Abbasqulu bəy Şadlinskinin
yanındakı Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı
olub.
Axar.az tarixçi-şair Aqil Kəngərli ilə müsahibəni təqdim
edir:
- Aqil bəy, xalqımızın qəhrəman oğlu Abbasqulu bəy
Şadlinski haqda nələr məlumdur?
- Azərbaycan xalqının 20-ci əsr qəhrəmanlıq tarixində xalq
qəhrəmanı Abbasqulu bəy Şadlinskinin mühüm yeri var. O, 1886-cı
ildə qərbi Azərbaycanda - Vedibasar mahalının Vedi kəndində anadan
olub. Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc
yaşlarından ermənilərin haqsızlığının, yalançılığının,
vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər
onlara qarşı mübarizə aparıb.
Rusiya imperiyasının çökməsi nəticəsində müstəqil Azərbaycan və
Gürcüstan cümhuriyyətləri yaradıldıqda erməni daşnakları da dövlət
qurmaq fikrinə düşdülər. Buna isə qonşu dövlətlərin ərazisi
hesabına nail olmaq istəyirdilər. Onlar Göyçə, Zəngəzur, Dərələyəz,
Loru-Pəmbək və digər qədim türk torpaqlarında qətllər törətməyə,
yerli türk-müsəlman əhalisini məhv etməyə və öz torpaqlarından
qovub çıxartmağa başladılar. Xalqın mərd oğulları erməni
hücumlarının, nizami daşnak ordusunun həmlələrinin qarşısını almaq
üçün özünü müdafiə dəstələri düzəldərək, mübarizə aparırdılar. Belə
özünümüdafiə dəstələrindən birinə - Vedibasar özünü müdafiə
dəstəsinə Abbasqulu bəy başçılıq edirdi. Vedibasar, Dərələyəz,
İrəvan mahallarında öz igidliyi ilə seçilən Abbasqulu bəy daşnak
hücumlarının qarşısını məharətlə almış, onları dəfələrlə ağır
itkiyə məruz qoymuşdu. Silah gücü ilə Abbasqulu bəyə bata bilməyən
daşnaklar onu ələ almaq, şirnikləndirmək metodlarına da əl
atmışlar. Öz vətəninə, millətinə sadiq olan Abbasqulu bəy onların
bütün iyrənc təkliflərini rədd etmişdir.
- Babam Abbasqulu bəy Şadlinski ilə bağlı xatirələrini
danışarkən, onun bolşeviklərin tərəfinə keçməsini belə
əsaslandırırdı ki, daşnaklara qarşı mübarizə aparıb, onları
torpaqlardan təmizləmək üçün bu addımı atmışdı. Çünki babamın atası
Qırmızı taborda onunla birgə savaşmışdı. Səhv etmirəmsə, 1920-ci
ildə Şərur-Dərələyəzin insanları Maku vilayətinə keçmişdilər.
Sonradan Abbasqulu bəy strategiyasını dəyişməyə məcbur oldu və
bolşeviklərə yaxınlaşma xəttini tutdu...
- Mənim ata yurdumun - Dərələyəzin Sallı kəndinin əhalisini
tamamilə qırılmaqdan qoruyan, ərzaqla təmin edən, sonra isə cənubi
Azərbaycanın Maku şəhərinə keçirən məhz Abbasqulu bəy və onun
dəstəsi olub. Nənəm hələ 70-ci illərin axırlarında mənə bu insanın
igidliyindən söhbət açmışdı və gördüklərini danışmışdı. Ana
tərəfdən Abbasqulu bəylə eyni ərazidən -Vedibasardan olduğumdan
yaşlı qohum-əqrəbamdan onun haqqında çox şey eşitmişəm. Babamın
indi 92 yaşı var, sağ-salamatdır və o, bu gün də Vedibasar
igidlərindən, ilk növbədə isə Abbasqulu bəydən ağızdolusu danışır.
Abbasqulu bəyin dəstəsində Kərbalayı İsmayıl, Qəmlo, Keçəl Teymur,
Səttar oğlu Musa, Məhərrəm kimi igidlər döyüşüb. Bir müddət cənubi
Azərbaycanda qalan Abbasqulu bəy yenicə Sovet hakimiyyəti qurulmuş
Naxçıvana çağırılır. Naxçıvana gələn Abbasqulu bəy 400 nəfərdən
ibarət "Qırmızı tabor" yaradır və Zəngəzurun, Dərləyəzin
daşnaklardan təmizləməsində mühüm rol oynayır. Ermənistan
sovetləşdirildikdən sonra dinc əməklə məşğul olur, sement zavodunun
tikintisində çalışır .
- Bu gün Abbasqulu bəyin öldürülməsi ilə bağlı
ziddiyyətli fikirlər bildirilir. Əslində, Abbasqulu bəyi kim qətlə
yetirdi və onun öldürülməsində əsas məqsəd nə idi?
- Şübhəsiz ki, bolşevik cildinə girən daşnaklar 1918-20-ci
illəri unutmamışdılar və Abbasqulu bəydən qisas almağa
çalışırdılar. Kolxoz quruculuğu ilə razılaşmayan, sovet hökümətinə
tabe olmayan və Abbasqulu bəyin keçmiş silahdaşı və dostu olan el
ağsaqqalı Kərbəlayı İsmayılı dilə tutmaq, yola gətirmək üçün məhz
onu göndərdilər. Onun həyatının bu hissəsi mərhum yazıçımız Fərman
Kərimzadənin "Qarlı aşırım" əsərində əks olunur. Burda əsas məqsəd
Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların
tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, erməni
xislətidir. Əslində Abbasqulu bəyin ölümündə nə Qəmlonun (onun əsl
adı Qəmbəralı olub), nə Kərbəlayı İsmayılın günahı var. Bu,
Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib.
Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar. Mənim
babamdan eşitdiyim isə odur ki, Abbasqulu bəy və Xəlillə (o, kolxoz
sədri olub ) birlikdə olan 3-cü şəxs - yəni Talıbov Ermənistan
xüsusi xidmət orqanlarının əmakdaşı olub.
- Bəs, əvvəldən Abbasqulu bəyin Kərbəlayi İsmayılla,
Qəmlo ilə arasında hansısa bir ziddiyyət olubmu? Bəzi tarixçilər
deyirər ki, 20-ci illərin əvvəllərindən onların arasında soyuqluq
yaranmağa başlayırdı. Bu haqda nə deyə bilərsiniz?
- Vaxtilə Abbasqulu bəy də, Qəmlo da, Kərbəlayı İsmayıl da
daşnaklara qarşı birgə vuruşublar. Əslində, Qəmlo filmdə
göstərildiyi kimi qəddar adam olmayıb, amma vuran-tutan, igid adam
olub. Mən uşaq vaxtı Qəmlonun oğlu İbrahim kişini İmişlidə
görmüşdüm. Abbasqulu bəydən sonra Qəmlonu da aradan götürürlər. Onu
bir məclisə dəvət edib, sonra isə xaincəsinə güllələyirlər. Mən
ağsaqqallardan eşitdiyimə görə, ona gizlindən güllə atan adamın adı
Şirəli olub. Kərbəlayı İsmayıl isə Türkiyəyə keçir və 1948-ci ildə
İqdırın Daşburun kəndində 78 yaşında vəfat edir.