Axar.az Sim-sim.az saytında yayımlanan tərcüməni təqdim
edir.
1910-cu ilin 10 noyabr günü səhər saat 5-də bir qoca gizlicə
evindən qaçdı. Masasının üzərində açıq qalmış "Karamazov
qardaşları" kitabı və arvadına ünvanladığı vida məktubu dururdu.
Taleyinə yolda ölmək yazılmışdı. Qocanın adı Lev Tolstoy idi.
Onun bu addımı "Rus yaşamaqdan çox ölməyi bacarır" aformizmini
ən ideal şəkildə ifadə edirdi.
Həqiqətən Tolstoyun evdən getməyi və ölməyi o qədər gözlənilməz,
sirrlərlə dolu idi ki, onun yaratdığı effekt yazıçının həyat və
yaradıcılığını demək olar kölgədə qoydu. Hər halda həmin vaxt
Rusiya və dünyanın gündəmini yalnız bu hadisə zəbt etmişdi. Belə
demək olar ki, dünya həmin vaxt Tolstoyun ölümü ilə yaşayırdı. Onun
haqqında bütün söhbətlər bu məcraya yönəlirdi: O, niyə qaçdı? Hara
gedirdi? Nə istəyirdi?… Bir sürü cavabsız suallar.
Daha dəqiq desək cavablar çoxdu. Hal-hazırda isə ictimai fikirdə
ən çox qəbul olunmuş cavab budur: "Kilsənin Tolstoydan üz
döndərməyi ona çox pis təsir etmişdi, buna görə də ölümqabağı tövbə
etmək üçün Optina monastrına gedirdi. Amma arzusuna çatmadı, yolda
öldü."
Tövbəsiz ölüm
Lev Nikolayeviç və onu müşyiət edən şəxslərin sonuncu hərəkət
istiqaməti polis protokollarında qeyd olunub. Həmin sənədlərə
əsasən Tolstoy həqiqətən Optina monastrında olubmuş. Sonra
Şamordino kəndində yaşayan bacısına dəyib. Daha sonra Kozelsk,
Belyov şəhərlərinə yollanıb, ordan da Novoçerkasskda yaşayan
qardaşı (bacısı) qızına dəyməyə gedirmiş. Orda isə xarici pasport
əldə edib Bolqarıstana yollanmağı planlaşdırırmış. Alınmasa
Qafqaza. Deməli, Optina monastrı heç cür Tolstoyun son məqsədi ola
bilməzdi. O, monastrı da Yasnaya Polyana kimi tərk elədi.
Tolstoy tövbə etmək istəmirdi. Bunu onun ayağına sonradan
yazıblar. Tula yepiskopu Parfeniy Tolstoyun ölümündən bir qədər
əvvəl müsahibələrində bildirmişdi: yazıçı şübhəsiz ki, Kilsə ilə
yaxınlıq qurmaq istəyir. Halbuki hadisələrin real axarı bunun
əksini deyir. Nazirlər Sovetinin sədri Stolıpin bu məsələnin
nəhayət həll olunması üçün Sinoda rəsmi şəkildə müraciət etmişdi.
Çünki Tolstoyun xəstəliyi haqqında son məlumatlar yüksək dairələrdə
çaxnaşma yaratmışdı.
Sinod dərhal yeparxiya idarəsinə teleqraf açaraq əmr verir ki,
Tolstoyla əlaqə yaradıb onu Kilsə qarşısında tövbə etməyə gətirsin.
Başqa sözlə tövbə məsələsində Tolstoy yox, Kilsə və dövlət maraqlı
idi.
Məsələnin mahiyyətinə varanda "Tolstoy tövbə edəcəkmi, ya yox?"
sualı dövlət təhlükəsizliyi sferasına aid idi. Bu qətiyyən şişirtmə
deyil, o hadisələrin şahidi olan ədəbiyyatşünas Aleksey Suvorin
belə yazırdı: "Bizim iki çarımız var: II Nikolay və Lev Tolstoy.
Onlardan hansı güclüdür? Tolstoy sözsüz ki, Nikolay və onun
xanədanını taxtından salar. Qoy kimsə Tolstoya toxunmağa cəhd
etsin. Bütün dünya bağıracaq, o zaman bizim hökumət quyruğunu
qısacaq".
