Yuxarı

Xalq şairi: “Anarın vəziyyəti çox çətindir...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairi: “Anarın vəziyyəti çox çətindir...”

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan poeziyasında yeni və fərqli cığır açmış qələm adamlarındandır. Redaksiyamızın qonağı olan şair həm suallarımızıcavablandırdı, həm də şeirlərini sevən oxucularla görüşüb söhbətləşdi.

Xalq şairi Nəriman Həsənzadənin Axar.az-a verdiyi müsahibəni təqdim edirik:

- Xoş gördük, Nəriman müəllim, necə gedir ömür?

- Şükür, hələki qaydasındadır, yaşayırıq.

- Necə qrafikləşdirirsiniz həyatınızı?

- Həyatımı qrafikləşdirmirəm, əslində, bunun yanlış olduğunu bilirəm, amma yenə də bunu etmirəm. Üç-dörd gün olar ki, qeyd dəftərcəsinə kimlərlə saat neçədə görüşəcəyimi qeyd etməyə başlamışam. Düşünürəm ki, həyatı qrafikləşdirmək bir mədəniyyətdir. Çünki bu dəqiqə kitablarım da, yazılarım da natamamdır. Bunlar isə həyatımı qrafikləşdirməməkdən irəli gəlir. Gərək hər birinisistemləşdirim.

Qadın kişinin dayağıdır

- Anladığım qədərilə hər şeyi zamana buraxmısınız. Hər şeyi belə axarına buraxmağa səbəb nədir?

- Səbəbi odur ki, qadınım yoxdur, dünyasını dəyişib. Əgər kişinin həyatındakı qadını olmazsa, ona çətin olar. Qadınsız kişinin işləri hər zaman əksik qalar. Düzdür, övlad da var, qohum-əqrəba da, lakin qadın əvəzolunmaz varlıqdır. Qadın kişinin dayağıdır.

- "Dostlar gözləyir məni" adlı bir kitabınız var...Çoxmu gözlətmisiniz dostları?

- Mənim dost haqqında təsəvvürüm tələbəlik illərimdə tamam başqa idi, indi isə tamam başqa. Dostluq çox mürəkkəbdir. Yan-yana getmək dostluq deyil, qızım.

- Deyəsən,"Qız ürəyi" sizin üçün öz sözünü dedi…

- "Qız ürəyi" kitabını mən gənclik illərimdə yazmışdım. Bu həyatda heç nə elə belə deyil. O kitabı yazandan sonra mən çox oxşar ssenarini yaşadım, həyat yoldaşımı itirdim. Həmin əsərdə qadın rəhmətə gedir və onun övladına qız uşağı analıq edir. Və bir daha qız ürəyinin böyüklüyü özünü təsdiq etmiş olur. Qız qızlığı ilə analıq etməyə başlayır. Bilirsiniz, qız həmişə anadır...

Bir az möhlət istəyirəm...

- Yerdə maşın şütüyüb,
Göydə ulduz axacaq.
Görüşdən qayıdanlar
Qabağına çıxacaq,
Yadına düşəcəyəm... -
Kimin yadına?

- Oxucularımın (gülür). Hər yerdə deyirəm ki, onu oxucularıma yazmışam, oxucularımın yadına düşəcəyəm. Əlbəttə, kimisə ürəyimdə tutub, oxucularımın adıyla demişəm (gülür).

- Bəs düşdünüzmü "o"nun yadına?

- Mən elə bilirəm, sən unutmasan, o da unutmur. Eh, həyat çox mürəkkəbdir. Cavab vermək olmur bəzən hər şeyə...

Bir az möhlət istəyirəm ömürdən,

nə qədər ki, bu dünyada biz varıq,

bu dünyanı yaşadırıq, yaşarıq, -

sən olarsan, mən olaram – ikimiz.

Həyat şirin, dünya gözəl, sən əziz...

Onu yazanda bir az ağrıyırdım. Bəlkə də bu səbəblə onun adı "Bir az möhlət istəyirəm" oldu. Bilirsiniz, mənə elə gəlir ki, Yaradandan bir şeyi ürəkdən istəyəndə, verir. Mən də o vaxt möhlət istədim ondan.

- Təklik istəyirəm bəzən bircə gün,
Lap yarım gün olsun təkliyin ömrü.
İnsanlar içində mən təklik üçün,

Təklikdə darıxdım insandan ötrü. - Tək qalmaq istəyirdiniz. Onu da Yaradandan istədiniz, verdimi?

- Bu şeiri yazandan sonra Yaradan mənim əlimdən həyat yoldaşımı aldı. Hərdən adama elə gəlir ki, yazılarımı Allah da oxuyur. İndi daha hər yerdə deyirəm ki, mən tək olmaq istəmirəm, tək buraxmayın məni. Mən insanların yanında olmaq istəyirəm. Daha qorxuram söz deməyə. Eşidirlər…

Özüməqadağa qoyuram

- Nələri yaradıcılığınıza qurban verdiniz?

- Həyat yoldaşımı. Mənim yaradıcılığım həyat yoldaşımı aldı əlimdən. "Kimin sualı var?" poemasından sonra məni təklədilər və bu zaman həyat yoldaşım çox stress keçirdi. Xəstəliyə tutuldu. Onunla da həyatımdan çıxıb getdi.

- Sara xanım ilə bağlı xatirələrinizdən danışaq bir az…

- Gənclik illərimdə məni sevən xanımlar çox olardı. Həmişə həyat yoldaşıma - Saraya deyərdim, get, filan qız haqqında öyrən, mənə de. O, həmişə gəlib pisləyərdi mənə onları (gülür). Həmişə qızlara görə bəzənmişik, çalışmışıq ki, yaxşı görünək, çox maraqlı idi gənclik illəri…

- Oxucular tərəfindən bu qədər sevilməniz, məşhurluğunuz sizi yormur ki?

- Əvvəllər məşhurluqdan həzz alırdım, amma indi narahat edir. Çünki görürəm ki, çatdıra bilmirəm. İndi işləmək istəyirəm, oxumaq istəyirəm. Çünki görürəm, çox az oxumuşam. Bilirsiniz, məşhurluq çətindir. Adam bir növ özünü itirir. Və bu yaradıcılığa böyük zərbə vurur.

- Özünüzə hansı qadağaları qoyursunuz?

- Hə, çox yaxşı sualdır. Bilirsən, qızım, mən özümə çox qadağa qoyuram, əksər vaxtlarda isə bu qadağaları pozuram. İnsan özü-özünü bağışlayır, amma gərək bağışlamayasan.

Anarın vəziyyəti çox çətindir

- Hazırda çox azsayda tənqidçilərimiz var. Tənqidçilərin azlığına səbəb və onların sayının çoxalması üçün lazım olanlar barədə nə deyə bilərsiniz?

- Onu zaman yetişdirməlidir. İndi vəziyyət elədir ki, tənqid heç nəyi dəyişmir. Kimin pulu var, gedir kitab yazır. İndi tənqidçinin vəziyyəti çox çətindir.

- İndi sanki Yazıçılar Birliyinə üzv olmaq çox sadələşib…

- Qızım, inanın ki, Anarın vəziyyəti çox çətindir. Mən onun yerində olsam, işləyə bilməzdim. İndi yerindən duran şair, yazıçıdır. Hamı yazır.

- Son sualım belə olacaq: Həyat kimindir?

- Kim bacarıb yazsa, onun…

Tarix
2016.01.17 / 10:20
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Azərbaycanla hüquqi yardım haqda saziş imzaladıq

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

Xəzərlə bağlı iddialar inandırıcı deyil - Ekspert

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla