Dağıdılan evlərin
fotoşəkilləri çəkilərək BMT, AŞPA və digər beynəlxalq təşkilatlara
göndərilməlidir.
Bu sözləri Axar.az-a hüquq elmləri doktoru Fərhad Mehdiyev
ermənilərin cəbhəyanı ərazilərdə mülki vətəndaşları hədəfə almasını
şərh edərkən deyib. Beynəlxalq hüquq üzrə ekspertin sözlərinə görə,
dünyanın qəbul və əməl etdiyi konvensiyalar Azərbaycan ordusuna
mülki vətəndaşlara atəş açan düşmən mövqelərini darmadağın etməyə
və əhalini hədəfdə saxlayan nöqtələrə nəzarəti ələ keçirməyə imkan
verir:
"Bu məsələ 1949-cu il Cenevrə konvensiyasi və 1977-ci ildə bu
konvensiyaya əlavə edilmiş 1-ci protokolla tənzimlənir. Müharibə
vaxtı hökumət binaları və hərbi qurğular istisna olmaqla, dinc
vətəndaşları, yaşayış məntəqələrini, məktəbləri, baxçaları hədəfə
almaq qadağandır. Düzdür, bəzən hərbi obyektlərin vurulması zamanı
yaxınlıqdakı mülki tikililər də ziyan çəkir. Ancaq ermənilərin
aprelin 28-nə keçən gecə Ağdam və Tərtərdə 110 mülki evi, 2
məktəbi, 2 baxçanı, Tərtər şəhərinin mərkəzindəki pambıq zavodunu
dağıtması, fermer təsərrüfatını gülləbaran etməsi və mal-heyvanı
qırması, ən əsası da 1 mülki vətəndaşı öldürməsi, 8 nəfəri
yaralaması bu atışların təsadüf yox, qəsdən edildiyini
göstərir.
Haaqa konvensiyası əsas verir ki, Azərbaycan bu halda həmin atəş
nöqtələrini arsenalında olan istənilən silahı tətbiq etməklə məhv
etsin, həmçinin mülki əhalini hədəfdə saxlayan yüksəklikləri
nəzarətə götürsün".
Ekspert bildirib ki, ermənilərin mülki əhaliyə, evlərə,
məktəblərə qarşı bu vəhşiliyini təsdiqləyən sənədlər rəsmi qaydada
dərhal BMT, AŞPA və digər mötəbər qurumlara təqdim edilməlidir.
Onun sözlərinə görə, bu faktların təqdimatından sonra beynəlxalq
hüquq Azərbaycana müstəsna səlahiyyət tanıyır:
"1. İşğalçı dövlətin həmin ərazidə öz əhalisini yerləşdirmək
hüququ yoxdur. (Cenevrə konvensiyası m. 49). Yəni Azərbaycan sabiq
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, bu gün Ermənistanın
işğalı altında olan ərazilərdə hərbi əməliyyatlara başlayarsa və bu
zaman erməni mülki əhali ziyan çəkərsə, buna görə Azərbaycan deyil,
orda mülki əhalini zorla məskunlaşdıran Ermənistan məsuliyyət
daşıyır. İşğalın təsdiqi isə İnsan hüquqları üzrə Avropa
məhkəməsinin qərarıdır ("Çıraqovla Ermənistana qarşı").
2. Azərbaycan Ermənistana işğal etdiyi ərazini boşaltmaqla bağlı
xəbərdarlıq edəndən sonra öz ərazisini işğaldan azad etmək üçün
hərbi əməliyyatlar səlahiyyətinə malikdir (1907-ci il konvensiyası,
m.40). Bu cür xəbərdarlıq Azərbaycan tərəfindən dəfələrlə verilib:
əgər işğal olunmuş ərazilər boşaldılmasa, biz özünümüdafiə
hüququndan istifadə edəcəyik.
3. BMT Nizamnaməsinin 51-i maddəsində, habelə BMT TŞ-nin 1974-cü
il bəyannaməsində işğalçının müəyyənləşdirilməsi barədə maddələrə
əsasən, Avropa Şurasının 2016-cı ilin yanvarında qəbul olunmuş
bəyannamədə göstərildiyi kimi, Azərbaycan erməni işğalçı
qüvvələrinin DQMV-ə aid olmayan torpaqlardan çıxarılmasında və güc
tətbiq etməsində haqlıdır və bu, BMT Nizamnasəsinin 51-ci
maddəsinə, o cümlədən Haaqa və Cenevrə konvensiyalarına
uyğundur".
Xatırladaq ki, Ermənistanın kəndlərimizi və mülki əhalini atəşə
məruz qoyması aprel ayında daha da intensivləşib. Yalnız son iki
gün ərzində ermənilərin açdığı atəş nəticəsində Ağdam rayonunda 1
nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Tərtər və Ağdam
rayonlarında 110 ev, 2 məktəb, 2 bağça, 1 yarımstansiya dağılıb.
Tərtər şəhərinin mərkəzindəki pambıq zavoduna iki mərmi düşüb və
zavod ciddi zərər görüb. Ağır artilleriya atəşi nəticəsində
Zənguşalı kəndindəki "Qara İnək" fermer təsərrüfatında 11 inək
ölüb, 19 inək xəsarət alıb.