Onu şeirlərindən tanımışdım. Şeirlərində ağır taxtalı
bir kişinin fikirləri ilə yanaşı, həzin pıçıltı, səmimi etiraf,
duyğusallıq olması bu adın daim izləyəcəyim imza olmasından xəbər
verirdi. Sonra onunla yaxından tanış olduq, tanışlığımız dostluğa
qədər irəliləyə bildi. Bu vaxta qədər isə işlədiyi "Ədalət"
qəzetində şeirlərimdən bəhs edib, kitabım haqda yazı da
yazmışdı.
Bu günlərdə onunla - şair Əbülfət Mədətoğlu ilə görüşüb Axar.az
üçün söhbət etdim, onun "Gerçəkləşməyən arzular"ını öyrəndim:
- Əbülfət bəy, necəsiniz? Deyəsən, son vaxtlar
publisistikanız, nəsriniz nəzminizi üstələyir. Şeir
yaradıcılığınızda son vaxtlar durğunluq hiss etmirsiniz ki? Ya bu,
mənə elə gəlir? İşinizin çox olması, güman ki, yaradıcılığınıza da
təsir göstərir.
- Gündəlik qəzetdə çalışmaq istənilən yaradıcı adam üçün həm
vaxt itkisi, həm də müəyyən fikirlərin nəsrə köçməsidir. Yəni
şeirdə səslənə biləcək fikir bəzən publisistikanın "yem"inə
çevrilir. İndiki zamanda bundan qurtulmağın yolunu görmürəm, çünki
işləməsəm, çalışmasam, onda iş yerimi də itirərəm, ailənin
güzəranını da. Bunu balanslaşdırmaq üçün necə deyərlər, canıma
"qəsd" edirəm. Hər gün səhər saat 7-dən redaksiyada yazı stolumun
arxasında 9:30-a qədər öz şəxsi duyğularımın xidmətində oluram.
- Jurnalistika, şairlik dolanışığınızı təmin edə
bilirmi? Yoxsa bir tikə çörəyin dalınca düşməyin başqa yolları da
var?
- Gəl etiraf edək ki, bu gün qələm ən yaxşı halda günün çörəyinə
yardımçı olur, ona görə müxtəlif işlərin də qulpundan yapışmaq
lazım gəlir. Bu mənada şəxsən mən, daha çox redaktə işlərinə özümü
sərf edirəm. Oradan əldə etdiyim az-çox nə olursa, bunu qələmin
puluna əlavə edirəm və beləcə yaşayıram.
- Necə düşünürsünüz, gənc şair Əbülfət Mədətoğlunun
oxucusu bu günün ağsaqqallıq kürsüsünə yiyələnəcək şairin oxucusu
kimi qala bildimi?
- Oxucu bütün zamanlarda olub, var və olacaq. O ki qaldı mənim
oxucularıma, mənə elə gəlir ki, onlar elə mənimlə birlikdə gənc
olub və bu gün də çatdığım yaşdadırlar. Mən həmin sədaqətli
oxucularımın qarşısında həmişə baş əymişəm, amma tam səmimi şəkildə
etiraf edirəm ki, bu günün oxucusu daha çılğın, emosionaldır. Onlar
sözdə, şeirdə dinamika axtarırlar, duyğusallıq yox. Bu mənada gənc
oxucuların kumirinə çevrilmək heç də asan deyil .
- Çoxsaylı oxucularınızdan qəlbinizə hakim kəsiləni,
ilham pərisinə çevriləni olubmu heç?
- Sizə bir fakt deyim, inanmasanız, bir gün "gecəqonduma" qonaq
gəlib həmin hədiyyəni özünüz də görə bilərsiniz. Bu günə qədər
üzünü görmədiyim, tanımadığım, hətta adını belə bilmədiyim bir
oxucu, mənə çox dəyərli və son dərəcə əziz olan bir at büstünü poçt
vasitəsi ilə göndərib. O hədiyyənin bağlamasının içərisində bircə
cümlə yazılmış vərəq var idi: "Sizin şeirlərinizin daimi oxucusu və
sizin xəyallarınız!" Bax, tanımadığım həmin insanın özü və gözümün
qabağındakı hədiyyəsi dediyiniz ilham pərisinin obrazıdır.
- Siz şair olaraq nələri arzu etmisiniz və bu arzular
gerçək oldumu?
- Etiraf edim ki, mənim arzularımdan çox, xəyallarım olub. Ona
görə də doğmalar məni daha çox xəyalpərvər kimi tanıyır, hətta
bəzən "xəyalların yuxularında da çin olmur", - deyirlər.
Ümumiyyətlə, doğulduğu evi, ilk addımlarını atdığı torpağı,
uşaqlığını, gəncliyini itirmiş, əslində isə işğalçı caynağına
keçməsinə dözən bir adamın arzusu da, xəyalı da özündən asılı
deyil, ancaq Allahla bağlıdır. Odur ki, arzulardan danışmaq toyda
sağlıq demək kimi bir şeydir mənim üçün.
- Gənclik illərinizdə heç arzuladınızmı ki, xalq şairi
olasınız, sizi barmaqla göstərsinlər?
- Faiq, əzizim, mən pafoslu danışmağı sevmirəm. Bilirəm ki, sən
də eləsən. Gəl etiraf edək ki, bir var xalqın şairi, biri də var
xalq şairi! Mən əgər doğulduğum bölgənin və şeirlərimi mütaliə edən
oxucuların gözündə, könlündə, yaddaşında varamsa, artıq elə bu
xalqın şairi olmaq deməkdir.
- Şair, sizin Əbülfət Mədətoğlu olaraq ədəbiyyatda
özünüz üçün müəyyən etdiyiniz bir yer varmı? Özünüzü arzuladığınız
yerdə görə bilirsiniz?
- Gəl belə danışaq, bizim özümüz üçün müəyyənləşdirdiyimiz yer
nisbidir. Bir az da çılpaq desəm, biz hansısa bir məclisə getmirik
ki, öncədən hansı masada oturacağımızı müəyyənləşdirək və yaxud da
o məclisin sahibi bizə göndərdiyi dəvətnamədə masanı göstərsin. Biz
sözlə yaşayırıq, o sözün ömrü nə qədər olacaqsa, biz də o qədər
yaşayacağıq. Şəxsən mən, ədəbiyyat deyilən məkanın hansısa bir
nöqtəsində bir misramın qalacağına inanmasaydım, qələmi bir kənara
atardım.
- Sizcə, imzanız bizim ədəbiyyata nə qazandıra bildi?
Əgər uzun illər imzanız görünməsə, ədəbiyyatımız nəyi itirə
bilər?
- Çox hörmətli professorlarımız - Nizami Cəfərov, Rüstəm Kamal,
Vaqif Yusiflinin, eləcə də böyük şairimiz Bəxtiyar Vahabzadənin,
canlı klassikimiz Ramiz Rövşənin, mərhum Tofiq Abdinin, dəyərli
Seyran Səxavətin, Zakir Fəxrinin, Vaqif Bəhmənlinin və digərlərinin
fikirlərinə söykənib deyə bilərəm ki, mən yazılarımdakı
səmimiyyətlə, sadəliklə fərqlənmişəm. Hətta İstanbul və Ankarada
çap olunan kitablarımın ön sözlərində də Türkiyənin tanınmış
ədəbiyyat adamları, məni " səmimiyyət, sevgi və dərd şairi"
adlandırıb. Düşünürəm ki, nə vaxtsa imzam görünməsə, yazdıqlarım
məni xatırladacaq.
- Bilirik ki, şair bütün dövrlərdə zamana qarşı müxalif
olur. Sizin də şeirlərinizdə bir giley, barışmazlıq var. Nəyi
istəyirsiniz və o istək niyə gerçək olmur?
- Bəli, şairlər həmişə müxalif olub, çünki onlar şeir yazanda
şair olurlar. Şairlərin də dünyası tamam başqadır. Mənim ən çox
gileyim - vətəndə vətənsiz olmağımdır. Hər kəs kəndinə, doğulduğu
ünvana tələsəndə mənim içimdən bir sızıltı keçir... Mənim də gedən
yerim olub axı. İndi isə yoxdur...
- Ümumiyyətlə, sizin gerçək olmayan arzularınız
hansıdır? Bu arzuların ardınca düşürsünüzmü, yoxsa ağ bayraq
qaldırıb, "təslim olmaq" daha asandır?
- Düşünürəm ki, "arzudan arzu doğur" fikri həqiqətdir. Bu mənada
mən, özümü anlayanda - bu insanların şirəsini sorub rahatca
xumarlanan Bakıya gələndə böyük arzuların izinə düşüb gəlmişdim. Bu
şəhər, o arzuların əksəriyyətinin məzarlığına çevrildi, çünki
kəndin saflığını tapa bilmədim bu şəhərdə. Yaxşı ki, etibarlı
dostlar, xüsusi ilə əlimdən tutan söz adamları məhv olmağıma imkan
vermədi. Onların arasında unudulmaz Nüsrət Kəsəmənli, yazıçılar
Əlsəfa Məmmədov, Əlfi Qasımov, Seyran Səxavət, şair dostlarım Vaqif
Nəsib, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Zülfüqar Şahsevənli, Zakir
Fəxri, Umud Rəhimoğlu, Adil Şirin, Elçin İsgəndərzadə, həmçinin bu
gün birgə çalışdığım qəzetin sahibi Aqil Abbas və digərlərinin
boynumda dost haqları var. Onlara həmişə minnətdaram. Ən böyük
arzum - bəlkə də tələbim desəm, daha doğru çıxar, - doğulduğum
Qarabağa qovuşmaqdır.
- Şair, sizi arzularınız hara qədər apara bildi? Bugünkü
yeriniz, durumunuz sizi qane edirmi?
- Bilmirəm, kimlərsə arzularına qoşulub harasa
gedib ya yox, mən şəxsən 1991-ci ilin oktyabr ayının 30-dan, yəni
doğulduğum Tuğ kəndi işğal olunduğu gündən cismən Bakıdayam, ruhum
Qarabağda - ata ocağındadır! Ona görə də cismi ilə ruhu
biri-birindən ayrı yaşayanın günü-güzəranı ancaq xəyalların
ətəyindən tutmaqla keçir. Bir yazı adamı olaraq, kitablarımın ölkə
hüdudlarından kənarda - Türkiyədə, İranda çap olunması məni nə
qədər sevindirsə də, düşünürəm ki, arzularımın qayəsi məni elə
yerlərə qədər aparmaq deyildi. Yox! Mən arzularımı da, xəyallarımı
da Qarabağda görürəm. Sizi də orada gözləyirəm.