Tolerantlıq siyasətinin
göstəricisi kimi provaslavların çoxluq təşkil etdiyi bir dövlətdə
müsəlman dini məbədinin istifadəyə verilməsi müsbət haldır. Burada
əslində Rusiyanın yeni xarici siyasətinin işartıları görünür. Biz
bunu xüsusi olaraq dəvət edilən dövlət başçılarının timsalında da
müşahidə etdik.
Bu barədə Axar.az-a sentyabrın 23-də Moskvada məscid açılışında
yaxından iştirak etmiş Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun
Ekspertlər Şurasının üzvü, Slavyan–Türk birliyi hərəkatının lideri
Adıgözəl Məmmədov müsahibəsində deyib.
- Dünya liderləri Moskvaya böyük məscid açılışına
toplansalar da, bir çox xarici siyasi şərhçilər səfər çərçivəsində
baş tutan görüşlərin əhəmiyyətini xüsusilə qeyd edirlər. Necə
düşünürsüz, Moskva görüşləri bir çox məsələlərin müzakirəsi
baxımından kulminasiya rolunu oynaya bilərmi?
- Bu görüş yeni slavyan-türk coğrafiyasında artıq müsəlman
varlığını qəbul edən Rusiyanın islamafobiyanın geniş yayıldığı
Avropa və Amerikaya bir mesajı idi. Fələstin rəhbərinin görüşə
dəvət olunması isə ümumilikdə ərəb dünyasına bir ismarıc kimi
qiymətlərdirilə bilər. Sanki tarix təkrar olunur. Açılış
mərasimində çox maraqlı bir nüansı nəzərinizə çatdırmaq istərdim.
Rusiya prezidentinin iştirak etdiyi bir mərasimdə Türkiyə dövlət
başçısı Rəcəb Tayyib Ərdoğanla buradakı imamlardan biri arasında
söhbət türk dilində gedirdi. Bu, Rusiyada türk kimliyinin
möhkəmlənməsinin bariz nümunəsidir. Mövcud vəziyyətdə Rusiyanın
Avropa dövlətləri ilə postsovet məkan sərhədinə baxdıqda, içi
Rusiya qarışıq bütün ölkələrin müəyyən mənada öz siyasətləri var.
Rusiyada demoqrafik boşluq böyüyür. Ölkədə rusların sayı kəskin
şəkildə azalır. Rusiya öz qapılarını nə ərəblərə, nə də ki
çinlilərə aça bilər. Ancaq Orta Asiya və türkdilli xalqlara bu
qapılar hər zaman açıqdır. Buna görə də Rusiya slavyan-türk
coğrafiyası kontekstinə getmək məcburiyyətindədir. Bu reallığı
artıq onlar da başa düşürlər. Sözügedən konsepsiyanın lokomotivi
olaraq Azərbaycan bu anlamda böyük rol oynaya bilər. Konsepsiyanı
istəməyən bədnamlar bu məsələnin qarşısında hazırda çox ciddi sədd
qurmağa çalışsalar da, artıq düşünülmüş siyasətlər yerlə bir olmaq
üzrədir. Belə olan halda isə biz artıq Qarabağ məsələsini gündəmə
gətirə bilərik. Təsəvvür edin, slavyan-türk birliyi konteksində
yuxarıda Rusiya yaxud Belarus, aşağıda isə türk coğrafiyasının
rəhbər insanları paritet danışıqlar aparır. Bu danışıqlarda isə
artıq güzəşt məsələsinin gündəmə gətirilməsi mümkündür.
- Azərbaycan Prezidenti İlham Əlieyev də Moskvada açılış
mərasiminə dəvət edilən xüsusi rəhbərlər sırasında idi. Ölkə
başçısının bu səfərə qatılmaması çox güman ki, siyasi səbəblərdən
irəli gəlir. Bu barədə fikirləriniz maraqlı olardı.
- Moskvada dövlət dumasında bir çox siyasi şəxslər və millət
vəkilləri ilə şəxsi görüşlərim oldu. Azərbaycana və Dağlıq Qarabağ
məsələsinə yanaşma yekcins deyil. Təsəvvür edin, bir qrup
siyasətçiyə görə, mübaribəni uduzan tərəf Azərbaycan güzəştə
getməli, Laçın, Kəlbəcər və Dağlıq Qarabağdan imtina etməlidir.
Digər tərəf isə düşünür ki, Azərbaycan və Ermənistan siyasi
rəhbərləri ümumi razılığa gəlməlidir. Azərbaycanın siyasi
rəhbərliyi reallıqda Dağlıq Qarabağ məsələsinə olan münasibəti
bilir. Buna görə də müharibə məsələsi gündəmdə saxlanılmalıdır.
Əminliklə deyə bilərəm ki, Azərbaycan əzəli torpaqlarını geri
qaytarmaq istəyirsə, nə Rusiya, nə də Amerika status-kvonun bərpası
üçün heç nə etməyəcək. Məsələn, Jirinovskinin adamları deyir ki,
rus əsgəri kiməsə görə vuruşan deyil. Bu baxımdan da Ali baş
komandanın Moskvaya səfər etməməsi anlaşılandır. Ölkə rəhbərliyi
heç də məğlubiyyətlə barışmayıb, əksinə, Qarabağda onun əmrini
gözləyən güclü ordusu var və bu ordu hər an hərəkətə keçməyə
hazırdır.
- Adıgözəl müəllim, Dağlıq Qarabağ məsələsinin həlli
prosesinin bu cür davam etdirilməsi artıq nə Rusiyaya, nə də ki
Qərbə sərf edir. Vəziyyət dalana dirənib. Ermənistan-Azərbaycan
cəbhə xəttindəki son vəziyyət heç də ürəkaçan deyil və bu, müharibə
ehtimalını artırır.
- Göz qabağındadır ki, Dağlıq Qarabağla bağlı danışıqların
imitasiyası aparılır. Problemin həlli Ermənistan rəhbərliyinin
qeyri-konstruktiv mövqeyinə görə axsayır. Bu, bir daha müharibə
aktuallığını gündəmə gətirir. Zənnimcə, Azərbaycan hətta müharibəyə
hazır olduğunu hər an göstərməlidir. Prezident İlham Əliyevin son
mesajları da məhz buna işarədir.
- Yaxın Şərq böhranı fonunda və hazırkı geosiyasi
şəraitdə Dağlıq Qarabağ məsələsinin sülh yolu həllini necə
görürsüz?
- Dünya artıq iki cəbhəyə bölünüb. Bir tərəfdə Rusiya və onun
ətrafında formalaşdırmağa çalışdığı tərəfdaşlar: bunlar da əlbəttə
ki, istənilən halda Moskva mərkəzli deyil, paritet əsaslı
olmalıdırlar. Bunun içərisində ən uğurlusu slavyan-türk birliyi
kontekstidir. Bu isə Rusiya siyasi rəhbərliyinin gündəmindədir.
Çünki avtokratik formada hər hansı bir dövlətin formalaşdırılması
istiqamətindəki səyləri Ukraynanın timsalında gördük. İkinci
cəbhədə ABŞ və onun tərəfdaşları dayanır. Ancaq yeni bir geosiyasi
qüvvə meydana gəlməkdədir. Bu, üçüncü cəbhə, yəni Berlin
mərkəzidir. Bunun əsasında isə Berlin, Ankara və hətta Moskva
üçlüyü dayanır. Artıq proseslə bağlı əl altından danışıqlar
aparılır. Çünki Almaniya Amerika hegemonluğunu qəbul etmir. Berlin
Şərq coğrafiyasında Ankara faktorundan istifadə etməyə hazırlaşır.
Moskva rəhbərliyi də bunun fərqindədir. Dördüncü cəbhədə isə Çin
qərarlaşıb. Çinin Rusiya ilə yaxınlaşması Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) kontekstində baş verir. Yəni bu razılaşma özlüyündə
Orta Asiyada Çin əleyhinə formalaşa biləcək bir türk reallığı
açılımının qarşısını almaq məqsədi daşıyır. Rusiya-Çin maraqları bu
nöqteyi-nəzərdən birləşir, dərində isə çox ciddi ziddiyyətlər var.
Bir sözlə, dünyada artıq təkmərkəzli geosiyasi güc yoxdur. Sırf bu
nöqteyi-nəzərdən də adı çəkilən məsələlərdə bütün incəlikləri
dərindən bilməli, regionda gedən geosiyasi oyunları ciddi öyrənməli
və ən əsası Dağlıq Qarabağın geriyə qaytarılması istiqamətində bu
yolda kombinativ-inteqrativ bir formada özümüzü sübut
etməliyik.