Trend informasiya agentliyi Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva ilə müsahibəsini diqqətinizə
çatdırır.
Leyla xanım, icazənizlə ilk növbədə Trend agentliyinin
kollektivi adından Sizi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) xoşməramlı səfiri təyin edilməyiniz, həmçinin
insanların sağlamlığının qorunması sahəsində səmərəli
fəaliyyətinizə və ekoloji tarazlığın təmin edilməsi məqsədilə
beynəlxalq dialoqun inkişafında dəyərli töhfələrinizə görə "İlin
beynəlxalq dialoqu" mükafatını almağınız münasibətilə təbrik
edək.
- Hazırda ərzaq təhlükəsizliyi bütün dünyanın qarşısında
dayanan ciddi məsələdir. Ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsindəki
vəziyyəti necə xarakterizə edərdiniz? FAO-nun xoşməramlı səfiri
kimi, Siz beynəlxalq ictimaiyyətinin diqqətini bu təşkilatın hansı
məsələlərinə cəlb etmək istərdiniz?
- FAO-nun strateji məqsədlərindən hər biri – bu, istər aclıq
çəkmənin aradan qaldırılması və ərzaq təhlükəsizliyinin təmin
edilməsi olsun, istərsə də yoxsulluğun ləğvi olsun - bu gün bütün
ölkələri narahat edən məsələlərdir. Dünyanın ərzağa artan
tələbatını təmin etmək üçün dövlətlər müxtəlif metodlardan istifadə
edir və təəssüf ki, bu metodların arasında GMO məhsullarının
istehsalı da var. Müasir dünyada bu məhsulların istehsalı daha
kütləvi xarakter daşıyır və bu məni çox narahat edir.
Azərbaycanda həmişə keyfiyyətli, təbii, öz dadı və ekoloji
təmizlik səviyyəsi ilə fərqlənən məhsullar yetişdirilib. Bu, böyük
sərvətdir və biz bunu qorumalıyıq. Mən ölkəmizin genetik
mühəndislik yolu ilə getməsini istəməzdim. Bu yaxınlarda
Azərbaycanda Cinayət Məcəlləsinə GMO məhsulların istehsalı və
idxalına görə cəzanı nəzərdə tutan maddənin əlavə edilməsinə
baxmayaraq, hesab edirəm ki, insanlar bu məsələdən yalnız qanundan
qorxduqları üçün çəkinməməlidirlər, onlar GMO məhsulların bütün
canlılar üçün nə qədər böyük zərər daşıdığını anlamalıdırlar.
Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoqun (IDEA)
təsisçisi kimi, mənim üçün həmçinin təbii resursların rasional
istifadəsinə nail olmaq, nadir və tükənməkdə olan bitkilərin və
heyvanların bərpa edilməsi və mühafizəsi, insanlar, xüsusən də
gənclər arasında maarifləndirmə işinin və ekoloji təşviqatın
gücləndirilməsi mühüm məsələlərdir.
- Leyla xanım, icazənizlə öz adımızdan və oxucularımız
adından ekologiya sahəsində fəaliyyətinizə görə Sizə təşəkkür edək.
IDEA cəmiyyət üçün əhəmiyyətli olan çoxlu sayda yaradıcı layihələr
həyata keçirir. Bu layihələr hansı miqyası əhatə edir və nə
dərəcədə ölkə hüdudlarından kənara çıxır?
- Mən IDEA xətti ilə tez-tez səfərlər edirəm, təbiətdə çox vaxt
keçirirəm və hər dəfə əminəm oluram ki, insan nə qədər gözəl və
unikal şedevrlər yaratsa da, təbiətin füsunkar gözəlliyini heç nə
ilə əvəz etmək olmaz. Təbiətdə olarkən həqiqi, səmimi dincliyi,
əmin-amanlığı, həyati gücü və harmoniyanı hiss edirsən. Mən
müşahidə etmişəm ki, təbiətə yaxın yaşayan insanlar – bu,
Azərbaycana da aiddir - ona şəhərdə yaşayan insanlardan daha da
qayğı ilə yanaşırlar. Ona görə də biz meqapolislərin sakinlərini
tez-tez təbiətin qoynuna çağırırıq. Ötən bir neçə il ərzində Bakıda
və ölkəmizin bölgələrində IDEA-nın könüllüləri tərəfindən 4 milyon
ağac əkilib. Ümid edirəm ki, bu təşəbbüsümüz dəstək görəcək və
davam edəcək.
Ekoloji problemlər bütün ölkələri əhatə edir və onların həlli
yalnız kollektiv yanaşma tələb edir. IDEA məhz bu konsepsiyanı
dünya ictimaiyyətinin diqqətinə çatdırmağa və insanları, xüsusən də
gəncləri "Bir planet - bir gələcək" ("One Earth One Future") şüarı
altında birləşdirməyə çalışır.
IDEA ekoloji problemlərin həlli ilə bağlı çoxdandır ki,
Azərbaycanın hüdudlarından kənara çıxıb. Biz BMT-nin Ətraf Mühit
Proqramının (UNEP), Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin
Mühafizəsi Birliyinin (IUCN), Dünya Vəhşi Təbiətin Mühafizəsi
Fondunun (WWF) tərəfdaşlarıyıq. Regional səviyyədə isə 2013-cü ilin
oktyabr ayında həyata keçirilən Gürcüstanda 10 ceyranın birinci
reintroduksiyası layihəsini qeyd etmək istərdim. Ötən ilin may
ayında Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun
təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirildi.
Sammitdə beynəlxalq ekspertlər tərəfindən bəbirlərin mühafizəsi
sahəsində bilik və təcrübə mübadiləsi aparıldı.
Beynəlxalq layihələrdən, xüsusilə, 2014-cü ilin noyabr ayında
Londonda keçirilən Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin
Mühafizəsi Birliyinin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr
edilmiş "Bu gün burada" ("Here Today") adlı sərgini, həmçinin bu
ilin may ayından "Venesiya Biennalesi" - Beynəlxalq İncəsənət
Sərgisi çərçivəsində davam edən və işləri planetin taleyi ilə bağlı
narahatlığı əks etdirən müxtəlif ölkələrin rəssamlarını birləşdirən
"Vita Vitale" sərgisini qeyd etmək istərdim.
- IDEA Qafqaz faunasının nadir heyvan növləri olan qonur
ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin
mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşliyi" layihəsini
həyata keçirir. Bu istiqamətdə gələcək planlar haqqında öyrənmək
istərdik.
- Bu bu istiqamətdə artıq bir neçə ildir işləyirik. Həqiqətən də
bu heyvanların nəsli tükənmək üzrədir. Misal üçün, biz Qafqaz
bəbirinin dəqiq sayını müəyyən etmək və onların sonrakı mühafizəsi
üçün müşahidə kameraları quraşdırmışıq, London Zoologiya
Cəmiyyətindən (ZSL) mütəxəssislər dəvət etmişik. Hesablamalar
göstərir ki, Azərbaycan ərazisində beşdən ona qədər Qafqaz bəbiri
mövcuddur. Əlbəttə, bu göstərici çox aşağıdır və bəbirlərin sayını
artırmaq üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Bu
tədbirlərə insanları nəsli tükənməkdə olan heyvan növləri haqqında
məlumatlandırmaq, onları qorumağa çağırmaq, onların qidalanması
üçün məkanların sayını artırmaq da daxildir. 70 il əvvəl Azərbaycan
ərazisində mövcud olmuş Xəzər pələngləri kimi Qafqaz bəbirlərinin
də nəslinin tükənməsini istəməzdim. Vaxtında görülmüş tədbirlər
sayəsində biz bəbirləri tükənmək riskindən xilas edə bilərik.
Bundan əlavə, beynəlxalq mütəxəssislərlə son söhbətlərdən öyrəndim
ki, Xəzər pələnginin nəslini bərpa etmək mümkündür və ola bilsin
ki, yaxın gələcəkdə biz bu məsələ ilə məşğul olaq.
Bizim üçün yalnız nəsli tükənmiş heyvan növlərinin
reintroduksiyası və mühafizəsi vacib deyil. Bütün heyvan növlərinə
laqeyd münasibət məni çox narahat edir. Ötən il IDEA öz
fəaliyyətinə yeni bir profil – evsiz heyvanların problemini həll
etmək - əlavə etdi. Məlum olduğu kimi, hazırda bu problem yalnız
bizim regionda deyil, bütün dünyada çox aktualdır. Fikrimcə, bu
problemin iki tərəfi var. Bu, ekoloji təhlükə və əhalinin
sağlamlığına bu cür heyvanlardan gələn təhlükə və əlbəttə ki,
aclıqdan, xəstəlikdən və ya kobud münasibətdən ölən heyvanların
özlərinin ürək ağrıdan vəziyyətidir. Bununla əlaqədar bizim
təşəbbüsümüzlə Bakıda evsiz heyvanlar üçün sığınacaqların tikilməsi
layihəsi həyata keçirilir. Bu layihənin cari ilin payızında başa
çatdırılması planlaşdırılır.