Belə çıxır ki, bu şəraitdə hökumət yalnız özünü günahkar saya
bilərdi. Tolstoyun Kilsədən uzaqlaşdırılması məsələsi hələ çoxdan
qaldırılmışdı. Yepiskop Nikanor hələ 1888-ci ildə filosof Nikolay
Qrota məktubunda yazırdı: "Biz təntənəli surətdə Tolstoyun
anafemasına (xristianlıqdan çıxarılma, kafir elan edilmə)
hazırlaşırıq". Amma son qərar əlbəttə çardan gəlməli idi. Çar III
Aleksandr da sanki gələcəyi görürmüş kimi bildirmişdi ki, bu
miqyasda yazıçının anafema olunması ancaq zərər verə bilər: "Mən
onun başına əzabkeş tacı qoymaq istəmirəm". Onun oğlu II Nikolay
isə atasının xəbərdarlığını diqqətə almadı. Tolstoyun Kilsədən
qovulması 1901-ci ildə baş tutdu. Nəticədə Tolstoyun məşhurluğu
birə min artdı. Belə çıxır ki, "yazıçı-dövlət" qarşıdurmasında
uduzan dövlət oldu.
Qarşıdurma isə olduqca ciddi idi. Bu hadisə xüsusilə Tolstoyun
nəşriyyat işlərinə təsir etdi. Onun xalq üçün kitablar buraxan
"Posrednik" adlı firması həmişə senzuranın sərt hücumlarına məruz
qalırdı. 1885-1889-cu illər arasında bütün kitablarının ümumi
tirajı 12 milyonu keçməmişdi. Halbuki daha çox ola bilərdi. Amma
olmadı. Çap məsələləri üzrə Baş İdarənin rəisi Yevqeniy Feoktistov
bu haqda fikirlərini bildirməkdən belə çəkinmirdi: ""Posrednik"dən
iyrənc heç nə yoxdur və ola da bilməz."
Daha böyük təhqirlər
Hansı "iyrənc"likdən söhbət gedir? Özünüz qiymət verin.
Dostoyevskinin "Karamazov qardaşları" romanının parçalarının xalq
arasında yayılmasına imkan verilmirdi. Daha dəqiq desək "Ağsaqqal
Zosima" bölməsi "pravoslav inancı ilə üst-üstə düşmədiyi" üçün
qadağan olunurdu. "Gündəlik istifadə üçün atalar sözləri"ndə
"müqəddəslərin siyahısı və çarlıq xanədanının cədvəli" olmadığı
üçün kitab qadağan edilmişdi. Ən çox da "Tanrı gücdə yox,
həqiqətdədir" deyiminin çıxarılması tələb olunurdu.
Güman etmək olar ki, Tolstoy belə şeylərə görə qaçmışdı.
Doğrusu, bu da kifayət etmir. Amma o, nə təzyiqlərə, nə də
təhqirlərə fikir verirdi. Hətta İohann Kronştadtskinin onun ölümü
üçün mətbuatda dua etməsi də vecinə deyildi: "İlahi, bu zalım və
islahedilməz Lev Tolstoyu al apar Yer üzündən!" ("Novosti dnya"
qəzeti, Moskva, 14 iyul 1908-ci il). O, qarğışını gündəliklərində
daha bədii ifadə eləmişdi: "İlahi, özünün təşəxxüsü ilə dünyanı
alçaldan bu üfunətli meyiti al apar". Oxşar həngamə Tolstyoun kafir
elan olunmasından həmən sonra başladı və düz on il davam elədi.
Məsələ getdikcə mənasızlaşmış, hətta lətifə halını almışdı. Moskva
Ayıqlar Cəmiyyəti Tolstoyu öz sıralarından ona görə xairc eləmişdi
ki, "Cəmiyyətin fəxri üzvü və dahi rus içki içməyəni" daha
provaslav sayılmırdı.
Tolstoy isə rahat idi. İşləyir, düşünür, torpaq becərirdi. Və
birdən üz çevirib qaçmaq. Plansız və səbəbsiz. Özü də məlum olduğu
kimi ölümə qənşər. Bəlkə ölüm də yox, nəsə başqa bir şeyin görüşünə
tələsirmiş?
Tolstoy sadəcə evində tapmağa ümidini kəsdiyi ali həqiqəti
axtarmağa yollanmışdı. Bəlkə də tapmışdı.