Ermənistanda Dağlıq Qarabağ məsələsi ilə bağlı güzəştsiz
mövqe, hakimiyyətə qarşı qəzəb ab-havası və ümumi aqressiya
müşahidə olunur.
Axar.az xəbər verir ki, Musavat.com-un Ermənistan mətbuatında apardığı
müşahidələr bunu söyləməyə əsas verir.
Ermənistanın 1-ci ombudsmanı olan Larisa Alaverdiyan ATƏT-in
Minsk Qrupunun böhran içində olduğunu bildirib.
Onun fikrincə, Qarabağ münaqişəsinin nizamlanmasında "Dağlıq
Qarabağ Respublikası" (işğal altındakı qondarma qurum - red.)
danışıqlara qatılmadığı müddətcə irəliyə doğru addım atıla
bilməz.
Larisa Alaverdiyan tərəflərin heç bir məsələdə razılığa
gəlmədiyini, ATƏT həmsədrlərinin isə öz bəyanatlarında olduqca
ehtiyatla davrandığını söyləyib:
"Onlar həmişə belə edirlər, cəhd edirik, çalışırıq, görürük...və
s. Lakin bu sözlər fəaliyyətsizlikdən başqa bir şey deyil. Dağlıq
Qarabağ ətrafında Azərbaycan və Ermənistan arasında son görüşləri
onu göstərdi ki, tərəflər öz mövqelərini dəyişməyiblər".
Larisa Alaverdiyan bu səbəbdən geniş miqyaslı hərbi
əməliyyatların başlanacağını da istisna etməyib. Erməni ictimai
xadimi bunun baş verməsi ehtimalının erməni diplomatiyasının
uğursuzluğu kimi qiymətləndirib.
Larisa Alaverdiyan qondarma "DQR"-in "prezidenti" Bako Saakyanı
kompromislərin əldə olunmasının vacibliyi barədə bəyanatına
münasibət bildirib: "Fikrimcə bu cür ritorika qəbuledilməzdir.
Çünki hazırkı situasiyada "güzəşt" və ya "kompromis" kəlmələrinin
nə mənada deyildiyi gəldiyi bilinmir".
"Heç Azərbaycanın nə vaxtsa güzəşt və ya kompromis dediyini
eşitmisiniz? Azərbaycan dəfələrlə qeyd edib ki, Ermənistanın bir
hissəsi də daxil olmaqla, hamısı onun əraziləridir vəssalam", -
deyə Larisa Alaverdiyam jurnalistlərə bildirib.
Erməni mətbuatında Ermənistan ordusunun ön xətləri
möhkəmləndirdiyi barədə məlumatlar da gedir.
Ermənistanın media eksperti Samvel Martirosyan "1in.am" saytına
verdiyi müsahibədə bunu Dağlıq Qarabağa gedib öz gözləri ilə
gördüklərini söyləyir.
Onun sözlərinə görə, qondarma qurumun rəhbərliyi aprel
döyüşlərindən sonra yığılan 5 milyard dramlıq yardımın hara
xərcləndiyini göstərmək istəyib.
Samvel Martirosyan səngər və postlarda videokameralarının, gecə
görünüş cihazlarının, habelə 20 km-lik məsafəni əhatə edə bilən
gündüz görüntülü kameraların quraşdırıldığını iddia edib.
Martirosyan cəbhə xəttində mülki əhalini də cəlb olunmaqla,
çoxlu sayda tikinti texnikasından istifadə olunduğunu bildirib:
"Bizə qarşı yüksək texnologiyalardan istifadə edilir və buna görə
geri qalmağa haqqımız yoxdur", - deyə Martirosyan müsahibəsində
söyləyib.
"Dağlıq Qarabağ Ermənistan üçün ən vacib problem olaraq qalır".
Bu barədə "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan
jurnalistlərlə söhbət zamanı deyib.
Onu sözlərinə görə artıq konfliktin həllində final mərhələsinə
gəlinib: "Hazırda masada duran, "ərazi əvəzinə sülh" yeni təklif
deyil. Bunu 1993-dən bəri hər gün danışırlar. İndi cəmiyyət ona
görə həyəcan içərisindədir ki, artıq final mərhələsinin, yəni
prezidentlərin verdikləri sözləri tutmasının vaxtı gəlib çatıb.
Politoloqun sözlərinə görə, ərazilərin verilməsi tamamilə
qəbuledilməzdir: "Çünki bu addım daha böyük geniş miqyaslı
müharibəyə apara bilər".
Ara Papyanın sözlərinə görə Rusiya Dağlıq Qarabağ məsələsindən
öz problemlərini həll ediləsi üçün istifadə edir: "Rusiya
Azərbaycanı Avrasiya iqtisadi ittifaqına cəlb etmək üçün
dəridən-qabıqdan çıxır. Belə olan halda biz danışıqlar prosesinin
mahiyyətini - status müqabilində ərazilər, yanaşmasını kökündən
dəyişməliyik. Bu mənada heç bir kompromisdən söhbət gedə bilməz.
Çünki bu kompromis heç bir zaman ekvivalent olmayacaq", deyə
politoloq qeyd edib.
Papyanın sözlərinə görə Ermənistan hazırda Qərb və Türkiyə
arasındakı gərginlikdən istifadə etməklə öz rolunu regionda
gücləndirə bilər.
O, Rusiya-Türkiyə ittifaqının hər mənada Ermənistan üçün çox
təhlükəli olduğunu vurğulayıb: "Əgər Ermənistan istisnasız Rusiya
yönümlü siyasət yürütsə biz Dağlıq Qarabağı itirəcəyik. Çünki
Ermənistanın əsas silah tədarükçülərindən biri də Almaniya və
Fransadır. Qərbə Rusiyanın Cənubi Qafqazda avtokratik hakimiyyəti
lazım deyil, deyə politoloq sözlərini yekunlaşdırıb.
Məsələ ilə bağlı Rusiyanın Beynəlxalq hüquq assosiasiyasının
üzvü Denis Dvornikov da "Novosti-Armeniya" saytına maraqlı
açıqlamalar verib. Qeyd edək ki, müsahibənin ruhundan Dvornikovun
Ermənistana rəğbət bəslədiyi açıq-aşkar hiss olunur.
Dvornikov situasiyanın olduqca mürəkkəb və ziddiyyətli olduğunu
söyləyib: "Danışıqların real vəziyyəti barədə informasiya demək
olar ki, yoxdur. Bu isə müəyyən həyəcan yaradır və bir sıra
fikirlər üçün əsas verir", - deyə o, davam edib: "Bu "rayonlar",
"sülhməramlılar" barədə gedən söz söhbətlər laboratoriya
eksperimenti formatında müzakirə olunur. Aydın məsələdir ki,
"DQR"-dən (Ermənistandan - red.) torpaq qoparmaq müharibə ilə
nəticələnəcək. Bu müharibəni isə aprel döyüşlərində olduğu kimi,
dayandırmaq mümkün olmayacaq"...
Müxbirin Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə
sonuncuya meyl etməsinin səbəbi barədə sualına cavab olaraq Denis
Dvornikov heç bir meyldən söhbət getmədiyini bildirib: "Sadəcə
situasiyada kimin necə hərəkət etməsi görünür. Polad Bülbüloğluna
necə yanaşırsız yanaşın, bu məsələdə onun fəaliyyəti olduqca
effektivdir. O, öz ölkəsinin maraqlarını uğurla təmsil edir, hər
bir informasiyaya reaksiya verə bilir. Həmişə incəliklə alınmasa da
nəticə verə bilir. Bu fonda Ermənistanın rəsmi diplomatiyası yumşaq
dillə desək sönük görünür"...
Məsələn, Ermənistan prezidentinin avqustun 10-da Moskvaya etdiyi
səfərini götürək. Bu səfər bütün Ermənistanın diqqətində idi.
Deyilənə görə isə Ermənistanın Rusiyadakı səfiri həmin vaxt
Xorvatiyada dincəlirmiş. Moskvaya isə yalnız bir günlüyə öz
prezidentini qarşılamağa gəlib. Sonra yenidən öz çimərliyinə
qayıdıb...Ortada müharibə məsələsi söhbəti gedir, amma Ermənistanı
Rusiyada təmsil edən baş diplomatdan səs səmir yoxdu..."
Və ya elə "kompromis"lər məsələsini götürək.
"Nə üçün Ermənistan səfiri demir ki, əgər söhbət güzəştlərdən
gedirsə, bu Azərbaycandan olan qaçqınlar problemini də əhatə
edəcək, ərazi məsələləri isə Qarabağa Şaumyan rayonun qaytarılması
ilə başlayacaq. Nə üçün mən, rus olduğum halda, bu haqda düşünürəm,
cənab səfir isə susur. Bəlkə mətn tərtib edə bilmir. Peşəkar
"spiçrayter" kimi kömək edərəm...
Bütün Ermənistan əhalisi təəssüf ki, Rusiyanı söyməklə
məşğuldur. Cənab səfir isə heç silahların satılması barədə bir
kəlmə demir...", deyə politoloq sayta müsahibəsində təəccüb ifadə
edib.