Yuxarı

Türkiyənin azərbaycanlı aktrisası ilə - İntervü/Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin azərbaycanlı aktrisası ilə - İntervü/Foto

8 illik aktrisalıq keçmişinə 10 mükafat sığdıran, rol aldığı bütün filmləri ilə tamaşaçılarını tam razı salan Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadənin Çanaqqala savaşından bəhs edən axırıncı filmi "Son məktub" martın 18-də ekranlara çıxacaq.

Axar.az rol aldığı digər filmi "Quzu" ilə Belqrad Film Festivalından qayıdan, yeni filmdə "tibb bacısı Nihal" olaraq qarşımıza çıxacaq aktrisanın Türkiyə mediasına verdiyi son müsahibəni təqdim edir. Aktrisa bu müsahibəsində "Son məktub" filmindən, pişiklərindən və arzularından danışıb.

- "Son məktub"da tibb bacısı Nihal olaraq qarşımızdasan. Layihəni qəbul etməyinə nə təsir göstərdi?

- Belə rollarda oynamağı sevirəm. Özümü və karyeramı mühakimə eləyərək bir il keçirdim. Qət etməkdə olduğum bir yol vardı, üst-üstə 8-9 filmdə çəkilmişdim. Həmişə də müstəqil layihələrdə iştirak etmişəm. Daha çox rejissor kinosu dediyimiz janra yaxın, burada var olan biriydim, amma özümü təkrarlama ehtimalım da vardı. Öz-özümə "Nəsrin, bu filmlərə çəkilməyə davam etsən, oxşar rollara çəkilib eyni tamaşaçılarla görüşəcəksən", - dedim. Böyük işlərdən həmişə qorxmuşam. Amma bir aktyor həmişə qorxduğu şeyi etməlidir. "Son məktub"da aktrisa olaraq itib-batma ehtimalım var. Tankların, tüfənglərin olduğu həqiqi müharibə filmidir. Rejissorumuz Özhan Çatan layihədən danışarkən təyyarələrindən, tanklarından danışdı. Mən də "Bəs, Nihal haqqında nə düşünürsünüz?" deyəndə məni çox rahatladacaq cavab aldım: "Nihal xarakterinin kirpiyinin ucunda belə azca səmimiyyətsizlik olsa, bütün bu tankları, tüfəngləri zibilliyə ata bilərik". Bunu eşidəndən sonra razı oldum və öz-özümə belə düşündüm: "Bu qadını gerçəyə çevirmək mənim vəzifəmdir".

- Etiraf edim ki, layihədə sənin adını görəndə çox həyəcanlandım...

- Mənim üçün fərqli təcrübə oldu. Film boyu təkcə üzüm görünürdü. Hər şey kostyumun altında qalırdı. Büst aktyorluğu kimi. Filmi 50 dərəcə istidə çəkirdik, amma bu qış filmi idi, bildiyiniz kimi. Film boyu çəkim 50 kilodan 47 kiloya düşdü.

- Güclü qadını oynayırsan...

- Kinomuzda, ümumiyyətlə, əsas hekayələri kişilər "oynayır", qadın da ona yardım edir. Qadın qəhrəmanın mərkəzdə olduğu əhvalatları seçməkdə diqqətli davrandığımı düşünürəm. Amma mən güclü bir qadını oynamaq üçün Dilbərdən Mədinəyə qədər 7 il gözləməli idim.

- Tibb bacısı Nihal da kimsəsiz, amma mübariz qadındır...

- Nihal Balkan döyüşündə ailəsini itirir. Balaca uşağa - Fuada sahib çıxır. Könüllü olaraq Çanaqqala döyüşündə iştirak edir. Çox incə, cəsur və fədakardır. O vaxtın ruhu tamamilə fərqlidir. Eşqi də çox daha saf və həmişə təxirə salınan olub...

- "Son məktub" demişkən, sonuncu dəfə nə vaxt məktub yazmısan?

- Çox məktub yazan və alan biriyəm. Çox qiymətli bir şeydir. Lisey boyu gündəlik yazmışam. Yazı-pozu adamıyam. Məktubu gözləmə müddəti o qədər qiymətlidir ki... "Mail" sürətli olduğu üçün cavab gəlməyəndə narahat olur adam.

- Ailən də həkimdir, tibb bacısını canlandırmaq onlara necə təsir etdi?

