Maraqlarını hərb gücünə müdafiə etməyə hazır olan
Azərbaycan özünü getdikcə daha ağır çəkili regional oyunçu hiss
edir.
Axar.az xəbər verir ki, bu sözləri "Vneşnyaya politika"
agentliyinin rəhbəri, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun dosenti Andrey Suşentsov "Dağlıq Qarabağ
münaqişəsində status-kvo Rusiyaya və onun müttəfiqlərinə ziyan
vurur" sərlövhəli analitik məqaləsində yazıb. Məqalə Rusiyanın "RİA
Novosti" agentliyində yer alıb. Müəllif yazır:
"Zəif olduğunu hiss edən İrəvan 1991-1994-cü illər münaqişəsində
qələbəsinin nəticələrinin saxlanılması qayğılarını Moskvanın
üzərinə qoymağa çalışır, Rusiya bunu etməyəndə qıcıqlanır".
Məqalədə deyilir ki, Qarabağ münaqişəsinin həlli Rusiya xarici
siyasətinin əsas prioritetləri sırasındadır. Moskva ən böyük
təhlükəni hərbi əməliyyatların yenidən başlanmasında və
perspektivdə genişlənərək, üçüncü ölkələrin, ilk növbədə Rusiyanın
və Türkiyənin regional müharibəyə cəlb olunduğu regional müharibəyə
çevrilməsində görür. Başqa bir təhlükə də az əhəmiyyət daşımır:
qarşıdurmanın uzanması Cənubi Qafqazda Rusiyanın mövqelərinin
zəifləməsinə gətirib çıxarır.
Rusiya silahlarının Azərbaycana satılmasını ikitərəfli etimad və
hərbi transparentlik tədbirləri kimi nəzərdən keçirən Andrey
Suşentsov yazır: "Rusiya Azərbaycan ilə qarşılıqlı hərbi-texniki
fəaliyyəti dayandırmağa tələsmir, çünki bu qarşılıqlı fəaliyyət iki
ölkənin çoxşaxəli əməkdaşlığının karkasıdır. Bu karkasın
sındırılması Bakını Rusiyadan yan keçməklə və ona qarşı qoymaqla öz
problemlərinin, o cümlədən Qarabağ probleminin həllini axtarmağa
məcbur edəcək".
Müəllifin fikrincə, Dağlıq Qarabağın status-kvosu Ermənistana da
ziyan vurur. Məqalədə deyilir: "Nizamasalma məsələsində maksimalist
mövqe tutan İrəvan özünü yavaş-yavaş düşmənindən geri qalmağa
məhkum edir və Rusiyanın hərəkətlərinə getdikcə daha çox
qıcıqlanır, çünki onun fikrincə, Ermənistanın problemini Rusiya
həll etməlidir. Rusiya ilə ümumi sərhədinin, yaxud dənizə çıxışının
olmamasını, Türkiyə tərəfindən blokadaya alınmasını, habelə
Ermənistanın əsas regional nəqliyyat və energetika
infrastrukturlarından coğrafi təcridini nəzərə alsaq, İrəvan vaxt
keçdikcə daha da pisləşən iqtisadi duruma düşdüyünü görür. Problemi
hətta Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də həll
etməyəcək: ölkənin iqtisadiyyatı ləng inkişaf edəcək, iqtisadi
mühacirət əvvəlki kimi yüksək olacaq. Münaqişənin həll edilməməsi
Ermənistanın regional təcridini dərinləşdirir və ölkənin
uzunmüddətli inkişafı yolunda başlıca maneəyə çevrilir".
"Bu meyil Ermənistanı 2050-ci üçün hara gətirib çıxaracaq? Ölkə
əsrin ortalarına nə qədər əhali, hansı miqyasda iqtisadiyyat ilə
gəlib çıxacaq" suallarına cavab verən politoloq hesab edir ki,
İrəvan üçün status-kvo indikindən xeyli əlverişsiz olacaq.
Müharibədən sonrakı status-kvonun müdafiə olunması, yəni təcrid
müqabilində ərazi əldə olunması İrəvanı yavaş-yavaş durğunluğa və
regional qüvvələrin tarixi rəqabətindən geri qalmağa düçar
edir.
Danışıqlar prosesində Bakının mövqeyini də "radikal" sayan
A.Suşentsov yazır: "Amma Rusiya və İran ilə əməkdaşlıq quran, öz
təsirini Gürcüstana yayan və Türkiyə ilə tandem yaradan Azərbaycan
Ermənistandan fərqli olaraq, bütün qonşuları ilə rəvan
münasibətlərini qoruyub saxlayıb".
Politoloq yazır: "Azərbaycan iqtisadiyyatının və
demoqrafiyasının uzunmüddətli perspektivləri hətta neftin
qiymətlərinin ucuzlaşması nəzərə alınsa belə, Ermənistanınkından
daha əlverişlidir. Azərbaycan dəmir yolu, avtomobil və boru
kəmərlərini əhatə edən transregional tranzit layihələrinin çoxunu
özündə birləşdirir. Nəhayət, Bakı yavaş-yavaş Ermənistan və "dqr"
üzərində hərbi üstünlüyə doğru hərəkət edir. Cəmiyyətdə aprel
ayının hərbi toqquşmaları ilə bağlı ruh yüksəkliyi hökm sürür,
itkilər isə əbəs sayılmır.
Azərbaycan "dqr"in və Ermənistanın 1991-1994-cü illər
müharibəsinin nailiyyətlərini müdafiə etməyə nə dərəcədə hazır
olduqlarını vaxtaşırı sınamaq üçün özünü yetərincə inamlı hiss
edir. Hər il baş verən kiçik miqyaslı hərbi toqquşmalar və təmas
xəttinin korreksiya olunması Dağlıq Qarabağda yeni status-kvo
elementinə çevrilə bilər. Status-kvo getdikcə daha kövrək olur və
daim lokal və regional müharibə təhlükəsi, Cənubi Qafqazda
Moskvanın mövqelərinin zəifləməsi, Avrasiya İqtisadi Birliyi və
Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı birliyinin
zəifləməsi ilə müşayiət olunur. Rusiya münaqişəni həll etməklə,
Qafqazda permanent müharibə təhlükəsini aradan qaldıra, regiondakı
təsirini gücləndirə, müttəfiqi olan Ermənistanın vəziyyətini
yaxşılaşdıra və Azərbaycanı daha sıx əməkdaşlığa cəlb edə
bilərdi".
A.Suşentsov sonda yazır: "Məsələlər plankası Moskva üçün
yetərincə yüksəkdir. Amma nəticələr Rusiyanın Dağlıq Qarabağda sülh
yaradılmasına sərf etdiyi səyləri xeyli üstələyə bilər".