Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi
deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər
Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi.
Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər
verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə
bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də
Sabirabad rayonunu seçdim. Əminəm ki, Sabirabad rayonunda və bütün
başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi
sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu,
həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir
sahədir.
Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün
Sabirabadda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair
respublika müşavirəsindəki giriş çıxışında deyib.
Prezident xatırlayıb ki, 1970-1980-ci illərdə Ulu Öndər
Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər
edərkən məni də özü ilə aparırdı: "Mən də o illərdə dəfələrlə
onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak
etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla
görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim
ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər
Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi.
Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq
respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah
halının yaxşılaşdırılmasında çox mühüm yeri var".
Daha sonra prezident bu gün pambıqçılığın Azərbaycanda tənəzzülə
uğradığını təəssüflə deyib: "Bugünkü müşavirə ona görə təşkil
edilir ki, biz həm keçən bir neçə ay ərzində görülən işlərlə bağlı
fikir mübadiləsi aparaq, - burada məruzələr səslənəcək, - eyni
zamanda, gələcək illər üçün fəaliyyət planı hazırlanır və biz bu
gün bu barədə də danışacağıq".
Prezident qeyd edib ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə
sürətli inkişaf dövrü yaşanır: "Mən 2003-cü ildə ilk dəfə prezident
vəzifəsinə seçilərkən bəyan etmişdim ki, fəaliyyətimin əsas
istiqamətlərindən biri regionların inkişafı ilə bağlı olacaq.
Beləliklə, prezident seçkilərindən bir neçə ay sonra - 2004-cü ilin
əvvəlində birinci regional inkişaf proqramı qəbul edilmişdir. O
proqram çərçivəsində ölkəmizdə beş il ərzində 600 min iş yerinin
yaradılması nəzərdə tutulurdu. Beş il ərzində - 2008-ci ilə qədər
bu məqsəd təmin edildi.
Regionların inkişafı böyük investisiya qoyuluşu tələb edirdi.
Çünki biz, ilk növbədə, regionlarda çox möhkəm və müasir
infrastruktur yaratmalı idik. Əfsuslar olsun ki, 1970-ci illərdə
regionlarda yaradılmış infrastruktur sıradan çıxmışdı – yollar
bərbad vəziyyətdə idi, elektrik xətləri demək olar ki,
dağıdılmışdı, onların bir hissəsi kəsilib xaricə satılmışdı, qaz
təchizatı ümumiyyətlə yox idi, su ilə bağlı böyük problemlər var
idi və regionların inkişafından söhbət belə gedə bilməzdi. Çünki
inkişafı şərtləndirən əsas amillər infrastrukturla bağlıdır.
Məhz buna görə 2004-cü ildən başlayaraq bölgələrdə genişmiqyaslı
infrastruktur layihələri icra olundu. Bu gün Azərbaycanın bütün
bölgələri elektrik, qaz, içməli su ilə təmin edilir. Əgər 2003-cü
ildə elektrik enerjisini və qazı xaricdən idxal edirdiksə, bu gün
biz elektrik enerjisini, qazı ixrac edirik. Son illər ərzində
Azərbaycanda tikilmiş elektrik stansiyaları nəinki tələbatımızı
ödəyir, hətta ixrac potensialı da yaradır. Həmçinin qaz sahəsində
də bu gün Azərbaycan həm regionda, həm gələcəkdə dünyada, Avropada
çox önəmli qaz hasil və ixrac edən ölkəyə çevrilir.
Kənd yolları ilə bağlı problemlər həll olunur, o cümlədən
Sabirabad rayonunda. Bu il bu məqsədlər üçün 200 milyon manatdan
çox vəsait nəzərdə tutulubdur. Magistral yolların demək olar ki,
hamısı artıq yaxşı vəziyyətdədir. Bakı-Sabirabad yolu da, -
bilirəm, sabirabadlılar bu yoldan çox əziyyət çəkirdilər, - artıq
əsaslı təmir olunaraq insanların istifadəsinə verilmişdir.
İnfrastruktur layihələrinin icrası əsas şərt idi. Bununla bərabər,
işsizliyin aradan qaldırılması məsələsi də çox kəskin problem kimi
mövcud idi. Bu məsələ də öz həllini tapdı. Bu gün Azərbaycanda
işsizliyin səviyyəsi çox aşağıdır və işləmək istəyən özü üçün iş
tapa bilər.
Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyi
məsələsi idi. Çünki sovetlər vaxtında biz əsas ərzaq məhsullarını
Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq
ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz
Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə
qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur
ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə,
bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə
tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə
təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3
il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə
də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu
məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi
məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.
Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının digər sahələri bir
qədər diqqətdən kənarda qalıb. Bunun da obyektiv və subyektiv
səbəbləri var. Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı
şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir,
hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil.
Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün
iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və
sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox
böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif
layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli
kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması
göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar
iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq.
Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə,
qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və
ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz
həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz
bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm
daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük
miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz
fermerlərə kömək göstərək, onların problemlərini həll edək və
ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan
sahələri bərpa edək və inkişaf etdirək.
Beləliklə, hesab edirəm ki, bu il bu sahədə dönüş ili olmuşdur.
Bir daha qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq
təsərrüfatı bölgüsü aparılırdı. Bəzi respublikalarda heyvandarlıq,
taxılçılıq inkişaf edirdi. Azərbaycanda isə qeyd etdiyim kimi,
üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər
sahələr inkişaf edirdi. Sovet İttifaqı dağılandan sonra
respublikalararası əlaqələr də kəsildi və beləliklə, biz çətin bir
vəziyyətlə üzləşmişdik. Bu gün biz respublika üçün ənənəvi olan
kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu
istiqamətdə dönüş ili olmalıdır.
Bu il baramaçılıqda böyük inkişaf müşahidə olunur. Əgər 2015-ci
ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona
çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra
Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on
minlərlə insan nə qədər böyük qazanc əldə edəcək.
Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün
tədarükünü iki dəfə artırmaq niyyətindəyik.
Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz
bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil
və daha da böyük investisiyalar qoyulmalıdır.
İxrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün
müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq. Demək olar ki,
mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq
yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə
olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək.
İndi bizim böyük örüş sahələrimiz var. Kənd təsərrüfatı ilə
məşğul olanlar yaxşı bilirlər ki, burada da normativlər var, bir
hektarda nə qədər mal-qara saxlanmalıdır. Bu normativlər də
pozulur. Nəzərə alsaq ki, heyvandarlıqla bağlı çox ciddi dövlət
proqramı icra edilir, minlərlə, on minlərlə baş cins mal-qara
gətirilir. İndi biz süni mayalanma sisteminə keçirik və beləliklə,
üç-dörd il ərzində Azərbaycanda mal-qaranın cinsi tam
dəyişdiriləcək. Həm ətlik, həm də südlük mal-qara sahəsində böyük
məhsuldarlıq təmin ediləcək. Bunun üçün iribuynuzlu mal-qaranın
qapalı yerlərdə saxlanması layihələri icra edilir.
Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə
buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi
torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib
və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə
müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi
ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli
orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən
dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır.
İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda
biz bu işləri daha da böyük uğurla həll edə bilərik.
İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında
prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu
nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki,
ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz
səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu,
məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir
gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq.
Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir.
İndi fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən
azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya
şəklində 200 milyon manata yaxın vəsait verilir. Kənd təsərrüfatı
texnikası, gübrələr alınır, onlar və yanacaq fermerlərə güzəştli
şərtlərlə verilir. Burada da həm dövlət nəzarəti, ictimai nəzarət
güclü olmalıdır, həm də yerli icra orqanları bu işlərdə daha da
fəal olmalıdırlar ki, dövlət tərəfindən ayrılan vəsait ünvana
çatsın və bunun nəticəsi olsun. Ona görə, subsidiyalarla bağlı
məsələlər indi təhlil edilir, yeni təkliflər hazırlanır.
Bununla bərabər, bildiyiniz kimi, dünyada neftin qiymətinin
düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Əgər qiymət üç-dörd
dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana
valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların
istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü
məhsuldur. Təsadüfi deyil ki, pambığa "Ağ qızıl" deyirlər. Bu il
pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda
göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz
səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci
illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35
min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq
əskilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə
deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və
artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik.
Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada
rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il
bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə
müqayisədə bu, təxminən üç dəfə çoxdur.
Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən az 100 min
ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük
planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il
buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi
tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı
tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd
təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki,
yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də
gətiriləcək.
Dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə
gəlirlərimiz 3-4 dəfə azalıb. Buna baxmayaraq biz yenə də kənd
təsərrüfatı texnikası alıb fermerlərə güzəştli şərtlərlə vermək
üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, onlar da pul
qazansınlar və dövlətə də bunun xeyri olsun.
Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı,
eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə,
bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək
və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində
ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi
nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox
ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün?
Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik
dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır
və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər
idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına
tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki
bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın
inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki,
gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin
sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu
işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz
qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq
lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi
Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun,
mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük,
gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi
ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın.
Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha
yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm
ki, - Prezident Administrasiyası, Kəndə Təsərrüfatı, İqtisadiyyat
nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə
qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə
ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda,
biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə
tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində - cəmi bir neçə
ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb
edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada
həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı
olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə
edəcəyik.
Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir.
1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir
texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk
və gətirməliyik ki, məhsuldarlıq daha artsın. Əgər keçən il
hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz
görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40
sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki,
bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə
fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə
baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli
icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu
dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər
də çox yaxşı işlədilər.
Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı
üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan
sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət
alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri
olacaq".