- Vitse-prezidenti olduğunuz Heydər Əliyev Fondu bu gün
nəinki Azərbaycan, eləcə də bir çox ölkələrin ictimai həyatında
fəal iştirak edir. Müxtəlif xeyriyyə layihə və proqramlarını həyata
keçirməklə yanaşı, Fond aktiv şəkildə Azərbaycanı bütün dünyada
təbliğ edir. Əlbəttə, Fondun layihələri çoxlu saydadır. Ancaq belə
bir sual vermək istərdik – bu layihələrdən hansılar Sizə daha
yaxındır?
- Heydər Əliyev Fondunun fəaliyyət spektri həqiqətən geniş və
müxtəlifdir. Biz ən müxtəlif istiqamətlərdə - xeyriyyəçilik,
təhsil, ekologiya, həmçinin mədəniyyət, incəsənət, səhiyyə, idman
və İKT sahələrinin inkişafına yönəlmiş bir çox layihələri uğurla
həyata keçiririk.
Əksər layihələr mənim üçün xüsusi qürur mənbəyidir. Bu, bu və ya
digər sahənin inkişafına köklü şəkildə təsir edən yeni
təşəbbüslərin irəli sürülməsindən duyulan qürurdur. Çox vaxt biz
layihəni başlayırıq, sonradan dövlət bu təşəbbüsümüzü dəstəkləyir.
Məsələn, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsində olduğu
kimi. Bu layihə çərçivəsində 400-dən çox məktəb tikildi və təmir
edildi. Dövlət bu proqramı davam etdirdi və Azərbaycanda təqribən 3
min məktəb təmir olundu.
Azərbaycanı xaricdə layiqincə təmsil etdiyimiz,
mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verdiyimiz və
tolerantlıq ənənələrini qoruyub saxladığımız üçün fəxr edirik.
Venesiya Biennalesində bütün qonaqlar və turistlərin məhz
Azərbaycanın pavilyonu ilə maraqlandığını, bütün Venesiyanın bizim
pavilyondan danışdığını gördüyümdə təsvirolunmaz sevinc və qürur
hissi yaşadım.
Sosial cəhətdən həssas vətəndaş qruplarına – fiziki əngəlli
insanlar, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara
yönəlmiş layihələr mənim üçün xüsusi əhəmiyyət daşıyır. "Uşaq
evlərinin və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində
Fond tərəfindən 32 uşaq müəssisəsi yeni avadanlıqla təchiz olunmuş
və əsaslı surətdə təmir edilmişdir. Həmin uşaqların beynəlxalq
müsabiqələrdə iştirakını təmin edirik, effektiv istirahət və
əyləncə təşkil etmək məqsədilə onları xaricə tətilə göndəririk.
Həmçinin başqa ölkələrdə belə müəssisələrdə tərbiyə alan uşaqlara
Azərbaycana gəlmək və ölkəmizlə tanış olmaq imkanı yaradırıq.
Fondun səhiyyə sahəsində göstərdiyi fəaliyyət mənim üçün çox
əhəmiyyətlidir. Artıq bir neçə ildir ki, diabetdən əziyyət çəkən 14
yaşına kimi uşaqları müntəzəm şəkildə lazımi insulin miqdarı ilə
təmin edirik, onlar üçün yay düşərgələri təşkil edirik. Heydər
Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzi, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, Daun Sindromlu
Uşaqların Reabilitasiya Mərkəzi də daxil olmaqla,
ixtisaslaşdırılmış tibb müəssisələri inşa edilib.
Talassemiya problemi məni daha çox narahat edir. Azərbaycan
talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il
respublikamızda bu diaqnozla 200-dən çox uşaq dünyaya gəlir.
Problemin ciddiliyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2005-ci
ildə "Talassemiyasız həyat naminə" layihəsinin reallaşdırılmasına
başladı. Bu layihə çərçivəsində regionda ən böyük Talassemiya
Mərkəzi inşa etdik. Bu mərkəzdə Azərbaycanda ilk dəfə olaraq onurğa
beyninin köçürülmə əməliyyatları keçirilir. Yaxın gələcəkdə
Azərbaycanda talassemiyanın aradan qaldırılması üzrə daha böyük
miqyaslı proqramların həyata keçirilməsi planlaşdırılır.
Ümumiyyətlə, bütün layihələr mənim üçün eyni dərəcədə
əhəmiyyətli və vacibdir. Hər yeni layihə cəmiyyətin həyatına
qoşulmaq, sosial əhəmiyyətli ideyaların dəstəklənməsi deməkdir. Ona
görə biz insanlara daha çox faydalı ola biləcək sahələri seçirik.
Qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun layihələri həmişə
böyük uğurla həyata keçirilib. Sanki xeyriyyə layihələrinin
reallaşdırılmasında xeyirxah qüvvələr bizə kömək edirlər.
- Mədəniyyətlərarası dialoqun genişlənməsində humanitar
layihələrin rolunu necə qiymətləndirirsiniz və Heydər Əliyev Fondu
tərəfindən bu istiqamətdə hansı layihələr
reallaşdırılıb?
- Müasir dünyanın bugünkü reallıqları, gərginləşən münaqişələr
mədəniyyətlərarası dialoqun inkişafına mane olan problemləri aradan
qaldırmağa yardım edəcək humanitar platformaların yaradılmasını
tələb edir. Beynəlxalq mədəni-humanitar əməkdaşlıq - dövlətlər
arasında qarşılıqlı anlaşmanı gücləndirmək, ziddiyyətləri aradan
qaldırmaq və xalqları yaxınlaşdırmaq üçün ən səmərəli alətdir və
Heydər Əliyev Fondu bundan çox uğurla istifadə edir. Biz hər bir
layihəmizlə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və səbir
kimi ümumbəşəri dəyərlərin bərqərar olunmasına töhfə verməyə
çalışırıq.
Heydər Əliyev Fondu Berlin qəsrinin, Versal sarayının parkında
qədim abidələrin, Luvr Muzeyinin, Vatikanın arxivlərində saxlanılan
orta əsrlərə aid əlyazmaların, Romanın Kapitoli Muzeyində
"Filosoflar zalı"nın bərpasına yardım edib.
Biz Gürcüstan, Niderland, Misir, Rumıniya, Rusiya və Pakistanda
bir neçə məktəbi yenidən qurmuş və əsaslı təmir etmişik, Beninin
Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin inkişafına
maliyyə vəsaiti ayırmışıq (ERA), Kolumbiyanın Uşaqlara qarşı
zorakılıqların qarşısının alınması üzrə Şəbəkə Fonduna yardım
göstərmişik. Heydər Əliyev Fondu insanların dəstəyə ehtiyacı
duyduğu yerdə olmağa çalışır. Biz Haiti, İran, Türkiyə və
Pakistanda zəlzələlərin, eləcə də Rumıniyada təbii fəlakətin
nəticələrinin aradan qaldırılması üçün maddi yardım
göstərmişik.
Ölkənin kilsə və sinaqoqlarında təmir-bərpa işləri, Bakıda
yəhudi uşaqları üçün təhsil mərkəzinin açılması, Fransanın
bölgələrində yerləşən kilsələrin, müqəddəs Roma katakombalarının
bərpasında iştirakımız və Həştərxanda Müqəddəs Knyaz Vladimirin
şərəfinə abidənin ucaldılması da müxtəlif xalqlar və konfessiyalar
arasında qarşılıqlı hörmət və dostluq münasibətlərinin
genişlənməsinə xidmət edir.
- Siz "Xocalıya Ədalət" kimi mühüm bir kampaniyanın
təşəbbüskarısınız. Bu kampaniya bütün dünyada insanları
birləşdirib. Dağlıq Qarabağdakı hadisələr haqqında həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün işi hansı istiqamətlərdə
fəallaşdırmaq lazımdır?
- Xocalı bizim dərdimizdir və bu faciə haqqında, eləcə də
ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır.
Beynəlxalq birlik bəşəriyyətə qarşı törədilmiş bu cinayətə hüquqi
qiymət verməlidir və bizim məqsədimiz tarixi ədaləti bərpa etmək,
cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin
mühakiməsinə verməkdir. Gələcəkdə bu münaqişənin ədalətli həllinə,
Azərbaycanın ərazi bütövlüyünün bərpasına qədər biz bu istiqamətdə
fəaliyyətimizi davam etdirəcəyik.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində 2009-cu ildən
etibarən hər il silsilə tədbirlər keçirilir, dəhşətli faciənin
ildönümü ürək ağrısı ilə dünyanın müxtəlif ölkələrində qeyd edilir.
Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina,
Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin
parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunvericilik
orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını
tanıyıblar.
