Yuxarı

“Daşaltı Azərbaycana qarşı ən böyük qəsd idi”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Daşaltı Azərbaycana qarşı ən böyük qəsd idi”

Yazar və ictimaiyyətçi Kərim Kərimli ilə söhbət etmək istəyim həmsöhbətimin vaxtının azlığından uzun müddət baş tutmadı. Bu yaxınlarda axır ki, imkan tapıb görüşə bildik. Həmişə işinin çox olmasından gileylənən şairə ilk sualım da elə bu haqda oldu:

- Kərim Kərimli nə işlə məşğuldur?

- Hər cür cavab vermək olar. Həm demək olar ki, heç nə ilə, həm də demək olar, hər şeylə. Yəni ümumiyyətlə, edə biləcəyim, görə biləcəyim işlərlə müqayisədə məşğul olduğum faktiki iş heç nədir. Amma böyük ailəni halal çörəklə təmin etmək üçün çalışmalarıma zaman miqyasında baxsaq, hər işə əl atıram. Konkret desək, indi daha çox kitab işi ilə məşğulam. Günümün əsas hissəsi kompüter arxasında redaktə ilə keçir. Qalan vaxtlarda isə dediyim kimi…

- Kərim bəy, çoxdandır görünmürsən, nə aktiv siyasətdə, nə də ədəbi mühitdə. Axı, sən tükənən adam deyilsən.

- İndi demək olar ki, hər şey elektronlaşıb. İnternet, sosial şəbəkələr insanları həm görünməz edib, həm də üzə çıxarıb. Ona qalsa, mən də səni çoxdandır görmürəm, xeyirdə-şərdə, hansısa tədbirdə, yaxud küçədə təsadüfi rastlaşmağı nəzərə almasaq, yalnız virtual aləmdə görüşürük. Elə bu müsahibə üçün razılaşmağımız da dediyimə bir nümunədir. Amma aktiv siyasət deyəndə, baxır, kim nəyi nəzərdə tutur? Ölkəmizin və millətimizin taleyi ilə, Qarabağla bağlı məsələlərdə heç vaxt kənarda dayanmamışam. 28 ildir belədir! Əgər keçmişdə sənin də tanıdığın və mənimlə eyni əqidə səngərində olan adamlarla birgə fəaliyyəti nəzərdə tutursansa, bu, 10 ildən artıqdır ki, mövcud deyil. 2005-ci ilin parlament seçkilərində həmin adamlar mənə ağır xəyanət zərbəsi vurdular. Mən də bu zərbəni özümə qarşı olmaqdan daha çox əqidəmizə, ümumi işimizə, dövlətimizin maraqlarına olan xəyanət hesab edərək, onlarla vidalaşdım. Bu barədə bir kitab da yazdım. Ən çox təəssüfləndiyim isə ətrafdakı insanların inamının sarsılması, uzun və çətin illərin dostlarını itirməyim oldu. Ədəbi mühitdə də hərdən görünürəm. Şeirlərim, hekayələrim çap olunur. İrihəcmli əsərlər üzərində işləyirəm. İndiyədək ikisi poeziya janrında olmaqla 10 kitabım çap olunub.

Fikrimcə, "ədəbi mühit" adlandırılan "yer" ədibin köksündən gələn, qələmindən çıxan əsərlərin "cəmiyyəti"dir. Yazıçıların bir-birilə səmimi ədəbi müzakirələrdən kənar mübahisələrindənsə, oturub yazı yazmaq daha yaxşıdır. Hətta sevgini deyil, nifrəti əsas tutaraq həmkarlarından kiməsə zərbə vurmaq istəyən yaşından asılı olmayaraq hər hansı yazıçı bunu çox yaxşı bir əsərin təqdimatı ilə etməlidir. Ancaq qəlbində sevgidən çox nifrət olan yazıçının da sevimli, çox adamın sevəcəyi bir əsər hasilə gətirə biləcəyi də bir az şübhəlidir. Tükənmək məsələsi isə məncə, belədir: İnsan, ümumiyyətlə, tükənmir. İnsan gözlərini yumana qədər işləyir, çalışır… İnsanın enerjisi, gücü tükənir, istedadı, qabiliyyəti, bacarığı, biliyi, təcrübəsi yox. Təəssüf ki, mənim və mənim kimi bir neçə adamın gəncliyi, cavanlığı, gücü, istedadı, bacarığı əsasən münaqişəyə, müharibəyə və onun nəticələrinin aradan qaldırılmasına, ağrılarının azaldılmasına, minlərlə adamın müxtəlif problemlərinin həllinə köməyə sərf olundu. 30 ilinin tamamına cəmi iki il qalan bu dövr bizim hər şeyimizi əlimizdən aldı. Yeganə fərəhli məqam odur ki, biz bu otuz ili başqaları üçün yaşadıq və bundan da şəxsən mən peşman deyiləm, çünki həyat yolunu hər kəs özü seçir!

