Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
qurumun gördüyü və görəcəyi işlərlə bağlı ANS-ə müsahibə
verib.
Axar.az sözügedən müsahibəni təqdim edir:
- Rövnəq müəllim, Yaponiyaya
xeyir ola ilin-günün bu vaxtında birdən-birə?
- Biz Yaponiyaya əsasən OGPS layihəmizi, neft-qaz, qaz emalı və
qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün getmişdik.
Bilirsiniz ki, biz neft emalı zavodunu o böyük kompleksin
tərkibindən çıxartdıq və Heydər Əliyev adına Neft Emalı zavodunun
yenidənqurma işlərini artıq həyata keçirdik. Mövcud zavodun ömrünü
30-cu ilə qədər və ondan yuxarı səviyyəyə qaldırdıq və yeni
kompleksdə neft emalı zavodunun hələlik layihələndirilməsini
dayandırdıq. Bu, o deməkdir ki, yeni kompleksdə qaz emalı 12
milyard kubmetr qaz emalı və ondan çıxan xammalı qaz-kimya
kompleksinin tikintisini həyata keçirəcəyk. Burada polietilen,
polipropilen qurğular tikiləcək və 800 min tona yaxın kimya
məhsullarının çıxımı nəzərdə tutulub. Bunun üçün biz orada çoxlu
görüşlər keçirdik. Bilirsiniz, yapon şirkətlərinin burada böyük
təcrübəsi var. Əsasən Yaponiyanın ticarət, sənaye, iqtisadiyyat
naziri ilə, Yaponiya "Gibik" deyilən ekspert-kredit agentliyi ilə,
baş nazirin enerji və sənaye üzrə köməkçiləri ilə görüşlər oldu.
Belə bir yekun qərara gəlindi ki, yapon şirkətləri bu layihədə
payçı kimi iştirak etsinlər. Çoxlu şirkətlər var ki, bizə belə
istəklərinin olduğunu bildirmişdilər. Biz 8 milyard dollara yaxın
olan bir layihənin bütün maliyyələşməsini yapon bankları hesabına
həyata keçirmək istəyirik.
- Yəni Azərbaycan soyuqqanlı şəkildə öz fəaliyyətini
həyata keçirir? Və hətta İranla böyük razılaşma belə Azərbaycanı
narahat eləmir.
- İranla razılaşmanın Azərbaycan üçün nəyi pis ola bilər ki?
İran bizim yaxın qonşumuz, qardaş ölkədir. Bilirsiniz, ən çətin
dövrlərdə Azərbaycan həmişə İranın yanında olub, ona dəstək verib.
Bilirsiniz ki, bizim əlaqələrimiz həmişə yüksək saxlanılıbdı
İranla. Necə deyərlər, dost həmişə pis gündə tanınır. Biz -
Azərbaycan hökuməti, Azərbaycan dövləti həmişə İrana yüksək
səviyyədə diqqət göstərib. Eyni zamanda beynəlxalq ictimaiyyətin -
"Altılığ"ın danışığı və qərara gəlməsi bizim üçün çoxlu müsbət
tərəfləri var...
- Və mən elə bu "plyus"lardan çıxış eləmək istəyirəm.
Amma ona qədər istəyirəm cənab prezidentin o bəyanatını - məşhur
bəyanatını bir daha xatırlayaq. Və yəqin ki, bu gün İran İslam
Respublikasında o bəyanatı artıq başqa şəkildə - daha dəyərli
şəkildə qiymətləndirənlər tapılacaq: "İran İslam Respublikasına
qarşı heç bir üçüncü ölkənin hansısa bir hərəkətinə icazə
verilməyəcək. Azərbaycan ərazisindən İrana qarşı istifadə
olunmayacaq". İndi, yəqin ki, bunun bəhrəsini yığmaq vaxtıdır. Mən
elə onu soruşmaq istəyirəm. Rövnəq müəllim, bir sıra mətbuat
orqanlarında Azərbaycanın İran İslam Respublikası populyarlaşandan
sonra bir az arxa plana keçəcəyi, bizim neftimizin azaldığı, İranın
yeni neft yataqları hesabına vəziyyətin dəyişməsi barədə proqnozlar
var. Və mən istəyirəm başqa sual verəm. Yəqin ki, heç kəsin
vermədiyi sualı vermək istəyirəm sizə. İran İslam Respublikasına bu
saat müxtəlif ölkələrdən maraq artıb. Almaniyanın xarici işlər
naziri artıq oradadır, Fransa getməyə hazırlaşır, yəqin ki, dalınca
digər Avropa dövlətləri gedəcəklər. Azərbaycan necə, ora sərmayə
yatırmaq istəməz ki?
- Niyə də yox? Hələ o "Altılığ"ın danışığı yox idi, mən keçən ay
İranda oldum, çox işgüzar səfərim oldu İrana. İranın neft naziri
Zəncani ilə çox uzun söhbətlərimiz, müzakirələrimiz oldu. Birgə iş
birliyi haqqında çox gözəl fikirlər səsləndi. Biz artıq bu haqda
düşünürük. Düşünürük yox, artıq bu haqda müəyyən işlər də faktiki
görürük. Bilirsiniz ki, Azərbaycan Dövlət Neft Şikrəti cənab
prezidentin başçılığı altında sərmayədar kimi Türkiyənin ən böyük
sərmayədarına çevrilib. Xəyala da gələ bilmirdi ki, Azərbaycan
Türkiyənin ən böyük sərmayədarı şəklində çıxış edə bilər.
- Niyə də İranda olmasın?
- Bəli, niyə də İranda olmasın? Düşünürəm ki, biz də İran
layihələrində aktiv iştirak edəcəyik. Bizim həm qonşuluq, dostluq
münasibətlərimiz yüksək səviyyədədir, orada həm də investisiya
layihələri həyata keçirməkdə, həm operatorluq etməklə bağlı müəyyən
layihələrimiz var.
- Özü də bunlara daha çox onların ehtiyacı var. Çünki
İran İslam Respublikasında bu sanksiyalar götürüləcək, tutaq ki, bu
ilin dekabrının 31-də və onlar başlayacaqlar hərəkətə. Hansısa bir
real nəticələr əldə olunacaq 2016-cı ilin sonuna. Bizim amma hazır
infrastrukturumuz var, biz avadanlıqlarımızı təklif edə bilərik,
xidmətlərimizi təklif edə bilərik, əldə etdiyimiz modern üslubları
təklif edə bilərik.
- Məsələ onda deyil ki, bizim texnologiyalarımız var, bizim
təcrübəmz var, innovasiyalar var. Biz çox yüksək səviyyədə artıq
təcrübə toplamışıq xarici investisiyalarda, bizim bunda təcrübəmiz
var. İranda da bu təcrübədən istifadə edəcəyik.
- İnşallah. Və elə, deyəsən, SOCAR-ın rəsmiləri bu
yaxınlarda bəyanat vermişdilər ki, dəqiq xatırlamıram adını, amma
mənbə SOCAR idi, İran İslam Respublikası TANAP-a da, TAP-a da maraq
göstərdiyini bir daha bəyan edib.
- Xeyr, maraq bəyan olunmayıb. Amma gələ bilər. Bilirsiniz,
TANAP layihəsi tikinti fazasındadır, 2018-ci ilin birinci yarısında
bu boru xəttinə artıq qaz veriləcək. Mən deyərdim ki, o, gələcək
qazların artırıla bilən bir boru xəttidir, genişlənə bilən bir boru
xəttidir, Bu boru xətti ilə İran da, İraq da Avropaya keçə
bilər.
- Biz artıq mənim növbəti sualıma keçdik. Mən soruşmaq
istəyirdim sizdən, Rövnəq müəllim, Azərbaycanın İranla qaz
sahəsində daha hansı əməkdaşlığı ola bilər? Siz artıq o suala cavab
verməyə başladınız.
- Bizim İranla əməkdaşlığımız var.
- Bu yaranmış yeni vəziyyətdə?
- Yeni vəziyyətdə daha intensiv olacaq. Biz Naxçıvana verilən
qaz məsələsini həyata keçiririk. Biz İranla səhv etmirəmsə, 2009-cu
ildə artıq müqavilə də bağlamışdıq. İrana qaz satışı üzrə
müqaviləmiz var idi. Biz bunun üçün kompressor stansiyası da tikdik
ki, - Astarada cənab prezident onun açılışını etdi - həm Naxçıvanın
qazla təminatını yaxşılaşdırmaq üçün, həm də əlavə qazdan İrana
nəql etmək imkanı qazanırdıq. Orada bilirsiniz ki, sanskiyalar
başladı. Onların ödəniş problemləri olduğu üçün biz o layihəni
dondurduq. Bu layihəyə yenidən baxacağıq. İndi İranla qaz
anbarlarının istifadəsi haqqında müzakirələr gedir. Bizim qaz
anbarlarında imkanlarımız çox böyükdür. Bilirsiniz, 2008-ci ildən
sonra qaz anbarlarına böyük investisiya yatırdıq, genişləndirmə
işləri apardıq. Biz ona 3 milyard yarıma qədər qaz vurduq. Onun
hələ deyərdim ki, 5-6 milyard daha çox qaz vurma, qaz saxlama
imkanları var ki, bunu istifadə etməmişik. Çünki buna ehtiyac
yoxdur. Amma İranın buna ehtiyacı var. İranda qışda qaz
çatışmazlığı var. Yay qazının texniki qaz kimi yığılması
Azərbaycanın qaz anbarlarında, qışda da onun İrana geri verilməsi -
bu məsələlərə baxılır. Bizim ekspertlər artıq bunu işləyirdi,
"altılar"a qədər bu işlər görülüb.
- DESPA-nın axırı necə oldu?
- DESPA bilirsiniz, bizim problem deyil, bu, Avropa ilə
Yunanıstanın problemidir. Biz də gözləyirik ki, bunu nə vaxt həll
edəcəklər.
- Dövlət özünün var-yoxunu sata biləcək qədər müstəqil
deyil...
- Yox, bu, Avropa İttifaqıdır. Orada həm dövlət qanunları var,
həm Avropa İttifaqı qanunları var ki, onlara da riayət
etməlidirlər. Ona görə biz gözləyirik. Biz tenderin qalibiyik.
- Hələ pul-zad keçirməmişik - bu 400
milyonu?
- Xeyr.
- Hələ ki, pulumuz cibimizdə, ağlımız başımızda
gözləyirik.
- Məşədi İbad demiş, mal almamış pul vermək olar?
- Rövnəq müəllim, indi Avropa Komissiyasının energetika
üzrə komissarı Maroş Şevçoviç tvitterdə belə bir şey yazmışdı ki,
Azərbaycan, Türkmənistan, Türkiyə, deyəsən, Gürcüstan - bu
dövlətlərin nümayəndələrinin Aşqabadda ayın 15-də görüşü olub və
yüksək səviyyədə olan görüşdən sonra mən fərəhlənirəm ki, o ölkələr
öz gələcəklərini müəyyənləşdirirlər və s. və i.a. Nə dərəcədə
ciddidir bu söhbət və, ümumiyyətlə, transxəzərin aqibəti, Xəzərin
statusu müəyyənləşdirilməmiş nə qədər konkret ola bilər? Nə qədər
faydası ola bilər bu danışıqların?
- Bilirsiniz, Xəzərin statusu ayrı məsələdir.
- Transxəzər, bu da Xəzərdi də, statusu...
- Xəzər, Trans Xəzər - bu məsələlər başqa-başqa aspektlərdir.
Şevçoviçin dediyinə qayıdanda, bu, Avropa və Türkmənistanın işidir
və biz burada bir tranzit ölkə kimi çıxış edirik. Yenə deyirəm, qaz
layihəsi birinci alıcı ilə satıcının anlaşmasından başlayır. Bu
təməl prinsiplərdir. Bilirsiniz, biz Şahdənizlə bağlı müqavilələri
bağladıq, sonra başladıq layihəni qiymətləndirməyə ki, alanın
qiyməti budur, tranzit haqqı bu olacaq, investisiya bu olacaq - bu
işə başladıq. İndi Türkmənistan qazının söhbəti də budur. Gərək
alıcı olsun. Alıcı kimdir. Alan gərək müqaviləsini bağlasın, qazı
alsın. İnvestisiya həcmini hesablasın, bu layihəyə start versin.
Bu, sözdə olan bir söhbət deyil, bu, gərək konkret işlə görülsün.
Nə biz qaz alanıq, nə də qaz satanıq. Ona görə biz burada oturub
nəsə danışa bilmərik.
- Yox, ona görə soruşuram ki, Avropa dəfələrlə sübut
edib ki, çox qeyri-sabit tərəfdaşdır. Nabucco, Nabucco, Nabucco,
axırda məlum oldu ki, Nabucco provokasiyadır. Və yaxşıdır ki, biz
bu provokasiyaya uymadıq. İndi də bunlar transxəzər, transxəzər,
transxəzər...
- Yox, bunlara provokasiya deməyək, provokasiya deyildi. Nabucco
söz idi, sammit, yığıncaq, söz yığnağı idi. Türkiyə hökuməti lə
birlikdə qərar qəbul edildi, birlikdə TANAP layihəsi həyata
keçirildi. Bu, əməli işdi. Bu, Azərbaycan, Azərbaycan hökuməti,
Azərbaycan prezidenti tərəfindən həyata keçirildi. Nabucco söz idi,
on il sammitlər, danışıqlar, görüşlər, ortada bir şey yoxdu. Yenə
deyirəm, əməli iş görmək üçün gərək qaz alıcısı gəlib qaz satıcısı
ilə məsələni həll eləsin və başlasın layihəsini həyata keçirsin.
Biz Avropa Enerji Xartiyasına hörmətlə yanaşırıq və tranzit, keçid
verməyə hazırıq.
- Və nəhayət, bir sual daha məni maraqlandırır. Rövnəq
müəllim, son zamanlar mən daha çox fikir verirəm, bu Ağ şəhər
layihəsi ətrafında danışırlar ki, biz neftayırma zavodu tikirdik,
yoxsa saxladıq, təxirə saldıq, istəyirəm bu barədə birinci şəxsdən
- SOCAR-ın birinci şəxsindən eşidək və bu məsələyə də son qoyaq.
Çünki mətbuatda bir az qarışıq veriblər.
- Düzdür, müxalifət mətbuatında "bunu bacarmadılar" yazırlar.
Belə deyil. Böyük kompleksin tikintisinin layihələndirməsi gedir.
Neft emalı, qaz emalı və kimya kompleksi idi. Bu kompleksdən biz,
bayaq dediyim kimi, neft emalını, qaz emalını saxladıq.. Ona görə
ki, qazımızın emalı üçün bizdə imkanlar çox zəifdir. Neft emalı
kompleksini indi başlamadıq, çünki o da böyük bir layihədir, 7-8
milyard dollarlıq bir layihədir. Ona görə belə bir qərar qəbul
olundu ki, Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya
işi aparılsın, yeni qurğular orada tikiləcək, artıq layihəni
detallaşdırırıq, modernləşdiririk və biz bir az onun imkanlarını
qaldırıq. 7-8 milyon ton emal gücünə malik bir modern zavoda
çeviririk. Bununla da biz Avro-5 standartına uyğun Heydər Əliyev
adına neft emalı zavodunu modernləşdiririk. Köhnə "AzərNeftYağ"
zavodunda olan köhnə qurğulara artıq bundan sonra ehtiyac yoxdur,
söküb bu sahələri bulvarın genişləndirilməsinə verə bilərik.