Azərbaycanlı mühacir yazıçı Məhəmməd Əsəd bəy (və ya Lev
Nussimbaum) 1905-ci il oktyabrın 20-də Kiyevdə anadan olub, 1942-ci
ildə İtaliyada vəfat edib. O, daha çox "Şərqdə neft və qan" əsəri
ilə tanınır.
Axar.az Admiral.az-a istinadən
Məhəmməd Əsəd Bəyin "Şərqdə neft və qan" əsəri haqqında
azərbaycanlıların Berlindəki nümayəndələri tərəfindən Almaniya
Xarici İşlər İdarəsinə ünvanladıqları şikayət məktubunu təqdim
edir:
"Almaniya Xarici İşlər İdarəsinə;
Şərq şöbəsinə;
Şəxsən şöbə müdiri cənab Dr. Ziemkey Berlin 21.03.30.
Ötən ilin sonunda "Doyçe Ferlagsanstalt"ın Ştutqart, Berlin,
Leypsiq şəhərlərindəki nəşriyyatlarında Əsəd Bəyin yazdığı "Şərqdə
neft və qan" əsəri çap olunub.
Bu kitabın məzmunu Şərq haqqında qeyri-həqiqətlərdən ibarətdir,
saysız Şərq xalqlarının duyğularını köklü yaralamağa meyllidir və
imza atan təşkilat və qurumları yardım üçün xahişlə Xarici İşlər
İdarəsinə müraciət etməyə vadar edir. Kitabın müəllifi özünü əsl
köklü müsəlman və azərbaycanlı kimi qələmə verir, gerçək olmayan
faktların əsasına daxil edərək, öz yazısını xüsusi diqqət
mərkəzində saxlamağa çalışır.
Bizim müəyyənləşdirdiyimizə görə, Əsəd Bəy adının arxasında
1905-ci il oktyabrın 20-də Kiyevdə doğulmuş, 1921-ci ildə Berlinə
gəlmiş və indiyə qədər burada yaşayan dissident Leo Nissimbaum
gizlənir.
Kitabın oyatdığı protestləri məktuba əlavə etməyi özümüzə rəva
bilib rica edirik ki, aidiyyəti olan Şərq xalqlarının şərəfinin
təhrif və iftiralarla necə yaralandığını verilmiş materialdan
özünüz görəsiniz.
Müəllif şərqli yapıncısı altında gizlənərək alman hərbi
dəstələrini gümanlarla aşağılamaq faktı ilə xalqlar xüsusi
həssaslıqla təhqir olunur ki, bunların da qeyri-həqiqət olması
Xarici İşlər İdarəsinə məlumdur. Şərq xalqlarının təhqiri və alman
hərbi dəstələrinin Şərqin adından aşağılanması Almaniyanın və
Şərqin nüfuzunu aşağı salmağa, Almaniyaya qarşı dost münasibətlərə
mane olmağa və gələcəkdə tərcümələri nəzərdə tutulan, xaricdə
yalanlara söykənən yeni qısnamalar törətməyə meylli olduğuna görə
məktuba imza atanlar bu əbədi mistifikasiyaya, kitabın sonrakı
yayılmasına son qoymağı və müəllifə qarşı təcili tədbirlər görməyi
xahiş edirlər.
Nə qədər ki, Almaniya rəsmi orqanları bu kitaba qarşı təsirli
tədbirlər görməyib, elə təəssürat yaranacaq ki, müəllifin
fərziyyələri doğrudur və Almaniyanın nə onun özü tərəfindən
törədilmiş rüsvayçılığa, nə də Şərqə yönəlmiş böhtanlara qarşı
deməyə sözü var. Biz göstərməyə ehtiyac duymuruq ki, hər hansı bir
əcnəbi Almaniyada həqiqətə zidd olan və təhqiramiz tərzdə Şərq
haqqında maneəsiz yaza bilirsə, bu, Şərqdə hansı duyğuları
oyadacaqdır.
Artıq hal-hazırda xarici mətbuat müəllifin iddialarını qəbul
etməyə başladığı üçün təcili müdaxilənizi bəlkə sizdən rica edə
bilək. Hər halda elə indi Xarici İşlər İdarəsinə təhqir olunmuş
millətlərin müdafiəsi üçün atılan bütün addımlara görə
minnətdarlığımızı bildirir və məsələnin sonrakı gedişi barədə
imkanca bizə məlumat verməniz arzusu ilə məktubu bitiririk.
Xahiş edirik, bununla bağlı bütün yazıları cənab Hilal Münşiyə,
Berlin, Çarlottenburq, Kantstrasse 160 ünvanına göndərəsiniz.
Dərin ehtiramla Azərbaycanlıların Berlindəki nümayəndələri:
Hilal Münşi, Kantstrasse 160,
Cavad bəy Vəzirov, Zahid Əfəndi.
Fars koloniyasının nümayəndələri:
Mirzə Həsən, Abdul Şapur, Şeyx Seyf Əsəd.
Gürcü koloniyasının nümayəndələri:
Dr.Axmeteli, Gürcüstan Respublikasının sabiq səfiri.
Türküstan koloniyasının nümayəndələri: T.Şakirzadə,
A.N.Hakim.
Berlin, 18 may, 1930-cu il"
P.S. Məktubda azərbaycanlıların Berlindəki nümayəndəsi kimi
adıkeçən Hilal Münşi (Nəzərəlibəyov Mirzəməhəmməd oğlu) 1902-ci
ilin aprelində Şuşada anadan olub. İlk təhsilini Şuşa real
məktəbində alıb. 1919-cu ildə yüzə yaxın azərbaycanlı tələbə
Azərbaycandan Avropaya təhsil almağa göndərilmişdi. Hilal Münşi də
bu tələbələrin arasında idi. M.Ə.Rəsulzadə "Azərbaycan İstiqlal
Komitəsi" yaradanda Hilal Münşi bu komitənin sədri vəzifəsinə təyin
edilmişdi. 1934-cü ildə Berlində nəşrə başlayan "Qurtuluş"
jurnalının redaktoru vəzifəsində çalışan Hilal Münşi yazıçılıqla da
məşğul idi.