Erməni işğalı altında olan torpaqlarımıza gedən
azərbaycanlıların girovluğundan iki ilə yaxın vaxt keçir. Bu müddət
ərzində girovların qaytarılması üçün danışıqlar, təkliflər olsa da,
onlar hələ də girovluqdan azad edilməyiblər. Rusiya vətəndaşı
Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı olan Şahbaz Quliyevin
Kəlbəcərdə girov götürülməsi beynəlxalq hüquqa zidd olsa da,
beynəlxalq təşkilatların bu istiqamətdə ciddi səy göstərmədiyi də
ortaya çıxdı.
Dilqəm Əsgərovun qardaşı Sahib Musayev musavat.com-a bildirib ki, məsələ ilə bağlı heç
bir yenilik yoxdur. Yalnız 3-4 gün əvvəl ondan növbəti məktub
gəlib: "Məktubu Qırmızı Xaç Komitəsi gətirib. Dilqəm səhhətində
problem olduğunu yazıb, başqa heç nə".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib
ki, girovlarımızın iki il ərzində qaytarılmaması Azərbaycan
diplomatiyasının uğursuzluğudur: "Bu, Azərbaycan hakimiyyətinin
uğrusuzluğudur. Onları geri qaytarmaqla bağlı müxtəlif fikirlər
oldu, heç biri reallaşdırılmadı. Onları başqa əsirlərlə dəyişdirmək
təklif edildi. Amma bu, birbaşa hökumətin işidir, hökumət bu işlə
məşğul olmalı idi. Hakimiyyət beynəlxalq təşkilatların qarşısında
məsələni kifayət qədər ciddi şəkildə qoya bilmədi. Məsələn, Rusiya
ilə Ukraynanın arasında təyyarəçi qadın Şavçenko ilə bağlı nə qədər
problem, qarşıdurma, söhbətlər, danışıqlar oldu. Amma birbaşa
beynəlxalq təşkilatların təzyiqi altında Rusiya bu güzəştə getdi və
bir neçə gün əvvəl pilot azadlığa buraxıldı. Yəni Rusiya öz
mövqeyində iddialı idi, amma sonda güzəştə getdi. Deməli,
Azərbaycan öz mövqeyini bu şəkildə beynəlxalq təşkilatlar
qarşısında qoya bilmədi. Mən hesab edirəm ki, bu, ciddi məsələdir.
Kimsə fikirləşə bilər ki, iki nəfər əsirlikdə adamımız var, onlar
qaytarıla da bilər, qaytarılmaya da bilər. Azərbaycanın öz
mövqeyini qəbul etdirməyi bacarmaq məsələsidir. Azərbaycan
danışıqlardan imtina etməli idi. Ermənistan onun tələblərinə,
təkliflərinə məhəl qoymurdu, Azərbaycan isə gedib birbaşa
rəhbərlərlə görüşür, danışıqları davam etdirir. Hesab edirəm ki,
Azərbaycan tərəfi bu danışıqlara getmək üçün Rusiyanın da,
beynəlxalq təşkilatların da qarşısında məsələ qaldırıb, danışıqları
davam etdirmədiyini vurğulamalı idi. Ermənistanın bu hərəkətlərinə
görə Azərbaycan danışıqlardan imtina etməli idi. Ona görə kifayət
qədər qətiyyətli mövqe qoymadığına görə bu gün bizim girovlarımız
erməni əsarətindədir".
A.Nağı həmçinin deyib ki, onlar dəfələrlə bu olayla bağlı
aksiyalar keçirsələr də, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin
sədri Əli Həsənov prosesin qarşısıını alıb: "Bu hadisədə onun da
məsuliyyəti böyükdür. Biz dəfələrlə aksiyalar keçirdik, Əli Həsənov
dedi ki, biz bu işlə məşğuluq, səs-küy salmayın. Sonra da
girovların qohumlarını bizə qarşı qaldırdılar. O dövrdə davamlı
aksiyalar olsa, problemin həlli ola bilərdi".
Ekspert Natiq Miri isə qeyd edib ki, girovlarımızın azad
edilməməsi ilk növbədə beynəlxalq hüququn acizliyidir: "Azərbaycan
vətəndaşı öz ərazisində erməni işğalçıları tərəfindən girov
götürülür və məhkəmə vasitəsi ilə məhkum edilir. Bütün dünya,
beynəxlaq hüquq buna göz yumur. Cırtdan Ermənistan qarşısında öz
acizliyini göstərir. Həmçinin Azərbaycan hakimiyyətinin, dövlətinin
bu prosesin qarşısında acizliyini göstərir. Çünki əgər Azərbaycan
hakimiyyəti görürsə ki, beynəlxalq hüquq və dünya dövlətləri bu
prosesin qarşısında acizdirlər, yaxud bu prosesi görməzdən
gəlirlər, beynəlxalq hüququ çeynəyəcək bu prosesi görmək
istəmirlər, buna adekvat və qeyri-ənənəvi addımlarla cavab
verməlidir. Bunun üçün Azərbaycanın bütün imkanları var.
Azərbaycanın o oğulları var ki, Ermənistandan və Azərbaycanın
ərazisi olan Dağlıq Qarabağdan hətta vəzifəli şəxsləri girov
gətirərək bizim girovlarla dəyişə bilər. Nədənsə bu, nümayiş
etdirilmir. Halbuki buna bizim imkanlarımız var. Son aprel
döyüşlərində də biz bunu açıqca ortaya qoya bildik. Buna görə də
Azərbaycan vətəndaşlarının bu səviyyədə, alçaldıcı səviyyədə
girovluqda qalmağına razı olmalı deyil. Ancaq bugünkü mövcud olan
vəziyyət onu göstərir ki, Azərbaycan bu məcburi vəziyyətlə
razılaşmış durumdadır. Bunu da qətiyyən qəbul etmək olmaz.
Azərbaycan heç bir vəchlə bununla razılaşmamalıdır. Əgər hüquq,
xüsusilə də beynəlxalq hüquq bu proses qarşısında acizdirsə,
Azərbaycan qeyri-ənənəvi, qeyri-populyar üsullarla bunun qarşısını
almalıdır. Bunun üçün Azərbaycan dövlətinin hər cür imkanları
var".
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin
iyununda işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər
tərəfindən girov götürülüblər. Onlar və daha bir nəfər - Həsən
Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda
yaxınlarının məzarlarını ziyarət etmək üçün getmişdilər. Həsən
Həsənovun qətlə yetirildiyi bildirilir. 2014-cü ilin dekabrında
kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub.
Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm
Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum
edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. Girovlarla
bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, Avropa İnsan
Hüquqları Məhkəməsinə ərizə göndərilib. Lakin hələlik bu ərizəyə
heç bir cavab gəlməyib.