Bir neçə müddət öncə təsadüfən “Olmasaydı bu dünyada (və ya cahanda) sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar“dan çıxış edib, “Qarğa və Tülkü” təmsilinin Mirzə Ələkbər Sabir adına paylaşıldığını görmüş və doğrusu, bunu adi bir sosial şəbəkə istifadəçisinin savadsızlığına yozub, əhəmiyyət verməmişdim.
Daha sonra isə bunun ardıcıl hallandığını müşahidə etdim: kimdir bu təmsili M.Ə.Sabirin adına çıxıb, hamını çaşdıran? Axı, bu, adidən adi bir məsələdir, orta məktəb dərsliklərində də açıq və aydın şəkildə öyrədilirdi. “Qarğa və Tülkü” məşhur rus mütəfəkkiri İvan Krılovundur və İ.Krılov həmin dövrdə Azərbaycan yazarlarının yaradıcılığına çox ciddi təsir etməyi bacarmışdı. Bunun səbəbi isə Şərq ədəbiyyatının ənənələri ilə bağlıdır: “Nuşirəvan və bayquşların söhbəti”indən “Söhbətül-əsmar”, “Səhhət və Mərəz”ə qədər bunun bir ayrı şəkilləri var, hələ “Kəlilə və Dimnə” təsirini bir kənara qoyuruq…
Yəni Krılovun Azərbaycanın 19-cu əsr və 20 əsrin əvvəllərində yaşayan ədiblərimizə təsiri səbəbsiz deyildi.
İvan Krılov ümumiyyətlə dünya ədəbiyyatında öz ülubu olan şəxs kimi tanınır. “O öz üslubunu haradan götürüb və kimlərdən bəhrələnib” sualına isə Şərq ədəbiyyatından saysız nümunələr gətirə bilərik ki, bu, hazırkı mövzumuz olmadığından, burada dayanaq.
Çox təəssüflər ki, orta məktəb dərsliklərində belə şagirdlərə öyrədilən təmsil haqda məlumatsız şəxslər hansısa təsadüf nəticəsində Mirzə Ələkbər Sabirin “uşaqlara hədiyyələri”nə bu təmsili salarkən, bunun tərcümə olduğunu unudan və yaxud əhəmiyyət verməyən tərtibçiyə əsaslanaraq, “Qarğa və Tülkü”nü dahi şairimizin adına çıxmağa başlayıblar.
Hər bir halda peşəkar sözünə ehtiyac duyduğumuzdan, 20-ci əsr ədəbiyyatının (əsrin əvvəlləri) tanınmış aradırmaçısı, filologiya elmləri doktoru Alxan Bayramova müraciət etdik. A.Bayramov Kult.az-a açıqlamasında bildirdi ki, “Qarğa və Tülkü” təmsili, əlbəttə, İvan Andreyeviç Krılovundur.
“Görkəmli satira ustadı Mirzə Ələkbər Sabir bu əsəri sadəcə tərcümə edib”, - A.Bayramov qeyd etdi.
İ.Krılovun bu təmsilinin Abbas Səhhət, Abdulla Şaiq və Mirzə Ələkbər Sabir tərcümələri var. Sadəcə, tərcümə anlayışı o vatx indiki kimi deyildi, ənənədən gəlmə “nəzirəçilik” vardı. Ümumiyyətlə, poeziyada tərcüməçiyə kifayət qədər sərbəstlik də ona görə verilir ki, tərcümə etdiyi əsəri öz dilinin poetik qəlibinə uyğunlaşdıra bilsin.
Sabirin həddən artıq uğurlu bir tərcümə (az qala nəzirə) yazdığına şübhə yoxdur. Ancaq Sabir kimi nəhəngin adına Krılovun tərcüməsini geydirmək də ayıbdır.
Müəllifi, ideyası, yazanı Krılovdur, tərcümələrdəki yaradıcı keyfiyyətlərə görə bu təmsili Abbas Səhhətin və ya Sabirin adına yazmaq isə savadsızlıqdır.