəniz də vurub atdı çölə. Nə bəxtsiz,
nə lazımsız adamam mən. Al, öldür məni, al, al, öldür, – deyə-deyə,
əlində bir taxta parçasıyla üstümə şığıyan adamdan qorxub qapıya
sığınmışdım ki, orta məktəbdən sinif yoldaşım, Psixoloji
xəstəxananın baş həkimi Məcnun özünü çatdırdı. Bu kobud, girdəsifət
kişiyə qışqırıb, məni xata-bəladan sovuşdurdu. Kişi bizdən aralanıb
dilinin altında danışa-danışa həyətdə bir daşın üstündə oturdu. Elə
hey bir gözüm ondaydı, yaman qorxmuşdum. Məcnun rəng-rufumu
görüb:
- Bax, görürsən? İnadını yerə qoymursan ha. Sənə, gəlmə, dedim.
Ay qız, sən qorxağın yekəsisən, bir iki dəfə də gəlsən, özünü burda
yatızdırmalı olacam. Çıxaq otağa, su iç, özünə gəl. Gör hələ necə
qorxubsan. Sarılıq tutmasan yaxşıdı. Elə bil dünən telefonda məni
diri-diri yeyən qız bu deyildi. Gəl dil pəhləvanı, gəl, - dedi,
hiss elədim ki, özü də sarısını udub.
Məcnun danışır, özünü döyüşdə qalib komanda kapitanı kimi hiss
edib, fərəhlənə-fərəhlənə qabaqdan gedirdi. Amma bilmirdi ki, mən
bir şeyi başıma qoydumsa, məqsədimə çatmamış ondan əl çəkən
deyiləm. Otağa çıxanda artıq ürək döyüntülərim də, qorxum da keçib
getmişdi. Suyu içə-içə pəncərədən bayaq üstümə gələn adama baxıram.
Məcnun isə dayanmadan danışır:
- Bax, istədyin xəstənin işini verim, al oxu, istədyin
araşdırmanı elə, amma bu sarsaq fikri ağlından çıxart. Qızım,
onların adı üstündə, pisixi problemi olan insanlardı. Nə
danışacaqsan axı sən onlarla? Normal adamlar deyil axı. Burda
onlarla o cür xəstə var. Axşam telefonda da dedim, dinləmədin məni.
Vallah sənə qurbandı hər şey, amma qorxuram. Nəsə xətər dəyər sənə
deyə, qorxuram.
Qızım, - hələ orta məkəbdən sevdiyi xitabla sözünə davam elədi,
- mən bircə bunu bilirəm: dünyanın bütün xəstələri nə vaxtsa
sağalacaq, amma sənin bu inad xəstəliyin heç vaxt sağalmıyacaq, ən
pisi də odur ki, mən sənin dostun ola-ola səni mualicə edə
bilməyəcəm.
***
- Məcnun, demədin axı o adam kim idi elə. O, hamının qarşısına
elə qaçır?
- Qızım, sən ağıllanmıyacaqsan? Dedim axı, sağlam biri olsaydı,
burda bir işi olmazdı.
- Kim gətirib onu bura? Niyə belə olub? Axı niyə o dedi ki,
allah da qəbul etmir onu, dəniz də.
- Narahat olma, dediyi dəniz sən deyilsən, - güldü, yenidən
üzünə qayğılı ifadə yayıldı. – Görünür, əl çəkən deyilsən. Diyan
işini gətirsinlər, baxaq.
Məcnun tibb bacısının gətirdiyi kağızlara baxa-baxa dedi:
- Maraqlı bir şey yoxdu. Yəni sən istəyən maraqlı biri deyil. Nə
deyim axı burdan sənə? Ancaq xəstəliyi barədə yazılıb. Bildiyimiz
pisixi xəstədir, o qədər.
- Bəs qohumdan-əqrəbadan, oğuldan-uşaqdan kimsəsi yoxdu?
- Var, oğlu var. Şənbə günləri gəlir. Amma onu da tanımır. Heç
oğlu tərəfə baxmır da. Eləcə, o daşın üstündə oturub gəlib-gedənin
qarşısına qaçır ki, öldür məni. Adamları qorxudur deyə, görüş
günləri onu çölə buraxmırıq.
- Onunla danışa bilərəm?
- Qızım, sən həqiqətən ağlını qaçırmısan. Beş dəqiqə qabaq mən
olmasam, qorxudan ürəyin dayanacaqdı. Heç kimlə danışmır ki o.
Sadəcə, ilk gördüyü adamın üstünə qaçır, vəssalam. Bütün sutkanı
susur.
- Məcnun, qurban olum, mənə izn ver... Qoy onunla danışmağa cəhd
edim. Bilirsən ki, sən "hə" deməyincə əl çəkən deyiləm.
- Vallah, deyirəm, buranın havasındandı, nədi, darvazadan içəri
girən dəli olur. Gül kimi qız idi, hayıf tez itirdim.
- "Hə" de. Bax, səni and verirəm Qurana, çörəyə, kitaba, duza,
suya, Herodota, dənizə…
- Uzağa getmə, sonuncunun xətrinə… - Məcnun dedi, nədənsə üzü
qızardı, sonra üzünü Həsənin xəstəlik tarixçəsinin arxasında
gözləyib, mızıldandı: - Get, nə bilirsən elə.
***
Bu gün ilk gündür ki, burdayam. Məcnunun ağzıyla desəm, Dəli
Həsən dayı bu dəfə üstümə qaçmadı. Əynimdə Məcnunun verdiyi ağ
xələt vardı: "Xəstələr ancaq bu ağ xələtlərdən qorxur bir az.
Dənizçinin ehtiyat kəməri gərək üstündə ola", - Məcnun demişdi, özü
də "Dəniz"i xüsusi vurğuyla deyib, yenə qızarmışdı.
Üç mərtəbəli bina böyük bir həyətin tən ortasında yerləşir.
Ətrafı yaşıllıqdır. Səliqə ilə sıralanmış ağaclar, əkilmiş güllər
ayrı bir sakitlik, rahatlıq qatır həyətə. Xəstələr həyətdə gəzişir,
bir-biri ilə söhbət edir, gah gülür, gah ağlayırlar.
Artıq bir həftədir gəlirəm bura. Kənarda oturub hamını və hər
şeyi müşahidə edirəm. Bu bir həftədə artıq bir qeyd dəftəri
doldurmuşam. Həsən dayıyla da demək olar ki, dostlaşmışıq. Düzdü,
mənimlə heç nə danışmasa da, yaxınlaşdığımı görən kimi yanını
skamyadan ayırmadan bir az yana sürüşüb mənə yer ayırır. Mən də ona
bildiyim maraqlı əhvalatları danışıram. Özünü dinləmirmiş kimi
aparır, amma bilirəm ki, dinləyir və bu ona maraqlı gəlir.
Ona hər gün bir əhvalat danışırdım. Bir müəllimimdən eşitmişdim
ki, insanlar hansı əhvalata reyaksiya verirlərsə (yaxşı, ya pis),
demək, bunun bir başa onların həyatlarıyla əlaqəsi var. Bəlkə də
ona görə ayrı-ayrı mövzularda ona əhvalatlar danışırdım. O isə,
sadəcə, dinləyərdi. Heç vaxt danışmazdı. Yox-yox, danışa bilirdi.
Bir neçə dəfə "allah da istəmir məni, dəniz də atdı qırağa məni.
Adamlar da yiyə durmur. Vallah mən eləmədim. Hamsın adamlar elədi.
Onlar mənə dedilər. İnandım…" kimi rabitəsiz cümlələr qururdu. Nə
qədər sual versəm də, bundan artığını demirdi. Amma olsun. Mən yenə
də onunla danışırdım. Bilirdim ki, bir gün o da mənə öz hekayəsini
danışacaq və bilirdim ki, onun danışacağı hekayə mənim
danışdıqlarımın, oxuduqlarımın hamısını vurub param-parça
edəcək.
Yazın ilıq havası bura ayrı bir gözəllik qatmışdı. Həyətdə
bir-birinə toxunmadan yaşayan onlarla planet, onlarla dünya
gəzişirdi. Elə istəyirdim ki, hamısının bir-bir nə düşündüyünü
öyrənə bilim.
Gözəl xala… Üzünün yarısından ələm asılıb, yarısı gülür. Qırmızı
dənizlə Qara dənizin birləşməsi kimi. Həmişə qabağıma gəlib, bir
kağız uzadır mənə, mən də ona bu kağızdan təyyarə düzəldib verirəm.
Elə xöşbəxtcə uçurardı ki, onu. Gülə-gülə arxasınca qaçar, "məni
qoyub getmə" deyərdi.
Həsən dayı məni görcək daşın yanından qalxıb, gəlib yanımda
oturdu. Dinib-danışmadan ağzını açıb, dinləməyə hazır olduğunu
nümayişkəranə şəkildə sərgilədi və baxışıyla məni tələsdirdi.
Təzəcə başlamaq istəyirdim ki, Gözəl xala əlindəki dəftər vərəqilə
özünü yetirdi. Həsən dayı:
- Get burdan. Mənim növbəmdi. Bayaq sənə düzəltdi də.
- O əzildi. Sən pis oğlansan, nolacaq ki, düzəltsin, uçub
gedəcəm də. Qorxma, mənim təyyarəm bomba atmır. Adamları müharibə
olmayan yerlərə aparır…
Söz Gözəl xalanın ağzından çıxmışdı ki, elə bil Həsən dayının
üstünə bombalar yağdı. İçindən yaralı aslanın nərəsi qopdu, sonra
başını qucaqlayıb "müharibə, müharibə" deyə-deyə yel kimi otağına
baş götürdü.
Arxasınca qaçmaq istədim, onun hələ də müharibə dediyini, dəli
nərə çəkdiyini eşidirdim. Ancaq Gözəl xalanın bir yanı ələmli, bir
yanı nəşəli üzündən keçəmmədim. Kağızını əlindən alıb təyarəsini
düzəltdim. Adam bir kağız parçasıyla da xöşbəxt olarmış
ilahi...
Yol boyu elə hey düşünürdüm. Deyəsən kələfin ucunu tapmışdım.
