Axar.az Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktayın Publika.az-a müsahibəsini
təqdim edir:
- Vyana görüşündən sonra
Qarabağda atəşin dayandırılacağı mümkün olacaqmı?
- Qarabağda toqquşmaların bitməsi mümkün görünmür. Hətta Roma
Papasının iyunun sonunda Ermənistana səfər etməsi toqquşmaları
müharibə nöqtəsinə qədər gətirib çıxara bilər. Apreldə baş verən
döyüşlər bölgədə Qərblə Şərq arasında müharibə başlama ehtimalının
mövcudluğunu göstərdi. Ukraynada Rusiyaya məğlub olan Qərb indi
xüsusilə Papanın Ermənistana ziyarəti ərəfəsində Qarabağda müharibə
ehtimalını körükləyir.
Papanın Ermənistan səfərini əngəlləmək istəyən Rusiya da
Qarabağda şiddətli toqquşmalar yarada bilər. Rusiyanın nəzarəti
altında baş verəcək müharibə bəhanəsi ilə Papa səfərini təxirə
sala, hətta ləğv edə bilər. Çünki Papa Ermənistana gəlsə, İrəvan
Rusiya ilə bağlarını qoparmağa başlaya, hətta Qərbə inteqrasiya
yolunu tutaraq, Rusiyaya qarşı çıxa bilər. Moskva da bu ehtimalları
dəyərləndirərək, Qarabağda müharibəni başlatmaqla buna əngəl ola
bilər.
Digər tərəfdən, Papanın Qafqaz ziyarətindən sonra Qərb gücləri
Qarabağda idarəolunan müharibə başladaraq, bunu Rusiya torpaqlarına
daşıya bilər. Beləliklə, Ukrayna cəbhəsindəki mübarizə yenidən
başlayacaq və Rusiyanın bir neçə cəbhədə müharibə aparmaq
məcburiyyətində qaldığı üçün Qərblə anlaşmağa vadar olacağı
gözləniləndir. Qarabağ üzərindən Rusiya ilə hesablaşma artıq hər
keçən gün daha da artır.
- Vyana görüşü ilə bağlı irəli sürülən iddialardan biri də
Ermənistanın ilkin mərhələdə 5 rayonu boşaltması ilə bağlıdır. Daha
sonra status məsələsi gündəmə gələcək. Bununla əlaqədar
gözləntiləriniz nədən ibarətdir?
- Qarabağdan başqa 7 Azərbaycan rayonunun işğalı dünya
ictimaiyyətində çox da gündəmə gətirilmir. Ermənistan tərəfi bunu
gizlədə bilir. Halbuki Azərbaycan ictimaiyyəti, mediası və
diplomatiyası 7 rayonun işğalını fərqli, Qarabağın işğalını fərqli
gündəmə gətirə, əvvəlcə 7 rayonun işğalına son qoyulması məsələsi
önə sürülə bilər. Qarabağla bağlı məsələ ümumiləşdirildiyi üçün 7
rayonun işğalı unutdurulur. Çünki Dağlıq Qarabağla digər 7 rayonun
işğalı bir-birinə qarışdırılır və problemin həlli çətinləşdirilir.
Azərbaycan beynəlxalq qanunlara istinadən əvvəlcə 7 rayonun
işğaldan azad olunması məsələsini gündəmə gətirlməlidir.
İndiyə qədər əvvəlcə 5 rayonun işğaldan azad ediləcəyi məsələsi
gündəmə gətirilsə də, heç bir nəticə olmayıb. Ermənistan ətraf
rayonları ön plana çıxararaq, Dağlıq Qarabağdakı işğal faktını
gizlətməyə çalışır. Azərbaycan məsələni bütöv gördüyü üçün də
Ermənistan Qarabağ tezisini Qərb aləmində qəbul etdirə bilir. Belə
çıxır ki, bu yanaşma Ermənistanın əlini gücləndirir. Azərbaycan
diplomatiyası Dağlıq Qarabağ problemi ilə 7 rayonun işğalını
bir-birindən ayıraraq, məsələni həll etməlidir.
Əvvəlcə rayonların işğaldan azad edilməsi, daha sonra Qarabağın
statusu məsələsinin həlli, hətta bu istiqamətdə hansısa irəliləyiş
bölgədə sülhə gətirib çıxara bilər.
- Maraqlıdır ki, Vyana görüşünə qədər Serj Sərkisyan
aprel savaşında qalib gəldiklərini deyirdi. Vyanada ölkəsinə
dönərkən o, təyyarədə açıqlama verərək, "bunu qələbə adlandırmaq
doğru ifadə deyil" deyə bildirdi. Bunu necə şərh
edərsiniz?
- Dördgünlük müharibədə baş verənləri Ermənistan ictimaiyyətinə
qələbə olaraq təqdim edərək, xalqın milli hisslərini yüksəltməyə
çalışdılar. Halbuki erməni xalqı müharibə istəmir. Qarabağ
münaqişəsinin erməni xalqına verdiyi zərər, iqtisadi yük hər keçən
gün artır. Bununla yanaşı, Ermənistanda son bir il ərzində
anti-Rusiya aksiyalarının sayı artıb. Son döyüşlərdən sonra da
Putinə və Rusiyaya qarşı açıq şəkildə etiraz edildi. Sarkisyan da
döyüşlərin xalqın üzərindəki ciddi təsirini silmək üçün, davamlı
olaraq qələbədən bəhs edirdi. Lakin dünyanın gözü önündə baş verən
bu hadisələrdə Ermənistanın hansısa qələbə qazandığı faktı ortada
yoxdur. Nəticə etibarilə hər iki tərəfdən itkilər oldu, lakin
Azərbaycan iki kənd və strateji əhəmiyyətə malik Lələ Təpə
yüksəkliyini azad etdi. Sarkisyan bunu anladı ki, erməni xalqı
müharibə istəmir və münaqişənin diplomatik həllinin tərəfdarıdır.
Belə vəziyyətdə o da artıq qələbədən danışmağa son qoyaraq, daha
çox diplomatiyadan danışmağa başlayacaq.
- Bir çoxları Rusiya Prezidenti Vladimir Putinin artıq
münaqişənin həllinə qərar verdiyini deyir. Bu, mümkün
görünürmü?
- Rusiya Qarabağ üzərindən Cənubi Qafqazı nəzarətdə saxlama
siyasətindən vaz keçməyəcək. Lakin Qarabağ münaqişəsini və bölgəni
əlində tutmaq istəyi zamanla Rusiyaya qarşı çevrilən silah
olmaqdadır. Putin nəzarəti əlindən buraxmamaq üçün Qarabağ
münaqişəsi ilə daha aktiv maraqlanmağa başlayacaq. Azərbaycanın
Rusiya ilə diplomatik fəaliyyətləri və Papanın Ermənistana səfəri
fonunda Putin Qarabağda mümkün müharibənin yaxşı nəticə
verməyəcəyini anlaya bilər. Rusiya Qarabağda tətbiq etdiyi
ssenarini Ukraynada da həyata keçirdiyi üçün Qərb 24 il öncə
buraxdığı səhvi düzəltmək istəyəcək. Bu da Putinin əlini
zəiflədəcək. Müharibənin hansı nəticə verəcəyini müəyyənləşdirə
bilməyən Putin Qarabağ məsələsini savaşla yox, sülhlə həll etmək
istiqamətində hərəkətə keçəcək. Bu baxımdan, Papanın səfəri bölgə
üçün önəmli nəticələrə səbəb ola bilər.