Tanınmış Belarus yazıçısı
Anatoli Matviyenko (Matviyenko Anatoli Yevgenyeviç) 1961-ci ildə
Minsk şəhərində anadan olub. Bədii yaradıcılıq fəaliyyətinə 2012-ci
ildən başlayıb, Sankt-Peterburq şəhərində iki kitabı çıxandan sonra
14 roman yazıb. Onun romanları tarixi-fantastik janrdadır. Rusiya
və Belarusda ondan çox kitabı çapdan çıxıb. Onun məqalələri,
esseləri, fantastik-tarixi janrda yazdığı hekayələri, povestləri
Belarusda, Rusiyada, Ukraynada, Almaniyada müxtəlif almanax və
jurnallarda işıq üzü görüb. Belarus Yazıçılar İttifaqının üzvüdür.
İyirmidən çox tarixi mövzuda çəkilmiş sənədli filmin ssenari
müəllifidir. A.Matviyenko hazırda Minskdə "Zvezda" Nəşriyyat Evində
Beynəlxalq "Sozvuçie" saytının ədəbiyyat üzrə aparıcı
redaktorudur.
Axar.az onun "DTK-nın qorxunc sirri" povestindən bir parçanı
oxuculara təqdim edir.
DTK-nın qorxunc sirri
PROLOQ
Çağırışa vaxtında gəldi. Telefondakı tanış səsin sahibi SSRİ
DTK-nın baş idarəsində şöbə rəisi olmuşdu. Belə adamlar istənilən
rejimdə hakimiyyətdə olurlar. Sözündən çıxmaq barədə heç söhbət ola
bilməzdi. Eşitdiyi suçlama-ittiham ən ağır cəzayla nəticələnə
bilərdi. Daha doğrusu, ömürlük lənətlə cəhənnəm qazanında yanmağa
məhkum olardı.
– Heç düşünmüsənmi, Sovet dövlətinin dağılmasının əsas səbəbi nə
olub?
Mühəndis heyrətlə qarşısındakı acıqlı adama baxdı. Doğurdanmı,
1982-ci ildə ağılsızlıq edib çəkdiyi başıbəlalı şəkillərlə Azadlıq
meydanındakı kilsəyə getməsəydi, bu böyük dövlət
dağılmayacaqdı?
Amma hər şey çox sakit, hətta bir az darıxdırıcı başlamışdı.
BİRİNCİ FƏSİL
Vovka DTK-nı sevmirdi. Qohumlarından kimsə dövlət əleyhinə
fəaliyyətdə ittiham olunmamış, repressiyaya uğramamışdı.
Tərcümeyi-halı tərtəmiz idi. Ona görə də universiteti bitirdikdən
sonra anasının dostlarının zəngiylə müvəffəqiyyətlə işə düzələ
bildi. Kadrlar şöbəsindəki keçmiş orqan işçisinə oxşayan yaşlı kişi
buraxılış vərəqini verərkən onu narazı baxışlarla süzdü. Yəqin ki,
üstündə düşmən dövlətin dilində yazıları olan cins şalvarlı
təcrübəsiz gəncin bu işə yaramadığını fikirləşirdi. "Gözüm üstündə
olacaq, elə ilk büdrəmədə rədd olacaqsan"- keçmiş əməliyyatçı
düşündü.
Radiotexnika sənayesinin əksər müəssisələri kimi bu xüsusi zavod
da guya mülki texnika istehsal edirdi. Təbii ki, raketlər üçün
hissələr, radar stansiyalar üçün quraşdırıcılar, kosmik tədqiqatlar
üçün cihazların hazırlanması yoxlanılmış adamlara həvalə olunurdu.
Ona görə də Vovkanı məişət texnikasının layihələriylə məşğul olan
laboratoriyaya göndərdilər.
Kadrlar şöbəsindən çıxıb zavodun həyətindəki xırda gölməçələri
ehtiyatla adladı. Yağışlı oktyabr ayı idi, doğma Tuapsa isə
uzaqdaydı. Dövlət imtahanlarını iyunda versə də cavan ömrünün üç
ayı ciddi-cəhdlə gələcəyin artilleriya zabitinə oxşamağa çalışdığı
hərbi hazırlıqda keçmişdi.
Təhkim olunduğu laboratoriyanın müdiri özünü Mixaylıç kimi
təqdim etdi. Üzündə qırmızı çilləri olan xırdasümüklü adam Vovkanı
sevinclə qarşıladı.
– Şahin! Gör bir radiofizika fakültəsi bizimçün necə döyüşçülər
yetişdirir!
– Bağışlayın, mən fizika fakültəsini bitirmişəm, - deyə, belə
nəşəli qarşılanmağı gözləməyən təzə işçi mızıldandı.
– Ehh… Heç olmasa, lehimləyici aləti əlində tuta bilirsən?
– Əlbəttə, hələ məktəbdən radiotexnikanı sevirəm.
– Detalları xarab edəcək. - Ən kənardakı masanın arxasında
oturmuş kiçik işçi heyətin qocaman üzvü Fomiç acıqla fısıldadı.
Masanın altından onun yağışlı havaya uyğun olmayan yüngül
ayyaqqabıları və qəhvəyi corablı ayaqları görünürdü.
Ayyaqqabılarını fəslə uyğun dəyişməyə bir ay, bəlkə də çox illər
gecikmiş birinə bənzəyirdi.
– Çox dərinə getməyin, nə lazımsa öyrədərik, – Vovkadan bir yaş
böyük olan cavan oğlan kübarca və nikbin səslə dilləndi. – Hə, xoş
gördük, mən Romanam.
- Sevinirsən, hə, Romoçka? – deyə gözəl olmayan qız (adətən belə
qızlar tez bir zamanda ər tapmaq arzusuyla kişi peşəsinə üstünlük
verirlər) söhbətə müdaxilə etdi. – İndi səndən də kiçiyi var.
– Yeri gəlmişkən, səndən pivə! Kollektivə qoşulursan. Avansa
kimi gözləyərik. Həm də aramızda ən cavan olduğunçün bundan sonra
pivə almağa sən gedəcəksən, - deyən Fomiç nimdaş şalvarının
cibindən mis pulları çıxarıb 24 qəpik saydı, sonra, – Gör nə
edirsən e… Az qala yadımdan çıxmışdı, axı, bu gün bizi təzə işçi
qonaq eləyəcək, - deyib, pulları yenidən cibinə qoydu.
Roman üçlitrlik bankanı, yarışda qalib gələnə verilən bayraq
kimi Vovkaya təqdim etdi:
– Amma bir balaca problem yarandı, axı, biz üç nəfər idik, adama
bir litr alırdıq. İndi olduq dörd nəfər. Gərək qab tapasan.
- Onsuz da mən çox…
– Kollektivə qoşulmamış özünü kollektivdən ayırırsan? -
Mixaylıçın səsində narazılıq hiss olundu. – Düzü, bir litr pivə
adama təsir eləmir. Amma işdə araq içməyə icazə vermərəm. Axı biz
xüsusi idarənin gizli laboratoriyasında çalışırıq. Di cəld ol,
dükanın arxasındakı şüşəli bara tərəf qaç, amma tələsib–eləmə, qoy
pivə bir az durulsun, sonra götür.
Qapı gözətçisi buraxılış vərəqi istəmədi, onsuz da hər şey aydın
görünürdü: Tələbəyə oxşayan gəncin əlindəki boş üçlitrlik qab özü
danışırdı.
Günün birinci yarısı olsa da, pivə barında adam çox idi. Vovka
turş pivə və balıq qoxusunu uda-uda növbəyə dayandı. Nədənsə
hansısa detektiv romanda oxuduğu sovet kəşfiyyatçısının Berlinin
pivə barında təyin elədiyi görüş səhnəsi yadına düşdü; həmin
səhnədə sovet kəşfiyyatçısı pivə içə–içə əlaqələndiriciyə DTK-nın
gizli təlimatlarını ötürürdü. Vovka ətrafa boylandı. Maraqlıdı,
görəsən almanların da barları belədi, ya fərqli? Yaxınlıqdakı
masada oturan kişilərdən biri qədəhinin dörddə birini içəndən sonra
pivəsinin üstünə araq tökdü. O biri isə boş qədəhlə stolu
tıqqıldadırdı. Belə şüşəli məkan casusların görüşü üçün əla yerdir!
Heç bir Mərkəzi Kəşfiyyat İdarəsinin-filanın şübhələnməyəcəyi bir
məkan idi. Burda gizli xəfiyyələr çox rahat görüşüb sövdələşə
bilərlər.
Qonşu masadakı bayaqkı kişi pivə ilə araq qarışığını sümürürdü.
Vovka tarixin dərslərini xatırladı: Hitler də hakimiyyətə burdan
gəlmişdi, "pivə qiyamı" məhz pivə barından başlamışdı. Əlbəttə,
belə xoşagəlməz yerlərdə yaxşı heç nə baş vermir.
Pivəyə verdiyi yetmiş iki qəpik onun gündəlik bir manatlıq
büdcəsinə əməlli–başlı ziyan vurdu. Bir manatın doxsan iki qəpiyi
zavod yeməkxanasındakı yeməyə və dörd trolleybus talonuna
hesablanmışdı. İndisə pulun qalığına kiçik bir bulka və kefir ala
bilərdi.
Gözətçi yenə də heç nə demədən Vovkanı içəri buraxdı. Pivəylə
dolu üçlitrlik balon universal buraxılış vəsiqəsi idi. Gün ərzində
yaddaqalan daha heç nə baş vermədi. Üç zəhmətkeş mühəndis "Jiquli"
pivəsini götürdü, gənc işçi kefiri kiçik bulka ilə yedi. Sonra
təhvil vermək üçün butulkanı su ilə yaxaladı. Sonrakı zaman
kəsiyində Vovka "Radio" jurnalının köhnə nömrələrini vərəqlədi. İş
növbəsi qurtaranda hamı kimi evinə yollandı. Ev uzaq idi. Yol
pulusa yox idi.
Vovka nəmli gecədə bilərəkdən ayaqlarını yerə bərk-bərk vuraraq
gedir, yeni həyatındakı bugünkü olayların təəssüratını başında bir
yerə yığmağa çalışırdı.
Tamhüquqlu işçi kimi dövlət ona 110 manatdan bir az artıq maaş
verəcəkdi. Amma nə dünyanın, nə gizli sektorun işləri Vovka üçün
açılmadı. Hamıya məlum olanları anlamadı. Sadəcə, tələbə həyatında
yaşadıqları, duyduqları mənasını itirmişdi. Yeni həyatında maraqlı
heç nə görmürdü. O, gənc mütəxəssis oldu. Müdafiə müəssisəsində
işlədiyi üçün ehtiyatda olan leytenant rütbəsi alsa da, hərbi
xidmətdən yayındı. Tanışların köməyi ilə orta məktəbə fizika
müəllimi kimi işləməyə də getmədi. Bəs sonra? Nəyə nail olacaqdı?
Laboratoriyada işləməklə nəyə nail olacaq, hə? Ən yüksək pilləyə
qalxan laboratoriya müdiri Mixaylıç idi - təltiflə birlikdə orta
əməkhaqqı 165 manat olan sakit içki düşkünü. Başqa nə? Heç bir
perspektiv yoxdu.
Amma o, daha çox şeyə nail olmaq istəyirdi. Axı hər şeyi pulla
ölçmək olmaz. Tələbəlik illərində ocaq başında var gücü ilə cəsur
romantik mahnılar oxuyarkən arzuladıqlarına nail olmaq istəyirdi.
Beşinci kursda ETİ-də istehsalat təcrübəsi keçərkən də arzularından
vaz keçmədi. O, hətta zavodda da yaradıcı ruhuna güvənib nələrsə
edəcəyinə inanırdı; məsələn, həmişə SSRİ-yə hücum etmək barədə
düşünmək qorxusu yaradan raket üçün nəsə bir yeni hissə kəşf edib,
dövlət mükafatı və Pitsundaya ezamiyyət vərəqəsi ala bilər. Amma
laboratoriyanın adi boz günləri, qaynaq alətindən qopan, tütün və
pivənin yaratdığı pis qoxuya qarışan cansıxıcı havası ona üzücü
görünür, ümidlərini öldürürdü. Əylənmək, həyatına maraq qatmaq üçün
tək bir şey qalırdı – musiqi. Tələbə inşaat dəstəsində qazandığı
pullara aldığı ağır çəkili "Yupiter-202" maqnitafonunu işə saldı.
ABBA qrupunun ifası ətrafa yayıldı, musiqi onun zavodda yaşamaq
uğrunda mübarizə problemlərini bir qutuya salıb müvəqqəti də olsa,
ağzını bağladı.
Ertəsi gün səhər işə gələrkən Vovka özü üçün stereogücləndirici
düzəltmək barədə düşündü; sonra da yarım il pul yığıb Sovetdə ən
güclü səsləndirmə qurğusu olan S-90 ala bilər. Lakin radiotexnikaya
olan sevgisi onu ayrı formada haqladı.
– Sifariş qəbul elə: uzun və orta dalğalı məişət
radioqəbuledicisi və iki vattlıq bir dinamik (gücləndiricisi)- 1,
otuz üç dövrlü proiqrivatel - 2.
- Təksəsli? Ötən əsrdənqalma! - Vova təəccüb etdi.
- Sənə dəxli yoxdu, - Muxalıç çiyinlərini çəkdi. - Sifariş
nazirliklə razılaşdırılıb. İşə başla.
Təcrübəsiz mühəndis bir tərəfə çəkilib tapşırıq barədə məlumatı
oxumağa başladı. Və qəfildən ağlından keçdi ki, o da hər gün bir
litr pivə içməlidi.
Elmi axtarışla məşğulkən Roman ona yaxınlaşdı.
- Hə, daşdan balta düzəldirik?! Tanışdı… Başıma gəlib.
1. radio aparatına və ya radio xəttinə birləşdirilən
gücləndirici reproduktor; 2. Patefon vallarını səsləndirmək üçün
radiocihaz...
– Bəs vəziyyətdən necə çıxdın?
– Çox sadə, Vatson, – deyə Roma tapşırıq vərəqlərinə baxdı, –
köhnə "Radio" jurnallarından onların sxemini tapıb, bir-iki detalı
dəyişdir, vəssalam.
– Nə danışırsan,oğurluqda suçlamazlar?
– Zarafat edirsən? Əksinə, alınsa, tərifləyəcəklər. Hazır sxemi
Maşaya ver, köçürsün. Bu, onda əla alınır. Onun yeganə üstünlüyü də
elə budur.
Roman aralarındakı yeganə xanıma qarşı haqsızlıq edirdi.
Nahardan sonra o, imperialist qüvvələrin Əfqanıstanda
tərəfdarlarının az olmasından istifadə edərək SSRİ-yə hücum,
mürəkkəb beynəlxalq vəziyyət haqda maraqlı məlumatlar verməklə
siyasi icmalçı bacarığını da göstərdi. Bu vaxt kişilər Vovkanın
gətirdiyi pivəni içirdilər. İkinci iş günü də beləcə başa
çatdı.
İKİNCİ FƏSİL
DTK-nın sirləri üçüncü günün səhəri görünməyə başladı. Dünən
işdə içdiyi "Jiquli" pivəsindən və axşam evdə içdiyi araqdan hələ
ayılmayan Mixaylıç maqnitola üçün kağızları tələm-tələsik bolluca
işlətdiyinə görə "gənc istedad"a təpindi:
– Tələskənlik diqqətsizliyin nəticəsidi. Sən gəlməmişdən o
kağızlar düz bir ay idi ki, mənim masamın üstündəydi.
Mixaylıç quru balığı dişləyib əllərini xələtinə sildi. Xələtdəki
müxtəlif ləkələri görən onun sahibinin radiocihazlarla deyil,
kimyəvi maddələrlə işləyən kimyaçı olduğunu düşünərdi. Xələtin
altından görünən uzun şalvarı, Mixaylıçın arvadının səyi
nəticəsində nisbətən səliqəliydi. Elə bu vaxt Mixaylıçın arvadı işə
zəng vurdu, necə deyərlər adını çək, qulağını tut. Mühəndis
qrupunun rəhbəri yazıq-yazıq telefon dəstəyindən asılıb özündən
böyük rəhbərin nəsihətlərinə qulaq asırdı. Cavan mütəxəssisin
Mixaylıçın həyat yoldaşından böyük üstünlüyü vardı: O, Mixaylıçı
sərxoşluq etdiyinə görə danlamırdı.
– Yaxşı, görürəm, pis oğlan deyilsən. Səni əsas işlərlə tanış
etmək vaxtıdı. Xüsusi şöbəyə get, ordan 37-214-dən 37-217 nömrəli
qovluqları gətir. Ordakı sənədlərlə işləyəcəksən.
Heç nə anlamayan Vovka hücuma hazırlaşan pulemyot gözlüyünə
oxşayan pəncərədəki nömrələnmiş, iri jurnala qol çəkib dörd qovluğu
şefinə gətirdi.
– Bir baxım, baxım… Hə, yenə maraqlı heç nə yoxdu. İndi Fomiçin
yanına get, o, sənə DTK-dan necə yaxa qurtarmağı, rəsmi cavab
yazmağı öyrədər.
Gənc mühəndis şaşqın halda ən təçrübəli işçinin qarşısındakı
stula oturdu. Fomiç məşğul idi, gövdəsi üz qapağının yanına atılmış
yapon radiosunun kiçik bir hissəsini qaynamaqla məşğul idi. Vovka
bunun kənar sifariş olduğunu anladı.
- Hmm…
– Hə, nə lazımdı?
- Baxın, Mixaylıç nəsə gizli sxemlər tapşırıb.
- A-a, - Fomiç səsini uzatdı. Kağızlara baxıb Mixaylıçın
dediyini təsdiqlədi, -maraqlı heç nə yoxdu.
Təcrübəli işçi kağızları bir kənara qoyub, radioya "Krona"
batareyasını yerləşdirərək, ölçü cihazıyla yapon qurğusunun
daxilində nəsə ölçməyə çalışırdı.
– Sən hələ burdasan?
– Dedim, kömək edərsiz.
– Burda çətin nə var ki? - Fomiç eynəyini qaldıraraq ona tərəf
döndü, səsində yüngülvari əsəbilik hiss olunurdu. - Qurğunun tipini
təyin et. Sonra yaz ki, məsələn, kvant faza invertorlarının işi
öyrənilərkən (inventor- sabit elektrik cərəyanını dəyişən cərəyana
çevirən qurğu) əldə edilmiş nəticələrə əsasən, mikrodalğalı
səsqurğularının texnologiyası hazırlanmışdır ki, bunlardan məsələn,
Ağ Evə tuşlanan ballistik raketlərdə istifadə etmək olar.
– Bu ki sayıqlamadı. Rəsmi, özü də tamamilə məxfi dövlət
sənədində bunları necə yazmaq olar?
Qoca mühəndis istehzayla ona baxaraq, əllərini pivə tuluğuna
oxşar qarnının üstündə çarpazlayıb kresloya yayxandı.
– Bəs bu sənədlər niyə məxfidir? Tamamilə düzdür! Ona görə ki,
onları heç kim oxumasın. Elə bilirsən, sənin yazdığını qovluğa
tikib, gizli sənədlər olan seyfə qoyan, ağzını da bağlayan
katibənin bunlardan başı çıxır?
– Onda bu, nə üçündür?
– Yaxşı sualdır. Əgər düşmənlərə inansaq, DTK-nın kəşfiyyatı
dünyanın bütün ölkələrində fəaliyyət göstərir. Təsəvvür edirsən, nə
qədər məlumat toplanır? Əvvəlcə bütün məlumatları özləri saf-çürük
edirlər, ən vaciblərini seçirlər. Onların elmi-texniki nəticələri
yoxlamaq üçün böyük şöbələri var. Bəs yerdə qalan məlumatlarla nə
etməli? Bax, onlar da bu qovluqlara yığılır,- deyə, əli ilə
qovluqları döyəclədi. – Heç bilirsən, bu gün sənin bunları oxumağın
üçün nə qədər vəsait sərf olunur? Bilmirsən. Heç mən də bilmirəm.
Çox şeyi bilmirəm. Amma guya bizim baxdığımız kənarı kəsilmiş
şəkillərin surətləri var ha… cürbəcür sxemlər, daha nələr heç biri
sovet elektron texnikasına gərək deyil!
– Yenə anlamadım.
– Nədi, elə bilirsən, DTK belə səhv edə bilməz, hə? Bu sxemlərə
görə kimsə medal alıb. Külli miqdarda pullar silinib. Qəhrəman
mayor Poronin sərhədi keçən düşmən itini məhv etdi. Sən də
fikirləşirsən ki, gözəgörünməz cəbhədə döyüşənlərin
qəhrəmanlıqlarını yox etmək lazımdı? Bəxtin gətirib.
– Nədə?
– Sən DTK-nın istənilən təcrübi sxeminin altında lazım olan və
silinməli olan detalın adını göstərə bilərsən, amma gərək həddini
aşmayasan. Mənə yüksəktezlikli xışıltısı az olan, daha təmiz
işləyən tranzistor lazımdı. Bizim KT315 pis işləyir, - Fomiç
radioqəbuledicini göstərdi.
– Bu sxemlərdə yüksək tezlikli tranzistordan söhbət gedə bilməz.
Mən onun lazım olduğunu necə əsaslandıra bilərəm? Axı bu cihazların
bu sxemlərə dəxli yoxdu, yaxın da gəlmir?!
– Ay anlamaz tələbə. Axı sənə dedim ki, bu gizli sənədlər seyfdə
ağzıbağlı qalacaq. Heç kim yoxlamayacaq. Kimin nəyinə lazım – bunu
özün üçün edirsən, başa düşdün?
– Hə.
– Hamı belə edir. Gücləndiricinin sxemini götürürsən, sonra da
bir sifariş yazırsan və təhlükəsizlik xidmətinin tapşırığıyla
aparılacaq təcrübələrə gərək olan detalların adını göstərirsən. Bir
aydan sonra reverberatorlu invertorun uğurlu işi haqda məlumat
verirsən. Maşa sənədləşmədə kömək edəcək. Təhlükəsizlik xidməti də
səndən razıdı. Necədi? Bunun nəyi pisdi, hə?
Əmək fəaliyyətinin ilk ayı belə gərgin iş rejimində ötdü. Ayın
sonunda Vovka yeni radiola sxemi gətirdi. Çətinliklə də olsa, bu
mənasız cihazın həqiqətən istehsal olunacağını qoca mühəndisdən
öyrənmək istədi.
- Ay uşaq, sən ağacdan yıxılmısan, qanmırsan məgər? Bu, bizim
zavodun işi deyil. Bunu VEF, ya da "ELEKTRON" zavodu sifariş verir,
sonra müsabiqə elan edirlər. Sonra özləri bizim bazamızda olan
hansısa "Panasonik"dən qoparılmış bir layihəni təqdim edirlər.
Sadəcə, kiçik bir dəyişiklik olunur, məsələn cihazın gücünü 2 vatt
deyil, on vatt yazırlar. Nazirlik ağıllı görkəmlə guya bunu
araşdırır və təsdiq edir. Və hamı razı qalır.
- Mixaylıç, düzünü de, biz nəsə xeyirli bir iş görürük, yoxsa
elə-belə havaya güllə atırıq, gözə kül üfürürük?
– Vovacan, sənə avans verdilər? Əlbəttə, veriblər. Yadımdadı.
Qalan maaşını da verəcəklər. Dövlət bizdən razıdır. Bəlkə sən özünü
hamıdan ağıllı sayırsan, fərqlənmək istəyirsən, hə? Get işinlə
məşğul ol.
Bir ilə gənc mütəxəssis özünün bu işçi həyatına alışdı. O,
asanlıqla Nazirliyin və ya DTK-nın xəttilə göndərilən məlumatlara
başdansovdu cavablar yazır, müxtəlif detalları hesabdan silir,
sonra onlardan müxtəlif musiqi ansamblları üçün səs
gücləndiriciləri, rəngli işıqlar, avtomobillər üçün xəbərdarlıq
siqnalları hazırlayırdı. "Zəhməthaqqını" plastik pivə qabının
altında gizlədərək çıxarırdı. İş yoldaşları ona gülürdü.
Möhtəkirlərin gətirdiyi xarici texnikanı sovet xidmət atelyeləri
təmirə götürmürdülər, ona görə də alverçilər belə cihazları
mühəndislərə verir, bu da daha çox qazanc gətirirdi. Onlar da
bulanıq pivədən sonra daha yaxşı işləyirdilər.
Artıq Vovanın qız dostu da peyda olmuşdu. Öz şəxsi həyatı, bir
qədər cibxərcliyi, diskotekalar, qənaətlə aldığı "Olimp"
maqnitofonunda musiqi dinləmək onunçün dözülməli mənəvi mühit
yaratmışdı və bütün bunlarla o, üzün illər beləcə yaşaya bilərdi.
Əlbəttə, əgər dövlət təhlükəsizlik xidməti işə qarışmasaydı.
Növbəti qovluq SSRİ DTK-sının xarici kəşfiyyat işləri üzrə
birinci baş idarəsindən gəldi. Bu qovluq daha qalın idi. Şöbədə
Roma da daxil olmaqla, heç kim bu kağız-kuğuzla məşğul olmaq
istəmədi. Vovka hər iki qovluğa baxmalı oldu.
Qovluqların birində cəlbedici tranzistorlu televizor sxemi
vardı. Bu, Fomiçin də marağına səbəb oldu.
– Bax, siqnal yüksəktezlikli çoxpilləli gücləndiriciyə çatır.
Ooo, rəqs konturunda necə kiçik nominallar var. Bu Qhs-dən yüksək
tezlikdə işləməlidir. Sonra bu siqnallar kinoskopda görüntüyə
çevrilir. Bu, baxış borusudu. Sonra siqnallar radioantenaya
ötürülməlidi məncə. Amma belə böyüktezlikli siqnallar nə üçündü?
Sxemə baxanda heç cür anlamaq olmur.
- Həmişəki kimi.
- Yaxşı, sən də özündən heç nə əlavə etmə. Sxemin kənarı
kəsilməyib, bir halda ki, bütövdü, deməli, bunun üzərində
mütəxəssislər baş sındırıb. Bizə elə belə, "quş" qoymaq xətrinə
göndəriblər, yəni biz də baxdıq.
ÜÇÜNCÜ FƏSİL
"Vizual foton çevirici"lərinin uğurla sınaqdan çıxması haqqında
nikbin hesabatdan bir həftə keçmiş laboratoriyaya mülki geyimdə, öz
işinin peşəkarı təsiri bağışlayan bir yoldaş gəldi.
- Mən 605 nömrəli qovluqdakı materiallara hesabat yazan
mühəndisi görmək istəyirəm, – dedi.
- Sizin haradan gəldiyinizi ehtimal edirəm, amma yenə də
vəsiqənizə baxım, -Mixaylıç qətiyyətsiz şəkildə bildirdi. Əslində,
düz elədi. Yoxsa təhlükəsizlik orqanının işçisi onları
tanımadıqları adama məxfi sənədləri göstərməkdə suçlaya bilərdi.
Həm də bununla ziyarətçinin polkovnik olduğu məlum oldu. İlk
baxışdan üz cizgiləriylə yaddaqalan ortaboylu əks kəşfiyyatçı
inanclı sadə adamları öz təsirinə salan ötkəm din xadimi təsiri
bağışlayan görkəmiylə Vovanı iliyinə kimi qorxutdu.
– Vladimir, siz həqiqətənmi bu sxem əsasında cihaz yığdınız?
Vladimir il ərzində uzanmış saçlarını qeyri–ixtiyari əli ilə
düzəldib, qorxu içində laboratoriya müdirinə baxdı. O isə özünü
köhnə kağız-kuğuzla məşğul kimi göstərdi. O birilər də öz işlərində
idi. Kiminsə qurban olacağı aydın idi.
– Mən cavab gözləyirəm.
– Bilirsiz, mən əmin deyiləm ki, bütün detallar…
– Başqa sözlə, yox.
Vovka kədərlə çiyinlərini çəkdi.
– Əslində, bizim işçimiz bu layihəni sizə göndərəndə elə bilirdi
siz bunun həyata keçməsinə etiraz edəcəksiz. Belə olsaydı, layihə
sadəcə arxivə veriləcəkdi. Siz isə əksinə, yazdınız ki, guya hər
şey yaxşıdı, hətta cihaz sualtı qayıqların müşahidə sistemlərində
tətbiq olunacaq. Heç bilirsiz, bu iş kimin nəzarətindədir?
Laboratoriya müdirinin nəfəsi kəsildi. Vovka dəhlizdəki
"Kommunist Partiyası siyasi bürosunun üzvləri" lövhəsini xəyalında
canlandırdı. Hətta polkovnikin səsinin çalarında bu "kim"in
Brejnev, ya Andropov ola biləcəyi ehtimalı da vardı. Həm də pivə
içmədən indiki halıyla çoxsaylı və tədricən ölməkdə olan hakimlərin
vəzifəsini xatırlamaq mümkün deyildi.
– İndi neynəmək lazımdı, - Vovka boğuq səslə soruşdu.
– İndi işləyən nümunəni hazırlamalısız. On gün vaxtınız var.
Otağa sükut çökdü. Arada Romanın masasındakı lehimləyicinin
titrəməsi eşidildi.
– Alınmaz, bacarmarıq, - Fomiç gülümsədi.
– Gecələr də işləyin, - otaqdakıların onun tabeçiliyində
olmadığına baxmayaraq, polkovnik qışqırdı.
– Lap istirahət günü də işləyərik. Amma bu cihaz sovet
yarımkeçiriciləri ilə işləməyəcək. Mən o sxemi görmüşəm.
Bugünkü pivənin təsiri dünənkinin üstünə gəlmişdi və Fomiç elə
bil kimə etiraz etdiyini yaxşı anlamırdı.
– Vətəndaş, sizə sovet dövlətinin daha nəyi xoş gəlmir? -
Kəşfiyyatçının səsində türmə divarlarının əks-sədası hiss
olundu.
– Biz partiya iclasındayıq, ya iş barədə danışırıq? Lazım olan
tranzistorlar bizim sənayedə istehsal edilmir.
Qebist (əks-kəşfiyyatçı) qaşqabağını tökdü. Elə bil bu saat
tufan qopacaq, ildırım çaxacaqdı. Özünü ələ alıb soruşdu:
– Hansı detallar çatmır?
– Çatışmayan çoxdu. Sxemi xüsusi şöbədən götürüb siyahi tərtib
etmək lazımdı.
– Axşama siyahı masamın üzərində olmalıdı. Heç təsəvvür
etmirsiz, nəylə zarafat edirsiz?! – deyərək qapını çırpıb
çıxdı.
Laboratoriya müdiri fotoşəkillərin salındığı aydınlaşdırıcı
məhluldan çıxan şəkil kimi öz küncündən çıxıb göründü.
- Necə cəsarətlisən Fomiç! Bunlara belə lazımdı.
Rəis tez vəziyyətə nəzarəti üzərinə götürdü.
– Volodya, tələs, xüsusi şöbədən qovluqları gətir. Pivəni də
unutma, bu gün çox düşünməli olacağıq.
Volodyanın fikri dumanlanmış, beyni qarışmışdı. Düşünə bilmirdi.
Qeyri-ixtiyari qol çəkib ikinci gizli sənədlər olan qovluğu da
götürüb laboratoriyaya gətirdi.
– Hə, qoçaqlar, gəlin "Qorizont" televizorunun gövdəsini
osilloqrafın bloku ilə birləşdirək. Bəlkə ekranda nəsə göründü.
Orda gücləndirilmiş səs-küy var.
– Yox, Romka, bu təhlükəlidir. Onlar cihazı tədqiqata apara
bilərlər, əgər sxemin fərqli olduğunu aşkar etsələr, batdıq. Qoy
heç nə göstərməsin, amma Ştirles-kəşfiyyatçı qənimətinə oxşasın.
Düz demirəm, Mixaylıç?
Mixaylıç vaxtından əvvəl saçı tökülmüş başını tərpətdi.
– Gənclər. Təcili çox çevik üç cüt əllə yararsız
radioelementlərin siyahısını yazın, sayı iki dəfə çox göstərin.
İşimizi ehtiyatlı tutaq. Əgər işi vaxtında verməsək, polkovnik
dərimi soyacaq. Fomiç sən altlıq sxeminin maketini hazırla.
– Tranzistor və diodları da? - Maşa nəsə bildiyini nümayiş
etdirmək üçün müdaxilə etdi.
– Yox, əzizim, aktiv olmayanları da. Bizim cihazların
dəqiqliyini bilirsiz də. Xəta çox olur. - Fomiç səsini alçaldıb
əlavə etdi, - sonra bu oyuncaq hissələri söküb yapon
televizorlarının təmirində istifadə edərik.
Bir həftə mühəndisin iş yerində donmuş sükut hökm sürdü. 37-605
nömrəli gizli sənədlər olan qovluqdan götürülmüş montaj altlığının
fotosurəti aydın olmadığından onun köməyi az idi. Fomiç xarab olmuş
"Eloktronik" televizorunu gətirməklə işini nisbətən asanlaşdırdı.
Yarım saata onu işlək vəziyyətə gətirdi və görüş borusunu dəyişdi,
sxemdəkilərin yarısı lazım olmadı. Sxemi xeyli kəsib-doğrasalar da,
xeyli rezistor, kondensator, drossel və yarımkeçirici lazım
oldu.
Gözü qorxmuş Mixaylıç Vovkanı və o biri işçiləri digər cihazı da
düzəltməyə həvəsləndirdi. Dördbucaqlı piramida işığahəssas
elementlərdən və nizamlayıcıdan ibarət idi. Bu detallar DTK-nin
tapşırığı ilə aparılan məxfi təcrübələrdə istifadə olunurdu.
Vovkaya səksən oyuqlu çoxlu kiçik diodlu xətkeşlər və yoxlayıcılar
verdilər. İki gün ərzində Vovka falqa çəkilmiş plastik lövhəyə
altmış xətkeş bərkitdi. Sonra onları üstündə "Qlobus" yazılmış
Macarıstan istehsalı olan yaşıl noxudların yığıldığı dəmir
bankalardan kəsilmiş konusvari dəmirlə örtdü… Halbuki o, iki günə
"Elektronik VM-12" videomaqnitafon düzəldə bilərdi. Sovet dövləti
kəşfiyyatının ifşa olunma riskini, eləcə də xarici dövlətlə
münasibətlərinin pozulma təhlükəsini nəzərə alıb böyük xərclər
hesabına 30*40 ölçüdə şəkilləri göstərən köhnə elektron kameranın
modelini almalı oldu. Bütün kollektiv bu orta əsr istehsalı optik
cihazlardan çox qiymətli müasir cihazda necə istifadə edəcəklərini
düşünürdü.
Bir aydan sonra acıqlı Şaxta Babaya oxşayan polkovnik üzərindəki
yazılar ciddi-cəhdlə silinmiş üç qutu gətirdi.
– Bunları qaynaqlamaq və qaydaya salmaq üçün üç gününüz var!
Hamı gözünü Fomiçə zillədi, çünki o, cəza orqanlarına müqavimət
göstərən nüfuz sahibi kimi tanınmışdı.
– Ay yoldaş, bizdə heç montaj üçün, bu sxemi yığmaq üçün altlıq
da hazır deyil.
– Bu nə deməkdi? Qudurmusuz? Kiminlə işlədiyinizi unutmusuz?
– Əlimizin altında detallar olmasa, bir iş görə bilmərik, -
Fomiç təəssüflə bildirdi. Onsuz da Fomiçin elə bir vəzifəsi yox
idi. Təcrübəli və peşəkar mühəndis, işdən qovulsaydı belə, özünə iş
tapardı. Polkovnikin vəziyyəti daha pis idi, onun rütbəsini azalda
bilərdilər, hətta vəzifəsindən tullayıb atardılar həyatın dibinə.
Bunu hətta həyat təcrübəsi az olan Volodya da başa düşürdü.
– Bilirəm, sizə də yuxarılar təzyiq edir. Amma Leonid İliç özü
gəlsə belə, bu işi üç günə görmək mümkün deyil.
– Bir dəqiqə də itirməyin, - polkovnik donquldanıb qeyb
oldu.
– Heç olmasa, qovuq vəd edəydi, – deyə "inqilabçı" mühəndis
gülümsədi və qutuları açdı.
Bükülü detalları açıb baxanda onların ABŞ, Qərbi Almaniya,
İsveçrə istehsalı olması aydınlaşdı.
– Məgər bunları ABŞ-da dükandan almaq olmur? - Vovka
sadəlövhcəsinə soruşdu.
– Kəşfiyyatı ucuz dəyərləndirirsən, - əlindəki parıldayan
üçayaqlı böcəyə oxşayan tranzistoru fırladan Mixaylıç istehzayla
gülümsədi. - Bir dükandan bu qədər cihaz almaq bilirsən nə deməkdi?
O deməkdi ki, sən xarici kəşfiyyata ipucu verirsən. Yoxsa bu
DTK-nın nəyinə lazımdı? Bu, gözdən pərdə asmaqdı. Məxfidi, başa
düşdün?
- Bəlkə bizə elektron hesablama maşını versinlər? Onda işimiz
asan olar. Bildiyimə görə, qonşu korpusun bir mərtəbəsində ancaq
hesablayıcı maşınlar yerləşir, – deyə Vovka cürət edib onun
gözlərinin içinə baxdı.
Hamı gülüşdü. Otaqda gülüş səsi kəsildikdə Mixaylıç gözlərini
silib təəssüflə başını buladı:
– Eh, gəncliyə bax da. Gör də, sən allah! Romka da səndən tez
anladı hər şeyi. Vovka, axı sən birinci il deyil işləyirsən.
Doğurdanmı, EHM-in görüntü yaratmaq üçün olduğunu anlamamısan hələ
də? Heç bilirsən, maşınla hesablama aparmaq üçün nə qədər perfokart
(elektron hesablayıcı cihazlar üçün üzərində kodlarla məlumat
yazılan kartondan və ya plastik materialdan hazırlanmış düzbucaqlı
kart) deşməliyik?
DÖRDÜNCÜ FƏSİL
Fomiç maşından sürətlə işlədi. Bir həftədən sonra o içərisinə
dəmir-xlorid tökülmüş qaba hazırladığı altlıqlardan birini
yerləşdirdi. Bu qabla eyni ölçüdə idi: 13*18.Onsuz da daha böyük
ölçüdə hazırlamaq olmazdı, çünki onları zavodun keçidindən çıxarmaq
olmurdu.
Polkovnik bir gündə iki dəfə zəng edir, iki gündən bir gəlirdi.
Təəccüblü olsa da, ilk nəticələri görəndən sonra sakitləşdi. Bəlkə
də onun tabe olduğu general bu tapşırığı unutmuşdu, ya da harasa,
məsələn ADR-ə ezamiyyətə getmişdi.
605 nömrəli məhsul vüqarla qablaşdırılacağı qutunun qapağının
üstündə dayanmışdı. Qapağın o biri hissəsində ekranı
"Belamor"siqareti ölçüsündə olan "Elektronik" televizoru, plastik
altlıqlar, 220 voltluq elektrik mənbəyi vardı.
– Nə oldu? Yoxladınızmı? – kəşfiyyatçı salamsız-kəlamsız
soruşdu.
– Hə, - laboratoriya müdiri cavab verdi. - Çevirici işləyir.
Ekranda tezliyi 10 QiqaHersdən böyük olan dalğalar görünür.
Təbii ki, yarısını belə anlamadığı izahata bir dəqiqə qulaq
asandan sonra Vovkanın masasına keçdi. Kiçik antenanın məftillərini
nəzərdən keçirdi, güc əmsalını dəyişdirən rezistoru işə saldı.
Antenanın yerini dəyişdikcə ekrandakı xətlər gah artır, gah
azalırdı. Bundan başqa heç nə görsənmirdi.
Maşa, Fomiç və Roma başqa işlə məşğul idilər. 37-605 nömrəli işə
qeyri-rəsmi cavabdeh olan Vovka və rəhbər olan Mixaylıç final
hücuma qarşı hazır idilər. Heç bir danlama olmadı.
Cihazla bir az oynayandan sonra polkovnik son dəbli portfelindən
üstündə heç bir yazı olmayan qovluq çıxardı. Qovluqda iri rəngli
şəkillərlə yanaşı, DTK arxiv idarəsinin möhürü olan və təbii ki,
məxfi sayılan Amerika universitetinin jurnalı vardı.
– Necə bilirsiz, bu cihazı hazırlamaq nəyə gərəkdi?
– Bəlkə kosmik tədqiqatlar üçün, - Vovka inamsız halda öz
fərziyyəsini dedi. Onlar yadplanetliləri axtarmaq üçün. Şəbəkə
proqramı eynidi. Fəzanı yüksək tezlik diapazonunda öyrənmək
istəyirlər.
– İngiliscə oxuya bilirsinizmi? - onların üzlərindəki ifadədən
sualının yersiz olduğunu anlayan polkovnik davam etdi. - Qulaq
asın, 1981-ci ildə amerikan alimi bu cihazla 10 QHs-dən böyük
tezlikli radiodalğalarda qəribə dəyişikliklər olduğunu müşahidə
etdiyini bəyan etdi. Bizimkilər, gördüyünüz kimi, sizin bu cihazdan
çox da fərqi olmayan qurğunun şəklini çəkdilər. Baxın, amma
səliqəylə.
Bu isə amerikan qəzetlərinin birində həmin bu cihazın insanlar
üçün təhlükəli olması haqda xəbərin şəklidi. Amerikan alimi öz
qurğusunu, bütün çertyojları məhv edib özünü öldürür.
– Xəstə. Onlar hamısı dəlidi, harındılar, - Mixaylıç deməyə
başqa söz tapmadı.
– Bizdə də bu sxemi quraşdırmaq istədilər. Heç bir hissə üçün
başqa ölkəyə sifariş vermədilər.
– Aydındı. Özümüzdə olanlarla nəsə düzəltmək istəyiblər.
– Onlarda daxili antenayla işləyən televizorun ekranındakı kimi
boz rəng alındı.
Böyüklər ağıllı fikir mübadiləsi edərkən Vovka amerikan
cihazının şəklini diqqətlə nəzərdən keçirirdi. Şəkildən görünən iki
ovuc ölçüsü qədər olan qəribə birləşmə nəsə çox tanış gəlirdi. Elə
bil onu görmüşdü, hətta düzəltmişdi. Macar pivəsinin dəmir qutusunu
kəsərkən yaraladığı barmağından plastırı hələ açmamışdı.
Mixaylıç taxta lövhənin üstündəki plastik altlıqlardakı
hissələrə baxırdı. Xarici sifarişlə hazırlanan cihazın artıq
hissələrini bir həftə əvvəl götürsə də, "605 nömrəli tapşırığın
zibilindən qurtarmayınca" ona əl vurmağı qəti qadağan etmişdi.
Fomiç bu işə maraq göstərmirdi. Vovka hər iki qovluğu aparıb xüsusi
şöbəyə təhvil vermək, xatadan uzaq olmaq istəyirdi. Amma! Kimsə çox
ağıllı biri cərəyan çeviricisi ilə qəbuledicinin sxemlərini
ayrı-ayrı qovluqlara qoymuşdu. Onların eyni vaxtda Vovkagildə
olması möcüzə idi. Bütün mühəndislər getmişdi. O, heç kimlə
məsləhətləşə bilmədi. İş vaxtı qurtarırdı. Vovka qovluqları təhvil
verdi. Qəfildən iş yoldaşlarıyla bölüşmək istədi. Polkovnikin
okeanın o tayındakı alimin sirli ölümü haqda dediklərini də unuda
bilmirdi.
Ertəsi gün sahibkar hüquqlarından istifadə edən Fomiç televizoru
əks-kəşfiyyatçının qurğusundan ayırdı. Onu özünün düzəltdiyi
antenaya birləşdirdi. Bütün günü məhsul yığımıyla bağlı xəbərlər,
metallurqların işindən bəhs edən reportajlar, Brejnevin Honnekerlə
görüş–öpüş səhnələri yayımlandı. Vovka diqqət çəkmədən üzərində
qurğu yığılmış altlığı zavoddan çıxardı. Pul ehtiyatına komissyon
mağazadan 70-ci illərin istehsalı olan kiçik "Şilyalis-401"
televizoru aldı. Nəhayət şənbə günü gəldi. Anası atasıyla birlikdə
təzə aldığı şubanı nümayiş etdirmək həvəsiylə qonaq getdi. Vovka
işə başladı. Köhnə kineskopu yenisiylə əvəz etdi. Kiçik televizorun
16 sm-lik ekranında aydın görüntülər və aparıcının amerikan
imperializminin növbəti əməllərindən xəbər verən səsi eşidildi.
Vovka televizoru yüksək tezlik qurğusuna birləşdirib piramida
formalı kameraya qoşdu.
Nəticə təəssüfedici oldu. Yenə ekran açıq boz rəngə boyandı.
Vovka nə qədər çalışsa da, görüntüləri qeydə alan piramida şəkilli
baxış kamerasını hərəkət etdirsə də, heç nə alınmadı. Nəhayət
bezdi, mətbəxə siqaretini götürməyə keçəndə radiotexnik duyumuyla
ekranda fərqli bir işıqlanma olduğunu hiss etdi. Ekranın
yaxınlığında bunu görə bilmirdi. Kənardan kölgələr belə müşahidə
etdi. Hələ fizika fakültəsinin tələbəsi olarkən müxtəlif cihazlarla
işləməyi sevən Vovka təslim olmaq istəmirdi. Yenidən qurğuya
yaxınlaşdı: Ekranda hərəkət edən kölgə göründü. Vovka siqaret
yandırıb fikrə getdi. Yüksək tezlikli işıqlandırıcı qurğu yalnız
canlı varlığı qeydə alır. Köhnə "Xruşşovka" mənzili bəzəyən nə
bahalı yuqoslav mebelini, nə də çilçırağı qeydə alırdı. Vovkanın
ağlına gəldi ki, əldə aparıla bilən cihaz yaratmaq olar. Özünlə
götür və istənilən yerdəki görüntüləri qeydə al. Axı "Şilyalis"
televizoru avtomobillər üçün idi. Maraqlıdı, görəsən, küçədə
insanlar, ya heyvanlar ekranda görünərmi? Vovka sakitcə divanda
oturub siqaret çəksə də, ekranda elə bil əlindəki ağaca söykənib
ayaqlarını çətinliklə hərəkət etdirən kölgə sezdi. Və bu kölgə çox
tanış idi. Ola bilməz! Xəyal şəklin arxasında gizləndi. Vovka
cihazı divanın üzərinə qoydu. Ekrandakı xəyal yerindəydi: Qeydə
alınmayan balışlara dirsəklənib, əliylə görünməyən çəlikdən
tutmuşdu.
– Nənə?
Vovka tərəddüdlə divanın kənarında oturdu. Olanlar maraqlı,
cansıxıcı və kədərli idi. Üç il əvvəl ölmüş nənəsini çox sevirdi.
Əlini ona uzatdı, televizora baxdı və xəyalın qapıya tərəf gedib
gözdən itdiyini gördü. Oğlan yavaş-yavaş həqiqi həyata döndü,
cihazı söndürdü. Və öz təkliyinə qapandı.
Birinci gün Mixaylıç və Fomiç yığılmış qurğuları yerində
görməyib cin atına mindilər. Vovkanın onları satdığını deməkdən
başqa çıxış yolu qalmadı.
– Əclaf, - qoca usta əsəbiləşdi. - Neçəyə satdın?
– 50 manata.
– Sənin ananı… Onu təmir edib iki yüz qazanardım. Pul hanı?
Əlindəki pulu ona verən Vovka: – Yarısını da sabah gətirərəm.
Qalanını xərcləmişəm, - dedi.
Bənövşəyiyə çalan kağız laboratoriya müdirini bir az
sakitləşdirdi. Bir azdan artıq pivələri vardı. Amma onlara verəcəyi
20 rubl və "Şilyalis"almağa sərf elədiyi pul Vovkanın maddi
durumunu çətinləşdirirdi. O, avtomobil üçün akkumulyator, çanta
almalı, görüşdüyü qızı, söz verdiyi kimi kafeyə aparmalı idi.
Yüksək tezliklə işləyən əldə daşına bilən cihazın hazırlanmasını
yanvarın axırına kimi təxirə salmalı oldu.
Köhnə kürkün üstündən asdığı elektrik hissələri dəsti onu
botanik-desantçıya oxşadırdı. İçərisində akkumulyator olan
kürəyindəki çanta paraşütü xatırladırdı. Sinəsindən asdığı
"Şilyapis" olan çanta ehtiyat paraşütə oxşayırdı. Üstündəkilərin
çəkisini təxmini hesablayanda onun 20 kq yükləndiyini düşünmək
olurdu. İmperializm dünyasında Vovkanı bu görkəmdə Qırmızı
dəstədən, ya da, İRA-Əfqanıstandan olan terroristə oxşadıb
addımbaşı saxlayardılar. Burda isə ona kimsə dəyib dolaşmırdı,
arxayınca gəzirdi. Yalnız bircə dəfə sahə müvəkkili onu saxlamışdı.
Vovkanın yol gedə-gedə futbola baxdığını görüb "ay səni, ixtiraçı"
deyərək dostcasına ayrılmışdı. Həm də qonşular Vovkanın
ustalığından xəbərdar idilər. Vovka sahə müvəkkilinin də
"Vesna-306" maqnitafonunu, radio cahazını təmir etmişdi.
Cihazla şəhərdə gəzərkən Vovka maraqlı nəticəyə gəldi: Ekranda
müşahidə etdiyi kölgələrin ən azı 10 faizi ətrafda olanlar deyildi.
Öz düşüncələri ilə bir ay mübarizə aparan ateist komsomolçu bu
kölgələri artıq ruh hesab edirdi. İnsan bədənindən ayrı olan bu
kölgələr yayğın-dağınıq görünürdülər. Çox sakit idilər. Adətən eyni
yerdə olarkən müşahidə edirdi onları. Hərdən kölgələrin yanında
dörd əli üstündə gedən, dumanlı şəkildə quyruğunu oynadan bir fiqur
da görünürdü. Elə kölgələr də vardı ki, özünü çılğın aparırdı.
Tanış gəlməyən birinin silueti Vovka gilin evinin keçidində
görünür, küçədə şütüyən maşınlara əl edirdi, yəqin yol qəzasının
qurbanlarından idi. Aydın idi ki, bu, yüksəktezlikli cihaz adi
həqiqi həyatı qeydə alırdı. Çünki görünən kölgələr adamlar kimi idi
- yeriyir, skamyada oturur, pilləkənlə qalxır. Düzdü, hərdən
divarları belə keçir, asfalta sərilir, ya da göylərə uçurdular.
Bütün bunları kiminləsə bölüşmək, məsləhət almaq arzusu rahat
buraxmırdı. Ancaq kiminlə? İşdə o dəqiqə təhlükədən uzaq olmaq üçün
yığılmış gövdəni əvvəlki halına salmağa məcbur edəcəkdilər. Qız
dostu bunu dəlilik hesab edəcəkdi. İnandırıcı olmasa da, ən çox
polkovniklə bölüşmək ağlına gəlirdi. Acıqlı görünsə də, işgüzar
təsiri oyadırdı. Mixaylıçın laboratoriyası onunçün maraqlı
olmadığından daha gəlmirdi. Əlaqə yaratmaq üçün isə heç bir
koordinat, telefon nömrəsi, məlumat qoymamışdı. Və Vovka uşaqlıqdan
istənilən çətinlikdə məsləhətləşdiyi nənəsiylə bölüşmək qərarına
gəldi. Valideynlərinin uzunmüddətli evdə olmayacağı günü gözlədi.
Nəhayət belə bir gündə hazırladığı cihazı evdəki "Rubin"
televizoruna birləşdirdi. Əlindəsə vərəqlər vardı. Doğma kölgə
ekranda görünən kimi Vovka "Nənə, bu sənsən? Əgər doğrusa, başınla
təsdiqlə..." – yazılmış vərəqi ekrana tutdu. Böyükekranlı
televizorda görüntülər "Şilyalis"lə müqayisədə daha aydın idi. Amma
yenə də yayğın və yalnız ağ-qaraydı. Amerikanların sxemi üzrə
yığılan cihazın hissələrini tapmaq çətin idi. 30-40 ölçülü ekran da
əlverişli deyildi. Dalğa uzunluqları da aydın görüntülər almağa
imkan vermirdi. Amma hadisə baş vermişdi: Çoxdan ölmüş qadın onunla
danışırdı.
– Mən neynəyim? Səni gördüyümü kiməsə deyimmi?
Güclə sezilən siluet dodaqlarını tərpədir, elə bil nəsə demək
istəyirdi. Vovka onu anlamırdı, çətin ki bir başqası da bunu
bacarardı. Vovka əllərini açaraq heç nə anlamadığını başa salmaq
istədi. Nənə "yox" mənasında başını yellədi. "Deməli, yox. Yəqin
haqlıdı".
"Necəsən?"
Nənə çiyinlərini çəkdi.
"Sən anama görə getmirsən?"
O, yenə "yox" mənasında başını yellədi.
"Mənə görə? İstəyirsən işlərimi qaydaya salım?"
Nənə təsdiq etdi. Təbəssümü dumanlı da olsa, sezilirdi.
"Sənə söz verirəm. Tezliklə hər şey qaydasına düşəcək. Amma sən
getmə. Mənə sənsiz çox çətindi".
Bu dəfə nənə tərpənmədi. 5 dəqiqədən sonrasa görünməz oldu.
Vovçik təəssüflə köks ötürüb cihazı söndürdü. O, nənənin
məsləhətinə qulaq asıb heç kimə bir kəlmə demədi. Amma kürəyində
içində akkumulyator olan rüqzak və sinəsindən asdığı televizor olan
çantayla gəzəndən Vovkadakı dəyşiklik, özünə qapanmağı
valideynlərinin və sevgilisinin diqqətindən yayınmamışdı. Sevdiyi
müğənnilərin şəkilləri ilə otağının divarlarını bəzəməyi sevən
Vovka üçün indi onlar yalnız divar kağızı idi. Özünün hazırladığı
S-90 gücləndiricilərinə qoşulmuş "Yupiter" maqnitafonunun üstünü də
toz basmışdı.
(Sim-sim.az)