Axar.az Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik
Kamal Abdullanın APA-ya
müsahibəsini təqdim edir:
- "Multikulturalizm ili" çərçivəsində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində hansı işlər görülüb?
- 2016-cı ilin Azərbaycan Respublikasının prezidenti, cənab
İlham Əliyevin sərəncamı ilə "Multikulturalizm ili" elan
edilməsindən sonra təsdiq olunmuş tədbirlər planına uyğun olaraq
ölkə daxilində və xaricində müxtəlif dövlət qurumları tərəfindən
Azərbaycan multikulturalizmi modelinin təbliğinə yönəlmiş müxtəlif
silsilə tədbirlər keçirilməyə başladı.
Sizin də çox yaxşı bildiyiniz kimi, 2014-cü ildə cənab prezident
tərəfindən Azərbaycanda mövcud olan multikulturalizm ənənələrinin
dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradılıb. "Multikulturalizm ili"
çərçivəsində Mərkəzin təşkilatçılığı ilə 40-a yaxın xarici və yerli
ali təhsil ocaqlarında bakalavriat səviyyəsində "Multikulturalizmə
giriş", magistratura səviyyəsində isə "Azərbaycan
multikulturalizmi" fənləri tədris proqramlarına daxil edilərək
tədris olunur. Eyni zamanda "Azərbaycan multikulturalizmi" fənni
2016-cı ilin yaz semestrinə qədər Müqəddəs Kliment Oxridski adına
Sofiya Universiteti (Bolqarıstan), İvan Cavaxişvili adına Tbilisi
Dövlət Universiteti (Gürcüstan), Ural Federal Universiteti (Rusiya
Federasiyası), Litva Pedaqoji Universiteti (Litva), Praqa Karl
Universiteti (Çexiya), Roma Sapienza Universiteti (İtaliya),
Belarus Dövlət Universiteti (Belarus), Lusafona Universiteti
(Portuqaliya), Ausburq Universiteti (Almaniya), Frayburq
Universiteti (İsveçrə) və Sakarya Universitetində (Türkiyə), Qadcah
Mada Universiteti (İndoneziya) və başqa universitetlərində tədris
olunub. Hal-hazırda tədrisin həyata keçirildiyi universitetlərdə
"Azərbaycan multikulturalizmi" kafedralarının açılması
istiqamətində işlər görülməkdədir.
Bundan əlavə, ilin əvvəlində Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi tərəfindən Azərbaycan multikulturalizminin qaynaqları
seriyasından olan "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları" kitabı və "Multikulturalizm" adlı jurnalın 1-ci nömrəsi
nəşr olunub, ölkənin müxtəlif bölgələrində təqdimatları
keçirilib.
Bu günə qədər Mərkəz və Azərbaycan Respublikası Prezidenti
yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 20-dən artıq
ölkədən 100-dən çox xarici və 70-dən çox yerli tələbənin iştirakı
ilə paytaxt və müxtəlif bölgələrində - Quba, Qusar, Xaçmaz, Qəbələ,
Şəki, Oğuz, Qaxda Beynəlxalq multikulturalizm qış və yay məktəbləri
keçirilib. Bu məktəblərdə iştirak edən xarici və yerli tələbələr,
əsasən, təhsil aldıqları universitetlərdə "Azərbaycan
multikulturalizmi" fənnini uğurla mənimsəyən və Azərbaycan
mədəniyyəti, tarixi, ədəbiyyatı, bir sözlə, Azərbaycan
multikulturalizmi haqqında qazandıqları nəzəri bilikləri bu
məktəblərdə praktik şəkildə daha da möhkəmləndirirlər. Bu məktəblər
onların Azərbaycana marağını Azərbaycana məhəbbətə çevirir.
Maraqlı bir faktı da diqqətinizə çatdırmaq istəyirəm ki, III
Beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində Litva Pedaqoji
Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan
Kollecinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə
"Azərbaycanın gənc dostları" Beynəlxalq Klubu yaradılıb və
hal-hazırda uğurla fəaliyyət göstərir. Artıq Azərbaycanın gənc
dostları bizim iştirakımız olmadan da Azərbaycan
multikulturalizmini dünyada təbliğ edirlər.
