"Vallah bizdə adam qalıb ki? Müəllimlər İnstitutunun
bölgələrdə 11 filialı var ki, son araşdırmalar nəticəsində o
filiallardan doqquzunun direktoru işdən azad edilib".
Bu sözləri Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı
Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı şikayətə
görə aparılan araşdırmaların nəticəsi olaraq Azərbaycan Müəllimlər
İnstitutunun (AMİ) Gəncə filialının direktorunu işdən çıxarmasına
aydınlıq gətirərkən "xeberdar.az"a deyib.
A.Naxçıvanlı bildirib ki, bu islahatlarda sensasiya görmür:
"Gəncə filialında əvvəllər biz də araşdırma aparmışıq və bir sıra
qayda pozuntularının şahidi olmuşuq. İndi bu yoxlamanı Təhsil
Nazirliyi aparıb və direktoru işində yol verdiyi qüsurlara görə
işdən azad edib. Ola bilər, orada saxta diplomlar verilsin, bu
mövzu ilə bağlı ciddi araşdırmalar gedəcək və araşdırmaların
nəticələri haqqında məlumat veriləcək".
Yeni təyinatla bağlı suala cavab olaraq rektor bildirib ki,
təyinat onların səlahiyyətində deyil: "Biz sadəcə seçdiyimiz insanı
tövsiyyə edirik. Bununla bağlı qərarı Təhsil Nazirliyi verəcək. Ola
bilər ki, həmin post hələ bir müddət boş qalsın".