Biz tez-tez Ermənistanın beynəlxalq ictimai fikri Xocalıda
törətdikləri ilə bağlı yanlış istiqamətə yönəltmək istədiyinin
şahidi oluruq. Buna görə də rəsmi dövlət qurumları ilə yanaşı, bu
gün hər birimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
azərbaycanlılara qarşı soyqırımı siyasəti haqqında həqiqət və
faktların beynəlxalq ictimaiyyətə çatdırılmasına yönəldilən
müntəzəm fəaliyyət göstərməliyik. Biz erməni təbliğatı tərəfindən
səylə yayılan yalan və böhtanın ifşasında fəal iştirak etməliyik.
Biz dünya ictimaiyyətinə öz kökləri ilə ötən əsrlərə gedib çıxan
münaqişənin tarixini göstərməliyik. Misal üçün, Heydər Əliyev
Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi
1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının beş qəzasının
- Bakı, Şamaxı, Quba, Cavad və Göyçayın müsəlman əhalisinin
soyqırımı tarixini əks etdirir.
Bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın tarixi reallıqları
haqqında məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən
irimiqyaslı iş aparılıb. Münaqişənin mahiyyətini əks etdirən çoxlu
sayda çap məhsulu dərc edilib, sərgilər keçirilib, Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə "Sonsuz dəhliz" filmi
çəkilib. Sarayevoda Srebrenitsa və Xocalı soyqırımı qurbanlarının
xatirəsinə abidə ucaldılıb. Hazırda Xocalı soyqırımı qurbanlarının
xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda memorial kompleksinin
yaradılması ilə bağlı işlər aparılır.
Bir sözlə, "Xocalıya ədalət" kampaniyası çərçivəsində işlər
yalnız 26 fevral ərəfəsində deyil, bütün il ərzində aparılır. Biz
bu istiqamətdə fəaliyyətimizi azaltmamağa çalışırıq və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti
və onların ölkəmizə vurduqları zərər barədə bütün dünyanı
məlumatlandırmaq üçün əlimizdən gələni edirik.
- Leyla xanım, Siz müvəffəqiyyətlə və səmərəli surətdə
işləyən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT)
sədrisiniz. Bundan əlavə, bu gün RAGT-nin təcrübəsindən digər
təşkilatlar da istifadə edir. Bu gün bu təşkilat Azərbaycan və
Rusiyanın qarşılıqlı münasibətlərinə nə kimi
töhfəverir?
-Bu gün RAGT Azərbaycanın hüdudlarından kənarda fəaliyyət
göstərən ən fəal gənclər təşkilatıdır. Təşkilat yaradıldığı zaman
əsas məqsədlərdən biri Rusiyadakı azərbaycanlı gəncləri
birləşdirmək və əlaqələrini möhkəmləndirmək idi. Biz həqiqətən də
buna nail olduq. Təşkilatın coğrafiyası Rusiyanın 70-dən çox
bölgəsini əhatə edir. Praktiki olaraq bütün universitetlərdə
azərbaycanlı gənclər klubu mövcuddur. RAGT bütün digər təşkilat və
klubları salamlayır və onlara yardım etməyə hazırdır, çünki biz
hamımız bir məqsəd güdürük - Rusiyada Azərbaycanı layiqincə təmsil
etmək.
RAGT fəalları daima yeni təşəbbüslər irəli sürür, uşaq evlərinə
baş çəkir,uşaqlara, tələbələrə yardım edirlər. Vaxtaşırı RAGT-nin
konfransları təşkil olunur. Biz "Qanın milliyyəti yoxdur!", "Sağlam
olduğuna əmin ol, xəstəliyə yox de!" aksiyaları keçiririk. Pulsuz
qanvermə aksiyasında hər il yüzlərlə gənc iştirak edir, toplanmış
qan həcmi isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların
müalicəsinə yönəldilir.
Zənnimcə, ən əsası səmimi, saf, insani münasibətlərdir. Bizim
vəzifəmiz azərbaycanlı gənclərin rusiyalı yaşıdları ilə həmişə
mehriban münasibətdə olmasıdır. Bizim Vətənini sevən çox ağıllı və
istedadlı gənclərimiz var. Hesab edirəm ki, Azərbaycan və Rusiya
xalqları arasında dostluq əlaqələrinin saxlanması və
möhkəmlənməsinə veriləntöhfə RAGT-nin Azərbaycan və Rusiyanın
qarşılıqlı münasibətlərinə əsas töhfəsidir.
- Bakıda keçirilən Birinci Avropa Oyunlarıyla Azərbaycan
öz inkişafının yeni mərhələsinə daxil oldu. Biz hamımız bilirik ki,
gələcəkdə Azərbaycanı daha çox belə gözəl hadisələr gözləyir,
ancaq, ən yadda qalan isə əlbəttə ki, birinci olur. Siz bu Oyunlara
hansı qiyməti verə bilərsiniz?