Şuşanın adını biabır edərik…

- Füzuli rayonundadoğulmusan, amma özünü daha çox şuşalı kimi təqdim edirsən

- Bəli, mən Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuşam. Səkkiz il də orada oxumuşam. Ancaq orta məktəbi Şuşada bitirmişəm, ali təhsili başa vurduqdan sonra təyinatımı da Şuşaya veriblər və Şuşa işğal olunan günədək orada yaşamışam. Şuşa şəhərindən məcburi köçkünəm. Mənim Füzulidə, Yağlıvənddə doğulmağım mənə hörməti olan insanları həmişə sevindirib. Bunun səbəbi barədə uzun-uzadı danışa bilərəm. Eyni zamanda şuşalı kimi təqdim olunmağım da məni sevməyənləri həmişə qıcıqlandırır. Bu haqda da kifayət qədər danışmaq olar. Və əksinə, şuşalı olmağıma sevinənlər olduğu kimi, füzulili olduğuma da ağız büzənlər var. Amma bu məni qətiyyən maraqlandırmır. Əsas məsələ odur ki, sevinənlərlə qıcıqlananların əsil arqumenti heç də göründüyü kimi deyil. Bir nümunə deyim, bu günlərdə Saakaşvili ilə Yaçenyuk və onun adamları arasındakı münaqişəni xatırlayın. Mişa rəsmi yerdə, o qədər adamın içində deyir ki, siz oğrusunuz, bu ölkəni talayırsınız. Ona qayıdıb deyirlər ki, sən "qastrolyorsan" və Ukraynadan çıx get. Müqayisəm özünü şişirtmək kimi çıxmasın, hərənin öz səviyyəsi, məqamı var. Prinsip və arqumentlər də bəhanə və təxribatlar da eynidir. Şuşanın müəssisələrindən birinin rəhbəri 10-15 il bundan əvvəl bir nəfərdən qanuni işinin həlli üçün 300 dollar rüşvət istəmişdi. Pulu olmayan və rüşvətin də qanunsuz olduğunu əsas gətirən həmin şəxs bizə şikayət etmişdi. Mən yuxarıda ötəri xatırladığım əqidə yoldaşlarıma təklif etdim ki, bu adama kömək edək, müdir bizi də eşitməsə, məsələni ictimailəşdirək. Razılaşmadılar ki, onda Şuşanın adını biabır edərik… Deməli, Şuşanın adından qanunsuz rüşvət istəmək biabırçılıq deyil, amma bunun əleyhinə getmək Şuşanın adını batırmaqdır. Onda mən özüm təkcə nə isə eləmək istədim. Bu halda da qaragüruh sürüsü "Kərim Kərimli Şuşaya gəlmədir!" - deyə şivən qopardı. Mən deyirəm: "Sən oğrusan!", cavab verir ki, "Sən şuşalı deyilsən!" Təəssüf ki, Şuşa işğal ediləndən qabaq da bu məsələ rayonun əsas problemlərindən biri idi. Əgər Şuşanın evini yıxan, süqutuna aparan üç səbəb vardısa, biri "yerli-gəlmə" məsələsi idi. …Və yenə də təəssüf ki, bu iyrənc qəsd Şuşanın işğalından 24 il keçsə də, yenə də davam edir. Bədbəxtlər başa düşmürlər ki, indi heç kim "Şuşaya gəlmə" deyil, hamımız "Şuşadan gəlmə"yik!

- Xalq hərəkatının üzvü olmusan, Şuşanın müdafiəsi ilə bağlı işlər görmüsünüz, amma müdafiəçilərin də arasında qarşıdurma olub.

- Əslində, qarşıdurma müdafiəçilər arasında deyil, onların arxasında duran qüvvələr arasında idi. Şuşada müharibə getdiyi dövrdə - təəssüf ki, bu, rayon işğal olunana qədər də davam etdi, - onu sidq ürəkdən qoruyan adamlar, dəstələr, silahlı bölmələr, yalandan özlərini elə göstərənlər və hər vəchlə müdafiəçilərə mane olanlar təmsil etdikləri sistemin, ideyanın, ideologiyanın, nə bilim, maraq və qüvvələrin təlimatına uyğun hərəkət edirdilər və bu da son nəticədə Şuşanın işğalına kömək etdi. Bu barədə böyük əsərlər yazmaq olar, təəssüf ki, bu söhbətdə bizim belə imkanımız yoxdur.

Daşaltı ən böyük qəsd idi

- Daşaltı əməliyyatını necə xatırlayırsan?

- Daşaltı Şuşanı və deməli, Azərbaycanı məğlub etmək üçün ciddi planlaşdırılaraq həyata keçirilən böyük qəsd idi və təəssüf ki, xırda detalları çıxmaq şərtilə əsasən baş tutdu. Bu günədək də hələ onun ağrısını çəkirik və yəqin ki, hələ uzun müddət də çəkəcəyik.

- Şuşanın rəhbərliyi necə, hərəkatla dil tapa bilirdimi?

- Bəzən ümumi işlərdə ortaq məxrəcə gəlmək olurdu. Ancaq təəssüf ki, o dövrdə, yəni münaqişənin başladığı gündən Şuşanın işğalınadək Mikayıl Gözəlovu çıxmaq şərtilə rayon rəhbərliyi lazımi səviyyədə fəaliyyət göstərə bilmədi. Mikayılın isə əvvəlcə səlahiyyəti az idi, buna baxmayaraq canını qoyurdu, rayonda tam səlahiyyət sahibi olduqdan qısa müddət sonra isə onu kabinetində qətlə yetirdilər, rayon və Dağlıq Qarabağın bütün azərbaycanlı əhalisi başsız qaldı. Gözəlovdan sonrakılar isə heç yarıtmadı…

- Kərim bəy, bir müddət Şuşa İcra hakimiyyətində məsul vəzifədə çalışdınız. Qısa müddətdə nə edə bildiniz?

- Güman edirəm ki, burada ətraflı danışmaq imkanımız yoxdur. Şuşaya son 50 ildə rəhbərlik etmiş birinci şəxslərin həyat və fəaliyyətini müəyyən qədər öyrənib təhlil etmişəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, 22 il keçib, indi demək olar, mən qısa müddət ərzində müqayisədə qat-qat artıq iş görmüşəm. Nəzərə alaq ki, mən cəmi 11 ay icra başçısının müavini olmuşam. Özü də ərazisi işğal olunmuş rayonda. Dediyim adamlardan isə ən az işləyəni Mikayıl Gözəlovla Vaqif Cəfərov olub. Onlar paralel işlədilər – üç il və 20 gün fərqlə həlak oldular. Əlbəttə, mən nə Qəşəm Aslanovun, nə Əhəd Kərimovun, nə NiyazHacıyevin, nə Vaqif Cəfərovun, nə Mikayıl Gözəlovun, nə Mənsur Məmmədovun, nə Nizami Bəhmənovun, nə də indiki başçı Bayram Səfərovun və onların müavinlərinin fəaliyyətinə kölgə salmaq istəyirəm. Amma hər cür müqayisə qüsurlu adlandırılsa da, hər halda, məsələn, 11 il bir vəzifədə çalışmış adamın fəaliyyəti ilə 11 ay işləmiş adamın həyata keçirdiklərini müqayisə etdikdə tərəzinin gözü 11 aya tərəf əyilirsə, bunun günahı məndə deyil. Mən hətta hər hansı rayonun birinci şəxsinin postu da daxil olmaqla prezidentin yüksək etimad göstərərək vəzifəyə təyin etdiyi adamların yarıtmazlığını görəndə təəccübdən əlim üzümdə qalır.

Qarabağ məsələsinin həllinə ümid edə bilərik

-Bütün bunlar sənin bədii yaradıcılığında yer ala bildimi?

- Təəssüf ki, çox az. Mən hələ indiyədək ardıcıl bir neçə gün azad, rahat vaxt tapıb, masa arxasında rahat oturub bədii yaradıcılıqla məşğul ola bilməmişəm. Yazdığımın, demək olar ki, hamısını iki daş arasında yazmışam. Bu işlər əsasən publisistikada öz əksini tapa bilib. Hazırda işlədiyim romanlar isə demək olar ki, tam bu barədədir. Sağlıq olsun, ümid edirəm ki, oxuculara o dövrə və o yerlərə bələd adamların əksəriyyətinin özünü görə biləcəyi bir roman təqdim edə biləcəyik.

- Nəyə ümid edirsən? Hər şeyin yaxşı olacağı ümidi varmı səndə?

- "Ümid sonda ölür", "Allahdan ümidimi üzmürəm", "Dünyanın işini bilmək olmaz" və s. bu kimi ifadələri tez-tez işlətsəm də, əslində bunlar, necə deyərlər, improvizələr, boğaz qaynatmaları, xırdalıqlar, zəngulələr kimi bir şeydir. Biz nəyəsə nail olmaq istəyiriksə, daha çox realist olmalı, ümid etməkdən çox işləməli, gözləməkdən çox çalışmalıyıq. Hər şey heç vaxt özbaşına yaxşı olmur. Hətta, heç nə heç vaxt öz-özünə yaxşılaşmır. O yalnız təbiətin işidir ki, qışdan sonra bizdən asılı olmadan yaz gəlir, düzlər göyərir və çəmənlər də çiçəkləyir. Biz işləməliyik, yorulmadan, dayanmadan! Yalnız onda hər şeyin və hamı üçün olmasa da, ümumilikdə ölkəmizdə vəziyyətin yaxşı olmağına, o cümlədən də Qarabağ məsələsinin həllinə ümid edə bilərik. "Allahdan buyruq – ağzıma quyruq!" ifadəsi daha keçmir və bundan sonra da heç vaxt keçməyəcək!

Tarix
2015.12.27 / 10:24
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Azərbaycanla hüquqi yardım haqda saziş imzaladıq

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla