Şair Əlizadə Nuri ilə görüşüb söhbət etmək fikrimi
gerçəkləşdirmək heç də asan başa gəlmədi. Əyalətdə yaşayan şairin
izinə düşmək çətin oldu. Onun şair olaraq sorağını dövri mətbuatda
dərc olunan yeni şeirlərindən alsaq da, özünü "tutmaq", söhbət
etmək bir az müşkül idi. Əsl şair ömrü yaşayan Ə.Nuri sanki laməkan
idi.
Nəhayət ki, yağışlı payız günündə şairlə Axar.az-ın "Soraq"
layihəsi üçün söhbətləşə bildim:
- Ara-sıra dərc olunmasaydın, deyərdik ki, bu boyda şair
birdən-birə yoxa çıxdı. Zühurun mübarək. Necəsən?
- Sağ ol, yaxşı olmamaq üçün səbəb yoxdur. Faiq, verdiyin sual
bir az kontekstdən çıxıb. Əslində, mən özümü zühur etmiş hesab
etmirəm, o ki qala indi zühur etmiş olam. Mənə görə, əslində, şair
elə ara-sıra yazmalı, dərc olunmalıdır ki, qələm də dincəlsin. Həm
də axı, sənin təbirincə desək, bu boyda şair axı heç yoxa da
çıxmayıb. Sadəcə, yəqin, sən mənim görünməyimi daha çox görmək
istəyirsən, ona görə belə düşünürsən. Bu da sənin mənəvi avantajın!
Mövcud ədəbi-ictimai şəraitdə tez-tez çap olunmaq mənim planlarıma
daxil deyil. Ancaq hər halda "Ədəbiyyat qəzeti"ndə tez-tez, "Ulduz"
və "Azərbaycan" jurnallarında isə davamlı olmasa da, görünürəm.
- "Ədəbiyyat qəzeti" silsilə şeirlərinə yer ayırdı,
Yesenindən tərcümələrini təqdim etdi. Qəzetin səhifəsində yeni
nəfəs duyuldu. Baxmayaraq ki, qəzet son 2 ildə yeni nəfəslə
ədəbiyyatın xidmətindədir.
- Prinsipcə ədəbiyyatın xidmətində olmaq savab işdir,
imandandır. Fikrimcə, dediyin kimi, bu missiyanı "Ədəbiyyat
qəzeti", qəzetin baş redaktoru, dostumuz Azər Turan uğurla,
vicdanla yerinə yetirir. "Vicdan - ciddi sənətdir", - deyirlər.
Azər Turan bu ədalət meyarlarına, ələlxüsus, ədəbi meyarlara mümkün
olduğu qədər əməl edir. Nə edəsən ki, şedevr hər gün yaranmır. Hər
halda qəzetin sifəti, palitrası dəyişib, oxunaqlı olub, ədəbi
zövqləri təmin edir. "Ədəbiyyat qəzeti"nə xidmət birbaşa ədəbiyyata
xidmətdir.
- Bayaq "Qəzetin səhifəsində yeni nəfəs duyuldu", -
dedim. Əslində, sən ədəbiyyatda yeni nəfəs, daha doğrusu, yeni səs,
yeni imza deyilsən. Həm də yaradıcılığınla çox yenilərə "nəfəslik"
olmusan. Özünü daim oxunaqlı saxlaya bilmisən. Yorğun olduğun
vaxtlar olubmu?
- Əslində, şair "dolu" olanda hər vaxt "yorğun" olur. Ancaq necə
deyərlər, bu, şirin yorğunluqdur. Bir dəfə qeyd etmişdim ki, şeir
yazmaq bəşəriyyətin sirrini bir neçə misranın canına sığışdırmaq
cəhdidir. Kamünün bir fikri yadıma düşür: "Freydin əzablar içindəki
bəşəriyyətə heç ürəyi yanmadı..." Ürək insana çox yaxın olsa da,
əlçatmazdır. Poetik fikir də elə olmalıdır. Onun "fəzalarında xeyli
uçandan" sonra onu sonsuz ucalıqlardan qələmin ucuna
endirməlisən.
- Əlizadə, "Qara bankın yanında", Hikmətin çayxanasında
("Hikmətin çayxanası" deyilən yer Cəlilabadda yazarların ən çox
toplaşdığı yerdir -F.B) keçən günlər təkrar olurmu?
- Günlər bir-birinə bənzəməsə də, çox şey təkrardır. O günlərin
cazibəsi, romantikası, həm də lap elə estetikası sanki başqadır,
Faiq. Necə deyərlər, keçən günə gün çatmaz... O günlərin nostaljisi
bir gün belə tərk etmir adamı... Puşkin deyir:
Dünyada xoşbəxtlik yoxdur,
Azadlıq və rahatlıq var...
...Sanki o günlərin xoşbəxtlik "əmsalı" daha ağır idi… O
günlərdə, elə bil, yer göyə daha yaxın idi. Biz sanki göydən bir az
da uzaqlaşmışıq e... Bu, bəşər övladına yaxşı perspektiv vəd etmir,
məncə. Dəyişilib, çox şey… Bir az dəyərlər də dəyişib, meyarlar
korşalıb, hamı özünü dahi hesab edir, heç kəs heç kəsi bəyənmir.
Yaxşı bir fikir yadıma düşür: "Nəzər dəyməyən yeganə şey ağıldır,
çünki heç kəs heç kəsin ağlını bəyənməz..."
- Doğrusu, "Soraq" layihəmiz üçün həmsöhbət oluram
səninlə. Düşünürdünmü ki, dostları bir müddət səssiz-soraqsız qoyub
öz dünyanda qalacaqsan?
- Bu dünyanın içində və ya "çölündə" olan şairin həmişə öz
daxili dünyası da olur. Mən dünyanın harasından olsam da, əsl
dostlar mənim içimdə, ürəyimin ən pünhan, isti yerində qərar tutub,
sən də o dostların sırasındasan. Üzünüzü az-az görsəm də, poetik
sözünüzün işığında tez-tez işıqlanıram. Həzrəti Mövlanə demiş,
sadəcə, bunu görmək lazımdır.
- Hər halda mən səninlə çoxdandır əlaqə qura bilmirdim,
sorağını eşidirdim, özün görünmürdün, yaxşı ki, şeirlərin səni
göstərə bilirdi.
- Əsl şeirin toxumu elə toxumdur ki, hər yerdə çiçəkləyir, hətta
ucqarlarda da! Hərdən qələmi yerə qoymaq istədim. Ərəblərin bir
sözü keçdi içimdən: "Məna ari bətin hinar". Yəni bir az da pünhan
qalmaq, sirr qalmaq istədim. Ancaq şeirin "daşı" çox ağır imiş, -
onu atmağa "gücüm" çatmadı. Bir sevgi şeirimdə dediyim kimi:
Nə yaxşı unuda bilmədim səni,
Nə yaxşı, durmadım sözümün üstə...
- Şair, nə işlə məşğulsan? Dolanışıq, təsərrüfat nə
yerdədir?
- Birtəhər dolanırıq. Fikrimcə, yaxşı şairin dolanmaq problemi
olmamalıdır. "Sənət adamı kasıb olmalıdır" moizəsi Markes demiş,
əclafların fikridir, necə ki, nasionalizm əclafların son sığınacaq
yeridir.
Həyat, onu necə yaşamaq da ölüm kimi poeziyanın əbədi
mövzularındandır. Qədim Zen-buddist fəlsəfəsində belə bir fikir
var: "Bizim həyatımız uzun ölümümüzdə qısa fasilədir". Necə
deyərlər, bu "fasilə vaxtı"nı mənalı keçirmək üçün daxili, mənəvi
zənginlik bəs etmir, insan həm də maddi təminatından arxayın
olmalıdır. O cümlədən də söz adamları...
- Cəlilabad ədəbi mühiti yenə də qaynar və çayxana
sərinliyini özündə qoruya bilirmi?
- Ədəbi mühit anlayışını o qədər də qəbul etmirəm. Hər yaradıcı
adam öz tənhalığının içində olur. Pafoslu səslənsə də, hər şairin
də öz daxili dünyası, mübhəm və sirli hücrəsi olur. Mövlanənin daha
bir fikri yadıma düşür: "Cahil yanında kitab kimi səssiz ol". Bəzən
səssiz, tənha qalmağa üstünlük verirəm. Heç bir "ədəbi qaynarlıq"
mənim ədəbi yanğımı "söndürə" bilmir, əslində.
- Oradan, ədəbi mühitimizin tənha olmayan, ancaq uzaq
bir adasından, dərya necə görünür? AYB-nin əsas qaynar tərəfini,
tərəfdaşlarını Cəlilabaddakı üzvlərdə görmək olardı bir zamanlar,
indi necədir?
- Əslində, hər bir adadan dərya gözəl görünməlidir. Amma dərya
sakit, məxmər kimi yumşaq, cazibədar olsa. Zira, adadakılar da
gözəl gözlə baxmağı bacarmalıdır ki, dərya gözəl görünsün və həmişə
özünü o dəryanın ağuşunda hiss etməlisən. Ən azı bir ada
kimi...
- Kimləri isə oxumağa vaxtın və həvəsin varmı, yoxsa sən
də bəzi klassiklərimiz kimi öz yazdığının oxunmasını
gözləyirsən?
- Freyd, Folkner, Hüqo, Blok, Çexov, V.Bayatlı və s. sevdiyim
qələm adamları qalereyasına aiddir. Kant poeziyanı "fikirlərin
bədii oyunu" adlandırıb. Ən çox düşüncə poeziyasına üstünlük
verirəm. "Lənətlənmiş" şairlərdən Şarl Bodleri də çox sevirəm.
- Səncə, poeziyanın kitabı açıqdırmı,
oxunurmu?
- Əsl sənət əsərini oxuyurlar, buna əminəm. Necə deyərlər,
şairlərin kitabı hələ bağlanmayıb. Sevilmək xoşbəxtliyi hələ
şairlərin əlindən alınmayıb. Baxmayaraq ki, dünya gözəllikləri
yazıçılardan bəzən üz çevirir, ancaq təsəllimiz odur ki, uzaqda
yaxşı nə varsa, şairlərindir.