Səidə Asiman Ağdaşda
yaşayır. Şeirləri haqda tanınmış ədəbiyyat adamlarının yazdıqları
çoxdan diqqətimi çəkmişdi. Onunla bədii yaradıcılığı haqda söhbət
etmək üçün sorağına da düşmüşdüm. Bu günlərdə AYB-nin "Natəvan"
klubunda onun növbəti "Unutma məni" şeirlər kitabının təqdimatı
keçirildi. Şairəni redaksiyamıza dəvət etdim.
Razılaşdı.
Axar.az şairə Səidə Asimanla müsahibəni təqdim edir:
- Səidə xanım, sonuncu kitabınızı oxuculara təqdim
etdiniz. Deyin, birinci kitabla sonuncu kitabın sevincində hər
hansı bir fərq varmı?
- Kitab müqəddəsdir. Mənim üçün hər işıq üzü görən kitabımın
sevinci eyni olub. Hər kitabım mənə daha bir pillə ucalmağa stimul
verib, üzümə qapılar açıb. İlk kitabım yox e, ilk şeirim dərc
olunanda yaşadığım sevinc illər keçsə də, məni tərk etməyib. O
sevinc sonuncu kitabıma qədər yaşayıb…
- Siz filoloq olmazdan öncə musiqi sahəsində də təhsil
almısınız. Ağdaşda musiqi müəllimi işləyirsiniz. Deyin, musiqidə
özünüzü təqdim, yaxud təsdiq edə bilmədiyinizə görəmi şeir
yazdınız?
- Musiqi mənim sənətimdir. Başqa sözlə desəm, çörəyimdir. Mən
sənətimi sevirəm və onu tədris etməkdən zövq alıram. Gözümü açandan
evimizdə musiqi sədası eşitmişəm. Ailədə 4 uşaq olmuşuq, dördümüz
də musiqiçiyik. Atamın gözəl səsi vardı, qardaşımın tar, mənim
kamançada müşayiətimiz ilə xalq mahnılarımızı, muğamlarımızı
oxuyardı. O, oxuduğu xalq mahnılarını hər eşidəndə kövrəlirəm.
Xatirələr məni göynədir. Şeir yazmağım da təsadüfi deyil. Allahın
mənə bəxş etdiyi, irsən gələn bir istedaddır. Ana nəslimdə şair
təbiətli insanlar var. Musiqisiz həyatımı təsəvvür belə edə
bilmirəm, poeziya ilə hisslərimi ifadə edirəm.
Arzularım için-için ağladıb məni
- Hansı sahədə hislərinizi daha çox ifadə edə
bilirsiniz?
- İnsan yaşadıqca, həyatı dərk etdikcə arzular da çoxalır.
Reallaşan və reallaşmayan arzularımız var. Elə şeylər var ki,
onları bölüşmək olmur. Vaxtında həyata keçməyən arzularım için-için
ağladıb məni. Yox, aciz insan deyiləm. Haradasa gec də olsa,
istədiyimə nail oluram.
- Əyalətdə yaşamağın ədəbiyyat adamı olmasına müsbət
təsiri varmı, əgər varsa, nədir?
- Əyalətin mühiti bambaşqadır. Bir var çiçəyi
görüb yaradasan, bir də var onu təsəvvür edəsən. Hər şeyi təbii
olan əyalətin müsbət cəhəti odur ki, o, sənət adamına gördüyümüzü
yaratmağa stimul verir.
- Bəs belə bir deyim də var, balıq dəryada böyüyər.
Bəlkə bu deyim bu günümüz üçün heç də aktual deyil?
-İndi elə bir zamana gəlib çıxmışıq ki, internet dövrüdür.
Dəryanın o tayını görürük. Bir də onu qeyd edim, çayların axarı
dəryaya axar. Böyümək arzusunda olan balıq mütləq dəryaya can
atacaq.
Bu gün Fikrət müəllim əlimi sıxır
- Səidə xanım, mənə sizin arzularınızla bağlı sual
vermək gərəkdir. Siz yeniyetməlik, gənclik illərinizdə nəyi
arzuladınız və bu arzulardan gerçəkləşməyəni
hansılardır?
- Sualınız məni 20 il əvvələ apardı. Ağdaşda
həmyerlimiz, gözəl şairimiz Fikrət Qocanın yubileyi keçirildi.
Tədbirə Bakıdan musiqiçilər, sənətkarlar təşrif gətirmişdi. Tədbir
o qədər gözəl və təsirli keçirdi ki, elə oradaca ürəyimdən bir arzu
keçdi:"Kaşki, mənim də belə böyük zallardan sədam gələ". Gənc idim,
həyəcanımdan Fikrət müəllimə həsr etdiyim şeiri ona söyləməyə
cəsarətim çatmadı. O arzunun qanadlarında bu gündən sabaha,
gələcəyə yol gedirəm. Bu gün Fikrət müəllim əlimi sıxır, mənə
yaradıcılıq uğurları arzulayır. Ağdaşda həmin o zalda mənim
yaradıcılığıma həsrolunan bədii, musiqili gecələr keçirilir.
- Demək, xəyallar sizin əlinizdən tutub çəkib
ardınca...
- Hə, belə demək olar… Xəyallarım yavaş-yavaş gerçək olur.
"Ağdaşlıyam" deyəndə "Fikrət Qocanın, Habil Əliyevin, Maqsud
Şeyxzadənin, Bəkir Nəbiyevin yerlisisən",- deyirlər. Qürur duyuram,
ürəyim dağa dönür. Bu an ürəyimdən bir istək də keçir, kaşki,
gələcəkdə bu adların sonunda mənim adım da çəkilsin.
- Özünüzə kumir kimi görürdünüz? Kimin şeiri,
yaradıcılığı sizi öz ardınca aparırdı?
- Özümü kimdəsə axtarmamışam. Mənim öz dünyam, özümə məxsus
yaradıcılıq sferam var. Ancaq sevdiyim, dönə-dönə oxuduğum sairlər
var.
Kamança qadına yaraşır
- Siz kaman alətindən dərs verirsiniz. Məşhur kaman
ustası Habil Əliyevin də yerlisisiniz. Sizin kamança ixtisasını
seçmənizdə Habil müəllimin pərəstişkarı olmanız əsas ola
bilərdimi?
- Rəhmətlik Habil Əliyevin ata evinə yaxın yerdə yaşayırıq.
Ümumiyyətlə, Habil müəllim kamançanı bütün dünyaya sevdirdi.
Rəhmətlik ata-anamızın ürəyi 4 uşağının hər birinin əlinə bir
balaca sənət çörəyi vermək istəyi ilə döyünərdi. Uşaq ikən hərəmizi
bir alətdən dərs almaq üçün musiqi məktəbinə göndərdilər. Mənim
payıma kamança düşüb. Kamança aləti ümumiyyətlə qadına yaraşır.
Sənətimi çox sevirəm, sənətimlə fəxr etmişəm.
- AYB-nin üzvüsünüz və yerliniz, yaradıcılığınıza yüksək
qiymət verən Fikrət Qoca da AYB-nin sədr müavinidir, bu
yerliçiliyin AYB-də sizə hər hansı təsiri olurmu?
- 2005-ci ildən AYB-nin üzvüyəm. 2003-cü ilin mayında ilk
kitablarımı mətbəədən götürüb, Fikrət müəllimin yanına getmişəm.
Ondan böyük kimi xeyir-dua almışam. Fikrət müəllim tək yerlilərinə
deyil, hər bir yazara doğmalıq göstərən gözəl bir insandır. 2015-ci
ildə gənc yazar kimi Prezident təqaüdünə layiq görüldüm.
- Şeirlərinizin nisgil havası daha çoxdur, həqiqətənmi
özünüzü, yaşantınızı yazırsınız?
- Əslində, həyatsevər bir insanam. Üzümdə daim bir təbəssüm var.
İkiüzlü deyiləm. Hərdən içim ağlayarkən ətrafımdakıları kədərimə
ortaq etməmək üçün üzümə təbəssüm gətirməyi bacarıram. Amma
seirlərim...
Ağdaşın hörmətli ziyalılarının adının...
- Şeirləriniz bəzən həm xanım olaraq, həm də əyalətdə
yaşayan birisi kimi sizə hər hansı bir başağrısı
gətiribmi?
- Biz yaradıcı insanlar hər şeyi gördüyümüz kimi deyirik deyə,
hərdən yaşayışımız çətin olur. Etiraf edim, şeirlərim yox, hərdən
haqq-ədalət axtararaq dediyim düz sözə görə incidilmişəm.
- Şair olaraq, nəyə nail olmaq
istəyirsiniz?
- Bu sualınıza qismən cavab vermişəm. İstəmişəm ki, Ağdaşın
hörmətli ziyalılarının adının sonunda adım çəkilsin. Elə bu an, bu
sualı eşidərkən də ürəyimdən bir istək keçdi. Yox, onu dilimə belə
gətirməyəcəm. Özüm üçün də əlçatmaz gəldi...
İstəyirəm məni...
- Amma gərək insanımızı narahat saxlamayaq. O arzunun
ucundan- qulağından, sirr olaraq, yavaşca qulağıma
deyin.
- Bilmirəm, amma hərdən istəyirəm ki, öləndə məni Fəxri
Xiyabanda dəfn etsinlər.
- Orada bir gözaltı yer eləmisiniz özünüzə?
- Xeyr. Amma ruhum məni naümid qoymaz, yer seçər özünə...
- Yaxşı bunu bir şuxluq kimi qəbul edək, siz ölməzsiniz.
Qəşəmin bir şeiri var, deyir,"Mən səni sevirəm, ölməzsən heç vaxt".
Sizi elə sevən olubmu ki, bu sevgi hər şeyə qalib
gəlsin?
- Yox...bəlkədə olub. İndi o illərin bəzi oğrun baxışlarını bu
əqlimlə yadıma salıram. Cavabsız olub bəlkə, hiss eləməmişəm.
- Bəs bu qədər sevgi şeirini yazan xanımın ürəyi də
"yüksüz" ola bilməzdi. Saqqızınızı oğurlamaq istəyənlər ürəyinizə
yol tapa bilmişdimi?
- Yox…
- Çox "yox" dediniz, bəs bu "hə"ni deyəcəyiniz adamın
sizin hisslərinizdən necə, xəbəri varmı?
- Qarşıma çıxmayıb.
- Şeirlərinizdə...
- Hə şeirlərim məni ələ verə bilər.Bəzən xəyal reallıqdan daha
güclü olur.