- Təbrikdən başlamaq istəyirəm. İlk növbədə, parlaq nəticələr
qazandıqları üçün Azərbaycanın yığma komandasını təbrik etmək
istəyirəm. Eyni zamanda, bizə qürurlu və sevincli dəqiqələr bəxş
etdiklərinə görə, idmançılarımıza təşəkkür etmək istəyirəm. Biz
birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə fəxr edirik.
Bu Oyunlar Avropa idmanının tarixində yeni səhifə açdı. Birinci
Avropa Oyunlarını qəbul etmək və keçirmək bizim ölkəmiz üçün böyük
şərəf və böyük məsuliyyət idi. Sevindirici haldır ki, bütün bu vaxt
ərzində gənclər, çoxsaylı könüllülər kömək etmək arzusunu ifadə
edirdilər. Onlar bütün hazırlıq proseslərində iştirak edirdilər.
Əlbəttə, nə qədər yaxşı və yüksək səviyyədə Oyunlar hazırlansa da,
könüllülərin köməyi olmadan keçirilə bilməzdi. Onların böyük səylə,
məsuliyyətlə və həvəslə öz işlərini yerinə yetirimələri Avropa
Oyunlarının müvəffəqiyyətinin əhəmiyyətli elementlərindən biri
oldu.
Biz əhalinin yüksək fəallığını müşahidə edirdik, bütün zallar
tamaşaçılarla dolu idi. Biz anlayırdıq ki, Bakı Oyunları bütün
gələcək Oyunların standartlarını müəyyən edəcək. Böyük nüfuzlu
yarışların təşkilində milli təcrübəni və böyük idman ənənələrinin
olmasını nəzərə alaraq biz hamımız inanırdıq ki, Azərbaycan bu
Oyunları mütləq ən yüksək səviyyədə keçirəcək. Və bu gün biz
hamımız şahidləriyik ki, yarışlar ədalət, sağlam rəqabət, dostluq
və həmrəylik şəraitində keçirildi və müxtəlif ölkələri, xalqları,
insanları bir araya toplayaraq həm qonaqlar, həm də bakılılar üçün
möhtəşəm idman bayramı oldu. İndi Oyunların keçiriləcəyi istənilən
başqa ölkəyə çox çətin olacaq, çünki artıq müqayisə ediləsi çox
yaxşı təcrübə var.
- Siz "Bakı" jurnalının baş redaktorusunuz, buna görə də
fikrinizi bilmək çox maraqlıdır, müasir KİV-in qarşısında duran
hansı çağırışları görürsünüz? Sizcə bu gün oxucuya nələrin
çatdırılması əhəmiyyətlidir?
- "Bakı" jurnalında Azərbaycanın tarixi, mədəniyyəti, keçmişi və
bugünkü günü haqqında maraqlı materiallar dərc edilir. Nəşr geniş
beynəlxalq auditoriyanın arxitekturanın şah əsərləri ilə evlərin,
teatrların, muzeylərin qədim fasadlarının unikal müasir
komplekslərlə harmonik birləşdiyi bizim gözəl Bakımızla tanış
olması məqsədi ilə dərc olunur. Biz Azərbaycanın qədim tarixi,
zəngin mədəniyyəti və valehedici təbiətini əhatə etməyə çalışırıq,
dahi rəssamlardan, yazıçılardan, bəstəkarlardan və hətta öz tarixi
olan, Bakıya sevgisi olan sadə insanlardan söz açırıq. Yəni, bizim
jurnalımızın funksiyaları əsasən, maarifləndiricilikdir.
Bu gün qlobal problemlər bizi əhatə edir. Bu həm hərbi, həm
ekoloji təhlükə təhdidləri, həm qlobal iqtisadi, demoqrafik
problemlər, yoxsulluğun, aclığın və savadsızlığın aradan
qaldırılması məsələləridir. KİV-lər müasirliyin çağırışlarına cavab
verə, eyni zamanda məlumat vermənin və ictimai rəyin
formalaşmasının funksiyalarını düzgün yerinə yetirə bilməlidir.
Geniş miqyasdan və işıqlandırılan hadisənin mövzusundan asılı
olmayaraq, auditoriya KİV-dən həmişə operativliyi, qərəzsizliyi və
aktuallığı gözləyir.
Qeyd etmək istəyirəm ki, RAGT xətti üzrə biz jurnalistika
fakultəsində təhsil alan Azərbaycan gənclərini dəstəkləyirik.
İstəyərdim ki, bu sahədə bizim mütəxəssislərimiz daha çox olardı və
onda bizim səsimiz daha uca eşidilərdi.
- Sizin həyatınızda əhəmiyyətli yeri yaradıcılıq -
şeirlər, rəsmlər tutur. Siz nə zamansa demisiniz ki, rəsm çəkmək -
böyük həzdir, amma əgər alınmırsa, ilhamı gözləmək lazım olur.
Sizin ilham mənbəyiniz nədir?
- Düşünürəm ki, ilhamın əbədi mənbəyi mövcud deyil. Yaradıcı
insanlar onları əsaslandıra biləcək yeni nəyisə axtarırlar. Mən
deyərdim, bütün gözəlliklər ilham mənbəyidir. Bu sevgidir, bütün
onun təzahürlərində, insanlara sevgi, təbiətə sevgi, həyata sevgi,
həyat – ilham mənbəyidir.
Demək istəyirəm ki, tez-tez çoxları mənim şeirlərimi
emosiyalarımla və əhval-ruhiyyəmlə bağlayırlar və hesab edirlər ki,
bəzən onlar çox kədərlidirlər. Amma əslində, mənim şeirlərim həmişə
kədərli deyillər və onlar mənə şəxsən aid deyillər. Şeirlər insanın
ruhi vəziyyətini və daxili həyəcanını bütovlükdə əks etdirir. Bir
neçə dəfə qeyd etmişəm ki, mən dünyaya pozitiv köklənmişəm, müsbət
əhval-ruhiyyə, insanların mərhəməti, xeyirxah fikirlər şər üzərində
xeyrin qələbəsinə əminlik dünyanı daha yaxşı etməyə kömək edir. Bu
da mənə ilham verir.
- Rəsm çəkmək daha çox xoşunuza gəlir, yoxsa şeir
yazmaq?
- Rəsm çəkməyi daha cox xoşlayıram. Rəsm çəkmək daha çox vaxtımı
alır. Rəsm çəkəndə məndə elə hiss yaranır ki, sanki vaxt "başqa
ölçüdə uçur". Bəzən digər işlərə çox az vaxt qalır. Bəzən mən özümə
söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm, amma "yarım
saat"dan sonra saata baxanda görürəm ki, dörd saat keçib. Əlbəttə,
əgər mənim daha çox boş vaxtım olsaydı, daha çox çəkərdim. Bəlkə
buna görə də mən saatı tez-tez çəkirəm. Vaxt nəzarət etmək mümkün
olmayan, eyni zamanda, həmişə çatmayan nəsnədir. Hərçənd mən
inanıram ki, vaxt da sən etdiyindən asılı olaraq "cürbəcür
uçur".
Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir ideya və ya fikir
yarandısa, şeir yazmaq yalnız beş dəqiqə vaxt aparır. Əsas odur ki,
eyni vaxtda düşünəsən və mövzunu hiss edəsən. Amma bu zaman mən
başqa heç nə haqqında düşünə bilmirəm. Və əgər mən ictimai yerdə,
insanların əhatəsindəyəmsə, bu sətirləri yazıb bitirənə qədər heç
nə görmür və eşitmirəm.
Şeirlərimi birinci olaraq anama və bacıma oxuyuram.
Yaradıcılığıma aid fikir mənim üçün çox əhəmiyyətlidir və mən onu
ürəyimə çox yaxın qəbul edirəm. Əlbəttə, müsbət rəylər mənə daha
çox ilhamlandırır. Başqalarına öz əsərlərimi göstərmək,
təəssüratlarımı bölüşmək istəyirəm. Buna görə də ümid edirəm ki,
çox tezliklə şeirlər kitabımı dərc etdirə biləcəyəm və ola bilər
ki, işlərimin sərgisini təşkil edim. İstərdim ki, öyrənməyə və daha
peşəkar səviyyədə inkişaf etməyə davam edim.
- Siz yaradıcı insan olaraq, müasir incəsənətin
təbliğinə böyük əhəmiyyət verirsiniz, lakin çox əhəmiyyətlidir ki,
milli yaradıcılığın ənənələrini və köklərini də unutmursunuz. Bunu
bütün tədbirlərdə, müxtəlif sərgilərdə və biennaledə də görmək
olar. Sizcə, keçmişlə indiki zaman arasında sintez nə dərəcədə
mümkündür və bu, müasir incəsənətdə necə əks olunur?
- Mənə gəlincə, şəxsən mən rəssamlığın tərəfdarıyam. Hesab
edirəm ki, ən yeni texnologiyaların dili - video-incəsənət əsərləri
və müasir instalyasiyalar rəsm əsərlərinin yaratdığı hisslərin
harmoniyasını çatdırmaq qabiliyyətində deyil. Axı əsəri gözəl edən
məhz rəssamın öz işinə canını - ruhunu qoymasıdır. Mən muzeylərdə
və qalereyalarda çox vaxt keçirirəm. Hətta saatlarla sərgilərdə ola
bilərəm. Tez-tez fikirləşirəm ki, niyə bəzi rəsmlər daha çox xoşuma
gəlir, bəziləri isə yox. Düşünürəm ki, yenə də bütün məsələ
rəssamın öz işinə can qoymasıdır ki, bu da rəsmlərdə əks
olunur.
- Bu yaxınlarda icraçı prodüseri olduğunuz "Əli və Nino"
filminin çəkilişləri başa çatıb. Niyə məhz "Əli və
Nino"?
- Məhz bu romana müraciətin əsas səbəbi müstəqillik mövzusudur.
Romanda mühüm tarixi əhəmiyyəti olan Azərbaycan Xalq
Cümhuriyyətinin təşəkkülü mövzusuna toxunulur. Müstəqillik
istənilən azərbaycanlı üçün əhəmiyyətli və əzizdir.
Bundan başqa, biz hətta 100 il sonra əks-səda doğuran səmimi və
təmiz sevginin tarixi haqqında əsəri ekranlaşdırmaq və
mədəniyyətlərin və dinlərin qarşılıqlı təsiri məsələlərini
göstərmək istədik. Romanda Bakının siyasi, etnik və mədəni həyatı
çox aydın təsvir edilir. Bu romanın məhz Azərbaycanda
ekranlaşdırılmasını ona görə istəyirdim ki, filmin çəkilişləri
kitabda təsvir edilən yerlərdə aparılsın. Bakıdan başqa, çəkilişlər
Gədəbəy, Quba rayonunun Xınalıq kəndi və Qobustanda da
aparıldı.
"Əli və Nino" şah əsərdir və onu ekranlaşdırmaq böyük
məsuliyyətdir. Biz filmin istehsalı üzrə işə istedadlı insanları
cəlb etdik. Olduqca gözəl əsərin ekranlaşdırılması üçün çox gözəl
kollektiv toplaşdı, səmərəli çəkiliş prosesi üçün hər cür şərait
yaradıldı. Mən praktiki olaraq hər gün çəkilişlərə gedirdim, biz
birlikdə çox vaxt keçirirdik və işlər başa çatanda çox kədərləndim.
Aktyorlara və filmlərin yaradıcılarına necə çətin olduğunu anladım,
axı onlar üçün kollektivdə daimilik yoxdur.
Mühüm faktı qeyd etmək istəyirəm: filmin istehsalı üzərində
dünyanın müxtəlif ölkələrindən insanlar işləyirdilər ki, bu da,
əlbəttə, filmə marağı daha da artıracaq. Bütün aktyor heyəti,
çəkiliş qrupu – filmin yaradılmasında iştirak edən hər kəs, çox
istedadlı insanlar, öz işinin ustaları - əllərindən gələni etdilər
ki, film maraqlı alınsın. Düşünürəm ki, filmi böyük uğur
gözləyir.
- Siz çox gözəl uşaqların anasısınız. Sizcə, uşaqlıqdan
öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları
hansılardır? Siz bunu necə edirsiniz?
- Uşaqlar – ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir
yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır,
nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara
gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var.
Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə
hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə
düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı
verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək
lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama
qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları
qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və
qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram,
xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst
və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə
oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə
görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq.
Mən onları müsbət ruhda kökləyirəm.
Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə
danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla,
incəsənətlə maraqlanırlar. Mən daim onlara kitablar oxuyuram və
çalışıram ki, onlar kompüter arxasında daha az vaxt keçirsinlər.
Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə
sevə-sevə xatırlasınlar, yada salsınlar.
- Leyla xanım, Siz öz yubileyinizi qeyd edirsiniz.
İcazənizlə, Sizi ad gününüz münasibətilə təbrik edirik, Sizə və
bütün doğmalarınıza cansağlığı, əmin-amanlıq və hər bir işinizdə
uğurlar arzulayırıq. Ad gününüzü necə qeyd edəcəksiniz?
Oxucularımıza nə arzulayardınız?
- Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad
günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim. Bu
gün isə istəyirəm ki, ad günümdə mənə ən yaxın və ən əziz olan
insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində
olum. Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca
xoşbəxtlik arzulayıram.