"1990-cı ildə Azərbaycan
Xalq Cəbhəsi seçkilərdə iştirak edib, vahid namizədlər irəli sürüb.
Bu da çox müsbət nəticə verib. O zaman proporsional seçki yox idi,
namizədlər majoritar qaydada irəli sürülüb, ancaq namizədlər
öncədən müəyyənləşib. Bizim bir dairədən olan namizədimizi bütün
qüvvələr müdafiə edirdi. Bu da çox uğurlu nəticələr verdi. Məhz
buna görə Azərbaycan müstəqillik aktı qəbul etdi, Müstəqil
Azərbaycan Deputat Bloku yarandı. Fikrimcə, istəyəndə belə müsbət
nəticələr baş verir. Ancaq indi siyasi partiyalar çoxdur, hərəsinin
öz marağı var, onları bir araya gətirmək mümkün
olmur".
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, VHP sədri Sabir
Rüstəmxanlı bildirib.
- Sabir bəy, qarşıdan gələn parlament seçkiləri ilə
bağlı partiyanızın mövqeyi nədən ibarətdir?
- Parlament seçkiləri ölkə həyatında çox ciddi hadisədir,
partiyalara öz güclərini yoxlamaq imkanı yaradır. Bu ərəfədə siyasi
partiyalar arasında rəqabət və bəzən yersiz ittihamlar da çoxalır,
siyasi bloklaşmalar, birləşmələr və ayrılmalar da müşahidə olunur.
Əslində, siyasi qüvvələr bu işləri 5 il müddətinə görməli olsa da,
seçkilərə bir neçə ay qalmış işə başlayır. Bəzən də bunun ziyanı
olur. Hər halda siyasi partiyalar öz imkanları daxilində seçkilərə
hazırlaşır. Biz də VHP olaraq seçkilərlə bağlı hazırlıq işləri
aparırıq. Bu il həm də qurultayımız olacaq. Eləcə də, DAK-ın
apreldə qurultayı gözlənilir. Odur ki, bu saat bütün imkanlarımız
təşkilatlanmaya, hazırlığa istiqamətlənib.
- VHP-nin imkan və resurslarını necə
qiymətləndirirsiniz, partiyanız neçə dairədən namizəd irəli sürmək
imkanındadır?
- Proporsional seçki mürəkkəbdir. Çünki bütün ölkəni gəzməli,
ölkə boyu təbliğat aparmalısan. Bunun maliyyə, texniki, nəqliyyat
tərəfləri var. Eləcə də, çoxlu sayda insanı bir rayondan digərinə
aparmalısan. Ancaq majoritar seçki sistemi əl-qol açmağa imkan
verir. Çünki bu zaman hər dairənin öz namizədi olur, bu namizəd də
dairədə öz işlərini qurur. Bu mənada VHP-nin imkanları əvvəlki
seçkilərdən daha artıqdır. Çünki vaxtilə cəmiyyətdə bizə qarşı olan
şəxslərin çoxu indi bizim doğru yol tutduğumuzu dərk edirlər. Bir
vaxtlar hansısa partiyanın seçkilərə getməsi ittihama çevrilirdi.
Seçkidən sonra isə kim mandat alırdısa, bu da ittihama çevrilirdi.
İttiham edirdilər ki, filankəs niyə mandat alıb, niyə parlament
seçkilərinə gedir, mandatdan niyə imtina etmir. Zaman keçdi və
həyat sübut etdi ki, bütün bunlar yersiz və mənasız ittihamlardır.
Təbii ki, partiyaların biri seçkiyə gedəcək, biri getməyəcək.
Siyasi partiyaların yerini və rolunu özləri müəyyən edir. Bu
mənada bir durulma var. Və ya bir zamanlar hökumətlə kim danışıq
aparırdısa, deyirdilər filan partiya hakimiyyətə satılıb. Ancaq
indi görürsünüz ki, partiyaların hamısı dialoqa can atır, bütün
partiyalar hakimiyyətlə danışıqlar aparmaq istəyir. Zaman çox şeyi
yerinə qoyur. Bizi ittiham edirdilər ki, parlamentə gedir,
hakimiyyətlə dialoqu və normal münasibəti var. Sonra bu tip düşünən
siyasi partiyaların çoxu elan etdi ki, hakimiyyətlə normal
münasibətlər qurmalıyıq. Təbii ki, mən heç kimi ittiham etmək
niyyətində deyiləm. Zaman hər şeyi aydınlaşdırır. Bu mənada VHP
olaraq bizim resurs və imkanlarımız əvvəlki illərlə müqayisədə daha
artıqdır. Bizim rayonlardan namizədliyini irəli verəcəyimiz kifayət
qədər namizədlərimiz var. Amma bu namizədlərin neçəsinin
namizədliyi qeydə alınacağı, neçəsinin parlamentə düşəcəyi ayrı
məsələdir. Təbii ki, ölkədə siyasi partiyaların sayı çoxdur və
parlamentdə də bir ənənə formalaşıb. Uzun illər Milli Məclisdə
təmsil olunan partiyalar var. Həm də bir çox dairələrin namizədləri
var. Bu namizədlər uzun illər öz dairələrində ciddi işləyib, seçici
ilə yaxşı əlaqələr qurublar. Onların başı üzərindən keçərək
seçilmək çox çətindir. Bu mənada VHP çalışacaq ki, parlamentdə
deputatlarının sayı artsın. Ancaq indidən bunun nəticəsi haqqında
konkret danışmaq da doğru olmazdı. Biz özümüzdən asılı olan hər
şeyi edəcəyik.
- Demək istəyirsiniz ki, VHP seçkilərə təkbaşına gedəcək
və seçki bloklarında təmsil olunmayacaq?
- Biz əvvəllər də seçkilərə partiya olaraq getmişik. Düzdür,
seçki bloku təşəbbüsü bir neçə dəfə olub. Hər dəfə də iflasa
uğrayıb. Bir dəfə də Demokratik Seçki Blokumuz olub. Hətta bir dəfə
rəhmətlik Əbülfəz Elçibəyin vaxtında blok yaratmaq ideyası var idi.
Ancaq sonra həyat bizim istəyimizdən asılı olmayaraq öz redaktəsini
etdi. Odur ki, seçki blokları baş tutmur və biz də seçkilərə VHP
olaraq qatılacağıq. İndi sadəcə olaraq seçkilərə getmək böyük
enerji və hazırlıq tələb edir.
Bəzən olur ki, şəxs fərdi olaraq seçkilərə qatılır və sonra da
deyir ki, biz partiya olaraq seçkilərə getmişik. Halbuki, majoritar
sistemdə seçkilərə partiya və fərd olaraq qatılmağın xeyli fərqi
var. Yəni sənədlərin hazırlanması ayrı-ayrı məsələlərdir. Biz son
parlament seçkilərinə partiya olaraq getmişik və bu dəfə də
seçkilərə partiya olaraq getməyi planlayırıq.
- Sizcə, niyə bizdə seçki blokları rentabelli olmur,
effektiv alınmır və üstəlik qarşılıqlı ittihamlara səbəb
olur?
- Bir dəfə 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi seçkilərdə
iştirak edib, vahid namizədlər irəli sürüb. Bu da çox müsbət nəticə
verib. O zaman proporsional seçki yox idi, namizədlər majoritar
qaydada irəli sürülüb, ancaq namizədlər öncədən müəyyənləşib. Bizim
bir dairədən olan namizədimizi bütün qüvvələr müdafiə edirdi. Bu da
çox uğurlu nəticələr verdi. Məhz buna görə Azərbaycan müstəqillik
aktı qəbul etdi, Müstəqil Azərbaycan Deputat Bloku yarandı.
Fikrimcə, istəyəndə belə müsbət nəticələr baş verir. Ancaq indi
siyasi partiyalar çoxdur, hərəsinin öz marağı var, onları bir araya
gətirmək mümkün olmur. Eləcə də, bəzi dairələri razılaşdırmaq
mümkün olmur. Bəzən bir dairə üzrə 6-7 partiya namizəd irəli sürür,
konsensusa da gəlmək olmur. Kimsəyə demək olmur ki, bu dairədən
namizədini geri çək, bizim namizədimiz daha şanslıdır. Bütün bunlar
ümumi vəziyyətə təsir göstərir. Həm də müxalifət düşərgəsində
əvvəlki mütəşəkkillik, səmimi münasibətlər və əvvəlki qarşılıqlı
inam qalmayıb. Partiyalar bir-birinə inanmır.
- Bəlkə əsas səbəb partiya liderlərinin əsassız və
mənasız iddialarıdır?
- Mənəm-mənəmlik var, hər partiya sədri özünü irəli çəkir. Təbii
ki, bu, normaldır. Ancaq qarşılıqlı güzəştlər olmadan müttəfiqliyə
nail olmaq mümkün deyil. Təəssüflər olsun ki, bizlər bu hissi
çoxdan unutmuşuq. Hətta Dağlıq Qarabağ məsələsi siyasi qüvvələrin
bir araya gəlməsi ilə nəticələnmədi. Hesab edirəm ki, bu, heç də
müsbət hal deyil. Təbii ki, iqtidar da rəqiblərinin
zəiflədilməsində maraqlıdır. Bu, göz önündə olan prosesdir, normal
haldır. Ancaq təəssüflər olsun ki, müxalifət bu kimi hallara
müqavimət göstərə bilmir.
- Siz parlament seçkilərində namizədliyinizi irəli
sürəcəksiniz?
- Hələ bu barədə bir qərara gəlməmişəm. Seçkilərə
gedib-getməyəcəyimi bilmirəm. Hesab edirəm ki, bunu qərarlaşdırmaq
üçün qarşımızda müəyyən qədər zamanımız var.
- VHP-nin qurultayı haqda hansı yeniliklər var və sizin
sədr məsələsində qərarınız necədir?
- Qurultay keçiriləcək.
- 2016-cı ildə?
- Xeyr. Yəqin ki, parlament seçkilərindən sonra olacaq. Seçkilər
noyabrda olacaq, fikrimcə, dekabrda qurultayı keçirmək mümkündür.
Biz ilboyu qurultaya hazırlaşırıq. Bizim bütün rayonlarda
təşkilatlarımız var, konfranslarımız olur. Hesab edirəm ki,
seçkilərə qədər konfransları başa çatdırıb, qurultay
nümayəndələrini müəyyən edəcəyik. Bundan sonra qurultayın özünü
təşkil edəcəyik. Bunu da dekabrda həyata keçirə biləcəyik.
- Sədrliyə namizədliyinizi irəli
sürəcəksiniz?
- Səmimi deyim ki, yenidən sədr qalmaq istəmirəm. Əgər parlament
seçkilərinə qatılsam, bir müddət üçün bütün gücümü ora yönəltmək
istəyirəm. Getməsəm, siyasi proseslərdən kənarlaşıb daha çox
yaradıcılıq işləri ilə məşğul olacağam. Düzdür, siyasət indiki
halda yaradıcılığa mane olmur. Çünki iş rejimi elədir ki, vaxtım
olur. Amma partiya işi vaxtımı daha çox alır. Hər gün qərargaha
gəlməli olursan, bu zaman da çoxlu problemlər, qayğılar ortaya
çıxır. Bu da bir ailədir və ailənin çoxlu qayğıları olur. İstərdim
ki, partiyanın başqa bir sədri olsun. Bu barədə düşünürəm.
- Belə çıxır ki, siyasi proseslərdən yorulmusunuz, baş
alıb kəndə getmək istəyirsiniz?
- Yox. Mən 50 ildir Bakıda yaşayıram, elə həm də kənddə. 50 ildə
kənd adamı olaraq qalmışam. Bakıdan kənarda yaşaya bilməsəm də,
daxilim, ruhum, əxlaqım, təmizliyim kəndə uyğundur. Mən davamlı
olaraq kəndə gedib-gəlirəm, ora bağlıyam, kənddə evim də var. Ancaq
kəndə köçüb getməyə ehtiyacım yoxdur. Xalqın dediyi kimi bir ayağım
şəhərdə, bir ayağım kənddədir. Şübhəsiz ki, fəaliyyətdən və işdən
yorulmamışam. Günümün çoxu iş otağımda keçir, davamlı olaraq
yazı-pozu ilə məşğulam. Sadəcə anlaşılmaz proseslər adamı
yorur.
Normal və qaydasında olan həyat, iş, siyasi fəaliyyət adamı
yormaz. Ancaq qaydasızlıq mühiti başlayanda heç nəyin ucu-bucağı
görünmür, heç bir norma gözlənilmir, insan münasibətlərinin
davamına inanmırsan, dünən dost olanın sabah düşmənə
çevrilməyəcəyinə arxayın olmursan. Bu zaman əlbəttə, yorğunluq
başlayır. Biz sonuncu günümüzə qədər əsgərik və sonuncu gülləmizə
qədər atışmalıyıq. Mən şair olaraq bu cür düşünürəm və elə siyasi
həyatda belədir.