Bəs nə idi onun hekayəsi? Sabah nəyin bahasına olur-olsun
öyrənəcəkdim. Amma bəzən hər şey düşündüyümüz kimi olmur. Sabah
gələndə Həsən dayı həmişəki yerində yox idi. Dedilər, dünəndən
otağından çıxmayıb. Heç kimi də görmək istəmir. Məcnunin otağına
qalxdım. O isə gülə-gülə:
- Dəli Həsəni görəndən məni unutmusan, Dəniz xanım, - dedi, üzü
pörtdü, masadan bir kağız götürüb özünə yel verdi: - İsti də yaman
tez gəldi ha… Yaxşı ki, sənin sərinliyin üstümüzdədi…
- Dəli olma, adam otağa qapanıb çıxmır. Onun nəsə müharibəylə
bağlı həyat hekayəsi var.
- Qızım, sənin işin-gücün yoxdu? Dünyada milyonlarla insan
yaşayır, hamısının da öz hekayəsi var. Sən hamısını bir-bir
öyrənəcəksən?
- Yox… - bundan artığını deməyə utandım. Hiss elədim ki, özümdə
deyiləm. Qəfildən danışmağa söz tapdım: - Yadında, keçən dəfə dedin
ki, bir oğlu var. Görüşünə gəlir.
- Hə. Bir oğlu var. Bir müddət hər həftə gəldi. Maraqlanırdı.
Amma bu kişi hər həftə görüş günü onca adamın içində oğlunun üstünə
cumur, onu bu həyətdə qovalayırdı. "Kimsən sən? Nəyə gəlmisən? Sən
qoymadın allah aparsın məni. Sən ailəmdən ayırdın məni. Düşmənsən
sən", - deyib, hücuma keçirdi. Yazıq oğlan bir ara da gəldi, daha
gəlmədi. Əvvəllər arada zəng edib bizdən halını soruşurdu, son
vaxtlar heç onu da eləmir.
Off, oğlundan da nəsə öyrənmək cəhdim boşa çıxmşdı. Özü də
danışmaq istəmirdi. Yavaş-yavaş içimdə olan o ümid işığı da sönməyə
başlayırıdı. Məcnun səsinə biraz mülayimlik qatıb:
- Bilirsən, qızım, belə insanlar öz dərdlərilə yaşayırlar.
Onları bu həyatda yaşadan dərdləridir. Onlar bölüşə bilsələr,
bundan qurtulub boşluğa düşərlər. Belə adamlar sarılıb yaşamağa heç
nələri olmadığı halda hər şey edə bilərlər. Eləmə Dəniz, uzaq
dur.
- Məni uzaqlaşdırmağın başqa yolunu tapmadın?
- Yaxşı, qızım, yaxşı. Get nə bilirsən elə!
Bir həftəydi ayağımı Məcnunxanadan kəsmişdim. Düzü, Məcnunun
dediyi ağlıma batmışdı. Adamı daha da bədbəxt etməyə haqqım yoxdu,
sonra özümü bağışlaya bilməzdim, havalanardım, Məcnun demişkən, elə
oralıq olardım (hərçənd, bu, heç də pis olmazdı...). Səhər yenicə
açılmışdı ki, telefonuma mesaj gəldi. Məcnundan idi:
- Səninki komasından çıxıb, özünü günə verir. Bir gözü də
qapıdadı.
- Kim?
Həsən dayının şəklini atdı.
- Gəlim?..
- Qızım, səni tanımayana lənət. Mən bilirəm sən orda özünlə nə
müharibələr aparırsan. Gəl, baş bəlası, gəl. Çox sakit görünür.
Səhətində də irəliləyiş var. Bəlkə sən mualicə etdin onu. Elə biz
də darıxmışıq…
***
Darvazadan içəri girmişdim ki, kiminsə gülümsəyə-gülümsəyə mənə
sarı gəldiyini gördüm. O idi. Necə də dəyişmişdi siması. Əlimdən
tutub həmişə oturduğumuz ağacın altına apardı. Cibindən bir dəsmal
çıxarıb əvvəlcə oturacaqların tozun sildi (bunu məndən öyrənmişdi,
düzü,utandım da) sonra o biri cibindən bir topa kağız çıxardı və
mənim kimi oxumağa başladı. Çox qəribə idi. Rollarımızı dəyişmişdik
sanki. Bu dəfə mən o, o isə mən idi. Hekayəni oxuyan da oydu bu
dəfə:
- Həsən çox xöşbəxt idi. İki uşağı var idi. Hər şey o vaxtdan
başladı. Arvadı öldü. İki uşaqla ortada qaldı. Bütün kənd dedi ki,
get, baldızını al. Onun da sənə meyli var. Uşaqlarına da baxar.
Qonşu arvad dedi ki, qıznan danışmışam, axşam çağı mənimlə bulağa
gələcək, sən də gəl, qaçırt, özü də razıdı. Həsən ona inandı, sonra
bulağın başında qızı görəndə daha da əmin oldu. Arvad qaş-göz
elədi, Həsən də atnan gəlib qızı qolundan dartıb tərkinə aldı,
qaçırtdı. Evə gələndə məlum oldu ki, adı yadımdan çıxan arvad
Həsənə yalan deyibmiş, qız heç onu istəmirmiş. Qız dedi ki, kim
bacısının ərinə göz dikər? Məni geri qaytar. Amma Həsən onu geri
qaytarsaydı, bütün kənd ona pis baxardı. Axı adı yadımdan çıxan
arvad bütün kəndə xəbəri yaymışdı. Bir gün Həsən örüşdə idi, hay
gəldi ki, qız özünü evin ikinci mərtəbəsindən atıb. Həsən
heyvanları da, çomağını da orda qoyub qaçdı evə. O, evə çatanda nə
qız vardı, nə uşaqlar. Adı yadımdan çıxan qonşu arvad dedi ki,
onları qardaşı apardı. Qızı xəstəxanaya, uşaqları da evə. Sonra
polislər gəldi. Həsəni də apardılar. Qızı o evdə məcbur
saxladığını, ona görə də qızın özünü öldürmək istədiyini dedilər.
İntihar həddinə çatdırma. İnsan oğurluğu… Uşaqlarını ondan alıb
qayınanasıgilə, ona da 6 il iş verdilər. Hər şey ondan sonra
başladı.
Həsən dayının əlində bir cəngə vərəq olsa da, elə bayaqdan bir
vərəqin bir nöqtəsinə baxıb oxuyurdu. Əyilib vərəqə baxmaq istədim,
tez vərəqi cırıb atdı.
- Bu günlük bu qədər, qalanı sabaha, – deyib, qalan vərəqləri
sinəsinə basdı, balaca uşaq kimi tullana-tullana otağına tərəf
getdi. Yerə tökülmüş kağız parçalarını birləşdirib baxdım. Ağappaq
idi.
Bütün işlərimi bitirib xəstəxanaya tələsirdim. Sanki dünən orda
yarımçıq qoyduğum romanımı oxumağa gedirdim. Qapıdan içəri girən
kimi yenə də rollarımız dəyişdi, yenə o mənim qolumdan dartıb həmən
yerə dartdı, oturduq və həmin vərəqləri çxarıb oxumağa başladı.
- Altı il dünəndən bu günə qədər tez keçməsə də, keçdi getdi.
Həsən içəridən çıxdı, amma başqa kəndə getdi. O kənddən qorxurdu
Həsən. Adını unutduğum qonşu arvad yenə onu aldadar deyə, qorxurdu.
Başqa kənddə başqa bir qızla evləndilər. Həsənin anası da gəlib
onlarla qaldı. Hələ əkiz oğlanları da oldu. Çox gözəl oğlanlar
idi...
Həsənin səsi əsdi burda, ağlamaq istəyirdi, sonra ağappaq boş
vərəq çəngəsini mənə uzadıb dedi:
- Həsən həyəcanlandı, oxuya bilmir. Al, sən oxu.
Mən nə oxuyacaqdım axı? Heç nə yazılmamışdı.
- Mən axı Həsənin xəttini oxuya bilmirəm, - dedim, - bunu ancaq
özü oxuya bilər. O çox güclüdü. Oxuyacaq bunu. Mən ona
inanıram.
- Hə, hə. O güclüdü. Oxuyacaq, oxuyacaq. Mən də bilirəm
oxuyacaq.
- Aha, oxusun.
- İki oğlu oldu. Çox xöşbəxt idi. Hər şey gözəl idi. Kəntdləri
də gözəl idi. İki dağın ortasında yerləşən kənd ağacların,
yaşıllıqların, güllərin ortasında itib-batrdı. Bir də yekə çayları
var idi. Bərgüşad. Bilirsən, Həsənin babasına da o çayın adın
qoymuşdular e. Bə nə! Bərgüşad idi adı. O çay həm də Həsənin babası
idi. O günə qədər hər şey qaydasında gedirdi. Ta ki o gün Həsən
pulunu alıb evə bazarlıq etmək üçün rayon mərkəzinə gedənəcən. Elə
orda bir də hay düşdü ki, kəndlərinə düşmən hücum edib. Hamını
qırıb töküblər. Hekayənin bu yerində sözü veririk Həsənin arvadı
Münəvvərə. Qoy kənd yerini o danışsın, sonrasını Həsən özü davam
edər. Razısan?
- Hə, razıyam danışsın.
- Onda buracan olanı cırıb ataq ki, heç kim oxumasın, - deyib
vərəqi cırıqlayıb yerə tökdü.
Təzə vərəq, təzə abzas.
- Mən Həsənin arvadı Münəvvərəm. Biz çox xöşəxt idik. Evdə yaşlı
qayınanam, əkiz oğlum, ərim, bir də mən yaşayırdıq. Amma hər şey o
gecə dağıldı. Müharibə getdiyini bilirdik, amma onların bizim kəndə
girəcəyini heç ağlımıza gətrmirdik. Həsən o gün evə bazarlıq etmək
üçün rayon mərkəzinə getmişdi. Birdən hay düşdü ki, düşmənlər kəndə
hücum edir, qaçın, canınızı qurtarın. Kimin maşını vardısa, hamı
içinə doluşub çıxırdı kənddən. Kəndi toz-tozanaq basmışdı.
Qonşulardan adını unutduğum bir neçəsi gəlib qayınanama dedilər ki,
gəlin, bizim maşında yer var, siz də minin gedək. Yazıqdı o
uşaqlar, körpədilər. Qayınanam qoymadı. Dedi, evin böyüyü Həsəndi.
O gəlməyincə bir addım da o tərəfə qoymaram. Nə özüm, nə də
uşaqlar. Kənddə bir-iki yaşlıdan və bizdən başqa heç kim
qalmamışdı. Bir neçə saatın içində haylı-küylü kənd xarabalığa
dönmüşdü. Bir neçə heyvan, bir neçə gedə bilməyən yaşlı adam, bir
də bizim ailə qalmışdı. Özüm də hamiləydim. Yaxınlarda ana
olacaqdım.
- Dayan-dayan, burda saxlayaq. – Həsənin üzü qayğıkeş görkəm
aldı. - Hamilədi, çox danışmasın, yorular. Burda saxlıyaq, ardını
sabah danışar. Bu vərəqi də cırıb ataq ki, heç kim oxumasın.
Onun hər dediyi ilə razışalmaq məcburiyyətində idim. Bu dəfə
müəllif o idi. İstədiyi yerə qədər danışa, istədiyi yerdə dayana
bilərdi.
Artıq həyatımın bütün anlamı bu xəstəxana idi. Evə gedib bir iki
yazı yazır, Həsənin oxuduqlarını düşünür, ardını özümdən uydurur,
sabahı gələndə isə uydurduğum bütün variantlar göyə sovrulur, daha
təəccüblü şeylər eşidirdim. Sanki bu bir-neçə günü mən də kənddə
onlarla yaşayırdım. Həsənin arada yersiz gülmələrini, ağlanacaq
hadisələrə qəhqəhə çəkmələrini saymasaq, normal biriylə
danışırammış kimi gəlirdi mənə. Hadisələri elə gözəl, ardıcıllıqla
danışırdı ki.
Bu gün də Münəvvərin söhbətinin davamı üçün xəstəxanaya
tələsirdim. Təzə çatmışdım ki, Həsənin bikef oturduğunu gördüm.
Yaxınlaşıb salam verdim, niyə bikef olduğunu soruşdum
vəənəsası:
- Bəs kağızların hanı?
- Bu gün Münəvvər özünü yaxşı hiss eləmir. Hamilədi axı. Mən də
onu otağımda qoydum, dedim, eybi yox, sağal, sabah danışarsan.
- Hə yaxşı, gəl, biz biraz burda gəzək, bəlkə sağaldı?
- Yox, o, sabah sağalacaq. Eşitdin məni?
- Əlbəttə, əsas odur sağalsın.
- Sənin adın nədi?
Dəniz demək istədim, ancaq onun ilk gün üstüməgələrkən dediyi
sözləri xatırlayıb ağlıma gələn ilk adı dedim:
- Runay.
Qəhqəhə çəkib güldü.
- Niyə gülürsən (özümü də gülmək tutdu).
- Atan pəltək olub yəqin. "G" deyə bilmiyib, "R" deyib, ya da
piyan olub. Hahahahhahahha…
- Pəltək deyil, amma yəqin piyan vaxtına düşüb.
- Yaxşı, mən gedim Münəvəvrin yanına. Sən də çox qalma, get
adını düzəltdir, yoxsa hamı sənə güləcək. Səni çox istədiyimdən
deyirəm a!
- Yaxşı. Sabah gələcəm. Hələlik.
O, yenə o bədənlə balaca, şıltaq uşaq kimi tullana-tullana
otağına sarı getdi. Məcnun da burda yox idi deyə, mən də evə
qayıtdım. Sabahı səbirsizliklə gözləyirdim.
Yeni gün yeni hekayə. Hava biraz tutqun idi. Bu gün sanki nəsə
olacaqdı. İçimdə qəribə bir həyəcan vardı. Günəş də bunu hiss edib
buludların arxasında gizlənmişdi. Buludlar isə dolmuş bir cüt göz
kimi boşalmağa hazır dayanmışdılar. Bu gün buludlar Həsənin
gözlərinə oxşayırdılar.
Mən ora çatanda həyətdə Həsən təkcanına oturmuşdu. Salamlaşıb
yanında oturdum.
- Adını dəyişmə.
- Niyə?
- Qoy gülsünlər də. Amma sən hamıdan fərqlisən, adın da fərqli
olsun.
- Yaxşı.
- Dəyişməyəcəksən ki?
- Yox.
- Bax, Münəvvəri də gətrmişəm, hava soyuqdu deyə, cibimdə
saxlamışam bayaqdan. Üşüməsin deyə. Dayan, indi çıxardacam,
danışacaq.
- İstəyirsən, keçək, otaqda danışaq. Soyuq olar sənə.
- Yox, bura yaxşıdı, içəridə danışanda boğuluram.
- Yaxşı, gözəllər gözəli Münəvvərə de ki, danışsın. (Bu söz onun
döşünə yağ kimi yayıldı. Əlbəəl üzündən oxunurdu.)
