Fəaliyyətimi ciddi qəbul
etməyən insanla birlikdə ola bilmərəm.
Axar.az xəbər verir ki, Leonardo di Kaprio bu sözləri "Diriliş"
filminin çəkilişləri, qlobal istiləşmə və gödəkçələrə olan sevgisi
haqqında "Buro 24/7" saytına danışarkən deyib.
Müsahibəni təqdim edirik:
- "Diriliş" filmi şübhəsiz ki, çox ciddi işdir.
Təbriklərimi qəbul edin.
- Çox sağ olun.
- Yeni filmdə sizin çiy balıq və kəl ciyəri yediyiniz
kadrlar var. Maraqlıdır, bu, doğrudan əsil balıq və ciyər idi? Yeri
gəlmişkən, ekstremal vəziyyətlərdə sağ qalma bacarıqlarınızı necə
qiymətləndirirsiniz?
- Birincisi, onu deyim ki, ciyər və balıq həqiqi idilər.
Ekstremal situasiyalara gəlincə isə düzünü desəm, kifayət qədər
belə şeylər yaşamışam. Akvalanqla üzürəm, skaydayvinqlə məşğul
oluram, ancaq bu filmin çəkilişləri zamanı qazandığım təcrübə heç
nə ilə müqayisə edilə bilməz. Hər çəkiliş günündən sonra oteldəki
nömrəmə qayıdarkən, başa düşürdüm ki, qəhrəmanımın yaşadıqlarını
yaşaya bilməzdim. Bəli, mən həyatla ölümün arasında qalmışam, ancaq
bu filmdəki situasiyalara hətta yaxın olan heç nə baş verməyib.
- Bu rola necə hazırlaşırdınız? Hansısa materialı
öyrənmisinizmi?
- Bəli, mənim materiallarım var idi. "Trapperin gündəliyi"ndən
(trapper - Şimali Amerikada xəz axtarışı ilə məşğul olanlara
deyilir) öyrəndim ki, Amerika tarixində uzunmüddətli xəz ovu kimi
vəhşi dövr olub. Bu haqda demək olar, sənədləşdirmə yoxdur, ona
görə də biz bu barədə heç nə bilmirik. Ancaq məhz bu hadisələr
bugünkü Amerikanı formalaşdırıb.
- Bəs sizin qəhrəmanınızın real prototipi
varmı?
- Bəli, mənim qəhrəmanım kolonist Hyu Qlass real insandır. Ancaq
biz onun obrazına bir az epiklik əlavə etmişik və onu Pol Banyanın
(Amerika folklorunun personajı, məşhur odunçu) canlı təcəssümü
etmişik. Düzünü desəm, özümü qəhrəmanımla müqayisə edə bilmirəm.
Məsələn, mənim ölmüş heyvanın cəsədində gecələmək təcrübəm yoxdur,
buna görə də öz hisslərimə və xatirələrimə əsaslana bilmirəm. Ancaq
mən tamamilə obraza yüklənə və onun instinktlərinə tabe ola
bilirəm.
- Filmdə dəhşətli qəddarlıq səhnələri var. Bu barədə nə
düşünürsünüz?
- Mənə elə gəlir ki, kadrda yüksək zorakılıq konsentrasiyası
olan filmlərə xüsusi meylim var. Belə səhnələrə müəyyən səviyyədə
həssaslığımı itirmişəm deyə, onlar mənə təsir etmirlər. "Diriliş"i
real tarixi dövrün ideal təcəssümü hesab edirəm və mənim üçün bu,
ayrı-ayrı epizodlarda qəddarlığın nə dərəcədə yüksək olmasından
daha vacibdir. Biz zorakılıq nümayiş etdirmədən belə güclü hekayəni
danışa bilməzdik. Belə zamanlar olub və əgər biz ekranda həqiqəti
göstərmək istəyiriksə, onu bəzəmədən nümayiş etməliyik. Mənə görə,
həyatda olduğu kimi gözəllik və zorakılığın güclü birliyi
alınıb.
- Psixoloji, fiziki cəhətdən çəkilişlər zamanı ən çətin
olan nə idi?
- Qəhrəmanımın keçdiyi sınaqlardan əlavə, əlbəttə ki, havanın
soyuğuna dözmək daha çətin idi. Bəzən temperatur -40 dərəcəyə
çatırdı. Belə şaxtada kameralar belə çalışmırdı, əllərimiz və
üzümüzün hansı vəziyyətdə olduğunu təsəvvür etməyə çalışın.
Düşünürəm, aktyorlardan hər biri donmuş əllərini dəhşətlə
xatırlayır. Məncə, artıq çoxdan çəkilişlərdə hipotermiyadan qaçmağa
kömək edəcək maşın ixtira edilməliydi. Bəli, mən nəyə getdiyimi
bilirdim və şaxtanın film üzərində işin əsas şərti olduğunu başa
düşürdüm, ancaq bu, başa düşmək prosesini asanlaşdırmırdı. Nəticədə
çox səmimi hekayə alındı.
- Gəlin, indi əksinə, sizin iş zamanı həzz aldığınız
şeylər barədə danışaq.
- Düzünü desəm, belə layihələrdə bundan öncə iştirak etməmişdim.
Alexandro mahircəsinə hər birimizi çəkiliş prosesinə və onun
müzakirələrinə cəlb edirdi. Bir səhnəni aylarla məşq edirdik ki,
sonra onu saat yarıma çəkə bilək. Bilirsiniz, hər günün sonunda
"qızıl saat" adlanan bir zaman var. Bu, günəşin batmasından əvvəl
işığın yumşaq olduğu və çəkiliş üçün də uğurlu olan vaxtdır. Biz
kamerayla ancaq bu vaxt işləyirdik. Bu hətta daha çox teatra
oxşayırdı. Uzunmüddətli məşqlər edirdik, daha sonra hər şeyi bir
dəfəyə oynayırdıq. Ona görə də mən ən çox kameradan kənarda keçən
komanda işindən zövq alırdım. Təsəvvür edini, çoxlu sayda insan
yekunda belə epik filmin alınması üçün necə əl-ələ verib çalışırdı.
Biz kadrda xüsusi bir hissə nail olmaq istəyirdik: böyük məkan və
miqyas hissi, eyni zamanda qəhrəmanla çox yaxın kontakt. Mənə elə
gəlir ki, istədiyimiz alındı və izləyici sözün əsil mənasında
qəhrəmanın nəfəsini, onun tərini və qanını hiss edəcək. Biz yeni
virtual reallıq yaratdıq. Sizi inandırıram ki, bu, həqiqətən də
presedenti olmayan layihədir.
- "Diriliş" filminin tamamilə möhtəşəm olan xüsusiyyəti
odur ki, sizin qəhrəmanınız demək olar, danışmır. O, inildəyir,
nərildəyir, sözləri tələffüz etməyə çalışır, ancaq yenə də zamanın
əsas hissəsini susaraq keçirir. Verbal olaraq qəhrəmanın
emosiyalarını ifadə etmək imkanının olmaması işə necə təsir
etdi?
- Bu, filmin möhtəşəm xüsusiyyətlərindən biridir. Mənim üçün
aktyor olaraq bu, inkişaf sarıdan əla imkandır. Açığı, ssenarini
oxuduqdan sonra Alexandronu daha bir neçə replikanı çıxartması üçün
inandırmağa başladım: daha çox susmaq istəyirdim ki, izləyici
susqunluq vasitəsilə mənimlə birlikdə personajı araşdıra bilsin.
Hyu Qlass özü də çox danışan olmayıb. O, kifayət qədər lakonikdir
və öz ifadələrində son dərəcə konkretdir, mənə elə gəlir ki,
kiminləsə daim ünsiyyətdə olmaq onun üçün elə də vacib deyil
(gülür). Ancaq bununla belə, uzun susqunluq və sosiumdan kənarda
olmaq da insan üçün əsil sınaqdır. Mənim üçün bu müəyyən mənada
ciddi peşəkar sınaq idi, çünki mən hekayəni ancaq gözlərin köməyi
ilə danışmalı idim. Bu, dəhşətli dərəcədə çətin və maraqlıdır.
Karyeram ərzində xeyli çox danışan personajları oynamışam, bu film
isə mənə özümü başqa tərəfdən göstərmək imkanı verib.
- Bildiyimizə görə, "Diriliş"in bəzi epizodları
Argentinada çəkilib, çünki Kanadada demək olar, qar ərimişdi.
Maraqlıdır, konkret olaraq hansı epizodlar orada
çəkilib?
- Mən əvvəldən sona qədər bütün prosesin bir hissəsi olmuşam.
Qara və havaya gəlincə, biz həqiqətən də inanılmaz dərəcədə çətin
şərtlər altında çəkiliş aparmışıq. Kanadada Kalqari yaxınlığında
bizi görünməmiş hava hadisələri gözləyirdi. Güman edilirdi ki, qar
yağacaq, ancaq çox güclü külək, sırsıra var idi, daha sonra isə
hava isindi. Biz iki dəfə havaya görə çəkilişləri bir neçə həftəlik
dayandırmalı olduq. Əlbəttə ki, belə qrafik dəyişiklikləri çəkiliş
prosesinə təsir etməyə bilməzdi. Növbəti dəfə proqnozlar düz
çıxmayandan sonra biz Argentinaya getdik, orada isə biz böyük
planda çəkilişlər aparmaq üçün qarı bellə yaymalı olurduq. Bu, indi
planetimizdə baş verən ciddi dəyişikliklərin sübutudur. İqlim
istiləşir, təbiətdə baş verəcək hava dəyişiklərini proqnoz etmək
isə çətinləşir. Mən isə eyni zamanda iki filmdə çəkilirdim. Digər
film planetdəki iqlim dəyişiklikləri haqqındadır. Onun çəkilişləri
zamanı isə biz qarşısı alınmaz dəyişikliklər müşahidə edirdik.
- Karyeranıza yeni başlayarkən sizi ən çox təsirləndirən
film yadınızdadır?
- Bu suala asanlıqla cavab verə bilərəm. Robert De Nironun baş
rolu ifa etdiyi Martin Skorsezenin "Taksiçi" filmi. İndiyə qədər
özümü qəhrəmanla müqayisə etdiyimi, onun yalnızlığını hiss
etdiyimi, filmin sonunda isə onun məni və bütün emosiyalarımı məyus
etməsini unutmamışam. Məncə, bu, indiyə qədər çəkilən müstəqil
filmlərin arasında ən yaxşısıdır.
- Atanızla münasibətiniz necədir?
- Atam mənim üçün qeyd-şərtsiz avtoritetdir. Mən Los-Ancelesdə
adi məktəbdə oxumuşam, buna görə də dəqiq deyə bilərəm ki,
həyatımda əsas bilikləri atamdan öyrənmişəm. O mənim qarşıma çıxan
ən mütaliəli və savadlı insanlardan biridir. Karyera məsələsində
məni yönləndirib, həmişə deyib ki, mənim hər bir filmim müəyyən
mənada tarixi olmalıdır. Təkcə onun sayəsində mən gənc aktyor üçün
Artur Rembo kimi ("Bütöv tənəzzül" filmi) çox riskli rollar
oynamışam. İndi o, ekoloji layihələrdə mənim ən etibarlı
silahdaşımdır.
- Bəs ananız, o da sizin üçün atanız kimi
avtoritetdir?
- Anam illər keçdikcə daha da səmimiləşir. Həqiqəti dibindən
vurur və nəticələr barədə düşünmür. Nənəm də belə idi, amma anam
ona oxşadığını etiraf etmir. Ancaq mən bilirəm ki, o, nənəmə çox
oxşayır. O, hesab edir ki, bütün dünya onun nə düşündüyünü
bilməlidir. Yüz dəfə olub ki, o nə isə deyir, mənsə onun nəyi
nəzərdə tutduğunu insanlara izah etmək üçün onun dediklərini
yumşaltmalı olmuşam. Açığı, mən ona və bu xüsusiyyətinə
heyranam.
- Bəs buna necə dözürsünüz?
- Adətən, bu məni əyləndirir. Əminəm ki, nə vaxtsa mən də belə
olacam, çünki bu mənim DNT-min bir hissəsidir.
- Bir şeyi etiraf etməliyəm. Dostumla tez-tez mübahisə
edirik ki, siz ancaq ekoloji hərəkat aktivisti ilə ailə
quracaqsınız.
- Belə deyim: mən ekoloji problemləri və bu istiqamətdə mənim
fəaliyyətimi ciddi qəbul etməyən insanla ola bilmərəm.
- Bilirəm ki, siz şəxsi şeylər barədə danışmağı
sevmirsiniz. Ancaq sevgi və münasibətlərlə bağlı ümumi bir məsləhət
verməyiniz mümkündürmü?
- Bir dəfə Klint İstvud mənə yaxşı bir məsləhət vermişdi. "Sən
çox qadını sevəcəksən, ancaq onların sənin xoşuna gəlməsi
vacibdir".
- Bəs siz hansı məsləhəti verərdiniz?
- Çətin sualdır. Düşünürəm ki, münasibətlərdə ən vacib olan şey
başqa kimsə olmağa və özünü kimləsə müqayisə etməyə çalışmamaqdır.
İnanıram ki, iki insan bir-birini bəyənirsə, bu, həmişə təbii bir
şey olur və qarşılıqlı bağlılığa heç bir üsulla təsir etmək olmaz.
Odur ki, sadəcə özün olmalısan - bu əsasdır.
- Qonaqpərvər insansınız? Dostlarınız qonaq gələndə
"Böyük Getsbi" kimi, yoxsa daha sadə qəbul edirsiniz?
- Dəqiq Getsbi kimi deyiləm. Qonaqları qəbul etməyi sevirəm,
dostlarımın qonaq gəlməsini bəyənirəm, ancaq son bir il yarım
ərzində evdə olmamışam, buna görə də qonaqpərvərlik barədə danışmaq
çox çətindir. Səbirsizliklə dostlarımla vaxt keçirmək üçün Miladı
gözləyirəm.
- Sağlam olmaq və yaxşı fiziki formanı qorumaq üçün nə
edirsiniz?
- Sağlamlığımı qorumaq üçün mən ekstremal idman növləri ilə daha
az məşğul olmağa başlamışam. Əvvəllər aktiv şəkildə bu idman
növləri ilə məşğul olurdum və bir neçə dəfə ölümlə həyat arasında
qalmışam. Hazırda mən sağ-salamat qalmaq üçün bu əyləncələrdən daha
çox imtina edirəm. Sakit fiziki hərəkətlər və mütləq şəkildə,
rahatladıcı prosedurlar məni tonusda saxlayır. Bir də dayvinqi çox
sevirəm. Bu, heç nə ilə müqayisə olunmayan hissdir, siz yerdən
aralanırsınız və yuxularınızın dünyasına daxil olursunuz. İdman
mövzusuna gəlincə, həmişə məmnuniyyətlə basketbol görüşlərinə və
MMA çempionatlarına baxıram.
- İndiyə qədər aldığınız ən bahalı şey?
- Anama aldığım ev.
- Nəyə böyük məbləğdə pul xərcləməyə bilərsiniz? Təbii
ki, planetin xilasından başqa.
- Gödəkcələr. Mənim çoxlu sayda gödəkcəm var, ancaq yenə də
almağa davam edirəm. Avtomobil və şəxsi təyyarələrin böyük
pərəstişkarı deyiləm. Mənim üçün gödəkcələr qadınların dikdaban
ayaqqabılara ehtirası kimi bir şeydir.
Qeyd edək ki, Alexandro Qonsales İnyarittunun "Diriliş" dramında
ovçu Hyu Qlassı canlandıran Di Kaprionun oyununu izləyən kino
tənqidçiləri indiyə qədər "Oskar" mükafatına sahib olmayan aktyorun
nəhayət "Oskar" alacağını düşünürlər.