- Balaca vaxtı anama "Mən də həkim olacağam", deyirdim. Anam da "Xeyr, hər şey ola bilərsən bu həyatda, amma həkim olma", - deyirdi. Çünki başqa məsuliyyət var üzərində. Film çəkilişləri başlayanda tibb bacısı geyimində fotomu anama göndərdim, rol üçün lazım olan çox şeyi anamdan soruşmuşam. Rəhmətlik ata nənəm də hərbi tibb bacısı idi. Çəkilişlər vaxtı ailəmin qadınları ilə bağlı qürur duyduğum çox an oldu.

- Belə görünür ki, sizin ailənin qadınları da çox güclüdür...

- Bəli, elədir. Sovet dövründə bütün qadınlar işləyib. Anam tanıdığım ən güclü qadınlardan biridir. Türkiyəyə gələndə həyata sıfırdan başladı. 2 il növbələrdə ömrünü çürütdü. Vətəndaşlığını alıb həkim kimi işləməyə başlaya bildi. Ailəmdəki qadınların dörddə biri qədər güclü deyiləm. Onların həyatda çox fərqli dərdləri var imiş. Onların dərdlərimə baxanda mənim dərdlərim çox xəfif görünür.

- Yaxşı, gələcəkdə övladının sənə nə deməyi xoşuna gələr?

- "Güclü və ilham verən bir qadın" deməyini istəyərəm. Bir işi kişilərə həvalə edəndə məhv olmağa daha uyğun olduğunu görürəm. Halbuki biz qadınlar daha mühafizəkarıq.

- Əminə Şans Umar filmdə sənin 40 il sonrakı halını canlandırıb. Özünə bənzətdinmi?

- Setdə qarşılaşanda oxşadığımızı gördüm. "Görəsən şişirtmirəm ki?" - deyə, fikirləşdim, anama foto da göndərdim.

- 40 il sonranı təsəvvür edə bilirsən?

- 40 il sonra sağ olacam?

- Təbii ki...

- Hələ də filmlərdə çəkilə bilməyi, arzuladığım xarakterləri oynamış Nəsrin olmağı çox istəyərəm.

- Dünya kinosunda şansın yüksək ola bilər...

- Mən də istəyərəm. İçimdə bəzi şeylərin enerji səviyyəsi dəyişib. Bələd olmadığım sularda üzməyə qərar verdim. Qarşımızdakı müddətdə ortaq layihələrdə iştirak etməyi çox istəyərəm. Avropada bir nümayəndəm var artıq. Həmişə qarışqa addımları ilə yerimişəm. Ehtimal ki, bu səfər də elə olacaq. Rusca, ingiliscə, pis də olsa franzısca da bilirəm. Amma işləyəndə öhdəsindən gəlirəm. Özümü əziyyətə salmaq istəyirəm.

- Həmişə "incə ələyib sıx toxuyan" birisən?

- Bəli. Sürətli deyiləm. Məndə hər şey fərqli ritmlə hərəkət edir. Daha sakit, dərindən... Bəzən insanlardan o qədər vaxt istəyirəm ki, həmin layihələr də əlimdən çıxır. Sonra da yaxşı ki, əlimdən çıxıb, "qismət deyilmiş", deyə fikirləşirəm.

"Pərdədəki görünüşümdən qorxmamağı öyrəndim"

- Özünü gözəl hesab edirsən?

- Özüm gözəl hesab etməyi öyrəndim, bu bir etapdır. Özümü heç sevməmək nöqtəsindən çox sevmə nöqtəsinə gəldim. İkisinin də çox önəmli olmadığını bilirəm. Aktrisa həm çox gözəl, həm də çox eybəcər olmağı bacarmalı və istəməlidir. Əvvəllər hər hansı rolda ağlayanda və pis görünəndə çox pis olurdum, uzun müddət bunu fikirləşirdim. İndi elə deyil. Pərdədəki görünüşümdən qorxmamağı öyrəndim. Bu, işləyərək oldu. Əvvəllər mənmişəm kimi yaşayardım hər rolu. Halbuki o, rejissorun üzüdür, o sən deyilsən. Onu öz dəyər meyarlarınla mühakimə edə bilməzsən. Bunun fərqinə varmaq rahatladır adamı. Yaxşı ki, artıq onlar mən deyiləm.

- İnsanın özünü tanıma müddəti vaxt alır. Bir də uşaq aktyor olduğunu düşün...

- Mən onların yaşadığı travmalara çox üzülürəm. Çox uşaq aktyorla işləmə fürsətim olub. Nə qədər əvəz ödəyəcəklər gələcəkdə. Yaxşı ki, çox tez başlamamışam aktyorluğa və yaxşı ki, xarakterimin oturduğu, özümü az-çox tanıdığım yaşda başlamışam.

- Saytında səni xarakterizə edən şeylər olaraq "Çay, cem, xəmir xörəklər, idman, pişik, musiqi, rəqs, jurnal, sabun, dəniz, ana ilə gəzinti", demisən. Nə gözəl. Bunlara əlavə olunan başqa şeylər varmı, səni ifadə edən?

- Hər şeyi demişəm, məncə. Pişiklərimi də demişəm.

"Pişiklər zen-buddist kimidir"

- 3 pişiyin var, elə? Pişiklərlə yaşamaq necədir?

- 4 oldu artıq. Qara geyinə bilmirsən və yanında tükləri təmizləmək üçün alət daşımaq məcburiyyətində qalırsan. Amma çox gözəldirlər. Ana olmağımı gecikdirirlər. Bəlkə lap çoxdan ana olmalı idim, amma övladlarım kimidirlər. Çox şey öyrənirəm onlardan. Sanki, zen-buddistidirlər. Onları müşahidə edərək həyata dair bir çox şeyi öyrənə bilərsən. Yara yaxşılaşdırıcı tərəfləri var.

- Qısa filmin var, uzun metrajlı film çəkmək arzuların da var, elə? Yaxşı rəsm çəkdiyini də bilirəm. Sənin filminin işığı necə olardı görəsən?

- Pis işıqlara qarşı çox həssasam. Televiziyada xüsusilə tez-tələsik işlədikləri üçün çətin ola bilər, amma filmdə başqa. Çünki işıq hər şeydir. Çətin sualdır. Ötən illərdə tammetrajı senarimi Mədəniyyət Nazirliyinə yollamışdım. Bir az avtobioqrafik hekayə idi, mənim anamla köçümə oxşar bir ana-qızın hekayəsi idi. Tünd işıqlar uyğun idi ona. Amma bəzən də reklam estetikası ilə çəkilmiş şeyləri də bəyənə bilirəm. Gün işığını çox sevirəm, işıqlı evləri də...

- Gün işığından çox faydalana bilirsənmi heç olmasa?

- Anam Datçada yaşayır. Oraya gedəndə çox yaxşı olur. Biz çox şansızıq. Şişlidə yaşayıram və səkilərdə uşaq arabası gedə biləcək standart yol belə yoxdur. Amma Datçaya gedəndə özümü çox yaxşı hiss edirəm. Ora hər şeydən əvvəl mənim üçün ana qucağıdır.

"Quzu" şah əsərdir

- "Quzu" filmi 43-cü Beynəlxalq Belqrad Film Festivalında nümayiş olundu. Necə keçdi?

- Çox yaxşı oldu. Belqradda qırmızı xalça üzərində oyuncaq quzu ilə yeridim. Filmimiz Türkiyədə ekranlara Antalyadan dərhal sonra çıxacaqdı, amma təəssüf ki, rejissorumuz Kutlu Atamanın anası vəfat etdi. Çox gözəl film oldu. Ssenarini oxuyanda "Bu şah əsərdir", demişdim. Canlandırdığım xarakter olan Mədənini çox sevdim. Tamaşaçılar ilə görüşməsini çox istəyirəm. Senarini oxuyarkən bunun eyni zamanda çox gülməli film ola biləcəyini təsəvvür edə bilməmişdim. Mənim üçün ciddi bir ailə dramıdır. Berlində də insanlar çox güldülər. Antalyada da çox coşquyla keçdi təqdimat. Qara yumor olduğunu bilirdim, amma uşaq performanslarının o qədər sevimli ola biləcəyini təxmin etməmişdim. Filmin festival tamaşaçısı xaricində sadə tamaşaçı ilə də görüşməsini istəyirəm.

- Rollarına hazırlaşarkən və sonra kimin fikri sənin üçün önəmlidir?

- Sevdiyim insanların. Əsas prinsip sevgidir. Çox az dostum var və onlarla orta məktəbdən bəri görüşürəm. Məsləhət verən, istəyən və əhəmiyyət verən biriyəm. Tənqidlər əhəmiyyət verdiyim adamlardan gələndə qulaq asıram. Məndən qəlbən uzaq olan insanlardan soruşmuram da.

Tarix
2015.03.17 / 15:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla