Rixard Zorge Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı
olub. O, İkinci Dünya müharibəsində ən mühüm məlumatların əldə
edilməsində böyük rol oynayıb.
Axar.az bakılı Rixard Zorgenin həyat yolu və İkinci Dünya
müharibəsində xidmətləri haqda yazını Samirə Əşrəfin tərcüməsində
təqdim edir:
Moskvaya gəlişi və müxbirlik həyatı...
Rixard Zorge (təxəllüsü İka Zonter) 1895-ci il oktyabrın 4-də
Bakının Sabunçu qəsəbəsində anadan olub. Milliyyətcə alman olan
atası Adolf Zorge Rotşildin neft mədənlərinin birində sıravi texnik
işləyirdi. Anası Nina Semyonovna Kobelyeva yoxsul fəhlə ailəsindən
idi.
Rixard Karl Marksın şagirdi və dostu Fridrix Zorgenin qardaşı
nəvəsi idi. Zorgenin üç yaşı olanda valideynləri Rusiyadan
Almaniyaya köçüb. Onun atası Berlinin yaxınlığında ev alıb və onlar
kayzer Almaniyasına xas olan tipik meşşan həyatı ilə yaşamağa
başlayıb. Kayzer Almaniyası, Avstriya-Macarıstan və Antanta
ölkələri tərəfindən Birinci Dünya müharibəsi başlananda gənc Zorge
alman ordusunun sıravi əsgəri olub.
Müharibədə aldığı ağır yaralar nətcəsində Zorge xəstəxanaya
düşür. Şahidi olduğu ağır müharibə dəhşətləri onun yaddaşında dərin
izlər buraxır. Və bu, onun gələcək taleyinin həllində əsas amil
olur.
Zorge deyirdi: "Əgər mənim heç bir əqidəm olmasaydı da, bircə
müharibəyə nifrətim kommunist olmağım üçün tamamilə kifayət
idi".
1917-ci ildə Zorge Müstəqil Sosial Demokrat Partiyasının üzvü
olur. 1919-cu ilin əvvəlindən isə partiya işlərinə keçir. Həmçinin
Hamburq Universitetində təhsil almağa başlayır. Dövlət hüquq
elmləri doktoru elmi dərəcəsi də alır. 1920-21-ci illərdə Zorge
Zolihendə kommunist qəzetinin redaktoru oldu. Burada o, eyni
zamanda Frankfurt Universitetində də elmi işlə məşğul olur.
1921-ci ildə Zorge rəhbərliyin razılığı ilə Moskvaya gəlir və
sovet vətəndaşlığını qəbul edir. Moskvada Zorge bütün qüvvəsi ilə
partiya işinə girişir. Həmçinin tez-tez mətbuatda çıxış edir,
siyasi jurnallarda mühüm məqalələr dərc etdirir.
1929-cu ildə beynəlxalq vəziyyət çox gərginləşir. Almaniyada
faşistlər hakimiyyət başına can atırlar. Yaponiya militaristləri
birinci növbədə Rusiyanı hədələyən təcavüzkar planlar
hazırlayır.
Çin səfəri və Yaponiyadakı böyük işlərin
başlanğıcı...
1930-cu ilin əvvəllərində Rixard Çinə gəlir və üç ən çətin
şəraitdə ona tapşırılmış vəzifələri yerinə yetirir. 33-cü ildə isə
komandanlıq onu Yaponiyaya göndərməyi qərara alır. Həmin ərəfədə
Zorgenin şəxsi həyatında da dəyişikliklər olur. Birinci arvadı
Kristina Qerladan ayrılan Zorge 1933-cü ildə ikinci dəfə Yekaterina
Maksimova ilə ailə həyatı qurur.
Yaponiyada Zorge nüfuzlu alman qəzetləri "Berzen kurir" və
"Frankfurter seytunq"də müxbir kimi işə başlayır. Elə həmin ərəfədə
Yaponiyada ezamiyyətdə olan polkovnik-leytenant Ott ilə tanışlığı
Zorgenin alman səfirinin əməkdaşları ilə sıx əlaqə yaratmasına
kömək olur. Ott hərbi attaşe təyin olunduqdan sonra Zorge ona
qeyri-rəsmi köməkçi kimi daha çox lazım olur. Həmçinin alman səfiri
Dirksen də ona dərindən inanır və Berlinə göndərdiyi məruzələrində
onun məlumatlarından istifadə edir.
Beləliklə, Zorge həm mövqeyini gücləndirir, həm də kəşfiyyat
təşkilatını təsis edir. Həmin təşkilatın özülünü yapon dostları -
Odzaki, Miyagi, Klauzen, onun arvadı Anna və yuqoslaviyalı
jurnalist Vukeliç təşkil edirlər. Bununla da dünyanın ən geniş
miqyaslı kəşfiyyat komandası – "Qızıl beşlik" yaranır.
Zorgenin köməyi ilə Ott Almaniyanın Yaponiyada səfiri olandan
sonra ondan bacarıqla istifadə edib çox qiymətli məlumatlar alır.
Zorge faşist Almaniyasının İkinci Dünya müharibəsinə hazırlıq
görməsi haqqında və Polşaya, daha sonra İngiltərə və Fransaya qarşı
müharibəyə başlayacağı barədə mərkəzə xeyli məlumatlar
yollayır.
II Dünya müharibəsini bilən ilk insanlar...
Rixard Zorgenin və onun təşkilatının fəaliyyətində mühüm dövr
1939-cu və 41-ci illər olur. Bu zaman o, Almaniyanın Sovet
İttifaqına hücum planının üstünü açmağa nail olur.
Belə ki, Zorge 1940-cı il dekabrın axırında mərkəzə xəbər verir
ki, Rusiya sərhədlərinə 80 alman diviziyası yığılıb və faşistlər
Xarkov-Moskva-Leninqrad xətti ilə Rusiya ərazisini zəbt etmək
niyyətindədirlər. 1941-ci ilin aprelində isə o, xəbər verdi ki,
Almaniya baş qərargahı İngiltərə ilə müharibəni sona çatdırmamış
Rusiya ilə müharibəyə başlayacaq və 1941-ci il iyunun 20-də
Almaniya 150 faşist diviziyası ilə hücuma keçəcək. Zorge həmçinin
onu da bildirir ki, Moskva altında almanların qarşısı alınsa,
Yaponiya Rusiyaya hücum etməyəcək.
Bir çox mənbələrdə verilən məlumatlara görə, Zorgenin əleyhinə
dəlillər toplayan Yaponiya rəqqasəsi Kiomi ilə sevgi münasibəti
Zorgenin təqib olunaraq həbs olunmasına səbəb olub. Əslində isə bu,
tamamilə yanlış fikirdir. Yaponiyanın əks-kəşfiyyat orqanları uzun
müddət idi ki, Zorgenin kəşfiyyat təşkilatını tapmaq üçün tədbirlər
görürdü.
Zorge də dəfələrlə hiss etmişdi ki, onu izləyirlər. Lakin
məsuliyyət hissi onu işini yarımçıq qoymağa imkan vermirdi. Zorge
tez-tez öz yoldaşlarına deyirdi: "Olsun ki, biz buradan sağ-salamat
çıxmayaq. Ancaq biz qələbəyə qədər mübarizə aparmalıyıq. Həlak
olsaq da, bilərik ki, xeyirli iş üçün mübarizə aparmışıq".
Təqiblər və həbslər
1941-ci il oktyabrın 18-də səhər Rixard Zorge və onun ən yaxşı
köməkçiləri həbs olundular. Əvvəlcə ciyərləri xəstə olduğuna görə
çox zəifləmiş Miyagi ifadə verməyə başladı. İkiaylıq psixoloji
hücumdan sonra o, təslim oldu. Bu işdə onun səhhətinin pisləşməsi
az rol oynamamışdı. Miyagi Zorgenin qrupundakı işindən danışdı.
Yaponlar onun ifadəsindən qrupun başqa üzvlərinin əleyhinə dəlil
kimi istifadə etdilər. Müvəfəqiyyətdən qızışmış polkovnik Osaki
təkcə Miyaginin adını çəkdiyi adamları yox, həm də onların bütün
qohumlarının, dostlarının həbs olunması əmrini verdi. 1942-ci ilin
mayında Zorge qrupu ilə əlaqələrindən şübhələnən 100-ə yaxın adam
həbs edilmişdi.
Klauzen də işgəncəyə dözməyib, Çində Zorge ilə ilk görüşünü,
daha sonra Yaponiyaya göndərilməsini və Zorgenin Qızıl beşliyindən
biri olaraq işləməsi barədə ifadələr verdi.
O, bir çox məlumatları radio vasitəsilə balıqçı gəmilərindən
yolladıqlarını tez-tez radio dalğalarının yerini və parollarını
dəyişdiyini dedi.
Klauzen göndərdikləri məlumatların sayını dedikdə müstəntiqlər
heyrətə gəldi. Təkcə Zorgenin özü 1941-ci ildə 40 min qrup həcmində
böyük miqdarda məlumat göndərmişdi.
Vukileç isə bütün əzablara mərdliklə davam gətirdi. Hətta ən
ağır işgəncələr belə onu yoldaşlarını ələ verməyə məcbur edə
bilmədi.
Zorge və Odzakini isə təkadamlıq kamerada saxlayırdılar. Klauzen
və Miyaginin ifadələrindən sonra onlar susmağın mənasız olduğu başa
düşdülər.
Yaponlar bir neçə jurnalistə həbsxanada Zorge ilə görüşməyə
icazə vermişdi. Zorge qrupun bütün məsuliyyətini öz üzərinə
götürmüşdü və o, əmin idi ki, onu öldürməyəcəklər. O, hesab edirdi
ki, Stalin onun işini yüksək qiymətləndirir və onun xilas edilməsi
üçün tədbir görəcək. Zorge əmin idi ki, onu Rusiyada saxlanılan
görkəmli siyasi dustaqların biri ilə dəyişəcəklər.
1110-cü gün
Lakin gözləntilər özünü doğrultmadı. 1943-cü ilin sentyabrında
həbs olunduqları vaxtdan iki il sonra məhkəmə Zorge və Odzakini
ölüm cəzasına məhkum etdi. Onlar bir neçə dəfə özlərini müdafiə
üçün məhkəməyə müraciət etsələr də, gətirdikləri özünümüdafiə
dəlilləri yetərsiz olduğundan məhkəmə bu müraciətləri rədd
etdi.
Nəhayət, 1944-cü il noyabrın 6-da Odzaki dar ağacından asıldı.
Zorge isə ondan bir gün sonra məhkumluq həyatının 1110-cü günündə,
səhər saat 10:36-da edam olundu.
Onun arvadı Yekaterina Maksimova isə hələ müharibənin ikinci
ilində həbs olunmuşdu. Daha sonra isə o, casusluqda
günahlandırılaraq beş illik Krasnoyarsk vilayətinə sürgün edildi və
elə oradaca zəhərlənib öldürüldü.