Mütəmadi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
müxtəlif dövlət qurumları ilə birlikdə mədəni müxtəliflik,
tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun
rolu, multikulturalizmin Azərbaycan modeli və dünya
multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq
miqyaslı elmi-nəzəri, elmi-praktik konfranslar, seminarlar,
"dəyirmi masa"lar, mühazirələr, ədəbi-bədii toplantılar
keçirməkdədir. Bunlara misal olaraq aprel ayının 27-də BMT-nin
Sivilizasiyalar Alyansının Vll Qlobal Forumu çərçivəsində
"Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu"
mövzusunda bölmə iclasını, iyun ayının 28-də "Terror
multikulturalizmə qarşı" layihəsi çərçivəsində "Erməni terroru və
Azərbaycan multikulturalizmi" mövzusunda I Beynəlxalq dəyirmi
masanı, iyul ayının 20-də Qəbələ şəhərində baş tutmuş "Alban
Apostol Kilsəsinin keçmişi və bu günü" mövzusunda beynəlxalq
konfransı və Londonda keçirilmiş "Azərbaycanın dini tolerantlıq və
birgə yaşayış modeli" mövzusunda konfransı göstərmək olar.
Bildiyiniz kimi, bu ilin 29-30 sentyabr tarixlərində də ölkə
başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə artıq ənənəvi
olaraq təşkil olunan V Bakı Humanitar Forumu keçiriləcək. Həmin
Forumda dəyirmi masalardan biri də "Multikulturalizmin müxtəlif
modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" adlanır. Bu
dəyirmi masanın və dəyirmi masaya daxil olan müxtəlif panellərin
işinin təşkili Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən
həyata keçiriləcək.
- İlin sonuna qədər hansı planlar var, yeni layihələr
olacaqmı?
- Prezident cənab İlham Əliyevin "Multikulturalizm ili" ilə
bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq ilin sonuna
qədər konkret tədbirlərin icrası nəzərdə tutulub. Ölkəmizdə və
xarici ölkələrdə Azərbaycan multikulturalizm modeli, ölkəmizdəki
tolerantlıq mühiti, bütün səmavi dinlərin nümayəndələrinin
ölkəmizdə birgə, mehriban yaşayış şəraiti haqqında konfranslar,
sərgilər, seminarlar və görüşlər keçiriləcək. Bundan əlavə, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycan multikulturalizmi"
fənninin tədrisi arealının xaricdə genişləndirilməsi, bu fənnin
tədrisinin daha da effektli olması üçün müxtəlif dərs vəsaitləri və
dərsliklərin yazılması, "Azərbaycan multikulturalizminin
qaynaqları" seriyasından olan "Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları" kitabının rus və ingilis dillərində çapı və
bu seriyadan olan növbəti daha iki kitabın – "Azərbaycan
multikulturalizminin hüquqi və siyasi qaynaqları" və "Azərbaycan
multikulturalizminin fəlsəfi və publisistik qaynaqları"
kitablarının nəşri işlərini həyata keçirəcək.
- Azərbaycanda dini məsələlərlə bağlı vəziyyəti necə
qiymətləndirirsiniz? Bu sahədə hər hansı narahatlıq
varmı?
- Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin birgə,
yanaşı yaşadığı məkan olub. Hazırda ölkədə dini durum sabit,
dinlərarası münasibətlərdə dözümlülük və qarşılıqlı anlaşma
səviyyəsi yüksəkdir. Bu gün ölkə vətəndaşlarının hüquq və
azadlıqlarının təmin olunması üçün bütün zəruri tədbirlər görülür.
