Yuxarı

Rusiya Azərbaycandakı “nadinc qəzet”i niyə bağlamaq istəyirdi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin baş mütəxəssisi Orxan İsayevin “Qafqazda türk mətbuatı tarixinə dair” yazısını təqdim edir:

Bu il Azərbaycan milli mətbuatının yaranmasının 144-cü ili qeyd olundu. Azərbaycan türklərinin mədəni inkişafı və milli birliyi baxımdan da müstəsna əhəmiyyət kəsb edən milli mətbuatın yaranması həm də dövrün tələbi idi. XIX əsrin sonlarında Qafqazda cərəyan edən ictimai-siyasi hadisələri və çar məmurlarının azərbaycanlılara qarşı münasibətini nəzərə alsaq, Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşr olunması olduqca önəmli hadisədir. Tarixin sonrakı gedişi də göstərdi ki, maarifçilik üzərində qurulan milli mətbuat Azərbaycan xalqının mədəni tərəqqisində və milli özünüdərk amilinin formalaşmasında mühüm rol oynadı.

1875-ci ildə Həsən bəy Zərdabi böyük çətinliklə “Əkinçi” qəzetinin nəşri üçün icazə ala bildi və bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu. Bəs həmin ilə qədər Azərbaycan dilində qəzet buraxmaq mümkün deyildimi? 1870-ci ildə Qafqazda ümumilikdə rus dilində 26, gürcü dilin də 17, erməni dilində isə 13 mətbu orqan işıq üzü gördüyü halda, say etibarı ilə onlardan çox olan azərbaycanlılara qəzet nəşr etdirmək imkanı yalnız 1875-ci ildə yaradıldı. Məgər 1875-ci ilə qədər Azərbaycan ziyalıları milli mətbuata sahib olmaq yolunda mübarizə aparmırdılarmı? Tarixi faktlar sübut edir ki, azərbaycanlılar milli-mədəni tərəqqi baxımından heç də Qafqazın digər xalqlarından geri qalmırdı. Sadəcə çarizmin işğalçılıq və ayrı-seçkilik siyasəti Azərbaycan türkləri üçün bir çox sahədə olduğu kimi, mətbuat yaratmaq yolunda da keçilməz sədd çəkmişdi.

Bu günə qədər Azərbaycan milli mətbuatının yaranması, Çar Rusiyasının Qafqazdakı məmurlarının bu yolda yaratdıqları süni əngəllər, bu əngəllərə qarşı azərbaycanlı ziyalıların mübarizəsi alimlər tərəfindən kifayət qədər tədqiq edilmiş, bu haqda sanballı məqalələr, monoqrafiyalar, kitablar işıq üzü görmüşdür. Lakin heç bir tədqiqat işi həmin dövrdə yaşayan, çar məmurları ilə işləyən, onların Azərbaycan türklərinə olan düşmən münasibətini öz gözləri ilə görən Mirzə Şərif Mirzəyevin arxiv sənədlər əsasında qələmə aldığı “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsəri qədər əhəmiyyətli deyildir. Bu əsəri dəyərli edən daha bir amil Mirzə Şərif Mirzəyevin şəxsiyyəti ilə bağlıdır. 1860-cı ildə Tiflisdə doğulan M.Ş.Mirzəyev ilk təhsilini mədrəsədə almış, 1882-ci ildə isə Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuşdur. Uzun müddət Qafqaz Hərbi Dairəsində çalışan Mirzə Şərifin birdən-birə Tiflis Mətbuat Komitəsində məvacibi daha az olan vəzifəyə keçməsi sırf türkdilli mətbuatın vəziyyəti ilə bağlı idi. Bu haqda o özü yazır: “Mən 18 il ərzində Baş Qərargahın ali təhsilli zabitlərinə xidmət etmişəm. Komitənin kiçik işçi vəzifəsi mənə ruhən sarsıdıcı təsir bağışlaya bilərdi və mənim qarşımda açılan yeni rəsmi mövqenin maddi tərəfi və ümumiyyətlə, bütün vəziyyət o qədər də cəlbedici deyildi. Əksinə, hazırda işlədiyim yerdən daha aşağı idi. Ancaq etiraf edirəm ki, öz doğma mətbuatımı sevirəm və əgər türk mətbuatına nəzarət şovinist əhval-ruhiyyəli qonşuların əlinə keçərsə, bu onun dəfni olacaq. Mən bu vəzifəni tutmaq qərarına gəldim”.

Buradan açıq-aydın görünür ki, Mirzə Şərif Mirzəyev Komitədə işləməyə razılıq verməsəydi, türkdilli mətbuat əvvəllər olduğu kimi, yenə ermənilərin nəzarətinə veriləcəkdi və bu dəfə onu xilas etmək daha çətin olacaqdı. Azərbaycan türkü olan M.Ş.Mirzəyevin bu vəzifəyə təyin olunması müəyyən mənada Qafqazdakı türkdilli mətbuata yeni nəfəs vermiş oldu. Hələ Tiflis Mətbuat Komitəsində işlədiyi vaxtlarda çar məmurlarının türkdilli mətbuata münasibətini görən Mirzə Şərif tezliklə onları ifşa edəcək əsər yazmaq barədə düşünürdü:

“Əvvəl Qafqaz Senzura Komitəsi, sonra Tiflis Komitəsinin mətbuat işləri üzrə yenilənmiş qurumun türk mətbuatı ilə münasibətdə zorakılığı və qanunsuzluğundan fəryad edən türk mətbuatının qaranlıq-acınacaqlı vəziyyətini işıqlandırmaq fikri adı çəkilən Komitədə Şərq mətbuatına nəzarətçi keyfiyyətində onun üzvü olaraq fəaliyyət göstərdiyim dövrdə məni rahat buraxmırdı”.

Mirzə Şərif Mirzəyevin böyük həvəslə yazdığı “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsəri Azərbaycan mətbuatı tarixini öyrənmək baxımından da olduqca dəyərlidir. Tiflis Senzura Komitəsində türk dilləri üzrə ilk və son senzor olan Mirzə Şərif Mirzəyev real tarixi faktlar əsasında qələmə aldığı bu əsərdə çarizmin Qafqazda Azərbaycan türklərinin mədəni inkişafının qarşısını almaq üçün həyata keçirdiyi bütün çirkin əməlləri tam çılpaqlığı ilə oxucuya təqdim edir.

Əvvəl Qafqaz Senzura Komitəsi adlanan, daha sonra adı dəyişdirilərək Tiflis Mətbuat Komitəsi olan qurum fəaliyyətini Çar Rusiyasının müstəmləkə siyasətinə uyğun şəkildə qururdu. “Qafqazda türk mətbuatı tarixinə dair materiallar”la tanış olarkən adıçəkilən komitənin Qafqazda yerli xalqlara olan münasibətində ayrı-seçkiliyə yol verməsi açıq-aşkar hiss olunur. Mirzə Şərif Mirzəyevin təqdim etdiyi statistik məlumatlardan aydın olur ki, hələ 1867-ci ildə Qafqazda yaşayan rusların 1, gürcü və ermənilərin 3 dövri mətbu orqanı işıq üzü görürdü. Dövri olmayan nəşrlərin sayı isə ruslarda 23, gürcülərdə 10, ermənilərdə isə 8 ədəd idi. Həmin illərdə Azərbaycan türklərinin mətbu orqan nəşr etdirmələrinə isə heç bir icazə verilmirdi.

“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsərindən məlum olur ki, azərbaycanlılar “Əkinçi” qəzetinin nəşrə başladığı ildən də qabaq mətbu orqan yaratmağa cəhd göstərmiş, lakin bunun qarşısı müxtəlif bəhanələrlə Qafqaz Senzura Komitəsinin məmurları tərəfindən alınmışdır. İllər ötdükcə Azərbaycan xalqının inkişafı, ziyalılarının sayının artması çar məmurlarını da geriyə addım atmağa məcbur etdi. Nəhayət, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması ilə azərbaycanlılar da milli mətbuata sahib oldular.

