Sinan Yağmur Türkiyənin ən
çox qazanan yazarlarındandır. O, 1965-ci ildə Kırşehirdə doğulub.
Türkiyədə son bir neçə ildə kitabları ən çox satılan yazıçıdır.
"Eşqin göz yaşları: Şəms Təbrizi" romanı qısa zamanda Türkiyədə 7
milyon nüsxə satılıb. "Eşqin göz yaşları: Həzrəti Mövlanə" və başqa
romanları da böyük oxucu marağı qazanıb.
Məşhur türk yazıçısı Sinan Yağmurun Axar.az-a verdiyi müsahibəni
təqdim edirik:
Paltarlarımla da mesaj vermək istəyirəm
- Geyim tərziniz qeyri-adidir, jiletiniz, boyunbağınız,
üzükləriniz çox maraqlıdır. Bunların mənaları haqqında danışa
bilərsiniz?
- Yazdığım sahə təsəvvüfdür. Təsəvvüf yazarkən yazarlıqdan çox
dərviş kimi yazmağa səy göstərirəm. Yazdığım kitablarla əlaqədar
olaraq, təsəvvüfü əks etdirən paltarları geyinmək kitabdakı mənanı
tamamlamaq baxımından vacibdir. Bilirsiniz, Qərb imperializmi
ölkəyə paltarla, moda sektoru ilə, müəyyən markalarla, sonra da
zehniyyətlə girir. Məsələn, Amerika girəcəyi bir ölkəyə əvvəlcə
kola göndərir, ardınca da cins şalvarlar. Amerikan mədəniyyəti,
amerikan musiqisi, amerikan filmləri deyərkən bir də görürsən ki,
amerikan mədəniyyəti yayılmaqdadır.
Mən də oxucularımla bir mənanı dərinləşdirmək üçün kitablarda
yazdığım xarakterləri izah edən və ya verdiyim mesajla üst-üstə
düşmək məqsədi ilə dərviş paltarları, köynəkləri, üzükləri istifadə
etməyə diqqət yetirirəm. Paltarlarımla da mesaj vermək istəyirəm,
məqsədim budur. Ona görə də təsəvvüfə uyğun paltarlar seçirəm.
- Konyaya 1984-cü ildə köçmüsünüz. Ondan öncə nə işlə
məşğul idiniz?
- Mən 1984-cü ilə qədər Kırşehirdə bir lisey şagirdi idim.
1984-cü ildə gördüyüm bir yuxuyla daha öncə heç adını eşitmədiyim,
bilmədiyim Mövlanəni tanıdım və məndə onun yaşadığı Konya şəhərinə
getmək istəyi oyandı. Bu yuxumdan sonra Konyaya köçdüm və orada
qalıb Mövlanənin, Şəmsin mənəvi hüzurlarını içimə çəkərək oxumaq
istədim. O məqsədlə Konyaya getdiyimdə bir məsciddə namazdan sonra
dua etdim, dedim ki, "Ya rəbbim, mənə Mövlanənin, Şəmsin məmləkəti
olan bu torpaqlarda oxumağı, yaşamağı və son nəfəsimi verməyi nəsib
elə". Daha öncə Konya adlı bir şəhərdən xəbərim yox idi, xəritədə
belə yerini bilmirdim. Bu yuxudan sonra Konyaya köçdük, hazırda
orada yaşayıram və ömrümün sonuna qədər Konyada yaşamaq istəyirəm.
Adlarını çəkdiyim bu müqəddəslərin yaşadığı torpaqlara mütləq
onların ruhları sirayət edər. O ruhlarla təmasda olmağın yolu da o
torpaqlarda yaşamaq və nəfəs almaqdır. Konyaya gəlmə və burada
qalma məqsədim budur. Həzrəti Mövlanə nə vaxt icazə versə, Konyadan
o zaman çıxıb gedərəm.
Bunlar bir-birinə düşmən deyillər
- Müsəlman olmağınız bəllidir. Bəs təriqətiniz
nədir?
- Ələvi deyiləm. Mənim ələvi olduğumu fikirləşirlər, amma
sünniyəm. İçində Əhli-beyt sevgisi olan bir sünniyəm. İndi bəzi
sünnilər var ki, Əhli-beytə qarşı sevgi bəsləmirlər. Fiqhdə qismən
hənəfi və cəfəriyəm, etiqadda da Matüridi və Muhtezirənin fikirləri
xoşuma gəlir. Şəms cəfəri idi. Şəmsi yazarkən cəfəriliyi tanımış
oldum və sevdim. Bəzi məqamlarda İmam Cəfərə uyğun hərəkət edirəm,
onsuz da peşə imamı olaraq qəbul etdiyim və fikirlərinə hörmət
etdiyim İmam Əbu-Əzəm Hənifə Numan ibn Sabit İmam Cəfərin çox
sevdiyi tələbəsidir. Hənəfi olmaq onsuz da cəfəri olmaq deməkdir,
cəfəri olmaq da qismən hənəfi olmaqdır. Bunlar bir-birindən uzaq və
ya bir-birindən ayrı, bir-birinə düşmən deyillər. Dünyagörüşləri
fərqlidir və bir insan islamı yaşamaq üçün özünə ən uyğun, ən asan,
ən əlverişli məzhəbi seçə bilər.
- Məzhəb seçmək mütləqdir?
- Məzhəbsiz olmaq yanlışdır və mütləq bir məzhəbə bağlı olub, o
məzhəbin fikirlərinə uyğun elmi-halı yaşamaq lazımdır. Bu mənada
mən əhli-sünnət və camaat düşüncəsinə sahibəm. Təriqət olaraq
Nəqşibənilik və Mevləvilik çox xoşum gəlir. Onlara bir az
yaxınlığım var. Türkiyədə ələvi olaraq tanıdığımız qardaşlarımızla
o qədər də fərqli fikirlərimiz yoxdur, sadəcə bir az Əhli-beytə
qarşı pis mövqedə duran sünnilərin etdiyi səhvi dilə gətirmək üçün
"Kərbəla" kitabını da yazmışam. Əlbəttə, mən "Kərbəla" kitabını
yazanda, Əhli-beyt sevdalısı Veysəl (Qaraniyazit) bəy və bəzi
adamlar mənim ələvi olduğumu düşündülər. Halbuki bu, ələvilik
deyil. Diqqət etsəniz, məsələn, bu təsbit çox önəmlidir, Türkiyədə
məscidlər, mədrəsələr də olmaqla tarixi abidələrin sadəcə birində
12 imamın adı yazılıb, o da Mövlanə türbəsindədir. Həzrəti Mövlanə
də Əhli-beyt sevdalısı idi. Şəmsi Təbrizi də zatən Əhli-beyt
sevdalısıydı. Dolayısıyla, mən əhli-beyt sevdalısı bir
sünniyəm!
Adını verə bilməyəcəm...
- Mövlanənin Şəmsi var, bəs sizin?
- Mənim də bir Şəmsim, mürşidim var. Məni qaranlıqdan aydınlığa
çıxaran, dərdləşdiyim, bölüşdüyüm, söhbət etdiyim, məsləhətləşdiyim
bir mürşid. Mənim mürşidim ədəbiyyat dünyasındandır. Bir
yazardır.
- Qadındırmı?
- Yox, kişidir. Amma adını deyə bilməyəcəm. Bu haqda kitab
yazmışam və həyat yoldaşıma vəsiyyət etmişəm ki, mən öləndən sonra
bu kitabı nəşr etdirsin...