Eyni zamanda, müvafiq dövlət qurumları dini durumu davamlı təhlil
edir, müxtəlif din və məzhəbləri təmsil edən dini icmalar arasında
qarşılıqlı hörmət prinsiplərinin qorunub saxlanılması, radikal dini
cərəyanların yayılmasının qarşısının alınması istiqamətində
tədbirlər həyata keçirir. Ən ciddi fəaliyyət isə cənab prezidentin
2016-cı ili ölkəmizdə "Multikulturalizm ili" elan etməsi ilə bağlı
qərarından sonra həyata keçirilən çoxsaylı tədbirlər oldu. Bu
sahədə oyanış və ciddi irəliləyiş müşahidə olunmağa başladı. Ölkə
daxilində və xaricində bir çox tədbirlər, konfranslar keçirildi,
xarici qonaqların ölkəmizdəki multkulturalizm ənənələri ilə tanış
olmaq məqsədilə ölkəmizə səfərləri artdı, eyni zamanda,
dindarlarımız da Azərbaycandakı multikultural və tolerant mühitin
özünəməxsusluqlarını dünya ictimaiyyətinə və xüsusən də, müxtəlif
ölkələrin dini liderlərinə çatdırmaq üçün əlavə imkanlar əldə
etdilər.
Dövlət başçımız cənab İlham Əliyev din sahəsinə, məscid, kilsə
və sinaqoqların təmir və bərpasına xüsusi diqqət və qayğı göstərir.
Azərbaycan din sahəsinə dövlət səviyyəsində maliyyə ayıran, dini
ibadət yerlərini dövlət hesabına təmir və bərpa edən az sayda
ölkələrdəndir.
Eyni zamanda Azərbaycanda dini tolerantlıq mədəniyyətinin
inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində
Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı
Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev
Fondu hər bir layihəsi ilə müxtəlif ölkələrdə xalqlar arasında
humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar
olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
vətənimizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa
işləri aparılır.
- Əcnəbilərə və Azərbaycan vətəndaşlığı olmayan şəxslərə
dini ayinlərin, dini mərasimlərin keçirilməsi qadağan olunub. Bu,
Azərbaycana nə verəcək?
- "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası
qanununun 1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər tərəfindən ölkəmizdə dini təbliğatın aparılması qadağandır.
Bu maddə müstəqilliyin ilk illərindən sözügedən qanunda öz əksini
tapıb və bu qadağa yalnız Azərbaycanda deyil, dünyanın bir çox
ölkələrində tətbiq olunur. Burada əsas məqsəd ölkəmizin dini
təhlükəsizliyinin təmin olunması və xarici qüvvələrin Azərbaycanda
dini duruma təsirlərinin qarşısının alınmasıdır. Təcrübə bəzi
əcnəbilərin ölkədə dini təbliğat aparmalarının ciddi fəsadlar
törədə biləcəyini və beləliklə, dini durumu gərginləşdirəcəyini
göstərir. Müstəqilliyin ilk illərində Azərbaycan bu acı həqiqətləri
yaşadı və nəticədə, Azərbaycan üçün ənənəvi olmayan bir sıra
zərərli dini cərəyanlar ölkəmizdə öz ideologiyalarını yaymağa cəhd
etdi. Bu maddənin "Dini etiqad azadlığı haqqında" qanuna əlavə
edilməsinin ölkədə sabitliyin qorunmasına ciddi faydası oldu, dini
duruma xarici təsirlər minimuma endirildi və radikal meyllərin
ölkədə yayılmasının qarşısı xeyli alındı.
- Hazırda Həcc mövsümünü yaşayırıq. Azərbaycandan fərqli
olaraq, digər ölkələrdə bu səfərləri müxtəlif təşkilatlar tur
şəklində həyata keçirir. Bu rəqabət qiymətlərin münasib olmasına da
səbəb olur. Bu haqda fikirlərinizi bilmək maraqlı
olardı.
- Bildiyiniz kimi, Həcc ziyarəti adi tur səfəri deyil və daha
çox mənəvi mahiyyət kəsb edir. Dünyanın bir çox ölkələrində bu
ziyarətin təşkilatçılığını dini idarələr öz üzərinə götürür. Qafqaz
Müsəlmanları İdarəsi müsəlman icmalarının dini mərkəzi
sayıldığından, səfərin olduqca ağır olduğunu, böyük məsuliyyət
tələb etdiyini, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri,
şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzunu nəzərə alsaq, bu
missiyanı həmin idarənin həyata keçirməsi normaldır. Bununla
yanaşı, idarə Həcc ziyarətinin təşkili ilə uzun illərdir məşğul
olduğundan bu sahədə böyük təcrübəyə malikdir. Ayrı-ayrı vaxtlarda
bir sıra qurum və şirkətlər Azərbaycanda bu ziyarətin təşkilini öz
üzərilərinə götürmək istəyiblər. Lakin bu, bir çox hallarda
zəvvarlar üçün müəyyən sıxıntı və çətinliklərin yaranmasına səbəb
olub.
- Bir şəxsin bir neçə dəfə Həccə getməsinin mənəvi
məsuliyyəti haqda hansı fikirləri söyləmək olar?
- Bu, sırf teoloji və şəxsi məsələdir. Dini baxımdan bir şəxsin
bir dəfə Həccə getməsi yetərli sayılır və bununla o, üzərinə düşən
dini vəzifəni yerinə yetirmiş olur.
- Azərbaycanda dini radikalizm hansı
səviyyədədir?
- Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilkin dövrlərdə
bir sıra qeyri-ənənəvi dini təriqətlər ideologiyalarını ölkəmizdə
yaymağa cəhd göstərərək müəyyən sayda ölkə vətəndaşlarını öz
sıralarına cəlb etməyə nail olmuşdu. Ulu öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi,
dini fəaliyyət sahəsində də qətiyyətli, ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirildi. Tam əminliklə söyləyə bilərəm ki, o
zaman həmin tədbirlər həyata keçirilməsəydi, biz bu gün ölkədə dini
sahədə tam fərqli və namünasib bir mənzərənin şahidi olardıq. Həmin
dövrdə qonşu respublikalarda dini sahədə müəyyən gərginliklər
müşahidə olunsa da, Azərbaycanda sabitlik hökm sürdü.
Hazırda hüquq-mühafizə orqanları radikal və ekstremist meyllərin
qarşısının alınması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirir. Ölkədə bütün radikal dini cərəyanların fəaliyyəti
nəzarətə götürülüb, zərərli dini ədəbiyyatın idxalının və ölkədə
yayılmasının qarşısı alınıb. Eyni zamanda, qanunlara müəyyən əlavə
və dəyişikliklər edilib, "Dini ekstremizmə qarşı mübarizə haqqında"
qanun qəbul olunub. Buna paralel olaraq ölkədə geniş maarifləndirmə
tədbirləri həyata keçirilir. Son bir ildə şəhər və rayonlarda
yüzlərlə belə tədbirlər həyata keçirilib, artıq bu tədbirlərin
səmərəsi açıq hiss olunur.
Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, bütün ölkə
vətəndaşları qanunun aliliyini qorumalıdırlar. Bu, ən şərəfli
vəzifədir. Dövlət dini etiqad və vicdan azadlığı üçün lazım olan
hər cür şərait yaradıb, vətəndaşların üzərinə düşən əsas vəzifə
qanunun tələblərini yerinə yetirmək, dövlətin həyata keçirdiyi
quruculuq işlərində yaxından iştirak etməkdir.
- Ölkəmizdə dini təhsil sahəsində vəziyyət necədir? Kadr
təminatı sahəsində problemlər varmı?
- Bildiyiniz kimi, Azərbaycan hökuməti dini təhsil sahəsinə
xüsusi qayğı və diqqət göstərir, təhsilin səviyyəsinin beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində daim müəyyən tədbirlər
həyata keçirir. Bu gün Azərbaycanda təhsil müəssisələrinin normal
fəaliyyət göstərməsi üçün dövlət lazım olan bütün addımları atır və
bundan sonra da zəruri tədbirləri görəcək. Hazırda bu sahə dövlətin
ciddi nəzarətindədir. Bu gün ölkədə iki ali məktəb – Bakı Dövlət və
Bakı İslam universitetləri ali dini təhsil verir. Din sahəsində
mütəxəssislərin hazırlanmasında bu təhsil ocaqlarının rolu
böyükdür. Bununla yanaşı, ölkədə bir neçə dini mədrəsə fəaliyyət
göstərir. Yeni mədrəsələrin açılması ilə bağlı müəyyən hazırlıq
işləri görülür. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi din
sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması
məqsədilə faydası böyük olan hazırlıq kursları təşkil edir.
- Xaricdə dini təhsil alanların statistikası barədə
məlumat varmı?
- Ümumiyyətlə, bu günə kimi təxminən 1000-ə yaxın Azərbaycan
Respublikasının vətəndaşı xaricdə dini təhsil almağa gedib, onların
böyük bir qismi artıq Azərbaycana dönüb. Bu şəxslərin çoxu
müstəqilliyin ilk illərində xaricə təhsil almağa gedənlərdir. Onu
da qeyd edim ki, hazırda bu tendensiyanın zəiflədiyi müşahidə
olunur. Həmin tələbələrin bu gün fəaliyyəti əlaqədar dövlət
qurumlarının qayğısı və nəzarəti altındadır. Xüsusilə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi
həmin tələbələrin cəmiyyətdə özünə yer tapması, işlə təmin
edilməsi, dini və dünyəvi biliklərinin artırılması, eləcə də digər
problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirir.
- Müşavir təyin edildikdən sonra dini sahədə hansı
problemlərin həllinə ilk növbədə diqqət yetirməyi zəruri saydınız
və bu problemlərin həlli istiqamətində ötən dövrdə hansı uğurlar
əldə olunub?
- Bildiyiniz kimi, mən bu vəzifəyə təyin olunduqdan sonra ilk
işim Azərbaycanın bütün bölgələrinə səfər edərək dini ibadət
yerlərinə baş çəkmək, dindarlarımızla, müxtəlif konfessiyaların
nümayəndələri ilə görüşüb söhbət etmək və dini durumu dərindən
öyrənmək oldu. Həmin dövr ölkədə dini durum bir qədər gərgin idi,
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə döyüşlərə cəlb edilməsi
ilə bağlı həyəcanlı xəbərlər yayılırdı. Bu sahədə dövlət
təşkilatları ilə koordinasiyalı şəkildə gördüyümüz əsas işlərdən
biri radikal və ekstremist cərəyanların ölkədə yayılmasının
qarşısının alınması və maarifləndirmə işinin gücləndirilməsi oldu.
Son bir neçə ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz
Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti
ilə maarifləndirmə sahəsində bir sıra ardıcıl və məqsədyönlü
layihələr həyata keçirilib. Ölkəmizin ümumi inkişafı, dünyanın
aparıcı ölkələri sırasında qətiyyətli, özünəinamlı şəkildə yer
alması da öz-özlüyündə dini müstəvinin loyallaşma dərəcəsini
yüksəldib. Radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli
məhdudlaşıb, Heydər Məscidinin nümunəsi, Qafqaz Müsəlmanları
İdarəsinin təşviqi əsasında bir sıra məscidlərdə vəhdət
namazlarının qılınmasına, məscidlər arasında mənəvi bağların
gücləndirilməsinə nail olunub. Bu, bütün dünya üçün örnək
hadisədir. Artıq ziyarətgahlar və məscidlər mənsub olduqları
məzhəbdən asılı olmayaraq bir-birinə birbaşa yardım əli uzadır. Mir
Mövsüm Ağa ziyarətgahının Zaqatalanın Əliabad kənd məscidində
aparılan təmir işlərinə yardım göstərməsi buna bariz nümunədir.
Eyni zamanda, Azərbaycan alimlərinin Bərdə İmamzadə Kompleksində
aparılan təmir və bərpa işlərində yaxından iştirak etməsi onlar
arasında birliyin və həmrəyliyin yüksək göstəricisidir.
- Məzarlıqlarla bağlı məsələ hələ də açıq qalıb. Bu
məsələ ilə əlaqədar gah qanun layihəsi hazırlanaraq Milli Məclisdə
müzakirəyə çıxarılması, gah da Nazirlər Kabinetinin qərar qəbul
etməsi barədə təkliflər səslənirdi. Bu yaxınlarda Dini Komitənin
sədri Mübariz Qurbanlı mətbuata açıqladı ki, qərar layihəsi forması
daha realdır və hətta Nazirlər Kabinetində bununla bağlı üç dəfə
müzakirə keçirilib. Bu məsələnin həllinin bu qədər uzanmasına mane
olan nədir?
- Sözügedən sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
İqtisadiyyat Nazirliyi ilə birgə hazırlayaraq Nazirlər Kabinetinə
və digər əlaqədar qurumlara təqdim edib. Məndə olan məlumata əsasən
həmin məsələ ilə bağlı müxtəlif dövlət qurumları ilə müzakirələr
aparılıb, görüşlər keçirilib, rəylər alınıb. Yaxın zamanlarda bu
məsələnin də öz həllini tapacağı gözlənilir.
- Yas mərasimlərinin təmtəraqlı təşkil olunmasına qarşı
bir müddət əvvəl təqdirəlayiq kampaniya başlandı və qismən bunun
qarşısı alındı. Rəhbərlik etdiyiniz dövlət müşavirliyi və Dini
Məsələlər üzrə Dövlət Komitəsi israfçılığa qarşı mütəmadi təbliğat
aparırdı. Lakin sonradan Qafqaz Müsəlmanları İdarəsi sədrinin
qardaşı, deputat Cavanşir Paşazadə mətbuata bu kampaniyadan
narahatlığını ifadə edən açıqlama verərək bildirdi ki, bu,
adət-ənənədən irəli gəlir və mərasimlərə qarışmaq düzgün deyil.
Bunun ardınca da yenidən təmtəraqlı yas mərasimlərinin keçirilməsi
artdı. Bu barədə nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, bu məsələ məcburi olmur, bu,
ictimaiyyətin işidir və insanlar özləri bu haqda öz sözlərini
deməlidirlər. Bilirsiniz ki, Naxçıvanda bu məsələ nümunəvi şəkildə
öz təbii həllini tapıb. Bəzi başqa yerlərdə də biz bunun müsbət
təzahürlərini görürük. Həyat özü hər şeyi tənzim edir və edəcək.
Müsəlman ölkələrində bizdə təşkil olunan yas mərasimləri kimi
mərasimlər, demək olar ki, yoxdur və dini müstəvidə baş verən
proseslər din daşıyıcıları, ictimaiyyət tərəfindən tənzimlənir.
İnanıram ki, yavaş-yavaş bu məsələdə də optimal nəticəyə
gələcəyik.
- Məscidlərdə kitabxanaların yaradılması barədə
informasiyalar yayılmışdı. Bu məsələ nə yerdədir?
- Bölgələrdə səfərdə olarkən məscidlərin kitab rəflərində ən
yaxşı halda yalnız dini ədəbiyyatın olduğunu görürdüm. Düşünürdüm
ki, ibadət ocaqlarında dini kitablarla yanaşı, dünyəvi mövzulara
aid kitabların da olmasına böyük ehtiyac var. Ömrünün mənasını İmam
Hüseyn türbəsinə xidmət etməkdə görmüş dahi şairimiz Füzulinin
əsərləri məscidlərdə niyə olmasın? Digər klassiklərimizin də
həmçinin. Dindarlar məscidə ancaq namaz qılmağa və moizəyə qulaq
asmağa gəlməməlidirlər. Məscid bu gün ancaq məscid yox, həm də
mənəviyyat, tərbiyə və maarif mərkəzi olmalıdır. Təbii ki, belə
məscidin axundu və imamı insanların maariflənməsi yolundakı
ehtiyaclarını adekvat şəkildə ödəməlidir. O, daim özünü elmi
baxımdan təkmilləşdirməlidir. Bu gün öyrənmək istəyənlərin tələbi
çox yüksəkdir. Artıq məscidlərdə kitabxana ilə bağlı bir sıra işlər
görülüb. Bakıda və respublikanın bir sıra rayon və şəhərlərinin
məscidlərində, ziyarətgah komplekslərində həm dini, həm də dünyəvi
məzmunlu ədəbiyyat üçün rəflər ayrılıb, kiçik də olsa, kitabxanalar
yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mütəmadi
olaraq Azərbaycan məscidlərinə yeni kitablar paylanılır.
- Bilik Fondunun fəaliyyəti haqda danışmağınızı
istərdik. Fond hazırda hansı layihələri həyata
keçirir?
- Bu qurum da ölkə əhalisinin müxtəlif istiqamətlərdə
maarifləndirilməsi üçün cənab prezidentin böyük uzaqgörənlikdə
yatdığı qurumlardan biridir. Paytaxt və regionlarda, ən müxtəlif
sosial zümrələr arasında maarifləndirmə işi aparan Bilik Fondunun
300-dən çox mühazirəçisi, Azərbaycanın 76 şəhər və rayonunda
nümayəndəsi var. Onların əksəriyyəti tanınmış ziyalılar, elm,
təhsil təşkilatçısı, maarifçi insanlardır. Bilik Fondu əhalimizin
maarifləndirilməsi, müxtəlif elm sahələrinin mütəxəssislərinin
dünyada baş verən elmi yeniliklərdən xəbərdar olması üçün Çexiya,
Almaniya, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Moldova və
digər ölkələrdən dəvət edilmiş alimlərin də mühazirələrini təşkil
edir. Fond Nardaran, Oğuz, Qax və Şəmkir rayonlarında bilik evləri
açıb, Astara və İsmayıllıda bilik evlərinin açılması oktyabrın 5-də
- Müəllimlər Günündə olacaq.
Bilik Fondu həm də gənclərimizin məşğuliyyəti ilə bağlı
layihələr həyata keçirməkdədir. Bir faktı deyim ki, Qax Bilik Evi 5
qonşu rayondan olan 15 nəfər müxtəlif avtomobil təmiri sexlərində
şagird kimi çalışan, həmçinin işsiz gənclər üçün yeni nəsil
avtomobillərin təmiri kursları təşkil etdi və bu kursları bitirən
gənclərin əksəri hazırda müxtəlif avtomobil təmiri sexlərində usta
kimi çalışırlar. Bilik Fondu Rus Pravoslav Kilsəsinin və
ölkəmizdəki Rus İcmasının müraciəti əsasında rus vətəndaşlarımız
üçün Azərbaycan dili kursları təşkil edir, artıq bu kursları
bitirənlər də var.
Nardaran Bilik Evinin təşəbbüsü ilə Bakı şəhərinin bir sıra kənd
və qəsəbələrinin gəncləri üçün "Avto Azərbaycan" şirkətində yeni
nəsil maşınlara texniki yardım göstərilməsi üzrə təlim kursu davam
etməkdədir.
Fondun "Qafqaz Albaniyasının intibahı", "Kitabi-Dədə
Qorqud-Fridrix fon Dits-200", "İl boyu bilik", "Dini abidələrdə
tarixin izləri", "Yaradıcılıq fakültəsi", "Auditoriya+", "Docento
discimus" layihələri üzrə elmi seminarlar, "dəyirmi masa"lar,
bilik, əl işləri, inşa yazı müsabiqələri və kitab təqdimatları
keçirilir.
Bilik Fondunda ölkə prezidenti İlham Əliyevin çox böyük
əhəmiyyətə malik olan "Ölkəmizi tanıyaq" layihəsindən doğan və onun
davamı olan "Qardaşlaşmış məktəblər" layihəsi həyata keçirilir. Bu
layihə nəticəsində müxtəlif regionlardan və paytaxtdan olan
məktəblilər digər regionlarımızda fəaliyyət göstərən məktəblərlə
qardaşlaşır, onlarla bir yerdə müxtəlif tədbirlər keçirir,
Azərbaycanın təbiəti, insanları ilə daha yaxından tanış olur və
bununla ölkəmizdəki tolerant və multikultural mühitin daha da
dərinləşməsinə xidmət edirlər. Bu il "Qardaşlaşmış məktəblər"
layihəsi öz humanist ideyası ilə ölkə xaricinə çıxdı və 2016-cı
ilin fevral ayında Moskva və Ankara məktəblilərini Bakıda
qardaşlaşdırdı. Xatirinizdədirsə, bu zamanlar Türkiyə və Rusiya
arasında münasibətlər məlum səbəbə görə ən gərdin həddə çatmışdı.
Belə bir zamanda türkiyəli və rusiyalı məktəblilərin öz
direktorları və müəllimləri ilə Bakıya gəlməsi və bir-birinə
qardaşlıq əli uzatması bir qəhrəmanlıq idi. Bakı da sülhün və
qardaşlığın ünvanı kimi öz ağuşunu onlara məhəbbətlə açdı. Zaman
göstərdi ki, biz doğru yoldayıq. O məktəblilər arasında layihənin
xeyirxah və qardaşlıq missiyası bu gün də davam etməkdədir. Bu
maraqlı layihəyə qoşulmaq istəyən onlarla yerli və xarici məktəblər
var.
- Sədri olduğunuz Azərbaycan Yaradıcılıq Fondunun
fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət
Fondunun adı ilə təsis edilib və 1992-ci ildən 2008-ci ilə qədər
Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyət göstərib. 2008-ci
ildən Azərbaycan Yaradıcılıq Fondu adlanır. Hazırda bu Fond
səhnədən getmiş sənətkarlarla yanaşı, gənc istedadların da mütəmadi
toplaşdığı məkana çevrilib. Fondun ətrafında artıq ədəbi bir cameə
formalaşmaqdadır. Tarixi irsimizin, maddi-mənəvi dəyərlərimizin
gənclərə daha dolğun çatdırılması üçün Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Qafqaz Albaniyasına
səyahət" layihəsi də hazırda icra olunmaqdadır. Layihə əsasən gənc
nəslin maarifləndirilməsinə yönəlib. Bu çərçivədə Qafqaz Albaniyası
dövrünə aid dini məbədlərə ekskursiyalar təşkil olunub, eyni adlı
sənədli film çəkilib. Bundan başqa, Azərbaycan Yaradıcılıq Fondu və
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə həyata keçirdiyi "Quran motivləri əsasında hekayələr"
müsabiqəsi təşkil edilib. Qaliblərə pul mükafatları, diplomlar və
qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Yaradıcılıq Fondu və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin layihənin davamı
olaraq "Dini motivlər əsasında şeirlər" müsabiqəsi elan edib.
Müsabiqəyə artıq 70-ə qədər əsər təqdim edilib, yaxın günlərdə
müsabiqənin yekun mərasimi keçiriləcək. Fond hazırda Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının köməyi ilə "Sönməyən ulduzlar" adlı mənəvi
və sosial yardım layihəsini həyata keçirir. Yaradıcılıq Fondunun
sim-sim.az saytı artıq bir ildir ki, fəaliyyət göstərir, saytın
fəaliyyəti nüfuzlu mədəniyyət və ədəbiyyat xadimləri tərəfindən
rəğbətlə qarşılanır. Xüsusilə qeyd edilməlidir ki, bu ilin iyun
ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli
Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri
olan "Multikulturalizm" Beynəlxalq jurnalı işıq üzü görüb. Jurnalın
nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış
tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən
multikultural mühitə yeni impulslar töhfə verməkdir.