"Bu
hadisələrin kitab satışına böyük təsiri oldu".
Bu sözləri "Ali və Nino" kitab mağazaları şəbəkəsinin
rəhbəri Nigar Köçərli məlum boykot qalmaqalı ilə bağlı Axar.az-a
danışarkən deyib:
"Gəlin, lap əvvəldən başlayım.
"Əli və Nino" kitab şəbəkəsi 10 il əvvəl yaranıb. Bakının müxtəlif
məkanlarında 12 satış nöqtəmiz var. Bölgələrdə yaşayan
kitabsevərlər üçün www.alinino.az saytı vasitəsilə kitab
çatdırırıq.
Oxuculara Azərbaycan, türk, ingilis və rus dilində kitablar
təqdim olunur. Azərbaycan ədəbiyyatına dəstək olaraq Milli Kitab
Mükafatı və BookClub layihələrini yaratmışıq.
Hər zaman Azərbaycan ədəbiyyatının, Azərbaycan oxucusunun
yanında olmuşuq. İmza günləri, təqdimatlar – bunları ilk biz
etmişik. "Qanun" nəşriyyatı ilə birgə Azərbaycan dilinə klassik və
müasir yazarların kitablarını tərcümə etmişik.
Amma son vaxtlar şəbəkəmizdə ciddi problemlər yaranib. Bu 10 il
ərzində satışa götürdüyümüz, amma satılmayan kitabların sayı 15-20
minə yaxınlaşdı. Bilirsiniz, bizim bütün mağaza və anbarımız
kirayədədir. Hamısına böyük pul ödəyirik. Yazarlara zəng vururuq
ki, gəlin götürün, bizdə saxlamağa yer yoxdur, yazarlarsa bizdən
inciyirlər. Həm də bilirsiniz, dünyanın heç bir yerində kitab
mağazası yazar ilə birbaşa işləmir. Yazar kitabını yazır, nəşriyyat
o kitabı öz hesabına buraxır, yayım şəbəkəsinə verir, PR işini
qurur. Bizdə isə əfsuslar olsun, yazar öz hesabına kitabını çap
edir, sonra da sata bilməyəndə kitab mağazasına boykot elan edir.
Yazar elə bir maraqlı kitab yazmalıdır ki, nəşriyyat onu öz
hesabına buraxıb, yazıçıya yaxşı qonorar versin.
Qan Turalı kitabı ilə bağlı bizim satış şöbəsinə müraciət etdi,
satış şöbəsi də qərara gəldi ki, təqdimatını da edək, kitabını da
götürək, amma o istədiyi sayda yox, cəmi 10 ədəd.
İndi boykot söhbəti başladıblar. Nə boykot? Zatən onlar heç biri
kitab oxumurlar axı. Nə vaxt "Əli və Nino"dan kitab alıblar? Çoxu
heç mağazaların harada olmasını bilmir.
Və ümümiyyətlə, mən burada yazarlar və Nigar Köçərli arasında
konflikt görmürəm. Mən bunu bizə qarşı adını çəkmək istəmədiyim
şəxsin ətrafına yığışanlara tapşırığı ilə başlayan kampaniya kimi
qarşılayıram.
Axı bunu uşaq da bilir ki, bizim işimiz kitab satmaq, daha çox
satmaq, daha çox qazanmaqdır. Kitabın satışı yaxşı olsaydı, sizcə,
satışdan niyə imtina edərdik ki? Oxucuya maraqlı olan kitabları biz
böyük məmnuniyyətlə satışa götürürük.
Bir yanda boykot kampaniyası başladılıb, bir yanda isə bizə
dəstək kampaniyası. Çox sağ olsunlar.
Bu söhbətlər ortaya çıxandan kitab satışında ciddi dəyişiklik
olub. Bilirsiniz, bizim reklam kampaniyalarını aparmaq üçün maliyyə
imkanlarımız yoxdur. Nə qazanırıq ki, reklama pul ayıraq? Bir
həftədir ki, bütün mediada bizi pulsuz piar edirlər. Satışa yaxşı
təsiri var, çox sağ olsunlar".
Yazıçı
Qan Turalı isə Axar.az-a açıqlamasında bunları deyib:
"Ali və Nino" zatən, kitaba diqqət göstərmir. Bu mənada onun
boykotu da kitaba qarşı diqqətsizlik yaratmayacaq.
Hamının kitabını satsın – yeganə şərtimiz budur".