Ana səhifə Kult |
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanda xalq şairi, tanınmış alim, böyük ziyalı Camal Kamalı ziyarət edib.
Kult.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şair və ziyalımız Camal Kamalla bağlı hazlrlanan film və proqramın çəkilişlərində də iştirak edən Q.Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb. Camal Kamalın dahi Azərbaycan şairi, ustad Nizami Gəncəsinin "Xəmsə"sinə daxil olan bütün əsərləri orijinaldan özbək dilinə tərcümə edərək ədəbiyyatımız qarşısında böyük xidmətlər göstərdiyini xüsusi vurğulayan Q.Paşayeva onun ziyalı kimi gənc nəsillərə gözəl örnək olduğunu deyib.
Camal Kamalın 80 illik yubileyinin Bakıda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-in dəstəyi ilə yüksək səviyyədə qeyd olunduğu və bu tədbirlərdə çıxışı zamanı ustada “sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz torpaqlarda da qeyd edəcəyik” dediyini xatırladan Q.Paşayeva ustad şairi Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımıza, Mədəniyyət paytaxtımız Şuşa şəhərinə dəvət edib. Böyük şairin 30 il işğal altında olan torpaqlarımızla bağlı ağrını bizimlə birgə yaşadığını deyən Q.Paşayeva Azərbaycanımıza gözəl bir şeir yazan böyük şairdən Qarabağ, Şuşa, Zəfərimizlə də bağlı belə bir gözəl şeir gözlədiyini bildirib.
Komitə sədri səfər zamanı tanınmış şairə, yazar, "Kitab dünyası" qəzetinin rəhbəri, Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı 4 kitabın müəllifi Xasiyyət Rüstəmi də ziyarət edib.
Görüşlərdən sonra Q. Paşayeva Özbəkistanda yaşamış tanınmış azərbaycanlı alim, ziyalı, pedaqoq, iki qardaş xalqın qüruru adlandırılan böyük şəxsiyyət Maqsud Şeyxzadənin abidəsini ziyarət edib, ruhuna dualar oxuyub. Milli Məclisin Mədəniyyət Komitəsinin və "Nəfəs" İB-nin dəstəyi ilə böyük şəxsiyyətimiz Maqsud Şeyxzadə ilə bağlı hazırlanan film və proqramın çəkilişlərində də iştirak edən Q.Paşayeva böyük şairin həyatı, yaradıcılığı, iki qardaş ölkə arasında münasibətlərin inkişafındakı xidmətləri barədə danışıb.
Millət vəkili qardaş ölkənin KİV-lərinə geniş müsahibə də verib və onları maraqlandıran sualları geniş cavablandırıb.
Tarix
2022.04.16 / 21:18
|
Müəllif
Kult.az
|