Axar.az Sartrın Kamyunun
ölümü haqda yazdığı yazını şair Qismətin tərcüməsində təqdim
edir:
Altı ay əvvəl, hətta dünən, soruşurdular ki, "o, nə edəcək?"
Sayğı duyulmalı ziddiyyətlərlə yaralanmış halda müvəqqəti müddətə
sükutu seçmişdi. Amma ağır-ağır keçən və seçdiyinə sadiq qalan
nadir insanlardan olduğu üçün sükutunun sonunu gözləyirdik. Bir gün
danışacaqdı. Onun deyəcəkləri haqqında ehtimallar irəli sürmək
cəsarətini belə göstərmirdik. Amma hamımız kimi, dünya ilə birgə
dəyişdiyini düşünürdük: bu, varlığının canlı qalmağına bəs
edirdi.
Küsülüydük; inciklik – heç görüşəsi olmasaq da – boş şeydir;
olsa-olsa, içində olduğumuz dar, balaca dünyada bir-birimizi gözdən
qaçırmadan və birgə yaşamağın bir növü. Bu küsülülük onu
düşünməyimə, oxuduğu bir kitab səhifəsinə, ya da bir qəzetə
baxışını hiss etməyimə və öz-özümə "nə fikirləşir?", indi bu dəqiqə
"nə edir?" sualını özümə verməyimə əngəl törətmirdi.
Hadisələrə və içində olduğum ruhi vəziyyətə görə, bəzən çox
sıxıntılı, bəzən çox qəddar şəkildə ittiham etdiyim sükutu –
istilik, yaxud işıq kimi, günün özəlliyi idi, insaniydi.
Kitablarının – xüsusilə, bəlkə də ən gözəl və ən az başa düşüləni
"Çöküş"ün – ifadə etdiyi düşüncələrin ya yanında, ya da qarşısında
olur, amma həmişə o düşüncələrlə birlikdə yaşayırdıq. Bu,
mədəniyyətimizin müəyyən bir macərası, dönəmləri və nəticəsi
axtarılan bir davranış idi.
Çağımızda və tarix qarşısında etdikləri fransız ədəbiyyatında
bəlkə də ən qəribə olan qədim əxlaqçılar həlqəsinin günümüzdəki
irsini təmsil edirdi. Onun inadçı, məhdud və saf, duyğulu və sərt
humanizmi, dövrümüzün biçimsiz, kütləvi hadisələri ilə nəticəsi
şübhəli bir mübarizəyə girmişdi. Amma bununla bərabər rədd
etməkdəki inadkarlığı ilə epoxamızın tən ortasında realizmin
ideallarına və makiavelistlərə qarşı əxlaqın varlığını müdafiə
edirdi.
Bu sarsılmaz inadkarlığa müdafiə də demək olardı. Nə qədər az
oxunur-oxunsun, nə qədər az düşünülür-düşünülsün, onun ovcunda
bərk-bərk sıxıb tutduğu insani dəyərlərlə qarşı-qarşıya qalırdılar:
məsələn, ortaya siyasi davranış problemini qoyurdu. Ya yanından
sivişib getmək, ya da döyüşə girişmək lazım gəlirdi: kəsəsi, fikir
həyatını yaradan gərginlik üçün vazkeçilməz idi. Son illərdə
sükutunun da müsbət tərəfi vardı; absurdun dekartçısı, əxlaqın
güvənli ərazisini tərk edib, tətbiqetmənin nəticəsi qeyri-müəyyən
yollarına sürüklənməyi rədd edirdi. Bunu görür, sükutuna səbəb olan
problemlərin nə olduğunu hiss edirdik. Çünki əxlaq tək başına
götürülsə, inqilabı həm zəruriləşdirir, həm də günahlandırır.
Gözləyirdik, gözləmək, bilmək lazım idi: axırda nə edir-etsin,
nəyə qərar verir-versin, Kamyu mədəni həyatımızın güclərindən biri
olmaqdan, dövrünü və Fransa tarixini özünəməxsus şəkildə təmsil
etməkdə davam edəcəkdi.
Amma danışsaydı, bəlkə tutduğu yolu öyrənəcək, onu başa
düşəcəkdik. Hər şeyi etmişdi və həmişə olduğu kimi, hər şey aydın
idi. Özü deyirdi: "Əsərlərimi bundan sonra yazacağam." Bitdi artıq.
Ölümün özünəməxsus bir rəzilliyi var: ölüm – insani olmayanın
insani olanı ortadan qaldırmasıdır.
İnsani olan hələlik xaotikdir, haqsızdır, ötəridir, orda
ölürsən, aclıqdan öldürülürsən; fəqət insanlar tərəfindən qurulub,
onların əliylə ayaqda qalmaqda və mübarizəsi aparılmaqdadır. Bu
dünyada Kamyu yaşamalıydı; daim inkişaf edən bu adam bizim
problemlərimizi ortaya qoyurdu. Bizim üçün, özü üçün, düzəni quran
və inkar edən insanlar üçün uzun bir ömrün ortasında yaşayırdı;
sükutdan çıxması, qərar verməsi və hər şeyi bir nəticəyə bağlaması
önəmli idi. Qocalıb ölən adamlar var, həmişə ertələdikləri
yaşantılarının və həyatlarının mənası dəyişmədən ölə biləcək
adamlar var. Amma bizim kimi qərarsız, çaşqın olanlar üçün,
lazımdır ki, ən yaxşılarımız qaranlıq tunelin axırına gəlsin. Çox
nadir olur ki, bir adamın yazdıqlarının özəlliyi və tarixi anın
şərtləri bir yazıçının yaşamasını bu qədər açıq şəkildə zəruri
etsin.
Kamyunu öldürən qəzaya rəzalət deyirəm. Çünki bu qəza insani
dünyada ən dərin ehtiyaclarımızın absurdunu ortaya çıxarır. Kamyu
20 yaşında olarkən, qəfildən tutulduğu, həyatını alt-üst edən
xəstəlik vasitəsilə absurdla – insanı axmaqca yox olması ilə –
tanış oldu. Buna alışdı, dözülməzliyini düşündü və özünü xilas
etdi. Bu sağalmış xəstə gözlənilməz və kənardan gələn bir ölümlə
əzildiyi üçün, təkcə ilk əsərlərinin həqiqəti söylədiyini zənn
edilə bilər. Absurd nə kimsənin ona, nə də onun kiməsə verdiyi sual
deyil; bu, sükut belə deyə bilməyəcəmiz, heç nəyi olmayan
səssizlikdir.
Düşünmürəm ki, belədir. İnsani olmayan özünü göstərən kimi,
insanın bir hissəsi olur. Nöqtəsi qoyulan hər həyat – bu qədər
cavan bir adamınkı da olsa – həm qırılan bir val, həm də bütöv bir
həyatdır. Bu ölümdə onu sevənlər üçün dözülməz bir absurd var. Yenə
bu parçalanmış əsəri bütöv bir əsər kimi görməyi öyrənmək lazımdır.
Biz Kamyunun humanizmində onu qəfildən alıb aparan ölümə qarşı
insani bir davranış olduğunu, şərəfli xoşbəxtlik axtarışının,
ölümün anti-insani labüdlüyünü də içində əridən, zəruriləşdirən bu
əsərlərdə və bu əsərlərdən ayrılması qeyri-mümkün olmayan
yaşantıda, gələcəkdəki ölümə qarşı mövcudluğunun hər anını əhatə
etmək istəyən bir insanın saf və uğurlu təşəbbüsünü tapacağıq.
Sim-sim.az