- Mən Münəvvərəm, demişdim deyəsən, Həsənin arvadı. O vaxt
hamiləydim. Düşmənlərin hücum etdiyi gündən danışırdım axı. Hə,
hamiləydim onda. Evdə də qayınanam, bir də 4 yaşlarında əkiz oğlum
var idi. Bütün kənd getmişdi, qayınanam isə nə özü getdi, nə məni,
nə uşaqları qoydu gedək. Elə hey deyirdi ki, Həsənsiz heç hara gedə
bilmərik. O özü gəlib aparacaq bizi. Nəbinin nəslindəndiye e, o,
elə-belə oğul deyil. Harda olsa, özünü çatdıracaq. Artıq hava da
qaralırdı. Evin bir küncünə sıxılıb qalmışdıq. Həyətin ortasında
başqa dildə danışan adamlar qışqırışır, əli silahlılar isə evlərə
od vurub yandırıdılar. Biri bizim evə girdi, əlindəki avtomatın
arxası ilə qapını vurub açdı. Sonra hündür səslə nə dedisə, ona
oxşar bir neçəsi də gəldi. Biz hamımız evin bir küncünə sıxılıb,
qorxudan əsə-əsə onlara baxırdıq. Onlar əllərimizi bağlayıb,
yalvarışlarımıza da baxmadan sürüyə-sürüyə aprdılar bizi. Uşaqlar
ağlaşır, qayınanam yalvarır, amma onlar bizi eşitmirdilər. Arada
mən yeriyə bilməyib yıxıldım. Biri məni döydü. Sonra yenə qalxızıb
apardı. Artıq çayı keçmişdik. Başdan-ayağa su idik. Tez-tez çönüb
uşaqlara baxırdım. Yazıqlar ağappaq idilər. Qorxularından
ağlamırdılar da. Çayı keçib, xeyli aralanmışdıq ki, artıq nə
qayınanam, nə də mən gedə bildik. Oradaca çökdük. Nə qədər
etdilərsə də, sürüyüb aparmağın mənasız olduğunu görəndə ikimizi də
döydülər o ki var, sonra da öz dillərində bir-birinə nə dedilərsə,
orda da buraxıb getdilər. Mən aldığım zərbələrdən huşumu itirdim.
Ayılanda hava qaralmışdı. Qayınanam uşaqları bağrına basıb başımın
üstündə oturmuşdu. Dedi, bala, burda qalmaq qorxuludu, gəl, bir
təhər keçək çayı o tərəfə, evmizə gedək. Həsən harda olsa
gələcək.
- Sən dayan, Münəvvər, ağrıyırsan axı. – Həsən dilləndi, yenə
qayğılanmışdı. – Yorulmusan, həm də sən bir az dincəl, indi mən
danışım, sonra istəsən, yenə sən danışarsan.
- …Hə-ə, Həsən rayon mərkəzinə elə təzə çatmışdı ki, hay düşdü,
nəymiş, bəs onların kəndinə hücum ediblər. Əvvəl inanmadı, sonra
kəndçiləri Lafet Teymuru görəndə hər şeyi anladı. O, Həsənə dedi
ki, bütün kənd çıxdı, amma anan Səriyyə arvad dedi, Həsən
gəlməyincə nə mən, nə də uşaqlar bir addım atan deyilik. Nə qədər
elədim ki, gedək biznən, Həsən də gələr, razılaşmadı. Səriyyə
arvadın nə qədər tərs olduğunu sən ki məndən yaxşı bilirsən.
Həsən dəli olmuşdu, o an nə edəcəyini bilmirdi. Üzü kəndə tərəf
getdi, amma artıq yollar bağlanmışdı. Geri qayıdıb, meşə yoluyla
davam elədi. Kəndlərinə çatdı, heç kəs yox idi. Kənd tüstülənirdi.
Elə bil, yekə odun sobasının tüstüsü çıxırdı kənddən. Qorxa-qorxa
kəndə girib, öz evlərinə getdi. Heç kəs yox idi. Ev dağınıq,
qapı-pəncərə sınıq, amma heç kim yox idi. Yenidən meşəyə qayıtdı,
meşə yolu ilə rayona tərəf getdi ki, bəlkə orda qarşılaşar
ailəsiylə. Amma yox idi heç kim. Hava da qaralmışdı. O yolla bir də
geri qayıtdı Həsən.
Həsən dayı sözünə ara verib üzünü sağ yanına, arvadına
tutdu:
- Münəvvər, dincəldinsə, sən danış indi. Gözlə, mən danışdığım
vərəqi cırım atım, sonra sən danış. (Əlindəki boş vərəqi çırıb yerə
atrdı.)
Yeni vərəq, yeni abzas.
- Mən Həsənin arvadı Münəvvərəm. Deyirəm, birdən yadınızdan
çıxar. Biz iki uşaq, yaşlı qayınanam, bir də mən gecənin o vaxtı
tək qalmışdıq. Qayınanamı dinləməkdən başqa çarəm yox idi. Çayı
keçib evə getməli idik. İkimiz də əmindik ki, Həsən bizi orda
gözləyir. Qayınanama dedim ki, gəl, bu şallarla uşağın birini sənin
kürəyinə şəlliyim, birini də öz kürəyimə, çayı helə keçirək. Çay
da, maşallah, nə enliyində. Qayınanam razılaşdı. Uşaqları belimizə
şəlliyib, çaya girdik yenidən. Heç birimizdə hal qalmamışdı, amma
bilirdik ki, çətini çayı keçənəcəndi. Həsən hardadısa, bütün
arzularımız, ümidlərimiz kimi çayın o tərəfindədir. Biz də var
gücümüzlə ora irəliləməyə çalışırdıq. Çayı yarılamışdıq ki, oğlumun
səsi gəldi: "Ana, qoyma, ana, boğuluram". Kürəyimdə bu uşaqla nə
geri qayıda, nə də irəli gedə bilirdim. Qaranlıq da göz deşirdi.
Qayınanamı səslədim: "Ana, ay ana. Ana, nooldu?"
Səs gəlmir, ancaq oğlum çığırır: "Ana, qoyma, boğuluram". Mən
suda qaçmağı onda kəşf etdim. Adam övlad üçün suda qaça da, hətta
uça da bilərmiş. Çayı keçib kürəyimdəkini o taya qoyub yenə çaya
girdim, ancaq artıq oğlumun səsi kəsilmişdi. Qaranlıqda özümü suya
ha çırpdım, balamı tapa bilmədim. Su aparmışdı balamı da,
qayınanamı da. Geri qayıdıb bu biri oğlumu bağrıma basdım. Uşaq
suyun içində əsirdi. Qaranlıq kənd, çay, suda axan övladım, anam.
Neynəyim axı mən, allahım. Qorxa-qorxa evimizi gəlib çatdım. Tez
uşağı soyundurub tapdığım bir adyala bükdüm. Bu an kiminsə ayağının
ucunda, qorxa-qorxa evə girdiyini hiss elədim. Qeyri-ixtiyari
"Həsən, sənsən?" - dedim. O da elə bil bunu gözlüşürmüş, tez yanıma
qaçdı. Hə, şükür, tapdım sizi. İlahi, min şükür. Bu meşəylə iki
dəfə rayona gedib-gəlmişəm, tapmayıb, havalanmışdım. Bəs anamla o
biri oğlum hanı?
Əhvalatı danışdım. "Onlar çayda boğuldu", - dedim...
- Runay, Münəvvər pis olur. Qoy aparım uzansın, sabah danışar. –
Həsən dayı deyib, əlindəki vərəqi cırmadan durub getdi.
İlahi, bu nə faciədir belə? Dərk edə bilmirəm. Görəsən bu,
həqiqətən də belə olub, ya onun təxəyüllüdür? Açıqda qalan ətə
mikroblar hücüm edən kimi, suallar hücum edirdi beynimə. Əvvəl bir,
sonra iki, sonra on, sonra yüz, sonra milyonlarla sual beynimə
hücum edib onu yeyib-bitirirdi. Ancaq sabahı gözləməkdən, nəinki
sabahı, bu hekayənin sonunu gözləməkdən və bitdikdən sonra onun
doğruluğunu araşdırmaqdan başqa yolum yox idi. Bu qədərini
gözləmirdim. Axı bunca acını bir insan necə çəkə bilərdi? Sanki bir
film idi, çox seriyalı bir filim. Ən həyəcanlı yerində dayanır,
sabah bir də o yerdən davam edirdi. İndi mən sabahkı seriyanın
həyəcanı ilə yaşayırdım. Bir pisixi problemləri olan adam məni
özündən asılı hala salmışdı. Sanki idarəetməm onun əlindəydi. O
"bitdi" dedikdə bitməsiylə razılaşır, "davam" dedikdə davamını
dinləyirdim.
Səhər durar-durmaz xəstəxanaya yollandım. Həyətdə oturub onun
oyanmasını gözlədim. Otağının pəncərəsindən məni görüb gəldi.
- Salam.
- Salam.
- Adını dəyişdin?
- Yox.
- Düz elədin, dəyişmə. Gülürlər, gülsünlər də, qoy sənin adın da
özün kimi fərqli olsun.
- Yaxşı, dəyişməyəcəm. Hekayən dünən yarıda qaldı. Münəvvər
necədi?
- Gözlə, gedim Münəvvəri oyadım, gələk.
- Gözləyirəm.
- Amma ağlama, ha. Yaxşı? Münəvvərin yanında dünənki kimi
ağlama. O hamilədi, pis olur.
- Yaxşı. Söz verirəm. Ağlamayacam.
Həsənin qayıtması bəlkə yüz il çəkdi…
- Biz gəldik - Münəvərlə Həsən.
- Xoş gəldiniz. Oturun.
- Biz sənə hekayəmizin ardını danışmağa gəldik.
- Mən də səbirsiziklə gözləyirdim.
- Həə, Həsən evə gəlib Münəvvərlə oğlunun birini görəndə az
qaldı dəli olsun. Sonra anasıyla oğlunun çayda batdığını eşidəndə
dizləri yerə gəldi. Düşmənin acıyıb buraxdığı halda öz doğmaca
Bərgüşadı, babasının adaşı, qardaşı, yoldaşı Bərgüşad doğmalarını
almışdı əlindən. Axı bu, necə ola bilərdi? Amma elə hal idi ki, heç
cür nə övladını, anasını əlindən alan Bərgüşaddan, nə də düşməndən
hesab sora bilirdi. O, arvadını, bətnindəki körpəni, balaca oğlunu
da itirməmək üçün bu kənddən çıxmalıydı. Onlar gecənin bir yarısı
meşəylə yola çıxdılar. Münəvvər deyir ki, meşənin hər yerindən
oğlum qışqırırdı: "Ana, kömək elə", "ana, boğuluram, kömək elə". O
səsin müşayiəti ilə qarşılarına çıxan meyitlərin üstündən adlayaraq
güclə gəlib əsgərlərimizin yanına çıxa bildilər. Əsgərlərə
çatar-çatmaz Münəvvər huşunu itirdi. Həsən oğlumu da qucağına alıb
hiss etmədiyi ayaqlarını sürüyə-sürüyə maşına oturdu. Sonra gözünü
xəstəxanada açdı...
***
Onları Bakıya gətirmişdilər. Oğlu da, Münəvvər də, o da eyni
otaqda yatırdı. Amma iki əksikləri var idi - anasıyla oğlu. Günlər
keçdikcə özlərinə gəlirdilər. Bircə Münəvvərin ağrılarə və gecələr
"oğlum" deyib çığıraraq yuxudan dəli kimi qan-tərin içində dik
atılmaları keçmirdi. Həkimlər dedilər ki, Münəvvər bətnindəki uşağı
saxlamaq gücündə deyil. Doğuşa bir ay var. Amma erkən doğuş
etməlidirlər. Həsən oğluyla qapının ağzında gözləyir, həkimlərin
gətirəcəyi şad xəbərəcən can verəcəyini düşünürdü. Neçə saatdan
sonra otaqdan çıxan həkim papağını çıxardaraq "hər ikisini itirdik"
dedi. Həsənə elə gəldi ki, "hər ikisi" deyəndə söhbət anasıyla
oğlundan gedir. Tez üzünü həkimə tutub: "Biz onları kənddə, çayda
itirmişik, siz mənə Münəvvərlə uşağımdan xəbər verin", -
ödünü-ökbəsini yeyə-yeyə dedi. Həkim isə: "Elə onları deyirəm də.
Onları da itirdin, - dedi soyuqanılıqla. Sonra davam etdi: – Çox
döyüblər, qarnında təpik izləri var. Ciyəri partlamışdı. Buracan da
necə gəlib çıxıb, heyrətə gəlmişik hamımız".
Ayılanda şəhərdəki qohumları yanındaydı, bir də oğlu. Sonra
oğlunu böyütdü. Amma bacarmırdı. Hər saniyə itirdikləri ilə
yaşayırdı. Oğluna da o sevgini verə bilmirdi. Amma oğlu yenə də
böyüyürdü. 10-cu sinifdə oxuyurdu.
Bir səhər Həsən yuxusundan oyanıb, gecə gördüyü yuxunu
xatrlamağa çalışdı. Gecə Münəvvər, iki oğlu və anası onu köməyə
çağırırdı. Onlar Bərgüşadın o tayında qalmışdılar, bu oğluyla Həsən
isə bu tayında. O tayda onların buna ehtiyacı vardı, "gəl, bizə
kömək elə", - deyib, ağlaşırdı dördü də.
Həsən heç nə demədən qalxıb geyindi, gəlib yatmış oğlunun
alnından öpüb evdən çıxdı. Oğlunun da onun dalınca gəldiyindən
xəbəri olmadı. O, dəniz sahilinə çatıb soyundu,sonra dənizin
ürəyini yara-yara dərinlərə getdi. Bütün çaylar dənizə axmırmı?
Deməli, doğmalarına da qovuşacaq. Bunu bilməyə nə vardı ki!
Gözünü açanda nə anası, nə arvadı, nə də uşaqları vardı. Ağ
xələtli həkimlərlə oğlunu gördü. Sonra oğlunu öldürməyə cəhd elədi.
Bərgüşadın bu tayında onu heç nə saxlamasın deyə, əvvəlcə oğlunu
öldürüb ora yollamaq, sonra özü getmək istəyirdi. Yenə də alınmadı.
Çünki Həsən lənətli idi, allah onu istəmirdi öz yanına alsın… –
Həsən dayı sözünü qəfildən kəsib, əllərimdən tutdu, qarşımda diz
çökdü. – Yalvarıram sənə. Öldür məni, Runay, qızım, öldür məni.
Bax, məni orda anam, uşaqlarm, Münəvvər gözləyir, yalvarıram, kömək
elə, gedim onlara, nolar, yalvarıram...
Yenə imdadıma Məcnun yetişdi. Pəncərədən baxırmış demək. İki
köməkçisi ilə Həsəni məndən güclə ayırdılar, iynə vurub
sakitləşdirdilər.
Məcnunun otağında oturub əsirdim. Tibb bacısı otağa girib mənə
su və sakitləşdirici verdi. Məcnun danışmırdı. Deyəsən mənə xeyli
acıqlanmışdı. Ancaq danışıb daha da yaralamaq istəmirdi.
- Məcnun, acıqlanma mənə, yalvarıram. De görüm, onun oğlunun, ya
başqa birisinin nömrəsi varmı sizdə?
- Hə, var. Var ay allahın dəlisi, var. Get görüm haracan
gedəcəksən.
***
- Alo…
- Salam, Həsən bəyin oğludu?
- Bəli. Nə olub ki atama? Yaxşıdı? (həyəcanı burdan da görmək
olurdu)
- Narahat olmayın, yaxşıdı. Sizinlə görüşüb danışa bilərik? Bir
neçə sualım olacaq sizə.
- Atamla bağlıdırsa, hara desəniz, gələrəm.
Yer təyin edib görüşdük. Özüm haqda məlumat verdim, sonra elə
yenicə olub-keçənləri ona danışmaq istəyirdim ki, televiziyada
verilən xəbər ikimizi də divara mıxladı:
"Bu gün günorta radələrində Bakının … pisixi xəstəxanasında
xəstələrdən biri binanın damına çıxaraq intihar edib. İntihar
edənin kimliyi araşdırılır..."
Mən bir insan qatili idim...