Mirzə Şərif Mirzəyev öz əsərində “Əkinçi” qəzetinin nəşr olunmasını yüksək qiymətləndirir, Həsən bəyi isə o dövrdə universitet təhsili almış, təbiət elmləri namizədi olan ilk Zaqafqaziya türkü kimi təqdim edir. Müəllif daha sonra qeyd edir ki, “Əkinçi” qəzetinin Qafqazda geniş yayılması çar məmurlarını ciddi şəkildə narahat edirdi və onlar bu “nadinc qəzet”in bağlanması üçün yollar axtarırdılar. Qafqaz Senzura Komitəsi “Əkinçi”nin nəşrini dayandırmağa müvəffəq olsa da, Qafqazda türk mətbuatını tamamilə boğa bilmədi. Lakin bu işi həyata keçirmək üçün hər vasitəyə əl atdı. Komitənin bu işdə əsas silahı isə heç şübhəsiz ermənilər idi. Əcəmov soyadlı erməninin yarıciddi-yarızarafat “Daşnaksütun partiyasının əsas qərargahının mətbuat şöbəsi” adlandırdığı Tiflis Senzura Komitəsi Qafqazda türk dilləri üzrə senzor vəzifəsinə erməniləri təyin etməklə azərbaycanlılar tərəfindən yaradılan mətbuatın inkişafına əngəl ola bilirdilər. Əsərdə tez-tez adları çəkilən Kişmişev, Qaraxanov, Məlik-Mehrabov, Əcəmov kimi ermənilər Qafqazda türkdilli mətbuat qarşısına keçilməz sədd çəkmişdilər. Onlar qəzet yaratmaq istəyən azərbaycanlıları gah “siyasi cəhətdən etibarsız” adlandırır, gah da artıq bir neçə nömrəsi işıq üzü görən qəzetin fəaliyyətində “uyğunsuzluq” “aşkar” edirdilər. Bütün bunlar isə bir məqsədə - Qafqazda türk mətbuatını boğmağa xidmət edirdi.

“Qafqazda türk mətbuatı tarixinə dair materiallar” tarixi faktlar və rəsmi sənədlər baxımından çox zəngindir. Əsərdə təkcə mətbuatla bağlı deyil, digər mövzular baxımından da maraqlı faktlar öz əksini tapıb. M.Ş.Mirzəyev bu əsəri yazmaqla ilk növbədə çar Rusiyasının Qafqazda yürütdüyü işğalçılıq siyasətini ifşa etməyə nail oldu. Bununla yanaşı o, azərbaycanlıların mədəni cəhətdən inkişaf etməsini, milli mətbuata, teatra sahib olmaları yolunda çəkdikləri məşəqqətləri də gələcək nəsillərə ötürə bildi. Müəllif öz əsərində erməni xislətini, onların azərbaycanlılara qarşı 1905-1906-cı illərdə Naxçıvanda, Zəngəzurda, İrəvanda törətdikləri qanlı qırğınları qəzet materiallar və rəsmi sənədlərlə tam sübuta yetirdi. Onun “Qafqazda türk mətbuatı tarixinə dair materiallar” əsəri azərbaycanlıların digər Qafqaz xalqlarından gec inkişaf etdiyini iddia edənlərə tutarlı cavab oldu. Mirzə Şərif Mirzəyev yazdığı tarixi faktlarla bir daha sübut etdi ki, əgər Tiflis Mətbuat Komitəsinin məlum fəaliyyəti, ermənilərə verdiyi geniş səlahiyyətlər olmasaydı, Azərbaycan türkləri 1875-ci ildən xeyli əvvəl mətbuat yaratmağa nail olardılar.

“Qafqazda türk mətbuatı tarixinə dair materiallar”ın yazılmasında 100 ilə yaxın vaxt ötməsinə baxmayaraq, M.Ş.Mirzəyevin toxunduğu mövzular bu gün də öz aktuallığını itirməmişdir. Əsər mətbuat, teatr tarixini, Azərbaycan ədəbiyyatını öyrənən gənc tədqiqatçılar, bakalavrlar, magistrlər üçün də əhəmiyyətlidir.

Belə bir dəyərli əsərin indiyə qədər Mirzə Şərif Mirzəyevin doğma ana dilinə - Azərbaycan türkcəsinə tərcümə edilməməsi təəssüf doğurur. Azərbaycan mətbuatı tarixindən bəhs edən belə bir dəyərli əsərin dilimizə tərcümə edilməsi onun daha böyük oxucu kütləsi tərəfindən oxunmasına və ali məktəblərdə istifadəsinə imkan verəcək.

Tarix
2019.10.18 / 14:41
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan idxal etməmişik. Nöqtə! - Hacıyev

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Valentina Matviyenko Azərbaycana gələcək

Berbok Bakıda: Təfərrüat barədə heç nə deyə bilməyəcəm!

Əli Əsədov daha bir qərar imzaladı

MM-in növbəti 3 iclasının tarixi və gündəliyi açıqlandı

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla