Axar.az Azərbaycanın birinci prezidenti Ayaz
Mütəllibovun Publika.az-a müsahibəsini təqdim edir:
– Sentyabrın 26-da Azərbaycanda keçirilən referendum baş
tutdu. Sizcə, Konstitusiyaya edilən əlavə və dəyişiklik hansı
müsbət nəticələrə gətirib çıxaracaq?
– Hər şeydən əvvəl onu qeyd etməliyik ki, 26 sentyabr
referendumu geosiyasi zərurətdən irəli gəlib və ölkə rəhbərliyi
ölkəni daha operativ idarə etmək üçün bu dəyişikləri edib. Bundan
başqa, Konstitusiyamıza yeni maddələr artırılıb və dünyada qəbul
olunmuş strukturların yaradılması nəzərdə tutulub. Bütün bunların,
yəni 29 dəyişiklik və əlavələrin qəbul olunması həm konstitusiyanı
təkmilləşdirəcək, həm də idarəçilik sistemində operativliyi
artıracaq.
İndiki dövrdə, Prezident İlham Əliyevin dediyi kimi, qeyri-neft
dövründə, ölkə iqtisadiyyatının inkişafına yönəldilmiş siyasəti
həyata keçirmək üçün bu, çox vacibdir. Əlbəttə ki, effekti
olmalıdır.
– Ayaz müəllim, bir neçə gündən sonra Azərbaycanın
müstəqillik qazanmasının 25 illiyi qeyd olunacaq. Ancaq maraqlı
olan məqam odur ki, 1989-cu il sentyabrın 23-də Respublika Ali
Sovetinin sessiyası tərəfindən "Azərbaycan SSRİ-nin suverenliyi
haqqında" Qanunu və 1991-ci ilin avqustun 30-da Müstəqillik
haqqında Bəyannamə qəbul etdiyi halda, nədən Azərbaycanın
müstəqilliyinin tarixi 1991-ci il 18 oktyabr tarixindən -
Konstitusiya Aktının qəbul olunmasından götürüldü? Halbuki,
müstəqillik tariximizin yaşı 1989-cu il sentyabrın 23-ü tarixindən
götürülsəydi, o zaman SSRİ-dən ilk ayrılan dövlət Azərbaycan
olacaqdı...
– Siyasətin belə bir xüsusiyyəti var: gərək vaxtından əvvəl
qabağa qaçmayasan. O dövrdə SSRİ-nin tərkibindən çıxmaq
qeyri-mümkün idi. Hələ "Pribaltika" respublikaları səslərini
çıxartmırdılar. 1989-cu il sentyabrın 23-də Azərbaycan
rəhbərliyinin qəbul etdiyi "Azərbaycan SSRİ-in suverenliyi
haqqında" Qanun Azərbaycanın SSRİ tərkibində suverenliyindən
danışırdı. Tam müstəqillik nəzərdə tutulmurdu. Bununla belə SSRİ
rəhbərliyi tərəfindən bu qanun birmənalı qarşılanmadı. Azərbaycana
qarşı təzyiq daha da artdı, Qarabağı itirmək təhlükəsi qarşısında
qoydu. 20 yanvar hadisələrinə də həmin qanunun nəticəsi kimi
baxmalıyıq, çünki Mixail Qorbaçov hökuməti Azərbaycandan intiqam
aldı. Odur ki, 1991-ci il avqustun 30-da "Müstəqillik Haqqındada
Bəyannamə" qəbul edilsə də, başqa respublikaları qabağa buraxdıq
ki, yenidən SSRİ rəhbərliyi Azərbaycana qaşı təxribat edə bilməsin.
Ümumiyyətlə, Azərbaycan rəhbərliyi 20 yanvar hadisələrindən sonra
daha ehtiyatla tərpənirdi və bununla da faktiki olaraq, Ermənistana
qarşı ağıllı siyasət aparırdı. Bir faktı qeyd etmək istəyərdim- 17
mart 1991-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycan SSRİ-nin
saxlanılmasına səs verdi. Bu vaxta qədər Ermənistanın tərəfini
saxlayan Mixail Qorbaçov onlardan üz döndərdi və Azərbaycan
rəhbərliyinə "erməni silahlı dəstələrinin Azərbaycandan
təmizlənməsi məqsədi ilə "Koltso" əməliyyatının keçirilməsi əmrini
verdi. Nəticədə, Nuru Paşanın ala bilmədiyi Kamo və Çaykəndi azad
etdik.
Bundan əlavə, Azərbaycanda olan bütün erməni rayon və kəndlərini
boşaltdıq. O dövrün xalq cəbhəsi buna qarşı çıxdı və "Ay aman, Ayaz
Mütəllibov Azərbaycandan erməniləri deportasiya edir!" deyə hay-küy
qaldırdılar. Onda "demblok" Azərbaycan rəhbərliyinin atdığı bu cür
ciddi addımlara qarşı çıxırdı və birbaşa Moskvaya minlərlə
teleqramlar göndərirdilər. Odur ki, məni əhatə edən müdrik insanlar
- akademik Tofiq İsmayılov, Midhəd Abbasov, Məmməd Əsədov, İsmət
Qayıbov və başqaları daha ehtiyatlı hərəkət etməyi və hər qərarı
vaxtında verməyi tövsiyə edirdilər. Odur ki, ay yarım keçsə də
vaxtında, oktyabrın 18-də bu Akta imza atdım.
– 1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycanın
dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"na imza atan şəxs
olmusunuz. Ancaq nədənsə sizin adınız Azərbaycanın dövlət
müstəqilliyinə qarşı çıxan şəxs kimi daha çox
hallandırılır...
– Tarixin gözəl bir qanunauyğunluğu var. İllər keçdikcə kimin
kim, nəyin nə olduğunu ortaya çıxarır. Mənim adımı Azərbaycanın
dövlət müstəqilliyinə qarşı çıxan şəxs kimi hallandıranlar, tarix
qarşısında özlərinin kimliyinı anlamırlar. Siyasi məqsədlərə xidmət
edirlər və tarixi saxtalaşdırırlar. Bütün dünya məni Azərbaycanın
müstəqillik aktına imza atmış bir siyasi xadim kimi tanıyır.
Opponentlərim istəsələr də, istəməsələr də bu, belədir. Yalan
üzərində nə qurulursa, kartdan düzəldilmiş evciyi xatırladır. Bir
balaca tərpənən kimi dağılır. Allah qoysa, tarix hər şeyi öz yerinə
qoyacaq...
– Azərbaycan Ali Sovetində SSRİ-nin saxlanması ilə bağlı
referendum keçirilməsi məsələsi müzakirəyə çıxarılan zaman siz
sessiyada çıxış edərək, deputatlardan referendumun keçirilməsinə
səs vermələrini xahiş etmişdiz. Ancaq həmin vaxtı "Demblok" üzvləri
belə bir qərarın qəbul edilməsini xalqa, 20 yanvar şəhidlərinin
ruhuna xəyanət olduğunu bəyan edərək, buna qarşı çıxdılar. Hətta,
buna görə sizi "xəyanətkar" adlandırırdılar. O dövrdə SSRİ-nin
saxlanması ilə bağlı referendum keçirilməsinə zərurət nə
idi?
– Az öncə 17 mart referendumunun keçirilməsi səbəblərini qeyd
etdim. Mənim komandam bilirdi ki, Ermənistan referenduma
getməyəcək, biz getsək, Moskva Ermənistanı cəzalandıra bilər. Bu
baxımdan, biz ermənilərin etmədiyini etdik ki, Azərbaycanda erməni
rayon və kəndlərini tərki-silah etdik. Mənim komandam "Demblok"dan
fərqli olaraq, SSRİ-nin dağılacağını görürdü. Odur ki, martın 17-də
SSRİ-nin saxlanılması ilə bağlı referenduma getməyimiz məntiqə
uyğun idi. Bu döyüşdə biz Ermənistanı udduq. Həmin il aprelin
əvvəllərini, Yerevanın Zvartnos aeroportunu yadınıza salın. Ruslar
uçuş xəttini tutmuş erməniləri darmadağın etdilər, aeroport yolunda
tanklar və "BTR"lər maşınları əzdilər. Bundan sonra ermənilər
ruslara qarşı getmədilər.
– Ayaz müəllim, sizin adınız Azərbaycanın müstəqilliyinə
qarşı olmaqla bağlı məsələdə də hallandırılır. Bu, 1991-ci ilin 8
sentyabr prezident seçkiləri ərəfəsində keçirdiyiniz görüşlə
bağlıdır. İddia edirlər ki, həmin görüş zamanı siz sevinərək
"Azərbaycan müstəqillik qazanmaqla Dağlıq Qarabağ da öz
müstəqilliyini əldə etdi" deyə çıxış etmişiniz. Doğrudan da, həmin
vaxtı belə bir çıxışınız olubmu?
– Ağ yalandır. Heç vaxt belə çıxışım olmayıb. Bu yalanı yayanlar
8 sentyabr 1991-ci ildə keçirilən prezident seçkilərini xalqın
gözündən salmaq məqsədi güdür. 8 sentyabr seçkisinə getməyimin
səbəbi o idi ki, mən parlament tərəfindən 1995-ci ilə qədər
Prezident seçilmişdim, buna baxmayaraq, demokratiyanın inkişafı
naminə mən növbədənkənar seçkiyə getmək qərarına gəldim. İstəyirdim
ki, məni xalqım seçsin. Odur ki, dünya ictimaiyyətinin gözündə
demokratik dəyərlərə arxalanan növbədənkənar seçkilərə getmişdim.
Bu seçkilərdə müxalifətin iştirakı da təmin olunmuşdu. Bunun
müqabilində xalqın adından danışan "demblok" seçkini boykot etmək
taktikasını seçdi. Bu seçkilərdə iştirak üçün namizədlərini irəli
sürmədilər. Bundan sonra onların tutduğu yol Prezident seçkilərini
tanımamaq və silahlı üsyan yolu ilə hakimiyyətə gəlmək oldu.
Nəticədə, Azərbaycan xalqı Qarabağı itirdi.