Tanınmış radio diktoru
Eldost Bayramla uzun müddət idi ki, Axar.az üçün söhbət etməyi planlaşdırmışdıq.
Eldost müəllimin səhhətinə görə onu narahat etmək istəmirdim. Nəhayət, görüşüb söhbət etmək şansı yarandı. Yorğun
görünüşünü aydın və mülayim səsi ört-basdır edə bilmirdi. Səhhəti
ilə maraqlandım:
- Eldost müəllim, necəsiniz - soruşub, tez əlavə etdim,
- maşallah, yaxşı görünürsünüz.
- Sağ olun, qayğınıza görə təşəkkür edirəm, Faiq bəy. İki il
ərzində iki nisbətən böyük və bir kiçik cərrahiyyə əməliyyatından
sonra özümü Bakı küləyi kimi hiss edirəm: gah xəzri, gah
gilavar…
- Yox, yaxşısınız, həm xəzri, həm də gilavar – hər ikisi
ipə-sapa yatmayan külək növüdür. Eldost müəllim, siz həm tanınmış
diktor, həm də gözəl qiraət ustasısınız. Kifayət qədər həyat
təcrübəniz var. Həyatınızı necə yola verirsiniz, ötənlərlə
müqayisədə narahatlıq yoxdur ki?
- Kifayət qədər tanınmış, dinləyici və tamaşaçılara ürəkdən
gələn səmimi münasibətinə və işinə məsuliyyətlə yanaşdığına görə
hörmət qazanan diktor statusunu qəbul edirəm. Amma bədii qiraətçi
statusunu yox. Çünki peşəkar bədii qiraətçi üçün vacib olan bir çox
xüsusiyyətlər məndə yoxdur. Peşəkar diktorluğuma görə isə fəxr
edirəm. Həyatımdan çox razıyam. İşimə vicdanla və məsuliyyətlə
yanaşmaq bütün 43 illik əmək fəaliyyətimdə mənim iş prinsipim olub.
Efirə çıxdığım ilk günlərdən indiyə qədər ancaq xoş sözlər eşidib,
xoş münasibət görmüşəm. Rəhbərim – hörmətli sədrimiz Arif Alışanov
mənə həmişə mənəvi dəstək oıub. 2006-cı ildə onun təqdimatı ilə
əməkdar artist fəxri adı alıb, 2008-ci ildə "Tərəqqi" medalına
layiq görülmüşəm. Son illərdə digər teleradio kanallarından və
bizim Səhmdar Cəmiyyətdə fəaliyyət göstərən gənc əməkdaşlardan
böyük hörmət görürəm.
Dilin qanunlarına əməl etməyən
aparıcıları...
- İndi radioların, televiziyaların aparıcıları dilimizi,
sözümüzü öz sir-sifətləri kimi "bəzəkli-düzəkli" edir, guya
şirinlik qatırlar. Bu "şirinliyin" acısını necə yola verirsiniz?
Bəlkə bir təşəbbüs irəli sürəsiniz, dili, danışıq tərzini
öyrətməyin kursunu keçəsiniz?
- Son illərin tələbi ilə yaranmış özəl radio-televiziya
kanallarında istedadlı aparıcılarla yanaşı, işlədiyi mühitə sanki
təsadüfən düşmüş, Azərbaycan dilinin qanunlarına əməl etməyən
aparıcılar da çoxdur. Onları təcili olaraq ya öyrətmək,ya da
efirdən uzaqlaşdırmaq lazımdır. Mən həmişə deyirdim ki, dilimiz
bizim ən böyük sərvətimizdir. Onun təmizliyi uğrunda mübarizə
dövlət miqyasında təşkil olunmalıdır. Allaha şükür, mənim istəyim
oldu. Prezidentimiz istiqamət verdi. İndi bu qərarın həyata keçməsi
üçün bütün dil mütəxəssislərinin birgə səyi lazımdır.
- Deyəsən, "təzələr"in çoxluğu, "köhnələr"in
dolanışığına da təsir edir.
- Mən başqa cür deyərdim: təsadüfi "təzələr" özləri də hiss
etmədən "köhnələr"in qiymətini artırır.
İnsanlarımız oğullarına Eldost adı qoyublar
- Sizi ən çox ədəbi-bədii verilişlərin aparıcısı kimi
görmüşük, eşitmişik, ictimai-siyasi xəbərlərə diliniz yatmır, ya
ürəyiniz qəbul etmir?
- İşə qəbul olunduğum 1972-ci ildən yaşımla əlaqədar təqaüdə
çıxdığım 2009-cu ilə qədər əsas işim efirdə son xəbərlər və
ictimai-siyasi məzmunlu verilişlər olub.Yaxşımı, ya pismi oxumuşam
– bunu ancaq dinləyicilər deyə bilər. Mənə elə gəlir ki, pis
olmayıb. Çünki bu illərdə Azərbaycanımızda bir çox gözəl insanımız
uşaqlarına Eldost adı qoyublar. Təqaüdə çıxdığım 2009-cu ildən
başlayaraq isə mən sizin qeyd etdiyiniz kimi, şeir və hekayələr
oxumağa başladım. 2009-cu ildən sonra birbaşa efirə çıxmıram. "Xalq
Yaradıcılığı" redaksiyası verilişlərinin diktor mətnini, həmçinin
şeir və hekayələr oxuyuram.
- Arada səsiniz toyxanalardan da gəlir. Bir sənətkar
kimi maddi dəyər yüksək olsaydı, toy aparıcılığına yox deyə
bilərdinizmi? Yoxsa bu da elə bir meydandır, özünü tanıtmaq üçün.
Baxmayaraq, sizin buna ehtiyacınız yoxdur.
- Faiq bəy, bəzən siz özünüzün sualınıza məntiqlə özünüz də
cavab verirsiniz. Radio diktoru olub ekranda görünmədən duyğulu bir
xalqın qəlbində öz müsbət obrazını yaratmaq hər an mümkün olmur.
Dediyiniz kimi, reklama ehtiyacım da yoxdur. 80-ci illərin
əvvəllərində radioda işləyə-işləyə Filarmoniyada iki il konsertlər
aparmışam. O illər ərzində Göyçə aşıqları başda olmaqla bütün
regionlarımızın aşıqlarının konsertini aparmışam. Özüm Şirvan
zonası aşıqlarının yaradıcılığına kökləndiyimə baxmayaraq, qərb
zonası aşıqlarımız mənə aşıq sənətini yenidən tanıtdılar və
sevdirdilər. Bu iki ildə çox xanəndə və müğənnilərin konsertini də
apardım. Arada dostluq körpüsü quruldu. Toy məclislərinə təklif də
o vaxt gəldi. Təbii, maddi sıxıntı məni iki illik tərəddüddən sonra
olsa da, bu təkliflərə müsbət cavab verməyə məcbur etdi.
- Eldost Bayram unudulmaqdan qorxurmu? Heç olubmu ki,
unudulmağı hiss edəsiniz, bunun acısını yaşayasınız?
- Həyatda ən qorxduğum iş unudulmaqdır. Allaha şükür ki, ailəm,
uşaqlarım tərəfindən məni narahat edən bir narazılıq olmayıb. İşə
gəldikdə isə mənə elə gəlir, Azərbaycanda mənim kimi az insan
tapılar ki, 43 il bir müəssisədə işləsin, həm bu illərdə əvvəlki
hörmətini saxlasın, bu illər ərzində həm işə gülə-gülə getsin, həm
də evə.
Kim məni məhv etmək istəsə...
- Eldost müəllim, siz daha nəyi bacarırsınız? Özgə nə
işlə başınızı qata, ailənizi dolandıra bilərsiniz?
- Akademik Qara Mustafayevin sözü olmasın, mən başqa heç nə
bacarmıram. Kim məni məhv etmək istəsə, o şeir və hekayələri
əlimdən alması kifayətdir.
- Ümumiyyətlə, Eldost Bayramı köhnə qvardiyadan saymaq
olar, yoxsa o, yeniliyin önündə gedən sənətkardır?
- Əgər gözəl şeir ,yaxud hekayə oxuyub xəstə ruhu sağaltmaq və
bununla hamı tərəfindən sevilmək köhnəlikdirsə, deməli, mən köhnə
qvardiyanın nümayəndəsiyəm. İkincisi, əgər o yeniliyin özəyində
millilik həlledici ünsür kimi durursa, deməli, mən o yeniliyin
önündə gedənlərdənəm.