Yaxın Şərqdə vəziyyət artıq
pik nöqtəsinə çatıb. Rusiya və İranın bölgədə vahid hərəkəti,
Moskvanın öz qoşunlarını Suriyaya göndərməsi Qərb ölkələrini
narahat edir. Lakin istənilən təzyiqə baxmayaraq, Rusiyanın bu
addımından geri çəkiləcəyinə ümid edilmir. Üstəlik, bu proseslərin
hökm sürdüyü bir zamanda İranla "Altılıq" ölkələri arasında nüvə
razılaşmasının imzalanması və Tehrana qarşı sanksiyaların yaxın
müddət ərzində ləğv edilməsi Yaxın Şərqdə yatmış aslanın yenidən
oyanmasına səbəb olacaq. Yaxın Şərqin gələcək taleyini müzakirə
etmək üçün rusiyalı politoloq Sergey Biryukova müraciət
etdik:
- Cənab Biryukov, İran üzərindən sanksiyalar götürülür.
Bu, təbii ki, İranı gücləndirəcək. Rəsmi Bakını narahat edən
məqamlardan biri İranın bəzi dairələrində dəfələrlə Azərbaycanın
"Şimali İran" olması ilə bağlı səsləndirilən fikirlərdir.
Maraqlıdır, Qərbin sanksiyalarından canını qurtaran ölkə
Azərbaycana qarşı xarici siyasətini bu tezis üzərində qura
bilərmi?
- Məncə İrana qarşı sanksiyaların ləğvindən sonra Tehran çətin
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edən hansısa
fəaliyyət həyata keçirsin. Sanksiyalar mərhələli şəkildə ləğv
ediləcək və İran rəhbərliyi Qərblə əlaqələrin qurulmasında
maraqlıdır. Tehran özünü riskə atmayacaq. Çox güman ki, bu
ssenariyə Azərbaycanla partnyorluq münasibətləri quran Avropa
Birliyi də qarşı çıxacaq. Bundan başqa Bakı ilə ənənəvi dostluğu
olan Türkiyə və Zaqafqaziyada destablizasiya istəməyən Rusiya da bu
tip halın baş verməsinə imkan verməyəcək. "Şimali İran"
konsepsiyasının tərəfdarları yaxın zamanlarda rəsmi Tehranın xarici
siyasətini müəyyənləşdirməyəcəklər.
- İran hər zaman Qərbin "qara siyahısın"da olub. Bu
sanksiyaların ləğvi tufanqabağı sakitlik adlandırıla
bilərmi?
- Yaxın Şərqdə situasiya həqiqətən də çox ağırdır. Lakin İran
üzərindən sanksiyaların götürülməsi çətin ki hansısa müharibənin
başladılması üçün bəhanə ola bilər. İran rəhbərliyi heç bir halda
xarici siyasətinin uzun illər ərzində formalaşdırdığı təktərəfli
təcrid olunmaya izn verməyəcək. Praqmatik olan Ruhani ilə təmsil
olunan rəsmi Tehran özünün istənilən birtərəfli fəaliyyətinin hansı
nəticələrə gətirib çıxaracağını pis hesablamır. Tehranın hansısa
genişmiqyaslı hərbi konfliktə girəcəyi o qədər də inandırıcı
görünmür.
- Amma ABŞ Yaxın Şərqdə üç dövləti – Suriyanı, İraqı və
Əfqanıstanı demək olar ki, yox edib. Artıq illərdir ki, İranın da
bu siyahıya daxil olduğu iddia edilir...
- Məncə, Çin, Rusiya və İran arasında olan qeyri-rəsmi alyans
Qərb ölkələrinin İrana qarşı hansısa addımlar atmasına imkan
yaratmır. İndiki dövrdə nə ABŞ, nə də Avropa Birliyi bunda
maraqlıdır.
- Bəs o zaman niyə dünyanın bəlkə də sakitlik tanımayan
yeganə regionu Yaxın Şərqdir?
- Qərb siyasi cəhətdən vahid deyil. Okeanın o tayında olan
qüvvələr regionda idarəolunan xaos şəraitinin hökmran olmasında
maraqlıdırlar. Lakin Avropa Birliyinin maraqları fərqlidir. Brüssel
Yaxın Şərqdə stabilliyin hökm sürməsini və proqnozlaşdırıla bilən
siyasətin olmasını daha çox istəyir.
- Lakin bir sıra müsəlman ölkələrin liderləri Qərb
ölkələrini Yaxın Şərqdə "Böyük İsrail" yaratmaq istəməkdə
günahlandırırlar...
- Yaxın Şərq miqyasında "Böyük İsrail" proyekti daha çox tarixi
keçmişə məxsusdur. ABŞ aktiv şəkildə ərəb rejimləri ilə "parçala və
hökm et" siyasəti əsasında çalışır. Bu ölkələrdə öz təsirini
müxtəlif kanallarla gücləndirir. Yəni Vaşinqtona bu tip siyasi alət
öz maraqlarının reallaşdırılması üçün sadəcə gərəkli deyil.
- Maraqlıdır ki, Rusiya da Yaxın Şərqə geri dönməyə
çalışır. Əfqanıstan və Misir təcrübələrindən sonra Moskva bir daha
niyə geri qayıdır?
- Rusiya, əslində, özünün Suriya ilə münasibətlərdə üzərinə
götürdüyü müttəfiqlik öhdəliklərini yerinə yetirməyə cəhd edir. Bu,
1982-ci ilin ikitərəfli razılaşmasına əsasən, Moskvanın üzərinə
götürdüyü öhdəlikdir. Hazırkı situasiyada Bəşər Əsəd rejiminin tam
olaraq devrilməsi və İŞİD-in Yaxın Şərq regionunu bundan sonra
ekspansiya etməsi buraya daxil olan dövlətlərin çoxu üçün geosiyasi
fəlakət olacaq. Rusiyasız İŞİD-ə qarşı yaradılan koalisiya təsəvvür
edilə bilməz.
- Görünür, Yaxın Şərqin xəritəsi yenidən
formalaşdırılacaq.
- Yaxın Şərqin siyasi xəritəsinin dəyişilməsi bizim gözlərimiz
qarşısında baş verir. Artıq bəzi dövlətlər praktiki olaraq
dağıdılıblar, yerdə qalanların hər birində isə qeyri-stabillik
yaradılıb. Aydındır ki, artıq sərhədlərin əvvəlki struktur və
sisteminə yenidən qayıtmaq mümkün olmayacaq.