Üzeyir Cəfərov "Odlar Yurdu" Universitetinin rektoru
Əhməd Vəliyevə Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurovun
qızının təhsil haqqına görə dövlət imtahanına buraxılmaması ilə
bağlı müraciət edib.
Axar.az xəbər verir ki, hərbi ekspert bu barədə müraciəti öz
Feysbuk səhifəsində yerləşdirib.
O, Əhməd Vəliyevdən ona olan 1000 manat borc pulunun İsgəndər
Aznaurovun qızının təhsil haqqı əvəzinə qəbul edilməsini
istəyib:
"Buradan millət vəkili və eyni zamanda "Odlar Yurdu"
Universitetinin rektoru Əhməd Vəliyevə səslənirəm. Hörmətli Əhməd
müəllim, sizin 2004-cü ildən mənə 1000 manata yaxın pul borcunuz
var. Bu pul böyük qızım Leylanın TQDK xətti ilə sizin universitetin
Hüquq fakültəsinə daxil olarkən 2004-cü ildə rəsmi qaydada sizə
ödədiyim pul vəsaitidir ki, o vaxtdan bu günə kimi o pulu siz mənə
min bir bəhanə ilə qaytarmırsınız. Xatırladıram ki, qızım ailə
qurması ilə əlaqədar ali təhsilini yarımçıq qoyaraq həyat yoldaşı
ilə Azərbaycanın rayonlarından birinə köçərək orada yaşayır. Mən
sizin qəbulunuzda olarkən, sizdən ödənilmiş təhsil haqqına görə pul
vəsaitinin geri qaytarılmasını xahiş etmişdim. Amma sizin müxtəlif
bəhanələriniz, o cümlədən o pulun yalnız qızıma qaytarıla
biləcəyini deməyiniz məni bu işdən bir qədər soyutdu. Dünənki
məlumatı oxuduqdan sonra isə qərara gəldim ki, həmən o 1000 manata
yaxın pul vəsaitini Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat
Aznaurovanın təhsil haqqını ödəməsinə yönəldilməsi haqqında
göstəriş verməyi sizdən xahiş edim. Mətbuat vasitəsiylə etdiyim bu
müraciəti xahiş edirəm, rəsmi müraciət kimi qəbul edəsiniz".